Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Vətəndaş A” serialının çəkilişləri yekunlaşıb

    Dram janrında ekranlaşdırılan “Vətəndaş A” serialının çəkilişləri yekunlaşıb.

    AZƏRTAC xəbər verir ki, ekran əsərinin aktyor heyətində Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı, Şövqi Hüseynov, Nəsibə Eldarova, Xalidə Əliməmmədova, Rauf Şahsuvarov, Oktay Mehdiyev, Niyaz Qasımov, Əlibəy Məmmədli, Eltəkin Xan, Nigar Mürsəlova, Elsevər Rəhimov və Zəhra Əlisoy yer alıb.

    Film vətəndaş kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini, təhsilin vətəndaş kimliyinin formalaşmasındakı həlledici əhəmiyyətini bir daha tamaşaçıya çatdıracaq.

    Sözügedən serial Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilib.

  • Elçin Əzizov “Kəpənəksiz opera” adlı proqramda repertuarındakı parlaq ariyaları ifa edəcək

    Fevralın 10-da Moskvanın “Gelikon-opera” musiqili teatrında Böyük Teatrın solisti, Azərbaycanın Xalq artisti Elçin Əzizov unikal proqram təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, “Kəpənəksiz opera” adlı proqramda vokalçı repertuarındakı parlaq ariyaları ifa edəcək, həmçinin öz partiyaları üzərindəki yaradıcılıq işindən, görkəmli rejissor və dirijorlarla əməkdaşlığından söz açacaq.

    Teatrın portalında yer alan məlumatda Elçin Əzizovun yaradıcılıq yolundan, onun məşhur “Bakılı oğlanlar” ŞHK komandasında fəaliyyəti, Zalsburq, Bakı və Moskvada vokal məktəbi keçməsi, nəhayət bu gün dünya opera səhnəsinin ən çox tələb olunan bariton olmasından söz açılır. Diqqətə çatdırılır ki, tanınmış vokalçı Böyük Teatrın səhnəsində İbn-Hakiə (P.Çaykovski, “İolanta”), Eskamilyo (J.Bize, “Karmen”), Qriqori Qryaznoy (N.Rimski-Korsakov, “Çar gəlini”), Skarpia (C.Puççini, “Toska”), Lesko (C.Puççini, “Manon Lesko”) və bir çox başqa partiyaların ifaçısıdır.

    Elçin Əzizovu “Kəpənəksiz opera” proqramında Konstantin Çudovskinin dirijorluq etdiyi Dövlət Kreml Orkestri müşayiət edəcək.

  • Yuri Solomin vəfat edib

    Görkəmli sovet və rus aktyoru, SSRİ Xalq artisti Yuri Solomin 88 yaşında vəfat edib. İnsult keçirən sənətçi bir neçə gün əvvəl iki ay müalicə olunduğu xəstəxanadan evə buraxılmışdı.

    Yuri Solomin 1935-ci il iyunun 18-də Çitada anadan olub. 1961-ci ildən Şçepkin adına Ali Teatr Məktəbində aktyorluq sənətindən dərs deyib. O, “Zati-alilərinin adyutantı”, “Əzablı yollarla”, “TASS bəyan etməyə səlahiyyətlidir” və digər filmlərdəki rolları ilə sovet tamaşaçılarının rəğbətini qazanıb, aktyor 60-a yaxın film və serialda rol alıb. Y.Solomin 1990-1991-ci illərdə RSFSR-nin mədəniyyət naziri olub.

    Y.Solominlə vida mərasimi onun uzun illər bədii rəhbəri olduğu Malı Teatrda olacaq.

  • Akademik Kamal Talıbzadənin muzeyşünaslıq fəaliyyəti ilə bağlı tədbir təşkil olunub

    Muzey Mərkəzində “Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, Abdulla Şaiqin Mənzil-Muzeyinin görkəmli ədəbiyyatşünas, pedaqoq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Kamal Talıbzadənin (1923 – 2006) 100 illik yubileyi silsiləsindən növbəti tədbiri alimin muzeyşünaslıq fəaliyyətinə həsr edilib.

    Muzeyin direktoru Ülkər Talıbzadə qonaqları salamlayaraq akademik Kamal Talıbzadənin zəngin elmi irsindən söhbət açıb.

    Elm, mədəniyyət və incəsənət xadimləri Kamal Talıbzadə ilə bağlı xatirələrini bölüşdülər.

    AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli Kamal Talıbzadəni orta məktəbdə oxuduğu illərdən tanıdığını deyib: “Onun Abdulla Şaiqin oğlu olduğunu da bilirdim. İlk tanışlığım isə aspirantura imtahanı verdiyim gün olmuşdu. Kamal Talıbzadə, sözün həqiqi mənasında, klassik bir ziyalı idi”.

    Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qeyd edib ki, ona elm yolunda ilk xeyir-duanı Abdulla Şaiq ocağı və Kamal Talıbzadə verib: “Kamal müəllimin elmi səmimiyyəti, müdrikliyi heç vaxt yadımdan çıxmır. O bizə həmişə hər hansı elmi məsələni dərinliklə başa salırdı. 26 yaşı olanda akademiyada şöbə müdiri işləmişdi. Öz yaşını qabaqlayan müdrikliyi onu yaşıdlarından fərqləndirirdi. O, ensiklopediya kimi bir adam idi”.

    AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru akademiyanın müxbir üzvü Ərtegin Salamzadə Kamal Talıbzadənin “Azərbaycan ədəbi tənqidinin tarixi” kitabından söz açıb: “Ədəbiyyatşünaslıq, əslində, ədəbiyyat haqqında refleksiyadır. Sənətşünaslıq incəsənətin refleksiyasıdır. Kamal müəllimin bu əsəri, baxmayaraq ki, ədəbi tənqidə həsr olunub, bütövlükdə ədəbiyyatşünaslığı bir elm kimi əhatə edir”.

    Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli Kamal Talıbzadənin böyük və əqidəli bir nəslin nümayəndəsi olduğunu deyib: “Onun dərs dediyi tələbələr sonralar Azərbaycan ədəbiyyatında və mədəniyyətində xüsusi yer tutublar. Ədəbiyyat İnstitutunun inkişafında Kamal müəllimin birbaşa rolu olub. Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı yazdığı dissertasiya dövrünün ən populyar ədəbiyyatşünaslıq əsərlərindən idi”.

    Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlı, Bakı Dövlət Universitetinin professorları Knyaz Aslan, Vaqif Sultanlı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qafqazlı da akademiklə bağlı xatirələrini bölüşdülər.

    Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, pianoçu, Xalq artisti Ülviyyə Hacıbəyova Zülfüqar Hacıbəyovun Abdulla Şaiqin eyniadlı əsərinə bəstələdiyi “Nüşabə” operasından uvertüranı ifa edib. A.Şaiqin sözlərinə bəstələnmiş Səid Rüstəmovun “Sevirəm səni”, Əşrəf Abbasovun “Oxu, bülbülüm” romansları respublika və beynəlxalq müsabiqələr laureatları Nigar Əsgərova (vokal) və Ayan Aslanovanın (fortepiano) ifasında səslənib.

    Əməkdar artist, aktyor Şövqi Hüseynov isə A.Şaiqin “Yad et məni!” şeirini xüsusi ilhamla səsləndirib. Məclis iştirakçıları aktyorun çıxışını alqışla qarşılayıb.

    3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin müəllimi Gülnarə Qurbanova və kiçikyaşlı vokalçıların ifasında Cahangir Cahangirovun və Səid Rüstəmovun A.Şaiqin sözlərinə bəstələnmiş mahnılarından ibarət musiqi çələngi də maraqla qarşılanıb.

    Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin hazırladığı Kamal Talıbzadənin foto və kitablarından ibarət sərgi də nümayiş etdirilib. Alimin həyat və fəaliyyətini əks etdirən slayd-şou təqdim olunub.

  • Sabirabadda ilk dəfə kitab sərgisi keçirilib

    Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq, Sabirabad rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının birgə təşkilatçılığı ilə "Hophopnamə" Kitab Mərkəzində “İkinci həyat” adlı kitab sərgisi keçirilib.

    "Report" xəbər verir ki, sərgidə yerli və xarici ədəbiyyatlar şərti qiymətlərlə (1-2 manat) satışa çıxarılıb.

    Sərginin açılışında Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad rayon İcra Hakimiyyəti başıçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, regionda mütaliə mədəniyyətinin inkişaf etdirilməsində kitab sərgilərinin keçirilməsinin vacib əhəmiyyətindən söz açıblar.

    "Mücrü" nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xan da öz növbəsində çıxış edərək, sərginin təşkil olunmasında yaradılan şəraitə görə minnətdarlığını bildirib, “Hophopnamə” Kitab Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Naşir eyni zamanda bildirib ki, "Mücrü" nəşriyyatı tərəfindən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi regionda yazıb-yaradan yazıçı və şairlərin seçilmiş əsərlərindən ibarət antologiya nəşr olunacaqdır.

    Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və "Mücrü" nəşriyyatının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələcək antologiyanın “Hophopnamə” Kitab Mərkəzində təqdimatının keçiriləcəyi də ictimaiyyətə bildirilib.

    Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin, müəllim və məktəblilərin iştirak etdiyi sərgidə “Mücrü” nəşriyyatının çap etdiyi dünya və yerli ədəbiyyat nümunələri ilə bərabər, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər də təqdim olunub.

    Sərgi kitab və mütaliəni təbliğ edərək populyarlaşdırmaq, ziyarətçilərə həm yerli, həm də xarici yazarların əsərlərini tanıtmaq, nəşriyyatları kitab mərkəzləri ilə əməkdaşlığa təşviq edərək regioanlarda kitab sərgilərinin keçirilməsini adət halına çevirmək məqsədini daşıyır.

    Çoxsaylı ziyarətçilərin iştirakı ilə həyata keçirilən sərgi regionda yaşayan əhali tərəfindən böyük marağa səbəb olub.

    Qeyd edək ki, “Hophopnamə” Kitab Mərkəzində artıq "Mücrü" nəşriyyatının kitabları da yer alır.

  • Kinorejissor Şamil Mahmudbəyov haqqında sənədli film çəkiləcək

    Kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illiyi münasibətilə onun həyat və yaradıcılığını əks etdirən sənədli film çəkiləcək.

    AZƏRTAC xəbər verir ki, ekran əsərinin ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, prodüseri Əli İsa Cabbarovdur.

    Filmin çəkilişlərinə yanvar ayının sonunda başlanılacaq.

  • Kitabxanada şair Baba Vəziroğlunun 70 illik yubileyi münasibətilə videomaterial hazırlanıb

    Bu il Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlunun 70 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən videomaterial hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Baba Vəziroğlunun bədii yaradıcılığında xüsusi yer tutan əsərləri, fəaliyyət sahələri, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat təqdim edilir.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda şairin sözlərinə bəstələnmiş mahnılar, tərcümə etdiyi əsərlər haqqında məlumatlar yer alır. Videomaterialda Baba Vəziroğlunun kitab, mütaliə və onun əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, öz ifasında səsləndirdiyi şeirlər təqdim edilir.

    Baba Vəziroğlunun 70 illik yubileyi ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/baba-veziroglu-70 yerləşdirilib.

  • Göydəniz Qəhrəmanov: Son illər Azərbaycanda turizm sektorunda böyük artıma nail olunub

    Son 20 ildə Azərbaycanda turizm sektoru 19 dəfə artıma nail olub.

    AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.

    "Koronavirus (COVID-19) pandemiyasından sonra bərpa dövrünü nəzərə almasaq, 2003-2019-cu illəri əhatə edən dövr ərzində Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 3 dəfədən çox, mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 7,6 dəfə artıb. Azərbaycana səyahətin asanlaşdırılması məqsədilə bir sıra inzibati prosedurlar sadələşdirilib, nəqliyyat infrastrukturu təkmilləşdirilib.

  • Azərbaycana xaricdən yeni hotel brendləri gələ bilər

    Bu il Azərbaycana xaricdən yeni hotel brendlərinin gələcəyi və nömrə fondunun daha da artacağı gözlənilir.

    "Report" xəbər verir ki, bunu "Azərbaycan Hotel Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.

    "Bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticələridir. Xarici brendlərin ölkəmizə gəlməsi bu sahədə peşəkarların yetişdirilməsində mühüm rol oynayır. Bu gün beynəlxalq təcrübəyə malik yerli kadrlarımız nəinki ölkə daxilində, həmçinin xaricdəki hotellərdə yüksək vəzifələrdə çatır və böyük uğurlara imza atırlar", - deyə E.Əlimuradov əlavə edib.

    O, Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə regionlarda fəaliyyət göstərən hotel və sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəşt müəyyən edilməsindən də danışıb: "Dəyişikliyə əsasən, regionlarda hotel və sanatoriya fəaliyyətində istifadə olunan daşınmaz əmlaka görə vergi 3 il müddətinə 75 % azaldılıb. İnanırıq ki, bu tədbirlər regionlarda turizmin inkişafına böyük təkan verəcək".

  • Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırıb

    Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq HÖP-ün internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

    "HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz", - deyə məlumatda qeyd olunub.