Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Amerikalı rəssam Kit Harinqin məşhur əsəri süni intellekt vasitəsilə tamamlanıb

    Amerikalı rəssam Kit Harinq öz parlaq və adətən siyasi xarakterli əsərləri ilə tanınsa da, bəlkə də onun ən təsirli əl işi "Yarımçıq rəsm” adlı şəkildir. Harinqin qrafik üsulla çəkilmiş əsərində bir küncdən başqa, kətanın çox hissəsi boşdur, bu da Harinqin və digər bir çox insanın QİÇS epidemiyası səbəbiylə üzləşdiyi yarımçıq taleyi əks etdirir. İndi isə süni intellekt texnologiyasının köməyi ilə “X” sosial şəbəkəsi istifadəçilərindən biri bu qrafik təsviri təsadüfən onun əsas mənasından məhrum edərək, “tamamlamaq” qərarına gəlib.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, "tamamlanmış" şəkil sosial şəbəkədə mübahisələrə səbəb olub. Bir çox istifadəçilər bunun Harinqin yaradıcılıq irsinə hörmətsizlik olduğunu bildiriblər.

    Kit Harinq, 1980-ci illərdə Amerika pop-artının və küçə sənətinin ən parlaq nümayəndələrindən biri idi. O, xeyriyyəçilik və ictimai fəaliyyətlə məşğul olub, sağlığında ABŞ pop-art sənətinin əfsanəsinə çevrilib. Kit Harinq qısa müddət ərzində dünyanın ən uğurlu və populyar rəssamlarından biri kimi tanınıb. O, məşhur və tanınmış şəxslərlə dostluq edib, tez-tez səyahətə çıxıb, özünü sənətinə həsr edib. 1982-1989-cu illərdə ustad rəssam müxtəlif ölkələrdə təxminən 50 sənət əsəri yaratmağa müvəffəq olub. O, 1986-cı ildə “Pop Shop” art-mağazasını yaradaraq, burada öz rəsmlərinin əks olunduğu nişanlar, köynəklər, saatlar və posterlərin satışını həyata keçirib. Rəssam 1988-ci ildə QİÇS-ə yoluxduğunu öyrəndikdən sonra xeyriyyəçilik fəaliyyətini artırıb, insan sağlamlığına və təbiətə qayğıkeş münasibətlə bağlı aktual mövzuların qaldırılması ilə məşğul olub. 1989-cu ildə, indiyədək HİV xəstəliyi və imkansız uşaqların problemləri ilə məşğul olan “Kit Harinq xeyriyyə fondu” yaradılıb. “Street-art” sənətinin dahisi 1990-cı il fevralın 16-da HİV infeksiyasının səbəb olduğu ağırlaşmalardan sonra həyatla vidalaşmalı olub.

  • Maykl Ceksonun həyatından bəhs edən film 2025-ci ildə ekranlara çıxacaq

    Müğənni Maykl Cekson haqqında bioqrafiya filmi 18 aprel 2025-ci ildə kinoteatrlarda nümayiş olunacaq.

    “Report” xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

    Nəşrin məlumatına görə, “Maykl” filminin çəkilişləri yanvarın 22-də başlayacaq. Müğənninin rolunu onun qardaşı oğlu Cəfər Cekson ifa edəcək.

    Bioqrafiyanı “Kral Artur”, “Təlim günü”, “Silahçı”, “Solaxay” və “Ekvalayzer” filmlərinin rejissoru Antuan Fukua çəkəcək.

  • Alen Delonun övladları aktyoru öldürməyə cəhddə ittiham olunurlar

    Məşhur fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar.

    “Report”un “Le Figaro” qəzetinə istinadən məlumatına görə, özünü Fransa kino ulduzunun keçmiş həyat yoldaşı adlandıran Hiromi Rollen bu barədə prokurorluğa ərizə verib.

    Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşadığı zaman aktyorun vəziyyəti İsveçrə həkimlərinin müşahidəsi sayəsində sabit olub. Prokurorluğa ünvanlanmış məktuba görə qadın sənətçinin evini tərk etmək məcburiyyətində qaldıqdan sonra, o, həkimlə planlaşdırılan bir neçə görüşü buraxıb.

    Rollen Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda ittiham edib.

    Qadın buna sübut kimi Delon qardaşlarının və bacısı Anuşkanın yazışmalarını da göstərib, burada aktyorun oğlu Enthoni atasının kimyəvi terapiyasını dayandırmağı təklif edib. Vəkil Rollen onun adından yazdığı məktubda Delon uşaqlarının bu cür hərəkətlərinin qətl cəhdi kimi qiymətləndirilə biləcəyinə işarə edib.

    Qeyd edək ki, daha əvvəl Alen Delonun oğlu Entoni Delon bacısı Anuşkanı atasının koqnitiv (idrak) pozğunluğu ilə bağlı məlumatı ailədən gizlətməkdə günahlandırıb. “Bacım heç vaxt qardaşıma (aktyorun kiçik oğlu Alen-Fabien -red) və mənə məlumat vermədi ki, 2019-2022-ci illər ərzində atamla İsveçrədə klinikaya səfər zamanı beş koqnitiv test aparılıb və o, bunların heç birini keçə bilməz”, - Entoni Delon yerli mətbuata müsahibəsində bildirib.

  • Bakıda 2 marşrut xəttində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

    Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

    Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib.

  • Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyəti açıqlayıb.

    "Report" açıqlamaya istinadən xəbər verir ki, “ZƏFƏR yolu”nda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

    Qubadlı-Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Füzuli-Hadrut: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı - Quba: Yağıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Giləzi - Xızı: Yağıntı yoxdur. 8 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı-Qobustan: Hava çisginlidir, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Qobustan - Şamaxı - Muğanlı: Hava çisginlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Muğanlı – Ağsu-Yevlax: Qar yağmır. Yolun 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var.

    Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur. 5-6 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Şəmkir - Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur.

    Gəncə - Daşkəsən: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Ələt - Astara: Yolda şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Masallı – Yardımlı: Masallı rayonu ərazisində yağıntı yoxdur. 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax: Hava çisginlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

  • Yüz on altı yaşlı “Leyli və Məcnun”

    1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar) Bakıdakı Tağıyev teatrında (indiki Akademik Musiqili Teatrın yerində) dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşası olub.

    AZƏRTAC xəbər verir ki, 116 il bundan əvvəl səhnəyə qoyulan bu bənzərsiz sənət incisi müsəlman Şərqində yaranan ilk opera idi. Üzeyir bəy Azərbaycanda peşəkar bəstəkarlıq sənətinin təməlini qoydu. “Leyli və Məcnun”la, həmçinin musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi.

    Opera dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poemasına əsaslanır. Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər: “Mənim vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını işləyib hazırlamaq idi”.

    Ü.Hacıbəyli məqalələrindən birində “Leyli və Məcnun”un yaranma tarixindən bəhs edərək yazırdı ki, 1897 - 1898-ci illərdə, on üç yaşında olarkən, doğma şəhəri Şuşada “Məcnun Leylinin məzarı üstündə” adlı musiqili səhnəyə baxır. Həmin kiçik tamaşanı yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev Şuşanın tanınmış musiqiçilərinin köməyi ilə hazırlamışdı. Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu idi. Üzeyir bəyin yazdığına görə, bu tamaşa onun yaddaşına həkk olunur. Qori Müəllimlər Seminariyasını bitirib Bakıya gələndən sonra o, məhz Füzulinin “Leyli və Məcnun”u əsasında opera yazmaq qərarını verir.

    “Leyli və Məcnun” operasının ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə Əbdürrəhim bəy Haqverdiyev idi. Tamaşanın bədii tərtibatında publisist, rəssam Əli bəy Hüseynzadənin rolu olmuşdu. İlk tamaşanı müşayiət edən orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini ustad tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Məcnun rolunun ilk ifaçısı görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski idi.

    Müsəlman qadınların səhnəyə çıxmasına yol verilmədiyi o zaman Leyli rolunun ifaçısını tapmaq çox çətin idi. Qadın rollarını kişilər ifa edirdi. İlk tamaşada Leyli rolunun ifası məlahətli səsə malik bir gəncə (Əbdülrəhman Fərəcov) tapşırıldı. Sonralar isə Leyli rolunda məşhur ifaçı Əhməd Ağdamski çıxış etmişdi.

    Sonralar Leyli rolunda Sona Hacıyeva, Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova, Yavər Kələntərli, Sima Haşımlı, Simuzər Hətəmova, Rübabə Muradova, Nəzakət Məmmədova, Qəndab Quliyeva və başqa mərhum sənətçilər, eləcə də Zeynəb Xanlarova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Simarə İmanova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Aygün Bayramova və bu günün digər tanınan ifaçıları səhnəyə çıxıblar.

    Səhnəmizin Məcnunu isə Hüseynağa Hacıbababəyov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Əlövsət Sadıqov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Əli Mehdiyev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səfa Qəhrəmanov, eləcə də Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və başqa xanəndələr olub.

    Bir əsrdən çoxdur ki, “Leyli və Məcnun” operası tamaşaçını öz cazibəsində saxlayır və bütün zamanlar üçün öz aktuallığını, bənzərsizliyini qoruyub saxlayır.

  • “Asılqan” tamaşası yenidən səhnədə

    Yanvarın 13-də “Yuğ” Dövlət Teatrında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan “Asılqan” adlı yeni tamaşa növbəti dəfə nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, səhnə əsərində aktyorlar Elşən Əsgərov və Ləman Mərrih çıxış edəcəklər.

    Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədova, rejissor assistenti isə Məryəm Qələndərovadır.

    Xalq yazıçı Anarın “Asılqanda işləyən qadının hekayəti” əsəri əsasında hazırlanan tamaşa həyatlarının hər bir dönəmində sınaqlarla üzləşən iki gəncin sevgi hekayəsindən bəhs edir.

  • Yuğ Teatrında “21:15 qatarı” tamaşasının məşqləri gedir

    Yuğ Dövlət Teatrında türkiyəli dramaturq Toyqun Orbayın Azərbaycan teatrsevərlərinə yaxşı tanış olan “21:15 qatarı” tamaşasının məşqləri gedir.

    AZƏRTAC xəbər verir ki, səhnə əsərini teatrın baş rejissoru, maraqlı quruluşları ilə bundan əvvəl də öz yaradıcılıq imkanlarını ustalıqla nümayiş etdirən Mikayıl Mikayılov hazırlayır.

    Rolları Xalq artisti Məmmədsəfa Qasımov (Kişi sərnişin), Əməkdar artistlər Gülzar Qurbanova (Qadın sərnişin), Fərhad İsrafilov və Sonaxanım Mikayılova (Vağzal bələdçisi) ifa edəcəklər.

    Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.

    Müəllifin bu birpərdəli pyesi 2002-ci ildə qələmə alınıb və Türkiyə daxil olmaqla bir neçə ölkənin teatr səhnəsində fərqli yozumlarda sənət ömrü yaşayıb. Azərbaycanda da bu pyes Akademik Milli və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulub.

    Qeyd edək ki, 75 dəqiqə davam edən tamaşa iki insanın vağzalda qarşılaşmasından bəhs edir. Tamaşa boyu yad kişi və qadın 21:15 qatarını gözləyərkən bir-biri, həm də vağzalın rəhbəri ilə tanış olurlar. Vağzalda tanış olan bu naməlum kişi və qadın düşünür ki, gözlədikləri qatar heç vaxt gəlməyəcək. Gəlməyəcək qatarı gözləyə-gözləyə vaxtlarını bir-birilərini tanımağa, incəsənət, musiqi, həyat, insanlar və ümumilikdə var olmaq haqda düşüncələrini paylaşmağa sərf edirlər. Kişi əsl intellektual, qadın isə tez-tez etiraz edən şagird rolunda çıxış edir. Bu vaxt ərzində onlar qatarsız qalan vağzalın rəhbəri ilə də tanış olurlar. Tamaşanın sonunda qatar gəlir və kişi gözdən itir. İndi onun yerini növbəti sərnişinə yol göstərəcək qadın tutub. Hadisələr biri-birini beləcə əvəz edir.

  • “Bir nəfəs qədər” tamaşası növbəti dəfə nümayiş olunacaq

    Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Vətən müharibəsi qəhrəmanlarına, şəhid analarına həsr olunan “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, rejissor Samir Qulamovun eyniadlı pyesi əsasında və quruluşunda səhnələşdirilən əsərdə SSRİ Xalq artisti Fikrət Əmirovun musiqilərindən, həmçinin Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə edilib.

    İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Prezident mükafatçıları Əmrah Dadaşov, Mehriban Zaliyeva, Hüseyn Əlili, Səmədzadə Xasiyev, aktyorlar Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artistləri iştirak edəcəklər.

  • Gənc Tamaşaçıların səhnəsində növbəti tamaşa: “Tıq-tıq xanım”

    Yanvarın 13-14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq, Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının premyerası olacaq.

    AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

    “Tık-tık xanım” nağıl-tamaşası uşaqların sevimli nağıl qəhrəmanının başına gələn məzəli əhvalatlardan bəhs edir. Uzun illər Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan bu tamaşa hazırda uşaqlar üçün yeni quruluşda, müasir üslubda hazırlanıb.

    Səhnə əsərində rolları Aydan Həsənzadə, Xəyalə Qasımova, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Hilal Dəmirov, İlhan Sadıqov, Ramil Şamiloğlu, Ramiq Nəsirov ifa edir.