Martın 2-də Şirvanşahlar Sarayı Kompleksində kompleksin 360 dərəcəli “3D” modelinin və bu model üzrə təşkil olunan virtual turların təqdimat mərasimi keçirilib.
Tədbiri “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova açaraq layihənin həyata keçirilməsində əsas məqsədin insanların məsafəli şəkildə İçərişəhərdəki muzey və ekspozisiyaları ziyarət edə bilməsi, həmçinin təhsil müəssisələrinin Azərbaycan tarixinin, memarlığının və incəsənətinin öyrənilməsində əyani nümunə kimi muzey təcrübəsindən istifadəsinin olduğunu bildirib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov qeyd edib ki, idarənin və Almaniyanın “EKM” Global Consulting GmbH şirkəti İçərişəhərin məşhur tarixi-memarlıq abidələrinin 360 dərəcəli "3D" virtual modellərinin hazırlanması istiqamətində əməkdaşlıq edir. Vurğulayıb ki, bu istiqamətdə ötən ilin sentyabrın 11-də tərəflər arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.
Sonra “EKM” Global Consulting GMbH şirkətinin rəhbəri Elşən Musayev, mədəni irs üzrə “startaper” Səbinə Zülalova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.
Sonda Şirvanşahlar Sarayı Kompleksinin 360 dərəcəli “3D” modeli və virtual turu təqdim edilib.
“Musulmansenfrance” portalında Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın “Azərbaycan – “Odlar yurdu”ndan “Tolerantlıq diyarı”na” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə Azərbaycanın tarixindən, onun multietnik, çoxdinli və çoxmədəniyyətli ölkə olmasından söz açılıb. Bildirilib ki, hələ 1918-ci ildə Şərqdə ilk demokratik və dünyəvi respublika olan Azərbaycanın bu gün də tolerantlıq, plüralizm və inklüzivliyə böyük dəyər verir.
Diqqətə çatdırılıb ki, dini tolerantlığın qarantı olan Azərbaycan dözümlülük, dünyəvilik və inklüzivlik dəyərlərinin inkişafına yönəlmiş bütün fəaliyyətləri təşviq edir. Vurğulanıb ki, dövlətin, xüsusilə də Prezident İlham Əliyevin himayəsi ilə Bakıda müntəzəm olaraq beynəlxalq forumlar, konfranslar təşkil edilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun bariz nümunəsidir. Bu Forum BMT Baş Assambleyası, eləcə də UNESCO tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi sahəsində beynəlxalq platforma kimi tanınır.
Məqalədə mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv dövlətləri bir araya gətirən nadir “Bakı Prosesi”ndən də söz açılıb. Həmçinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən bəhs olunub.
Yazıda Azərbaycan multikulturalizmi haqqında ətraflı məlumat verilir, ölkənin dini tolerantlıq və sosial inklüzivlik dəyərlərini təşviq etdiyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyi diqqətə çatdırılır.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) arasında post pandemiya dövründə daxili turizmin bərpası və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə işgüzar görüş keçirilib.
ATAA-nın mətbuat xidmətindən bildirilib ki, görüş çərçivəsində paytaxtda və regionlarda mövcud olan turizm istiqamətlərinin və turizm məhsullarının tanıdılması, keyfiyyətli turizm fəaliyyətinin qurulması və ictimai birliklər arasında qarşılıqlı iş birliyinin yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Regionların turizm potensialının üzə çıxarılmasında blogerlərin rolunu yüksək qiymətləndirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, turizm şirkətləri ilə blogerlərin birgə fəaliyyətinin ölkə turizminin inkişafı və təbliği, eləcə də yeni məhsulların və istiqamətlərin yaradılması baxımından müsbət dəyişikliklər yarada biləcəyini deyib.
Görüşdə çıxış edən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qərib, dünya turizminə böyük zərbə vuran COVID-19 pandemiyası səbəbindən digər turizm subyektləri kimi blogerlərin də uzun müddət fəaliyyət göstərmədiyini diqqətə çatdırıb.
Assosiasiyanın postpandemiya dövründə ATAA ilə birgə əməkdaşlıq edərək ölkə turizminin bərpasında yaxından iştirak etməkdə maraqlı olduğunu deyən Azər Qərib, daxili turizmin təbliği baxımından blogerlərin fəaliyyətinin yenidən bərpa olunmasının vacibliyini bildirib.
Görüş çərçivəsində hər iki assosiasiya arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma sazişi imzalanıb.
Rəssam Nailə Qəndilova Belarusda Xocalı soyqırımına həsr olunmuş rəsm əsərini təqdim edib.
Azərbaycanın Belarusdakı səfirliyindən verilən məlumata görə, rəssam yeni yaradılmış “Fəlakətdən keçib qalib gəlmək” əsərini izah edərkən qeyd edir ki, bu yalnız güclü ruha və iradəyə malik olan xalqlara aiddir və Azərbaycan xalqı da öz timsalında bunu bütün dünyaya sübut etdi.
“Azərbaycan xalqı uzun illərdən sonra ilk dəfə işğal olunmuş əraziləri azad etdikdən sonra Xocalı soyqırımını qeyd edirdi. Ona görə də keçirdiyimiz müsibətləri günbəgün xatırlayır, bir tərəfdən xalqımızın və Xocalının acıları bizi kövrəldir, digər tərəfdən isə şəhidlərimizin qanının yerdə qalmamasından, torpaqlarımızın işğaldan azad olunmasından fərəh hissi keçirirdik. Vətən o zaman var ki, onun torpağını göz yaşları ilə suvaran və qorumağa hazır olan ərləri var. Torpaq uğrunda ölən varsa, Vətəndir”, - deyə Nailə Qəndilova əlavə edib.
Martın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur. Xüdbinlik, lovğalıq və yalançılığın komik oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.
Daşkənddəki Beynəlxalq Britaniya məktəbində “Xalqların adət-ənənələri və milli mətbəxi” adlı xeyriyyə festivalı keçirilib.
Festivalda ABŞ, Böyük Britaniya, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya, Tacikistan və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.
Ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Açılış mərasimində çıxış edənlər festivalın əhəmiyyətindən danışıb, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmini vurğulayıb.
Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı Mədəniyyət Mərkəzinin Daşkənddə özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib.
Bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı guşədə böyük şairin portreti və AMM-in özbək dilində çap etdirdiyi “Xəmsə”yə daxil olan kitabları da yer alıb.
Festivalda Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların böyük marağına səbəb olub. Azərbaycanın və Bakının mənzərələri, milli musiqi və məişət əşyalarımız, eləcə də AMM-in naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb. Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, turizmi və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərə dair videomaterial nümayiş etdirilib.
Festivalın konsert proqramında AMM-in “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Onların “Şuşanın dağları”, “Qafqaz rəqsi” iştirakçıların maraq və alqışları ilə qarşılanıb.
Digər salonlarda da xalqların milli mədəniyyəti, mətbəxi nümayiş etdirilib və satışı təşkil edilib. Rəsm, əl işlərinə dair müxtəlif guşələrdə usta dərsləri təşkil edilib.
Azərbaycan guşəsində 3 növ plov, dolma, qutab, həmçinin şəkərbura, paxlava və digər şirniyyatlarımızın satışı həyata keçirilib. Milli mətbəximizə dair stendi Daşkənddəki “Yeməli” adlı restoran təşkil edib. Bildirilib ki, satışdan əldə olunan vəsait uşaq evlərinin fonduna köçürüləcək.
AMM-in direktoru Samir Abbasov Özbəkistanda minlərlə şagirdin təhsil aldığı, dünyanın aparıcı ingilisdilli təhsil ocağı olan Britaniya məktəbində xalqımızın milli mədəniyyətinin və mətbəxinin təbliğinin xüsusi əhəmiyyəti olduğunu, festival çərçivəsində bir sıra maraqlı çıxışların təqdim edildiyini qeyd edib.
O belə festivallarda iştirak etməklə Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizin tarixi, mədəniyyəti, turizmi və mətbəxini tanıtma layihələrini həyata keçirdiyini söyləyib. S.Abbasov Daşkənddəki bir universitet və məktəblərə Azərbaycana dair nəşrlər hədiyyə olunduğunu və yaxın zamanlarda Britaniya məktəbinə də ölkəmizə dair nəşrlərin hədiyyə ediləcəyini vurğulayıb.