Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Respublika Uşaq Kitabxanası Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş virtual kitab sərgisi açıb

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illiyi münasibətilə virtual kitab sərgisini istifadəçilərin ixtiyarına verib.

    Virtual sərgidə yer alan kitablar 1927-2018-ci illəri əhatə edir. Sərgiyə ümümilikdə tam mətnli 41 kitab yerləşdirilib. Onlardan 20-si 1927-1994-cü illəri əhatə edən kitabxananın qızıl fondunda qorunub saxlanılan kitablardır.

    Sərgidə yerləşdirilmiş kitablar arasında “Tülkü həccə gedir” (1927), “Gözəl Bahar” (1940), “Nağıllar” (1945) və digər kitablar yer alır.

    Virtual sərgiyə həmçinin rus dilində 4 ­– “Paссказы” (1991), “Вот Мы Какие” (1984), “Избранное” (1959), “Письмо не дошло” (1984) kitabları da əlavə olunub.

    İstifadəçilər aşağıdakı link vasitəsi ilə virtual sərgi ilə tanış ola bilərlər.

    http://clb.az/abdulla-aiq_d3088.html

  • “Xocalı-Tarixi ədalət” adlı virtual sərgi açılıb

    Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı-Tarixi ədalət” adlı virtual sərgi açılıb.

    Sərgidə nümayiş olunan əsərlər zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, Xocalıdakı mülki insanların məqsədyönlü şəkildə kütləvi məhvinə yönəlmiş qanlı cinayətləri, lakin buna baxmayaraq şəhərin müdafiəsi zamanı qeyri-bərabər şərtlərdə düşmənə qarşı dinc əhalinin göstərdiyi mərdliyi, döyüşən əsgərlərimizin şücaətini, xalqımızın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirir. Son 44 günlük müharibə zamanı rəşadətli Azərbaycan Ordusunun düşmənin silahlı qüvvələrini məhv etməsi, torpaqlarımızın işğaldan azad edilməsi Xocalı faciəsinin qurbanlarının da qisasının döyüş meydanında alındığını göstərdi.

    Sərginin virtual ekspozisiyasında Nazim Məmmədov, Bayram Qasımxanlı, Fuad Qafarov, Cəmil Quliyev, Mirzəağa Qafarov, Nazim Rəhmanov kimi rəssamların Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərləri, eyni zamanda “Xocalı - şəhid şəhər” adlı müsabiqənin yekun sərgisinin iştirakçılarının bəzi işləri yer alıb.

    Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

  • AzTV tarixi qətlləri araşdıracaq

    Azərbaycan Televiziyasında yeni layihə start götürür.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Qətl planı” adlı yeni televiziya layihəsi bədii-sənədli filmlər silsiləsindən ibarətdir.

    Çəkiləcək bədii-sənədli filmlərin qəhrəmanları faciəvi ölümü ilə tarixə düşmüş ictimai-siyasi, mədəniyyət və elm xadimləri olacaq.

    Filmlər sözügedən şəxsiyyətlərin ölüm səhnələri ilə başlayacaq və sanki onların həyatının sonundan əvvəlinə doğru ekskurs ediləcək.

    Bəzi şəxsiyyətlərin müəmmalı ölüm tarixi detektiv üslubda araşdırılacaq və müxtəlif fərziyyələr irəli sürüləcək.

    Filmlərdə həm orta əsrlərdə, həm də XIX, XX əsrlərdə yaşamış və bu kontekstə uyğun şəxsiyyətlərin obrazları canlandırılacaq.

    Bundan başqa, “Qətl planı”nda tamaşaçılar qətlə yetirilmiş Cümhuriyyət xadimləri, repressiya qurbanları və müasir dövrdə faciəvi şəkildə dünyadan köçən ziyalılar, alimlər, ictimai-siyasi xadimlər barədə ətraflı məlumatlar əldə edəcəklər.

    Ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Ramil Ağasiyev olan yeni televiziya layihəsinin quruluşçu operatoru Fahir Səmədoğludur.

    “Qətl planı” fevralın 25-i 21:30-da AzTV-də yayımlanacaq.

  • BDU-da elmi seminar: Nizami Gəncəvi və orta əsrlər Şərq kitab mədəniyyətinin mənzərəsi

    Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Nizami Gəncəvi və orta əsrlər Şərq kitab mədəniyyətinin mənzərəsi” mövzusunda onlayn elmi seminar keçirilib.

    Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin dahi şairin irsinin müxtəlif aspektlərdən araşdırılması baxımından elm və təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyduğunu deyib.

    Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslanın mövzu üzrə məruzəsi dinlənilib.

    Məruzədə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin müxtəlif xarici ölkələrin kitabxana, arxiv və muzeylərində saxlanılan əlyazma nüsxələri, ona həsr olunan elmi tədqiqat əsərləri barədə ətraflı bəhs olunub. Nizami Gəncəvinin Şərq, eləcə də Azərbaycan əlyazma kitab mədəniyyətinə əvəzsiz töhfələr verdiyi vurğulanıb. Söz sənəti, kitab, mütaliə, kitabxana ilə bağlı müdrik kəlamlar müəllifi olan Nizaminin söylədiyi bir sıra fikirlər diqqətə çatdırılıb.

    Sonra müzakirələr aparılıb. Professor Xəlil İsmayılov, dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Nadir İsmayılov, Elçin Əhmədov, Sevda Xələfova, dosent Pərviz Kazımi mövzu ilə bağlı fikirlərini bildiriblər.

  • Akademik Musiqili Teatrı “Xocalıya ədalət!” kampaniyasında

    Mədəniyyət Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümünə həsr etdiyi tədbirlər planına əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissorları faciə qurbanlarının əziz xatirəsinə ithaf olunan qısametrajlı filmlərlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulublar.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, Samir Qulamovun "Əsirlikdən qayıdan lampa", Cavid İmamverdiyevin "Xocalıya ədalət", Anar Babalının "Məktub yetişdi", Ərtoğrul Kamalovun "Xocalı" qısametrajlı filmlərinin ümumi məzmunu mənfur düşmənlərin Xocalıda törətdikləri vəhşilikləri bir daha geniş kütləyə çatdırmaq olsa da, onlar bu dəfə mövzuya qalib xalqın nümayəndələri kimi yanaşıblar.

    “Əsirlikdən qayıdan lampa” filmində qalib əsgərin illər sonra işğaldan azad olunmuş Xocalı torpağında öz doğma evinə qovuşması səhnəsi göstərilir. Vaxtilə yaşadığı evlərindən tapdığı lampa onun itirilmiş illərini bir-bir göz qırpımında geri qaytarır, xatirələrini oyadır...

    “Xocalıya ədalət!” qısametrajlı filmində faciə qurbanlarının əziz xatirəsi “Ana harayı” abidəsi önündə anılır. Anma mərasimində iştirak edən bütün insanların qəlbindən sanki bu sözlər, bu nidalar keçir: “Ruhunuz şad olsun, əzizlərimiz! Qanınız yerdə qalmadı, qisasınız alındı!”

    “Məktub yetişdi” qısametrajlı filmində bir məktəblinin ordumuzun əsgərinə ünvanladığı məktubdan bəhs edilir. Qələbə ruhlu müzəffər əsgər cavab məktubunda uşağın arzu və istəklərini yerinə yetirdiyini bildirərək onun körpə qəlbini sevindirir...

    Qeyd edək ki, filmdə əsgər rolunu 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş Əliqulu Hüseynov canlandırıb. Vətən eşqi ilə keçdiyi döyüş yolları ona Azərbaycan əsgərinin real obrazını canlandırmaqda kömək edir.

    “Xocalı” filmində də ötən illərin ağrı-acısı xatırlanır, Ali Baş Komandanın əmri, şanlı ordumuzun dəmir yumruğu ilə 44 günlük şanlı zəfər tariximizi əks etdirən qürurverici kadrlara xüsusi yer verilir.

    Teatrın aktyorları – Mehriban Zaliyeva, Ruslan Mürsəlov, Nicat Əli, Güldanə Əzimova, Şaban Cəfərov, Hidayət Əliyev, balet artisti İnarə Kərimova və başqalarının iştirak etdiyi videoroliklərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri dəhşətləri əks etdirən dəqiq statistik məlumatlar da yer alıb.

    Akademik Musiqili Teatrının Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırladığı bu filmlər fevralın 24-dən etibarən sosial şəbəkələrdə nümayiş olunur. Layihə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bədii rəhbərliyi ilə hazırlanıb.

  • Daşkənddə azərbaycanlı yazıçının romanı özbək dilində çapdan çıxıb

    Daşkənddəki “Yanqi asr avlodi” nəşriyyatı Azərbaycan yazıçısı Varisin “Sənə inanıram” romanını özbək dilində çap edib.

    Romanı orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, yazıçı və tərcüməçi Rüstəm Cabbarov çevirib.

    Rüstəm Cabbarov Varisin digər romanı - “Sonuncu ölən ümidlərdir” əsərini də özbək dilinə tərcümə edib və çapını gözləyir.

    Xatırladırıq ki, Varisin kitabları Özbəkistandan başqa Rusiya, Türkiyə və digər ölkələrdə də çap olunub.

  • Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı 29” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan bildirilib ki, virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

    Qeyd edək ki, Xocalı soyqırımı - ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan, faciənin miqyasına görə analoqsuz, qəddarlığı və amansızlığı ilə xüsusi seçilən, ən qanlı, ən əzablı, yaddan çıxmayan, xalqımıza qarşı amansız kütləvi terror hadisəsi kimi dünya tarixinin ən faciəli səhifəsindən biridir. Soyqırımı hadisəsi dünyanın bir çox yerlərində baş verib. Lakin erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

    Xocalı faciəsi 200 ilə yaxın müddətdə erməni şovinist milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xocali_soyqirimi_29/index.htm  linkindən istifadə edə bilərlər.

  • “XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” adlı tədbir təşkil edilib

    Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Respublika Gənclər Kitabxanası fevralın 24-də “XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı” adlı altında “Zoom” platforması üzərindən onlayn tədbir təşkil edib.

    Kitabxanadan bildirilib ki, kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 26 fevral tarixinin etnik azərbaycanlıların soyqırımı tarixi kimi yaddaşlara həkk olunmasından, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və ən faciəli səhifə kimi yazılmasından söhbət açıb.

    Kitabxananın direktoru Oruc Quliyev Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsini, 8 ailənin tamamilə məhv edilməsini, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanmasını, 1275 nəfərin əsir götürülməsini kədər hissi ilə bir daha xatırladıb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmamasını dərin hüznlə qeyd edib. XX əsrin ən qanlı səhifəsinin Xocalı qırğını, XXI əsrin ən şanlı səhifəsinin isə 44 günlük müharibənin qələbə nəticəsinin olduğunu bildirib. Bu qələbənin Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və şanlı ordumuzun şücaəti nəticəsində əldə etdiyimizi qeyd edib.

    “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Ələkbərli Xocalı faciəsinin onun həyatında buraxdığı dərin izlərdən, bu faciənin qurbanlarını öz gözləri ilə görməsindən söhbət açıb. Bu yaxınlarda Ağdam şəhərində olmasından və orada gördüyü erməni vəhşiliklərindən, şəhərin tamamilə tanınmaz hala salınmasından bəhs edib.

    Tədbirdə ehtiyatda olan zabit Zahid Qarayev, Əməkdar həkimlər Tariyel Eyvazov, Məmməd Ağalar və başqaları çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilən soyqırımı olduğunu və xalqımız tərəfindən bu faciəsinin heç zaman unudulmayacağını qeyd ediblər.

  • Respublika Gənclər Kitabxanası Xocalı soyqırımına həsr olunmuş silsilə materiallar hazırlayıb

    Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Respublika Gənclər Kitabxanası silsilə xarakterli videomateriallar hazırlayaraq istifadəçilərə təqdim edib.

    Kitabxanadan bildirilib ki, “Xocalı soyqırımını unutma” adlı videoçarx, “Xocalı qətliamı 29” adlı ingilis dilində virtual sərgi, “Xocalı soyqırımı-qan yaddaşımız” adlı virtual fotosərgi və s. materialların adını çəkmək olar.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan və Xocalı soyqırımının ingilisdilli istifadəçi kütləsi arasındakı təbliğinə yönləndirilmiş “Khojaly massacre 29” (“Xocalı qətliamı 29”) adlı virtual sərgi Xocalı soyqırımının bütün hadisələrini ardıcıllıqla əks etdirir. Virtual sərgidə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanması, 1275 nəfərin əsir götürülməsi və onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmaması və s. bu kimi faktlar dəqiqliklə, rəqəmlərlə əks etdirilir. Virtual sərgidə o günlərin fotoxronikası da yer alıb.

    “Xocalı soyqırımı-qan yaddaşımız” adlı virtual fotosərgidə bu ağrılı, acılı, qəm-qüssə, nisgil dolu 29 il ərzində Xocalı soyqırımı haqqında olan posterlər, fotoçəkilişlər təqdim olunub. Virtual sərgidə Xocalı soyqırımı haqqında olan şüarlara, statistik rəqəmlərə də yer ayrılıb.

    Respublika Gənclər kitabxanasının sosial şəbəkə səhifələrində Xocalı faciəsi mövzusuna həsr etdiyi paylaşımlar istifadəçilərin də diqqətindən yan keçməyib. Paylaşımlarımızdan ruhlanan, istifadəçilərimiz tərəfindən Xocalı faciəsinə dair hazırlayıb bizə göndərdikləri materiallar kitabxananın “Instagram” və “Facebook” səhifələrində yerləşdirilib.

    Kitabxanada “Xocalı soyqırımı – 29 il” adlı kitab sərgisi də təşkil olunub.

  • Azərbaycanlı şairin Rəcəb Tayyib Ərdoğana ad günü hədiyyəsi

    Azərbaycan və Türkiyə eyni tarixi, eyni dili və mədəniyyəti bölüşən bir millətin iki dövlətidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin getdikcə güclənməsi, dünyada söz sahiblərindən biri olması bizi də sevindirir, gücümüzə güc qatır. Qarabağ münaqişəsi başlandığı gündən Türkiyə həmişə yanımızda olub. Xüsusən 44 günlük Vətən müharibəsi zamanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəsmilərinin, türk xalqının birmənalı siyasi-mənəvi dəstəyi Qarabağ Zəfərinin qazanılmasında mühüm rol oynayıb.

    Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk deyirdi: “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”. Böyük öndər Heydər Əliyev isə qardaşlıq münasibətlərimizi “Bir millət, iki dövlət” kəlamı ilə ifadə edib. Bu gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostluq və qardaşlığımızı ən uca zirvəyə qaldırıblar.

    Azərbaycanda Ərdoğan həm də haqq-ədalət uğrunda yorulmaz mübariz kimi tanınır və sevilir. Azərbaycanlı şair Süleyman Əlisanın “Rəcəb Tayyib Ərdoğan” şeiri məhz bu sevgidən qaynaqlanır:

    İllərin sınağından

    Uğurla çıxa bildi.

    Günəştək işıq saçdı,

    Şimşəktək çaxa bildi.

    Arzu, istəyi birdir,

    Fikri, məqsədi birdir.

    Haqq, ədalət uğrunda

    Can qoyur neçə ildir...

    Türkiyə liderinin doğum günü münasibətilə qələmə alınmış həmin şeir əsasında hazırlanan videokompozisiyanı təqdim edir.

    Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da anadan olub.