Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Ölkəmiz Minsk Beynəlxalq Kitab Sərgisində təmsil olunur
    Fevralın 18-də 28-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb. Sərgidə 20 ölkədən 281 nəşriyyat poliqrafiya müəssisəsi iştirak edir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Belarusdakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də sərgidə təmsil olunur. Sərgidə Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi İslam Hüseynov və yazıçı Zəhra Bədəlbəyli iştirak edir. Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti və Qarabağ haqqında kitablar nümayiş olunur. Eyni zamanda Azərbaycanın Belarusdakı Səfirliyi tərəfindən MDB ölkələri üzrə keçirilən kitab forumunun 30 illiyinə həsr olunmuş guşədə mədəniyyətimizin müxtəlif sahələrinə aid nəşrlərin nümayişi də təşkil edilib. Sərginin açılış mərasiminə Belarusun hökumət rəsmiləri, minskdəki diplomatik korpusun nümayəndələri, o cümlədən bu ölkədəki səfirimiz Lətif Qəndilov da qatılıb. Kitabsevərlərin maraq göstərdiyi Azərbaycan stendini Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və digər rəsmilər də ziyarət ediblər. Stendimizə yaxınlaşan bütün ziyarətçilərə nəşrlərimiz haqqında ətraflı məlumat verilir. Bu il yaranmasının 30 illiyi tamam olan Müstəqil Dövlətlər Birliyi (MDB) Minsk sərgisinin fəxri qonağıdır. Onu da bildirək ki, bu il MDB-yə Belarus sədrlik edir.  Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası fevralın 21-də başa çatacaq.
  • İşğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat
    “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə  abidələrin və mədəniyyət müəssələrinin monitorinqlərinə başlanılmışdır. İndiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilmişdir. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilmişdir. Həmçinin aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilmişdir ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin  ixtisaslaşmış müəssisələrinin son 30 ildə həyata keçirməli olduğu faktaraşdırıcı missiyalar təşkil edilmədiyinə görə inventarlaşdırma prosesi boşluğu doldurmalı olmuşdur. Hazırkı monitorinq  Ermənistan Respublikasının 30 illik işğalı nəticəsində tarix-mədəniyyət abidələrinə qarşı törətdiyi qanunsuz hərəkətləri həmin ərazilərin hansı vəziyyətdə təhvil alındığını müəyyənləşdirməyə imkan vermişdir. Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. Burada, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla  XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunmuşdur. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılmışdır. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Ermənistan Respublikası xalqımıza məxsus məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirmişlər. İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir. Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunmuşdur. Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia etmişdir. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq idi. Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərmişdir. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalmışdır. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülmüşdür. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəymişdir. Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılmışdır. Belə ki, Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilmişdir. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılmışdır. Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya“nın, “Arxeoloji irsin qorunması haqqında“ Avropa Konvensiyasının,  “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarını kobud şəkildə pozmuşdur. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.    
  • Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 fevral 2021-ci il.
  • Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub
    Qüdrətli söz ustadının 880 illiyi münasibətilə elan olunan “Nizami Gəncəvi İli” təkcə onun Vətəni Azərbaycanda deyil, Nizami dühasından nur saçılan dünyanın bir çox yerlərində də qeyd ediləcək. Nizamidən düz üç yüz il sonra dünyaya gələn, böyük şairə layiqli sələf olan Nəvai diyarı da bu yerlərdən biridir. Yeri gəlmişkən, bu il Özbəkistanda da Əlişir Nəvainin 580 illiyi söz, ədəbiyyat təntənəsi olacaq. Nəvainin vətənində ulu Nizamiyə dərin hörmət və rəğbət bəslənilir. Daşkənd Dövlət Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması da buna örnəkdir. Yəqin həm də ona görə təsadüfi deyil ki, “Nizami Gəncəvi İli”nin Azərbaycandan kənarda ilk silsilə tədbirləri Özbəkistanda başlayıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən dahi şairə həsr olunan silsilə tədbirlərin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə ölkənin elm, təhsil, mədəniyyət xadimləri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, digər universitetlərin alimləri, Özbəkistan Milli Elmlər Akademiyası, Yazıçılar İttifaqı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, media mənsubları iştirak ediblər. Mədəniyyət mərkəzinin foyesində dahi şairə həsr olunan sərgi və kompozisiyanın açılış lenti kəsildikdən sonra iştirakçılara Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə çəkilmiş rəsmlərdən reproduksiyalar, habelə şairin AMM-in layihəsi ilə yenicə özbək dilində çapdan çıxan əsərləri təqdim olunub. Mərkəzin nəzdindəki rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş edilib. Tədbir çərçivəsində Qarabağın milli qadın və kişi geyimlərinin nümayişi də iştirakçılarda maraq doğurub. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələrinin dahi Nizami Gəncəvinin əsərləri əsasında hazırladıqları bədii kompozisiya təqdim edilib. AMM-in direktoru Samir Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Özbəkistanda da çoxsaylı tədbir və layihənin reallaşdırılacağını qeyd edib. O, Özbəkistan mətbuatında Azərbaycan haqqında elan olunan müsabiqənin bir nominasiyasının “Nizami Gəncəvi Azərbaycan və dünya poeziyasının dahisidir” mövzusunda olduğunu, il ərzində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda türk dünyasının nizamişünas alimlərinin iştirakı ilə Daşkənddə beynəlxalq elmi konfransın, mərkəzi sərgi salonunda Nizaminin əsərlərindən ibarət Özbəkistan, Azərbaycan və Türkiyədə saxlanılan miniatürlərin surətlərindən ibarət sərginin keçiriləcəyini bildirib. Vurğulanıb ki, Nizami Gəncəvi irsi dünyada geniş təbliğ edilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə Nizaminin 840 illik yubileyi (1981), daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə şairin 870 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. S.Abbasov çıxışında Nizami və Nəvai arasında ədəbi bağlılıq, Azərbaycan və özbək xalqlarının dahi şairlərinin dünya mədəniyyətinə verdiyi töhfələr barədə də danışıb. “Özbəkistan – Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov 2021-ci ilin Azərbaycan və özbək xalqları üçün əlamətdar olduğunu, Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileylərinin qeyd edildiyini söyləyib. O, hər iki şəxsiyyəti türk dünyasının iftixarı adlandırıb, onların yaradıcılığının gələcək nəsillər tərəfindən öyrənilməsinin vacib olduğunu bildirib. E.Nuriddinov Nizami Gəncəvi irsinin ondan sonrakı şairlərin yaradıcılığına, Azərbaycan-Özbəkistan dostluğuna təsiri barədə də danışıb. Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev tədbirə videobağlantı ilə qatılıb. O, nazir Anar Kərimovun iştirakçılara salamlarını çatdırıb, Özbəkistanla əlaqələrə mühüm əhəmiyyət verildiyini söyləyib, Nizami Gəncəvinin bütün türk dünyasının şairi olduğunu qeyd edib. Elnur Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə çevrilməsini yüksək qiymətləndirərək, böyük şairin irsinin bütün türk və islam dünyası üçün əhəmiyyətini, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb. Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Qayrat Macid, Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dilçilik və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov, Biruni adına Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin dosenti Atxambek Alimbekov tədbirdə çıxış ediblər. Onlar Nizami əsərlərinin dəfələrlə özbək dilinə çevirmək cəhdlərinin olduğunu, lakin şairin “Xəmsə”sinin tam olaraq özbək dilinə tərcüməsi və nəşri işinin məhz AMM-in sifarişi ilə Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən həyata keçirildiyini qeyd ediblər. Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda böyük maraq olduğu, Daşkənddə dahi şairə abidə ucaldıldığı, onun adını daşıyan Pedaqoji Universitetin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Türkoloq alim, BDU-nun professoru Ramiz Əskər videobağlantı ilə tədbirə qoşularaq Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı, onların ədəbiyyatımıza gətirdiyi töhfələrdən söhbət açıb. O, Şərq dünyasında şeir, poema janrına yeni üslub gətirən Nizaminin “Xəmsə”sinin təkrarsız olduğunu, xalqımızın Nizami kimi böyük şəxsiyyətə malik olmasını xoşbəxtlik kimi səciyyələndirib. Daha sonra “Nizami Gəncəvi İli” ilə bağlı hazırlanan videomaterial nümayiş etdirilib. Videofilmdə ulu öndər Heydər Əliyevin dahi şairə həsr olunan tədbirlərdə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Nizami Gəncəvinin dünyanın bir sıra şəhərlərində abidələrinin açılış mərasimlərində iştirakı, “Nizami Gəncəvi İli” ilə bağlı planlaşdırılan tədbirlər öz əksini tapıb. Özbəkistanın tanınmış muğam (makom) ustası, dosent Davron Kadırovun Nizaminin qəzəlləri üstündə ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb. AMM-in “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
    Armenpress.am saytının (https://armenpress.am/rus/news/1043451.html) məlumatına görə 20 fevral tarixində Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən 1 noyabr tarixində çıxarılan xalçaların sərgisi keçiriləcək. Sərgidə təqdim olunacaq “Arsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irs nümunələrimizdir. Bu sərgi ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsidir. Belə ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınımış əraziləri daxilindən mədəni irs nümunələrimizin qanunsuz çıxarılması, daşınması, digər ölkə ərazisinə gətirilməsi kimi əməllləri UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və onun İkinci protokolunun 19-cu maddəsinə və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının 11-ci Maddəsinə əsasən beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı bütün məsuliyyət Ermənistan Hökumətinin üzərinə düşür. Bununla yanaşı, xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixini, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Xalçaçılıq sənəti qədimdən bəri Azərbaycan xalqının bəşəriyyətə miras qoyduğu nadir irs nümunələrindən biridir. Təsadüfi deyil ki, 2010-cu ildə Azərbaycan xalçasının toxunması ənənəvi sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınmışdır. Bu ənənə xalqımızda o qədər dərin köklərə bağlanmışdır ki, Azərbaycanın hər bir bölgəsində geniş yayılmış və inkişaf etdirilmişdir. Tarixən Azərbaycanda 8 əsas xalçaçılıq məktəbi fəaliyyət göstərmiş və hər biri öz naxış və boyaları ilə bir birindən fərqlənmişdir. Xalçaçılıq ənənələrinin məhz Qarabağ ermənilərində yayılmasının da səbəbi odur ki, bu sənət Azərbaycan icmasından mənimsənilmişdir.      Tarixən, ermənilər xalça toxuculuğu ilə deyil, xalça ticarəti ilə məşğul olmuş, ticarət prosesində Azərbaycan xalçalarını erməni xalçaları kimi təqdim edərək yalan məlumatları dünyaya yaymağa cəhd etmişlər. XIX əsrdə Qarabağda tədqiqatlar aparmış Y.Zedgenidze bütün müsəlman əhalinin xalçaçılıqla məşğul olduğunu, Qarabağda toxunan xalçaların kəmiyyət və keyfiyyətinə görə bütün Qafqazda birinci yer tutduğunu, ermənilərin isə bu sənətlə məşğul olmadığını, əksinə, xalçaçılıq sənətinə “arzuolunmaz iş” prizmasından yanaşdıqlarını yazır. Beləliklə, Ermənistan Hökumətinin himayəsi ilə nümayişkaranə şəkildə Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda Şuşa Xalça Muzeyindən qeyri-qanuni çıxarılan xalçaların sərgisinin keçirilməsi Ermənistanın bu sahədə tərəfdaş olduğu və öhdəlik götürdüyü beynəlxalq Konvensiyalara hörmətsizliyinin bariz nümunəsidir və bu yanaşmaya UNESCO tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  bu məsələ ilə əlaqədar UNESCO ilə lazımı hüquqi prosedurları həyata keçirəcəkdir.
  • Xalq şairi Nəriman Həsənzadəyə
    Hörmətli Nəriman Həsənzadə! Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram. Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür. İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz. Ən xoş arzularla,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 fevral 2021-ci il.
  • N.Ə.Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 fevral 2021-ci il.
  • Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
    Fevralın 16-da Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə ölkəmizdə fəaliyyət göstərən televiziya kanalları rəhbərlərinin görüşü keçirildi. Görüşdə Rövşən Məmmədov (“Azərbaycan Televiziya və Radio Verilişləri“ Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər TV), Azər Xəlilov (Azad Azərbaycan TV), Vüqar Xəlilov (CBC TV), Radik İsmayılov (ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak edirdi.  Əvvəlcə görüş iştirakçıları Milli İncəsənət Muzeyinin “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisi ilə tanış oldular. Ekspozisiyada Azərbaycanın qədim maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən tətbiqi və təsviri sənət nümunələri sərgilənir. Sərgidə nümayiş olunan miniatür əsərlərə baxış zamanı nazir Anar Kərimov dövlət başçısının sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini, eyni zamanda ötən ilin 16 dekabrında Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” mədəni elementinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bunları nəzərə alaraq miniatür sənətinə diqqət artırılmalı, televiziyalarımız da bu sənətlə məşğul olan insanları cəmiyyətə tanıtmalıdır. Sərgiyə baxışdan sonra görüş dəyirmi masa formatında fikir mübadiləsi ilə davam etdi. Anar Kərimov ilk olaraq 14 fevral tarixində qeyd olunan Milli televiziyanın yaranması günü münasibətilə televiziya rəhbərlərini təbrik etdi. Bildirdi ki, cəmiyyətin inkişafında, milli həmrəyliyin gücləndirilməsində televiziyaların böyük rolu var: “Rəqəmsal platformaların daha çox vüsət aldığı bir vaxtda, statistika göstərir ki, ənənəvi media vasitələri öz mövqelərini qoruyub saxlamaqda davam edir. Bu gün televiziyalar ictimai fikrin formalaşmasında, müstəqil dövlətçiliyimizin təbliğində mühüm rol oyanır. Bunun ən bariz nümunəsini biz 44 günlük Vətən müharibəsi zamanı televiziyalarımızın fəaliyyətində görə bildik”. Daha sonra Anar Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlardan söz açdı. Nazir həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq mədəniyyət sahəsində həyata keçirilən islahatların və yeniliklərin ictimaiyyətə təqdim edilməsi prosesinə televiziyaların da dəstək göstərməsinin əhəmiyyətini qeyd etdi. Görüşdə mədəniyyətin bütün sahələrinin işıqlandırılmasının diqqətdə saxlanılması, o cümlədən Qarabağın mədəni irsinin təbliği (Mədəniyyət Nazirliyinin “Mədəniyyəti Qarabağa qaytarırıq” layihəsi) məsələləri müzakirə edildi. Anar Kərimov mədəniyyət sahəsinin təbliği ilə bağlı görüş iştirakçılarının təkliflərini dinlədi. Müzakirə zamanı televiziyaların film nümayişi siyasətinə yeni baxış, nazirliklə televiziyalar arasında işçi qrupun yaradılması, eləcə də nazirliklə televiziyalar arasında birgə fəaliyyət planının hazırlanması ilə bağlı fikirlər səsləndirdi.  Diskussiyalarda vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması, mədəniyyətin müxtəlif sahələrində insan resurslarının inkişafı, cizgi filmlərinin istehsalı və yayımı müzakirə edildi. Kino sahəsindəki yeniliklər və bu sahədə görüləcək işlər, eləcə də televiziyaların “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq məsələləri də görüşün müzakirə obyektlərindən oldu. Görüşdə kino, teatr, sirk sənəti, digər sahələr üzrə kadrların hazırlanması kimi məsələlərə diqqət çəkildi. Nazir yaxın zamanlarda film.az platformasının yaradılacağını diqqətə çatdırdı. Qeyd etdi ki, bu platforma həm xarici, həm də yerli kanal və şirkətlərin Azərbaycanda film və pavilyon çəkilişlərindən asanlıqla istifadəsinə şərait yaradacaq. Görüş zamanı həmçinin “Nizami ili” ilə bağlı tədbirlər planı, Zəfər muzeyinin yaradılması və digər məsələlərlə bağlı da fikir mübadiləsi aparıldı. Televiziya rəhbərləri müəyyən məqamlarla bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, “Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edir və bundan sonra da nazirliyin platforması kimi birgə layihələri davam etdirəcək. Nazirlik tərəfindən yaradılacaq Azərbaycan Kino Agentliyi ilə əlaqələrin qurulması da müsbət qarşılanan fikirlər sırasında oldu. Həmçinin regional mədəniyyət idarələri ilə sıx əməkdaşlıq, ali və peşə təhsili müəssisələrində operator, səs rejissoru və digər sənət sahələrinin gənclər arasında populyarlaşdırılması və inkişafı, teatrlarda milli satirik ruhlu tamaşaların müasir yanaşmalarla təqdim edilməsinin əhəmiyyəti qeyd olundu. Görüş iştirakçıları Əqli Mülkiyyət Agentliyi tərəfindən musiqi əsərlərinin lisenziyalaşdırılmasının əhəmiyyətini vurğuladılar. Qeyd olunan məsələlərə münasibət bildirən nazir yaxın zamanlarda verilən təkliflər üzrə işçi qrupunun yaradılacağını və bu istiqamətdə artıq müəyyən addımların atıldığını dedi. Bildirdi ki, səsləndirilən bütün təkliflər nəzərdən keçiriləcək. Təkliflərin həyata keçirilməsi həm nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə verəcək. Sonda nazir Anar Kərimov səmimi və faydalı fikir mübadiləsinə görə televiziya rəhbərlərinə təşəkkür etdi.
  • Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: "Aleksandr Nevski" pravoslav kilsəsi
    Məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanmışdır. 1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi. 1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır. 2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.
  • “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində növbəti material “Aleksandr Nevski” pravoslav kilsəsinə həsr edilib

    Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” adlı layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur.

    Nazirlikdən bildirilib ki, layihənin budəfəki materialı "Aleksandr Nevski" pravoslav kilsəsinə həsr edilib.

    Məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilib. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb.

    1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilib. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.

    1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılıb. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.

    2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.