Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Abdulla Şaiq – 140” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu və haqqında yazılan kitab və məqalələr təqdim olunur.
Bu il XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiqin 140 illik yubileyidir. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, irihəcmli “Əsrimizin qəhrəmanları”, “Araz”, “Qafqaz çiçəyi”, “Məktub yetişmədi”, “Köç” və s. kimi pyeslərin də müəllifi kimi tanınıb. Abdulla Şaiqin zəngin yaradıcılığı onun çoxsaylı oxucuları tərəfindən maraqla izlənib və daima onun əsərlərinə böyük tələbat olub. Bu əsərlər uşaqların mütaliəsinə rəhbərlik edən tərbiyəçilər, müəllimlər və valideynlər üçün mühüm vasitəyə çevrilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Abdulla_Saiq_140/index.htm linkindən istifadə edə bilərlər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı "Bir teatr, bir festival" layihəsi çərçivəsində "Sözün nizamı" adlı V festivalını keçirir.
İdarədən bildirilib ki, festival görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
Festivalda Bakı Uşaq və Gənclər Teatrının aktyorları Nizami poeziyasından nümunələrlə çıxış edəcək. Aktyorlar tərəfindən təqdim olunan materiallar martın 3-nə qədər video şəklində çəkilib, Bakı Uşaq və Gənclər Teatrının “YouTube” kanalında yerləşdiriləcək.
Bədii qiraət festivalı nəticələrinin onlayn səsverməyə uyğun dəyərləndirilməsi planlaşdırılır.
Festivala Milli Teatr Günündə yekun vurulması nəzərdə tutulub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində bir qrup Vətən müharibəsi qazilərinin abidə mühafizəçisi kimi işə qəbulu ilə əlaqədar görüş keçirilib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, görüşdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxış edərək Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən danışıb: “Bu gün bu qəbildən olan insanların işə götürülməsi istiqamətində ilk addımımızdır. İlkin olaraq 10 nəfər işə cəlb olunub. Bu şəxslər əvvəlki və son Vətən müharibəsi döyüşlərində iştirak etmiş qazilərimizdir. Lakin daha bir qrup qazimizin də abidə mühafizəçisi, yardımçı dövlət qulluğu vəzifəsinin daşıyıcısı kimi sıralarımıza qoşulması nəzərdə tutulur. Yeni 6 nəfərin işə cəlb olunması istiqamətində sənədləşmə işləri artıq tamamlanmaq üzrədir”.
Vurğulayıb ki, şəhid ailələrinin və qazilərin işlə təmin olunması daim diqqətdə saxlanılacaq və bundan sonra da bu istiqamətdə əhəmiyyətli addımlar atılacaq.
Dövlət Xidmətinin rəisi, həmçinin qeyd edib ki, bütün ölkə ərazisində, xüsusən də işğaldan azad olunmuş ərazilərdə abidələrin mühafizəsi, bərpası və istifadəsi işinin günümüzün tələblərinə, çağırışlarına uyğun şəkildə həyata keçirilməsi və lazımi koordinasiyanın təşkilini təmin etməyə çalışacağıq.
Vətən müharibəsi iştirakçısı Allahverdi İsgəndərov qeyd edib ki, müharibə veteranı kimi Dövlət Xidmətində işə götürülməsi sevindirici haldır. Vurğulayıb ki, bundan sonra xalqımızın mədəni irsinin qorunmasına xidmət etməkdən qürur duyur.
Vətən müharibəsində könüllü olaraq iştirak edən gənc Turan Hacıyev Vətənin müdafiə olunmasının hər bir şəxs üçün müqəddəs borc olduğunu bildirib. Xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında onun da əməyinin olacağını sevindirici hal kimi dəyərləndirib.
Dövlət Xidmətinin rəisi sonda işə götürülən qaziləri bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yeni formalaşan regional idarələrində abidə mühafizəçisi kimi 16 nəfər müharibə iştirakçısı işlə təmin olunacaq.
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəstəyi ilə Moskva şəhərinin K.Kərimov adına 1583 nömrəli ümumtəhsil məktəbində “Sözün gücü” adlı videokonfrans keçirilib.
Ədəbiyyat Muzeyindən bildirilib ki, tədbirin əsas mövzusu bu il ölkəmizdə 880-ci ildönümü qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dövrü və yaradıcılığı olub.
“Nizami Gəncəvi tarixdə və bu gün” mövzusunda müxtəlif çıxışların səsləndiyi videokonfransda Ədəbiyyat Muzeyinin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin böyük laborantı, izahatçı Zarema İbrahimova da iştirak edib. O, tədbirdə muzeyin böyük sənətkara həsr olunmuş ekspozisiya zalları barədə ətraflı izahat verib. Zarema İbrahimovanın çıxışı muzeyin Nizami zalında sərgilənən nəfis xalıların, heykəllərin, miniatür və tabloların videogörüntüləri ilə müşayiət olunub.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Sözün gücü” adlı videokonfrans Moskva məktəblilərinin ifasında Nizami lirikasına məxsus qəzəllərin, “Sevgili canan” romansının ifası ilə davam edib.
Fevralın 23-də Dövlət Turizm Agentliyi tərəfindən Bakı şəhərində yerləşən hotellərin monitorinqi çərçivəsində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən monitorinqlərdə pandemiya dövründə fəaliyyət göstərən hotellərdə işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi barədə məlumat verilib.
Jurnalistlərin suallarını cavablandıran Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov bildirib ki, Dövlət Turizm Agentliyi olaraq əsas vəzifəmiz insanların səyahətlərinin təhlükəsizliyini təmin etməkdir. O, hotellərin işçi heyətini, eləcə də qonaqları xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici məhlullar, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olduğu barədə bir daha xəbərdarlıq edib və pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.
Qeyd edilib ki, hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.
Ötən il avqustun 24-dən bu il fevralın 21-dək müvafiq qurumlar tərəfindən ölkədə fəaliyyət göstərən 374 hoteldə ümumi olaraq 11 min 244 sayda monitorinqin aparıldığını və 213 cərimənin tətbiq edildiyini söyləyən K.Qasımov deyib: “Pandemiya dövründə mehmanxanalara sözügedən tələbləri əməl etməkdə dəstək göstərmək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən fərdi qoruyucu vasitələr (maska, eynək, kombinzon və s.), dezinfeksiyaedici məhlullar paylanılıb, “SAHMAN” proqramı çərçivəsində maarifləndirmə işləri davam etdirilib. Mehmanxana qonaqlarına sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı xatırlatmalar etmək məqsədilə divar və döşəməyə vurulmaq üçün 11 müxtəlif kateqoriyanı əks etdirən 4600 ədəd nişan və lövhə çap olunaraq sənaye nümayəndələrinə paylanılıb. Həmçinin hotelləri təlimatlandırmaq və maarifləndirmək məqsədilə təlimlər keçirilib, hotellərə pandemiyaya qarşı karantin tədbirlərinin icrasına məsul şəxslər təyin olunub.
Tədbirlər çərçivəsində Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Komplekslərində qonaq sayının çox olması nəzərə alınaraq xüsusi məhdudlaşdırıcı tədbirlər həyata keçirilib”.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş "Nizami Gəncəvi İli" ilə bağlı Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin tərcümə qrupunun I kurs tələbələrinə “Nizami Gəncəvi “Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilib.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, fənn müəllimi Qardaşxan Əzizxanlı Nizami Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışıb.
Universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bəhmən Əmani “Xəmsə”nin finalı “İsgəndərnamə”də humanizm ideyalarının təntənəsindən söz açıb.
Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova şairin yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirməyin vacibliyini qeyd edib.
Tələbələrdən Afina Hacıyeva, Rüfət Həsənli də Nizami poeziyası ilə bağlı fikirlərini söyləyiblər.
Dövlət Tərcümə Mərkəzi ölkədə mütaliə zövqünün formalaşması, dünya ədəbiyyatının klassik və müasir nümunələrinin Azərbaycan oxucusuna mükəmməl tərcümədə çatdırılması məqsədilə 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının nəşrinə başlayır.
Tərcümə Mərkəzindən verilən məlumata görə, Migel de Servantes, Akutaqava Rünoske, Fyodor Dostoyevski, Uilyam Folkner, Mixail Bulqakov, Alber Kamyu, Herman Hesse, Cerom Selincer, Qabriel Qarsia Markes kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərini təqdim edəcək nəşr silsiləsi Qərbi Avropa, ABŞ və Latın Amerikası ədəbiyyatının seçmə nümunələri ilə yanaşı, Şərqi Avropa, Asiya və postsovet ölkələrinin aparıcı ədəbiyyatlarını da əhatə edəcək.
Nəşr seriyasının ilk müjdəçisi – dünya şöhrətli Avstriya yazıçısı Frans Kafkanın orijinaldan tərcümə edilmiş roman, hekayə və gündəliklərinin toplandığı ikicildlik “Seçilmiş əsərləri” yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.