Moskva Şəhər Mədəniyyət Şöbəsinin və Qara Qarayev adına Moskva şəhər uşaq musiqi məktəbinin təsisçiliyi və təşkilati dəstəyi ilə “Açıq internet” müsabiqəsi keçirilib. Müsabiqənin münsiflər heyətinin tərkibində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev, professor Marianna Vısotskaya və Mixail Dubov olublar.
Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli 11illik musiqi məktəbinin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri iştirak ediblər.
Musiqi məktəbindən bildirilib ki, münsiflər heyətinin qərarına əsasən, yuxarı yaş qrupu üzrə fortepiano şöbəsinin VIII sinif şagirdi, beynəlxalq və respublika müsabiqələr laureatı Əbdüləli Hüseynli “Qran-Pri” mükafatına layiq görülüb. Orta yaş qrupu üzrə VII sinif şagirdi, Prezident təqaüdçüsü Cəmil Sədizadə və VI sinif şagirdi Samirə Cəfərli isə I dərəcəli diplomla mükafatlandırılıb.
Xalq çalğı alətləri şöbəsinin yuxarı yaş qrupu üzrə XI sinif şagirdi, beynəlxalq və respublika müsabiqələr laureatı Çiçək Əliyeva I dərəcəli diploma layiq görülüb.
İbadət məqsədilə tikilən məscid Allahın evi sayıldığına görə İslam dinində xüsusi əhəmiyyətə malikdir. Həmin ibadət məkanlarına islam hümməti həmişə böyük hörmətlə yanaşıb. Məscid binaları həm də mədəniyyət nümunəsi və tarixi abidə kimi dəyərləndirilir.
Uzun illərdən bəri Qarabağ tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşa məscidləri haqqında məlumat verib: “1769-cu ildə Şuşada “Meydan” adlanan yerdə Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir tərəfindən ilk Böyük Cümə məscidi tikilib. Lakin XIX əsrin 60-cı illərində dövrün tələblərinə cavab vermədiyinə görə Gövhər ağa Cavanşirin vəqf üçün ayırdığı mülklərdən əldə edilən gəlir hesabına memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi və nəqqaş Mir Möhsün Nəvvabın iştirakı ilə məscid əsaslı şəkildə bərpa olunub. Üç dərrakə və üç düşüncənin birləşməsi yeni müasir memarlıq abidəsinin yaranmasına səbəb olub. İki əzəmətli minarə ucaldılıb. Məscidin giriş qapısının üzərindəki daşa həkk olunmuş kitabədən məlum olur ki, bərpa işləri 1867-cı ildə başa çatıb. Məscidin sağ və sol divarlarına Gövhər ağanın vəsiyyətnaməsi yazılıb. Həmin vaxtdan da Cümə məscidi el arasında “Yuxarı Gövhər ağa məscidi” adlanıb.
XVIII əsrin axırları və XIX əsrin əvvəllərində Şuşada sünni əhali arasında 12 müxtəlif təriqət var idi. Həmin vaxt şəhərdə yalnız bir böyük məscid - Cümə məscidi fəaliyyət göstərirdi. İbadət etmək üçün yer azlığından həmin təriqətlərin nümayəndələri, xüsusən də şeyxilər və üsulilər arasında tez-tez narazılıq və münaqişələr olurdu. Ona görə də burada ikinci bir məscidə böyük ehtiyac var idi. Narazılıqları aradan qaldırmaq və dindarların ehtiyacını ödəmək üçün Gövhər ağa İbrahimxəlil xan qızı Cavanşir Cümə məscidinin yaxınlığında yeni bir məscidin bünövrəsini qoyub və onun tikintisi 1834-cü ildə başa çatıb.
Dövrün məşhur şairi Kərbəlayi Abdulla Canı oğlu məscidə maddeyi-tarix yazıb və bu, aydın nəstəliq xətlə giriş qapısının hər iki tərəfində mərmər daşın üzərinə həkk olunub: “Şuşa məmləkətinin banisinin taxt-tacının qübbəsi öz həşəmətilə aya tənə edərək onun qarşısına çıxdı. Qapısı bütün dünya xalqları üçün pənahgah olan qüdrətli İbrahimxəlil xanın elə parlaq bir gövhəri var ki, onun ay tək parlaq camalı günəşin qarşısını tuturdu. O pak gövhər məscid və mehrabın banisi oldu. Firdövsi behişt əhli buna şahid oldu. Əhli qələm bu tarixi belə qeyd elədi: Allahın Kərəm sədəfində Gövhər daimi olsun!”
Müsahibimiz şəhərdəki digər məscidlər haqqında bunları söyləyib: “1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi ilə inşa edilən Saatlı məscidi yerləşdiyi məhəllənin adı ilə adlandırılıb. Öz xarici görünüşü ilə tikilinin baş fasadının bağlı şəkildə inşa olunması, əsas girişi qeyri-simmetrik, qadınlar üçün girişin ayrıca götürülməsi, arxa fasadın pəncərəsizliyi və ümumi məscidin təkminarəli olması ilə şəhərdəki digər məscidlərdən tamamilə fərqlənirdi. Bəzi konstruksiya elementləri özündən əvvəl tikilən məscidlərə bənzəyirdi. Buna əsasən interyerdə rast gəlinirdi. Kvadrat şəkilli ibadət zalının mərkəzində qoyulmuş dörd ədəd səkkizbucaqlı daş sütun, ikinci mərtəbədə həmin zalın mehrabı ilə üzbəüz olan qadınlar üçün quraşdırılmış şüşəbənd eyvan və s. bu qəbildəndir.
XIX əsrdə tikilmiş Hacı Yusifli məscidi daxili və xarici konstruksiya baxımından şəhərin o biri məhəllə məscidləri ilə eynidir. Həmin əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş iki mərtəbəli məhəllə məscidi də məhəllənin adı ilə tanınıb. Bunlardan başqa Şuşada Culfalar, Çölqala, Köçərli (1905-ci ildə erməni-müsəlman davasında tamamilə dağıdılıb), Xoca Mərcanlı, Quyuluq, Malıbəyli (kənd), Merdinli, Seyidli və Təzə məhəllə məscidləri də var idi”.
Bu gün Əməkdar rəssam Tahir Məmmədovun 75 yaşı tamam olur
Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik Azərbaycan təsviri sənətində öz üslubunu yaratmaq heç də hamıya nəsib olan xoşbəxtlik deyil. Böyük sənət korifeylərinin sənət dünyasından bəhrələnib, öz dəsti-xətti ilə tanınmaq, bir sözlə özü olmaq güclü istedadla yanaşı, həm də tükənməz enerji tələb edir. Haqqında söhbət açmaq istədiyimiz Tahir Məmmədov da bu sənət yoluna sonsuz sevgi, tükənməz enerji və böyük istedadla çıxan sənət adamlarındandır.
Bu gün anadan olmasının 75 illiyini qeyd edən Əməkdar rəssam ömrünün yarım əsrdən çoxunu rənglər dünyasında, fırça ilə “söhbətdə” keçirib. O, sənətkar axtarışlarını bu gün də böyük həvəslə davam etdirir, rənglərin dili ilə Azərbaycanı, onun gözəlliklərini kətana köçürməkdən yorulmur. “Mən günəşli Azərbaycanın təbiətini sevirəm və öz məhəbbətimi kətana köçürürəm”,- deyir rəssam.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Tahir Məmmədov 1946-cı il martın 1-də Bakıda dünyaya göz açıb. 1967-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Rəssamın 1981-ci ildə Moskva şəhərində “Yunost” jurnalının təşkilatçılığı ilə ilk fərdi sərgisi açılıb. İlk sərgi rəssama böyük şöhrət qazandırıb. O, bundan sonra daha böyük əzim və həvəslə çalışıb. Məhz bunun nəticəsidir ki, onun əsərləri sərhədləri aşaraq, okeanın o üzünə qədər gedib çıxıb və mədəniyyətin, incəsənətin sərhəd tanımadığını əyani olaraq sübut edib. Belə ki, 1991-ci ildə ABŞ-ın Kaliforniya ştatında fərdi yaradıcılıq sərgisi keçirilib. Bir il sonra isə onun Parisdə “CITE INTERNATIONALE DEZ ARTS” sərgisi çərçivəsində fərdi yaradıcılıq sərgisi sənətsevərlərə təqdim olunub. Elə həmin il rəssam “ARTS TOURNELLE” qalereyasında fərdi sərgisi ilə iştirak edib. 2003-cü il rəssam Parisdə yenidən fərdi sərgi ilə sənətsevərləri bir araya gətirib. İki ildən sonra rəssamın əsərlərinin sorağı uzaq Brüsseldən gəlib. O, Belçikada təşkil etdiyi bu sərgidə də yeni əsərləri ilə iştirakçıların böyük rəğbətini qazanıb. Tahir Məmmədov 2008-ci ildə doğulduğu Bakıda ulu öndər Heydər Əliyevin 85 illiyi ilə əlaqədar təşkil etdiyi xatirə sərgisində sənət dünyasının ən son yeniliklərini ziyarətçilərə təqdim edib.
Sonradan rəssamın sərgiləri ardıcıl olaraq 2009, 2010, 2011, 2012 və 2017-ci illərdə Moskvada, Bakıda, Parisdə açılıb. Bu illər ərzində onun bu şəhərlərdə hətta müxtəlif vaxtlarda iki sərgisi təşkil olunub. Tahir Məmmədovun dünyanın müxtəlif ölkələrində baş tutan fərdi sərgiləri Azərbaycan təsviri sənətinin təbliğində duyulası iz qoyub.
Milli təsviri sənətimizin inkişafına verdiyi töhfələrə görə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” (2002) fəxri adını alan, yaratdığı orijinal biçimli əsərlərinə görə SSRİ Rəssamlıq Akademiyasının xüsusi diplomuna layiq görülən (1992), Azərbaycan Rəssamlar İttifaqının “Sultan Məhəmməd” (2001), “Bakılı” cəmiyyətinin nüfuzlu “Humay” (2004) mükafatlarını və II “Ənənəvilik və müasirlik” beynəlxalq müsabiqəsinin birinciliyini əldə edən Tahir Məmmədovun adı müasir təsviri sənətimizi dünya miqyasında ləyaqətlə təmsil edən sənətkarların sırasında çəkilir.
Yaradıcılığını təkmilləşdirmək məqsədilə bir neçə il xarici ölkələrdə yaşayıb yaradan Tahir Məmmədov istər rəngkarlıq janrında, istərsə də bədii fotoqrafiya sahəsində öz dünyagörüşünü əsərlərində ustalıqla əks etdirən istedadlı sənətkardır. Onun əsərləri dünyanın müxtəlif muzey və qalereyalarında, o cümlədən Tretyakov Qalereyasında (Moskva), “Şərq Xalqları” Muzeyində (Moskva), Bədii Sərgilər Direktorluğunun Fondunda (Moskva), “ARTS Turnelle” sərgi salonunda (Paris), “Edmon Rozenfeld” qalereyasında (Paris), eyni zamanda ABŞ, Almaniya, Yaponiya və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycan Rəssamlar İttifaqının “Gənclər bölməsi”nə rəhbərlik edən və Azərbaycan Rəssamlıq Akademiyasının professoru vəzifəsində çalışan Tahir Məmmədov bu gün həm də yetişməkdə olan - sənətdə ilk addımlarını atan yeni nəslə hərtərəfli dəstək verən yaradıcı pedaqoqlardan sayılır. ..
Ötən əsrin yetmişinci illərində “Bayraq ləyaqət rəmzidir” tablosu ilə məşhurlaşan T.Məmmədov çox tezliklə realizmdən qaynaqlanan bədii ümumiləşdirmələr sahəsində nəhayətsiz yaradıcı potensiala malik olduğunu sərgiləmiş oldu.
Onun müxtəlif janr və mövzu müxtəlifliyi ilə seçilən rəngkarlıq əsərlərinin bədii tutum baxımından özünəməxsus olması birmənalıdır. “Müjdəçi”, “Abşeron”, “Qızmar natürmort”, “Rembrandtla görüş”, “Söhbət”, “İlham”, “Səhər uçuşu”, “ Simurq” və s. tablolarında qeyd etdiyimiz bədii keyfiyyətlərin əyani ifadəsini görmək mümkündür.
Rəssamın “Almalar dənizdə” seriyasından tabloları Abşeronda və Bakıda yaradılmış mənzərə janrında əsərlərdir. Tahir Məmmədov öz əsərlərində Azərbaycanın təbiətini tərənnüm edir. Xəzərin günəşli sahili, Abşeronun gözəl meyvələri, sarımtıl-qırmızı rəngli almaları yuyan zərif dalğalar rəssamın uşaqlıq illərinin xoş xatirələrini canlandırır. Həmin əsərlərin mövzuları doğma diyarın təbiətinə vurğun olan rəssamın daxili aləmi ilə həmahəngdir.
Tahir Məmmədov həm də Azərbaycan fotoqrafiyası tarixində ana dilimizdə yazılmış ilk kitabın -“Bədii fotoqrafiya” adlı dərs vəsaitinin müəllifidir.
Göz açdığı məmləkətə, mənsub olduğu millətə sonsuz sevgi ilə bağlı olan Tahir Məmmədov deyir: “ Mənə hər zaman Azərbaycanın bənzərsiz gözəllikləri ilham verib. Rəsm çəkməyə başladığım ilk gündən indiyədək üzərimdə böyük məsuliyyət hiss etmişəm. Çalışmışam ki, çəkdiyim əsərlərlə Azərbaycan təsviri sənətinə az da olsa töhfə verim. Bu yolda bacardığımı etmişəm. Həm də böyük ustadlardan öyrəndiklərimi gənclərlə bölüşürəm. İstəyirəm ki, sənətə istedadlı gənclər gəlsin. Sevinirəm ki, belə gənclər var. Ona görə də Azərbaycan təsviri sənətinin gələcəyini daha parlaq görürəm”.
Yeni yaradıcılıq axtarışlarından da söz açan sənətkar deyir ki, yaxın vaxtlarda sənətsevərlərə yeni əsərlərini təqdim edəcək.
İsmayıl bəy Qaspiralı adına respublika Krım-tatar kitabxanasında türk dünyasının böyük şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvainin 580 illiyinə həsr olunan videokonfrans təşkil edilib.
“Əbədi klassiklərimiz: Əlişir Nəvai” adlı videokonfransı kitabxananın direktoru Gülnara Yəhyayeva açaraq Əlişir Nəvainin həyatı, dövrü və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, bu il türk dünyasında böyük şairin anadan olmasının 580 illiyi qeyd edilir.
Konfransda bir çox ölkələrin alimləri məruzələrini təqdim ediblər. Yazıçı, şair Abulaziz Vəliyev məruzəsində Krım-tatar müəlliflərinin dəfələrlə Əlişir Nəvainin yaradıcılığına müraciət etdiklərini, onun əsərlərinin tərcümə olunduğunu qeyd edib. O, klassik sənətkardan yenicə tərcümə etdiyi bir qəzəli dinləyicilərə oxuyub.
Əhməd Zəki Validi adına Başqırdıstan Milli Kitabxanasının şöbə müdiri Azad İbrahimov “Əlişir Nəvai irsinin ortaq dəyərləri” mövzusunda çıxış edib.
Beynəlxalq Nəvai Fondunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Uluğbəy Səttarov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edib ki, Əlişir Nəvainin əsərlərinin əlyazma və faksimel nüsxələri dünyanın bir çox ölkələrinin əlyazma fondlarında qorunur. Uluğbəy Səttarov məruzəsi zamanı həmin nüsxələrin fotosurətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutunun əməkdaşı, dosent Gülnaz Səttarovanın Nəvai irsi mövzusunda məruzəsi dinlənilib.
Videokonfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” adlı məruzəsi dinlənilib. A.Ülvi qeyd edib ki, Əlişir Nəvainin “Mühakimətul-lüğəteyn” (1902) və “Hədisi ərbəin” (1907) əsərlərinin fotonüsxələri Azərbaycan Milli Kitabxanasında qorunur. Hər iki əsər İsmayıl bəy Qaspiralının giriş sözü ilə Baxçasarayda nəşr olunmuşdu.
Daha sonra Əlişir Nəvainin əlyazma və qədim nəşrləri, xüsusən İsmayıl bəy Qaspiralı adına respublika Krım-tatar kitabxanasında olan kitabları videonümayiş olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin nəzəriyyə sinfinin şagirdləri Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya hazırlayıb.
İdarədən bildirilib ki, internet üzərindən təqdim edilən və müəllim Samirə Quliyevanın təşkilatçılığı ilə ərsəyə gələn kompozisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş erməni vəhşiliyindən, körpəyə, qocaya, uşaqlı analara qarşı törədilmiş insanlığa sığmayan işgəncələr və görülməmiş qətllərdən bəhs edilir.
Ədəbi-bədii kompozisiya M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin “Facebook” və “Instagram” hesablarında #JusticeForKhojaly həştəqi ilə paylaşılıb.