Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Cənablar” serialının treyleri yayımlanıb

    Dram janrında çəkilən “Cənablar” serialının treyleri yayımlanıb.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, serial 2024-cü ilin martında “Netflix” platformasında nümayiş olunacaq.

    Ekran əsərinin aktyor heyətində Teo Ceyms, Maks Bisli, Daniel İnqs, Coli Riçardson, Piter Serafinoviç, Kaya Skodelario və Giankarlo Esposito yer alır.

    Serial britaniyalı rejissor Gay Riç tərəfindən ekranlaşdırılıb.

  • Azərbaycan Rəngkarlığı Muzeyində “Stalker” filmi nümayiş olunacaq

    Yanvarın 19-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində rejissor Andrey Tarkovskinin “Stalker” filmi nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, “Stalker” filmi ilə rejissor tamaşaçıları insan həyatının mənası haqqında dərin düşünməyə sövq edəcək.

    Sirli və qadağan zonada, şayiələrə görə, ən əziz arzuların gerçəkləşdiyi bir otaq var. Tanınmış yazıçı və nüfuzlu professor bu otağa getməyə qərar verirlər – hər biri öz səbəblərinə görə, amma bu barədə danışmamağı üstün tuturlar. Onları otağa Zona üzrə bələdçi olan Stalker aparır – o ya dəli-divanədir, ya da yeni imanın elçisidir.

    Film rus dilində (Azərbaycan dilində altyazı ilə) nümayiş olunacaq.

  • Bu gün Naxçıvan şəhərinin elektrik enerjisi verilişində fasilə yaranacaq

    Bu gün Naxçıvan şəhərinin elektrik enerjisi verilişində müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Report"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Energetika Xidmətindən verilən məlumat qeyd olunur.

    Qeyd olunub ki, bu gün Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin xidmət sahəsindəki 10 kilovoltluq “Yeni Naxçıvan” elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Naxçıvan şəhərinin 11 və 20-ci məhəllələrin bəzi hissələrində saat 14:00-dan 15:00-dək elektrik enerjisi verilişində müvəqqəti fasilə yaranacaq.

  • AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) mart ayından - Novruz bayramı ərəfəsində Avropaya yerinə yetirdiyi uçuşların sayını artıracaq.

    Bu barədə “Report”a AZAL-dan bildirilib.

    Belə ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq həyata keçiriləcək:

    - Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (martın 14-dən).

    - Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (martın 16-dan).

    - Praqa: bazar ertəsi, cümə, şənbə günləri (martın 16-dan).

    - Paris: çərşənbə axşamı, cümə, bazar günləri (martın 17–dən 29-dək ), çərşənbə axşamı, cümə axşamı, cümə, bazar günləri (martın 31-dən).

    - Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (martın 17-dən).

    - London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri (martın 14-dən).

    - London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (martın 17-dən).

    Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

  • “Wikipediya”da özbək dilində Zəngəzur adlı bölmə istifadəyə verilib

    XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Mərkəzindən bildirilib.

    Məqalənin “Tarix” bölməsində arxiv sənədləri və tarixi faktlar əsasında məlumat verilir ki, 1905-1907-ci illər, eləcə də 1918-1920-ci illər ərzində erməni dəstələri Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlar edib və bu hücumlar nəticəsində 100-dən çox kənd talan olunub, yandırılaraq yer üzündən silinib.

    Özbək dilində yaradılmış vikiməqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb. “Iqtisodiy afzalliklari” (İqtisadi üstünlüklər) adlı bölməsində isə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunub.

  • Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu Vyanada konsert verib

    Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəhbəri, Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu Avstriyanın ən tanınmış caz məkanı olan “Porgy&Bess” caz klubunda konsert verib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan konsertdən əvvəl klubun rəhbəri Kristof Huber mütəmadi olaraq Azərbaycan musiqisinə diqqət ayırdıqlarını bildirib. O, indiyədək qurulan uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.

    Konsertdən əvvəl musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Azərbaycan caz musiqisinin tarixi inkişafı barədə məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda caz musiqisinin təşəkkülü, əsas inkişaf istiqamətləri, janrlar, aparıcı simalar, qrup və orkestrlər, xüsusilə də Azərbaycan musiqisinin ayrılmaz tərkib hissəsi olan caz-muğam barədə məlumat verilib, göstərilən nümunələrə dair müvafiq musiqi parçaları təqdim olunub. Həmçinin məruzədə 1930-cu ildə rejissor Mikayıl Mikayılovun ekranlaşdırdığı “Lətif” (“Üz-üzə”) bədii filmi barədə məlumat verilib, Salman Qəmbərovun Azərbaycan milli musiqisinin imkanları əsasında bədii filmə musiqili müşayiət bəstələdiyi, beləliklə də ekran əsərinə ikinci həyat bəxş olunduğu vurğulanıb.

    Sonra Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” triosu konsert proqramı ilə çıxış edib. Konsertdə Salman Qəmbərovu bass gitarada Fuad Cəfərov, zərb alətlərində isə Nicat Bayramov müşayiət ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının caz kompozisiyaları, eləcə də Salman Qəmbərovun öz bəstələri maraqlı caz improvizələri ilə təqdim olunub.

    Konsertin ikinci hissəsində isə “Lətif” (“Üz-üzə”) bədii filmi Salman Qəmbərovun bəstələdiyi musiqinin müşayiəti ilə nümayiş etdirilib. Azərbaycan kinematoqrafiyasında uşağın baş rolda oynadığı ilk ekran əsəri olan ağ-qara, səssiz “Lətif” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kamançada Fəxrəddin Dadaşov, zərb alətlərində Eyvaz Həşimov yer aldığı musiqi proqramında Azərbaycan xalq mahnıları, müasir və caz musiqisi filmin gedişatı, hadisələrin tempi və obrazların emosional hərəkətləri ilə tam uzlaşdırılmış şəkildə ifa edilib.

    Qeyd edək ki, “Lətif” layihəsini Salman Qəmbərov 2001-ci ildə yaradıb və layihə indiyədək dünyanın müxtəlif ölkələrində beynəlxalq festivallar çərçivəsində uğurla nümayiş olunub. Layihənin ideyası sənətşünas Cahangir Səlimxanov və rejissor Ayaz Salayev tərəfindən təklif olunub və onlar Qəmbərova keçən əsrin əvvəllərində çəkilmiş səssiz filmi müasir üslubda səsləndirərək, maraqlı bir sintez yaratmağı təklif ediblər.

    Böyük uğurla keçən konsertdən sonra “Porgy&Bess“ rəhbərliyi qarşıdakı dövrdə öz proqramında Azərbaycanla bağlı konsertlərə yer ayıracağını ifadə edib.

  • “Xalqın mədəni sərvəti” sənət layihəsinin bağlanış mərasimi keçirilib

    Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə reallaşan “Xalqın mədəni sərvəti” adlı sənət layihəsinin bağlanış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, mərasimdə qonaqlar əvvəlcə Gəncə şəhərinin gənc rəssamlarının Fikrət Əmirova həsr olunan rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

    Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov Mədəniyyət Nazirliyinə təşəkkür edərək bu layihənin məqsədinin istedadlı gəncləri aşkara çıxarmaq olduğunu vurğulayıb.

    Layihə 4 minə yaxın musiqiçinin iştirakı ilə təşkil olunub. Tədbirdə Gəncə, Naftalan, Goranboy, Daşkəsən və Samux rayonunda fəaliyyət göstərən Uşaq Musiqi məktəblərinin şagirdləri görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərini səsləndiriblər.

  • “Tıq-tıq xanım” tamaşasının premyerası olub

    Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin “Tıq-tıq xanım” adlı nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımov, rejissoru Müşviq Əliyev, rejissor assistenti Fuad Cavadzadə, rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu Tuncay Hüseynova, musiqi tərtibatı isə Zaur Rəşidova aiddir.

    Balaca tamaşaçıların böyük marağına səbəb olan, fərqli, müasir üslubda hazırlanan səhnə əsərində aktyorlar Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, İlhan Sadıqov iştirak ediblər.

    Uşaqların sevimli nağıllarından biri olan "Tıq-tıq xanım" əsasında hazırlanan səhnə əsərində Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən böcəkdir. Günlərin birində Tıq-tıq xanım bəzənib-düzənib özünə dost axtarmağa yollanır. Onun arzuladığı kimi dost isə yalnız Siçan bəy olur. Ancaq Tıq-tıqın xasiyyəti və söz dinləməməsi onunla Siçanın dostluğuna zərər vurur.

    Müəllif nağılda baş verən hadisələrin fonunda uşaqlara özündən razılığın, ifrat nazın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyini vurğulayır.

  • Filarmoniyada Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub

    Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər Yuliya Kərimova (piano) və Rövşən Əmrahov (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər.

    Konsertdə G.Rossininin “Cənab Bruskino” operasına Uvertüra, F.Schrekerin İntermezzo, F.Mendelssohnun Violin, piano və simlilər üçün ikili Konserti və V.Herbertin Serenada, op.12 əsərləri səslənib.

  • Bu gün görkəmli şair Nazim Hikmətin doğum günüdür

    Bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.

    AZƏRTAC görkəmli şairin həyat və yaradıcılığına qısa nəzər salır.

    XX əsr dünya ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir.

    Nazim Hikmət 1902-ci il yanvarın 15-də Saloniki şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib.

    Şairin “Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. 1921-ci ildə Moskvaya gələrək Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub. 1924-cü ildə Ankaraya qayıdıb və həbs edilib. Bir müddət sonra azadlığa çıxaraq qəzet və jurnalda çalışıb. 1925-ci ildə qiyabi olaraq 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlib. Onun 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət” - Bakı neftçilərinə həsr olunub.

    1928-ci ildə şairin ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı - “Günəşi içənlərin türküsü” nəşr olunub. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb.

    Onun şeirləri içərisində xüsusi yer tutan “Bayram oğlu”, “Arpa çayının iki yanı”, “Xəzər”, “Neftə doğru” əsərlərinin mövzusu Azərbaycanla əlaqədardır. 1929-1932-ci illərdə yazdığı “835 misra”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitabları, “Jakonda” poeması, “Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxıb. 1936-cı ildə yazmış olduğu “Alman faşizmi və iraq nəzəriyyəsi” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edib, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırıb. Həmin il şairin Türkiyədə sonuncu şeirlər kitabı - “Şeyx Bədrəddin haqqında dastan” nəşr olunub. Dastanda orta əsrlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs edir.

    Nazim Hikmət 1938-ci ildə saxta bir ittihamla yenidən həbs olunub və 28 illik məhbəs cəzasına məhkum edilib. Həbsxanada məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazıb. 1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim Moskvaya köçüb. Bu dövrlərdə “Türkiyədə”, “Qərib adam”, “İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə alıb.

    Nazim Hikmət həm də istedadlı nasir idi. “Romantika” romanı onun çox qüvvətli nəsr əsəridir. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsi əksini tapıb. Ədibin romanı əsasında “Yaşamaq gözəldir, qardaşım” filmi çəkilib.

    Böyük ədibin yaradıcılığında dram əsərləri də mühüm yer tutur. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulub.

    Şair ikinci dəfə Bakıya 30 il sonra gəlib. Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltəraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.

    N.Hikmət 1963-cü ildə Moskvada vəfat edib.