Bakı Muzey Mərkəzinin rəsm qalereyasında “Mavi səma altında” adlı sərgi açılıb.
Mərkəzdən bildirilib ki, bu, aylardır həm ölkəmizdə, həm də bütün dünyada sərgi məkanlarının işini dayandıran, uzun sürən karantindən sonra Muzey Mərkəzinin tamaşaçılara təqdim etdiyi ilk sərgi layihəsidir.
Muzey Mərkəzi karantin dövründə virtual olaraq aktiv fəaliyyət göstərirdi. Həmin dövrdə bir neçə virtual sərgi və “Nostalji” layihəsi təqdim edildi. Ekspozisiyası təkrarolunmaz Bakımıza, onun memarlığına, təbiətinə və sakinlərinə həsr edilmiş “Ev Natürmortu” və “Mənim əziz şəhərim” videoklipləri nümayiş olundu.
Hazırda "Mavi səma altında" adlı sərginin açılışı genişmiqyaslı "Nostalji" layihəsinin ənənələrini artıq real həyatda davam etdirir. Sərgidə İrina
Eldarova, Elşən Sərxanoğlu, Emin Əsgərov, Zərnişan Yusif, Eldar İbadullayev, Məmməd Rəşidov, Tamilla Həsənova, Əfsanə Həbib və Kolin Rossinin əsərlərini təqdim edilir. Ekspozisiya muzeyin girişindən, birinci mərtəbədən başlayır. Tamaşaçıları bütün mərtəbələrdə İrina Eldarovanın kətanları qarşılayır – onlar ətrafa günəşli yayın, coşqun xoşbəxtliyin və ehtiyatsız əyləncənin özünəməxsus əhval-ruhiyyəsini yayırlar. Bu rəssamın yaradıcılığının vizit kartına çevrilmiş nazlı-qəmzəli sarışın xanım və cəsur neftçi, lakonik qammada Bakı mənzərələri, çiçək dəstələri tamaşaçını yuxarı mərtəbəyə, Muzey Mərkəzinin rəsm qalereyasına qədər olan yol boyunca müşayiət edir. Bu əsərlərlə yan-yana tamaşaçını Məmməd Rəşidovun qeyri-adi, görünüşcə futuristik və mahiyyətcə lirik, metaldan və sındırılmış şüşələrdən hazırlanmış heykəltəraşlıq əsərləri qarşılayır.
Müxtəlif obrazlı, incəliklə seçilmiş bu sərgi, qalereyanın beş zalının hamısını əhatə edir. Hər zalın özünün paytaxt sakinləri və qonaqları tərəfindən qavranmasının bu və ya digər tərəflərini göstərən aurası var. Bakı həm müasir, həm də qədim şəhərdir, burada ənənələr və müasirliyin, sarı qum və mavi dənizin, əhəng daşı və müasir poladın, gözəl qamətli sərv ağacları və taclı narın bir-biri ilə ayrılmaz bağlılığı var... Bura xoşbəxtliyin, vəhdətin, rifahın və sevincin əbədi yaşadığı bir şəhərdir - bütün bunlar sərgidə təqdim olunan əsərlərdə öz əksini tapmışdır.
Ekspozisiyada Azərbaycan rəssamlarının və britaniyalı fotoqraf Kolin Rossinin sənət əsərləri yer alıb.
Birinci zalda tamaşaçıları bağ evində rahatlıq və xoşbəxt istirahət atmosferi gözləyir. Eldar İbadullayev və Emin Əsgərovun nar kolları və yelləncəkdə qızların təsvir olunduğu kətanları əsl Abşeron yayının istisinə baş vurmağa imkan verəcək. Təəssüratı Əfsanə Həbibin rənglərlə zəngin çiçək buketləri tamamlayır. Bu rəssamda təmtəraqlı, əlvan, mürəkkəb kompozisiyalı çiçək buketləri xüsusilə uğurlu alınır. Onlar tamaşaçının diqqətini çəkir, onu bu əsərlərə, sanki mozaik panno kimi incəliklərinə qədər diqqətlə baxmağa məcbur edir.
İkinci zalda biz yenidən Eldar İbadullayev və Emin Əsgərovun əsərləri ilə görüşürük, amma burada Zərnişan Yusif və Məmməd Rəşidov da onlara qoşulur. Bu zal tamaşaçını qayaüstü rəsmləri ilə Abşeron sərhədinə, Qobustana aparır. Onlar ənənəvi Azərbaycan naxışlarına və daha sonra sərt Xəzər küləyini xatırladan mücərrəd təsvirlərə süzülürlər. Və tam olaraq eyni şəkildə - Məmməd Rəşidovun mürəkkəb heykəlləri gah dalğaların burulğanında, gah da buludların topasında öz əksini tapır.
Üçüncü zal tamaşaçını birbaşa paytaxta gətirir. Onun qarşısında bürkülü və rəngarəng Bakı bütün gözəlliyi ilə Elşən Sərxanoğlunun gördüyü şəkildə çiçəklənir. Onun triptixində və digər kətanlarında şəhərin qədim vaxtlardan bu günə qədər, eləcə də Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin binası kimi memarlıq gözəlliklərini görürük. Müəllifin qadın obrazları çox romantikdirlər. Onların gözəlliyini Əfsanə Həbibin kətanındakı buketin çiçəklərinin gözəlliyi davam etdirir.
Dördüncü zal bizə Abşeron çimərliklərini və İrina Eldarova, Tamilla Həsənova və Əfsanə Həbibin gözü ilə bağ natürmortlarını göstərəcək. Bu tamaşaçıda sevinc hissi oyadan parlaq, rəngbərəng, günəşli və çox xoşbəxt bir aləmdir.
Beşinci zalda tamaşaçıları iş adamı və fotoqraf Kolin Rossi tərəfindən çəkilmiş Bakının mərkəzinin - gecə və gündüz, köhnə məhəllələr və müasir binaların mənzərələrinin gözəlliyini orijinal rakurslardan açan, hətta tanış yerləri qeyri-adi göstərən fotokompozisiyaları gözləyir. Şotlandiyadan olan Böyük Britaniya vətəndaşı Kolin Rossi üç ildən çoxdur Bakıda yaşayır. İşləmək üçün buraya gəlmiş və həmin müddət ərzində şəhərimizi çox sevmişdir. O, bir fotoqraf kimi karyerasına məhz burada başlayıb və indi isə Azərbaycanın paytaxtına həsr olunmuş “Dünyaların qovuşduğu yer” (“Where Worlds Meet”) adlı kitab nəşr etdirməyi planlaşdırır.
Sərgi aprelin 19-dək şənbə və bazar günləri istisna olmaqla, gündəlik saat 10.00-dan 17.30-dək açıq olacaq.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransa tezislərin qəbulu davam edir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların, eləcə də yeni mövzuların və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətşünasları, tədqiqatçıları və tələbələri məqalələri ilə “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransda iştirak etməyə dəvət edir.
Konfransda iştirak etmək istəyənlər tezislərini mayın 31-dək resmqalereya@gmail.com elektron ünvanına göndərə bilərlər.
Özbəkistanın “interpress.uz” portalı işğaldan azad olunan ərazilərimizdə Ermənistan tərəfdən Azərbaycanın mədəni irsinin, mədəniyyət və dini abidələrinin dağıdılmasından yazır.
Yazıda Azərbaycanın əsrlər boyu müxtəlif xalqların və dini konfessiya nümayəndələrinin dinc şəkildə birlikdə yaşadığı ölkə olduğu qeyd olunur. Vurğulanır ki, ölkədə İslam, İudaizm, Xristianlıq və digər dinlərin nümayəndələri arasında dini zəmində heç bir problem yaşanmayıb. IV əsrdən IX əsrə qədər Azərbaycan ərazisində olan Qafqaz Albaniyasının əhalisi xristianlıqla bərabər zərdüştiliyə də etiqad edib.
Bildirilir ki, 28 ildən çox işğal altında olan Azərbaycan ərazilərində ermənilər 1891 mədəniyyət obyektini dağıdıb. 738 abidə, 28 muzey, 4 şəkil qalereyası, 14 memorial kompleks, 1107 mədəniyyət təşkilatı məhv olub. Qarabağda olan 67 məsciddən 63-ü dağıdılıb, qalan bir neçə ibadət evində isə ermənilər donuz və qaramal saxlayıblar. Zəngilan rayonundakı ermənilər tərəfindən yarımdağıdılmış məscid də tövləyə çevrilib, onlar burada ev heyvanları saxlamaqla təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman dünyasının heysiyyətını təhqir ediblər.
Vurğulanır ki, Şuşada 215, Ağdamda 140, Cəbrayıl və Xocavənddə 93, Kəlbəcərdə 91, Laçında 74, Zəngilanda 56, Xocalıda 28 tarix və mədəniyyət abidəsi olub. Bunların demək olar ki, hamısı məhv edilib.
Məqalədə bu abidələrin bərpası və qorunması istiqamətində görüləcək işlər haqqında da məlumat verilir.
“Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasına toxunmaq və ya http://xsm.az/site/yurdumuzabahargelir/ linkinə daxil olaraq 1 və ya 2 əsərin fotosunu göndərməklə qeydiyyatdan keçmək tələb olunur.
Müsabiqəyə əsər qəbulu martın 2-dək davam edəcək.
Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında Beynəlxalq Ana Dili Günü qeyd edilib.
Ana Dili Günü virtual tədbirində Azərbaycan da daxil olmaqla, UNESCO-ya üzv 28 ölkə iştirak edib. Əvvəlcə, Banqladeşin Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain və UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID -19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıblar. Sonra ölkələrin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən hazırlanan tədbirdə XII əsrdə yaşayıb yaratmış Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məlumat verilərək, onun əsərlərindən Azərbaycan və ingilis dillərində parça səsləndirilib. Daimi nümayəndəliyimizin diplomatı Nigar Qurbanova Azərbaycan dili, tarixi və dilimizin inkişafı haqqında məlumat verib. Bu gün dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını bildirib. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu diqqətə çatdırıb. Nizami Gəncəvinin əsərindən bir parçanı Azərbaycan və ingilis dillərində səsləndirib.
Bildirilib ki, ana dili hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dili sayəsində tarix, ədəbiyyat, mədəni irs nəsildən-nəsillərə ötürülərək yaşayır. Tariximiz yaddaşlara həkk olunur.
Sonra İsveçrənin “Lancy” orkestrinin müşayiəti ilə Marina Udkina Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan” romansını ifa edib, azərbaycanlı Mariya Xan-Xoyskaya isə rəqs edib.