Misir bəşəriyyətə dahi Nizami Gəncəvi kimi şair və mütəfəkkir bəxş edən Azərbaycan xalqının zəngin ədəbi irsini daha yaxından öyrənmək istəyir.
Bu fikri müsahibəsində Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi söyləyib. Onun sözlərinə görə, Qahirədə yüksək səviyyədə və tanınmış alimlərin iştirakı ilə Nizami Gəncəvinin 880 illiyi münasibətilə keçirilən konfransdakı məruzələr göstərdi ki, sivilizasiyanın beşiyi olan Misirlə müsəlman Şərqinin ədəbi-mədəni həyatının mühüm bir hissəsi olan Azərbaycan arasında ortaq tarixi dəyərlər çoxdur. Həmçinin Misirin Mərkəzi Kitabxanasında davam edən Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi də Qahirə sakinlərinin böyük marağına səbəb oldu.
Rza Tayfi deyib: “Ərəb, fars və türk dillərində yazıb yaradan Azərbaycan şair və mütəfəkkirlərinin əsərləri bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin bizim kitabxanamıza Azərbaycanın müasir həyatı, tarixi və turizm potensialı haqqında nəşr edilmiş kitablar hədiyə edildi. Oxucularımız İslam aləmində özünəməxsus yeri olan dost Azərbaycan haqqında daha çox biliklər əldə etmək istəyirlər. Bu məqsədlə Azərbaycanın Misirdəki səfiri ilə də sizin kitabxanalarla əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Dünyanın bir çox kitabxanaları ilə əlaqələri, habelə ölkə daxilində geniş şəbəkəsi olan Misirin Mərkəzi Kitabxanası qədim kitab və əlyazmalara malikdir. Düşünürəm ki, Azərbaycandan olan ərəbşünaslar və şərqşünas tədqiqatçılar da bizim kitabxanaların imkanlarından geniş istifadə edə bilərlər. Müasir texnologiyalar əsasında tərtib edilmiş elektron kitab fondları da bunun üçün əlverişli şərait yaradır”.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ötən ilin dekabr ayında başlatdığı “Qurama sənətinin bərpası layihəsi” çərçivəsində Azərbaycan xalqının qədim sənəti olan qurama haqqında elmi araşdırmalar davam etdirilməkdədir.
“İçərişəhər” Qoruq İdarəsindən bildirilib ki, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova Türkiyənin paytaxtı Ankara şəhərində 13 ölkənin iştirakı ilə keçirilən Hoca Ahmet Yesevi 4-cü Beynəlxalq elmi araşdırmalar konfransında “Azərbaycan evlərinin daxilinin bəzədilməsində qurama tikmələrindən istifadə” mövzusunda videoməruzə ilə çıxış edib.
Məruzədə XIX-XX əsrin əvvəllərində Azərbaycan xalq yaşayış evlərinin daxili quruluşunun bəzədilməsi zamanı istifadə olunan qurama tikmələri, onların etnoqrafik təyinatı, eləcə də arxeoloji tədqiqatlar əsasında bədii tikmənin yaranmasının tarixi, ölkənin müxtəlif regionlarında quramanın istifadəsi barədə maraqlı məlumatlar verilib.
Çıxışda slayd təqdimatla tanıtım məqsədilə Azərbaycan muzeylərində, xüsusilə də “İçərişəhər” Muzey Mərkəzinin kolleksiyalarında saxlanılan qurama tikmələri nümayiş olunub.
Konfransın sonunda Günay Həsənovaya sertifikat təqdim edilib.
“YARAT” Müasir İncəsənət Məkanın Rəngkarlıq Muzeyi və “Artım” layihə məkanında nümayiş̧ olunan sərgilər artıq çərşənbə axşamından bazar gününə qədər, saat 12:00-dan 20:00-dək açıq olacaq.
Məkana eyni vaxtda maksimum 10 nəfər daxil ola bilər. Tibbi maskanın və antiseptikin istifadəsi zəruridir.
Sərgilərlə hər kəsin sərbəst şəkildə tanış olmaq imkanı var.
Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "YouTube" kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş proqram yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli söz və fikir ustadının anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam verdiyini xatırladan onlayn proqramın aparıcısı, Niderland Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkının qonağı Almaniyada yaşayan yazıçı Orxan Aras olub.
Nizami Gəncəvinin qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaratdığı barədə ətraflı məlumat verən Orxan Aras bildirib ki, görkəmli şairin “Xəmsə”si dünya ədəbiyyatına ciddi təsir edib, böyük ədəbi məktəbin bünövrəsini qoyub. Bunu Məhəmməd Füzulinin, Cəlaləddin Rumi Mövlanənin, Əlişir Nəvainin, Sədi Şirazinin və digər klassik şair və mütəfəkkirlərin əsərlərindən hiss etmək olur. Onun üslubunun, parlaq xitabətinin Avropanın Dante, Şekspir, Höte və Şiller kimi dahi şairlərin üslubu ilə müqayisə olunduğu vurğulanıb.
Tədbir zamanı N.Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışılıb. Müzakirələrdə Nizami Gəncəvinin əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının da yaradıcılıq fəaliyyətinə müsbət təsirindən söhbət açılıb.
Nizami Gəncəvinin insanları daimi əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin irs qoyub getdiyi qeyd edilib, diaspor təşkilatlarının və soydaşlarımızın yaşadıqları ölkələrdə dahi şairin yaradıcılığını dərindən öyrənmələrinin və təbliğ etmələrinin vacibliyi bildirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Nizami Gəncəvi İli” ilə əlaqədar informasiya məktubu hazırlayıb.
İdarədən bildirilib ki, informasiya məktubu Nizami Gəncəvinin ilk iri həcmli əsəri olan “Sirlər xəzinəsi” haqqındadır.
Məlumat xarakteri daşıyan məktubda poemanın “Sonuncu Peyğəmbərin şəninə”, “Peyğəmbərin meracı”, “Peyğəmbərin mədhi” adlı hissələri toplanaraq oxuculara virtual şəkildə təqdim edilib. Rəngli formatda verilən informasiya məktubu fotolarla da zənginləşdirilib.
Qeyd edək ki, Nizami Gəncəvi beş poeması – "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs və nəfəs gətirən dahi mütəfəkkirdir.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası fevralın 21-də saat 19:00-da sənət ocağının “Facebook” səhifəsi vasitəsi ilə onlayn göstəriləcək.
İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.
Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq, ölkəmizin Misirdəki səfirliyi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edib.
Misirin Mərkəzi Kitabxanasında keçirilən konfransda bu ölkənin ictimai-siyasi xadimləri, beyin mərkəzlərinin nümayəndələri, müxtəlif universitetlərin müəllim heyəti, tələbələri, Azərbaycan diasporu, KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Misirin Mərkəzi Kitabxanasının müdiri, səfir Rza Tayfi Azərbaycanın və Şərqin dahi şairi və mütəfəkkiri Nizaminin yaradıcılığına həsr edilmiş konfransın keçirilməsini əlamətdar hadisə adlandırıb.
Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin deputatı, Dini məsələlər və Vəqflər Komitəsi sədrinin müavini, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Usama Əl-Əbd tədbirin əhəmiyyətindən danışıblar. Natiqlər Misir ilə Azərbaycan arasında tarixi-mədəni əlaqələrin dərin kökləri olduğunu, Nizami Gəncəvinin nəinki Azərbaycanda, həm də dünyada, o cümlədən ərəb ölkələrində geniş tanındığını vurğulayıblar.
Sonra Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasının müdiri Cəlal Əl-Hifnavi, Misirdəki Amerika Universitetinin professoru Raşa Ğanim, Azərbaycanın Misirdəki diasporunun sədri Seymur Nəsirov məruzələrlə çıxış edərək Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, dahi Nizaminin zəngin ədəbi irsi sülh və tolerantlığın nümunəsidir. 1991-ci ildə UNESCO tərəfindən “Nizami ilinin” elan olunmasını xatırladan natiqlər vurğulayıblar ki, Azərbaycan şairi olan Nizami Gəncəvi əsərlərini müxtəlif dillərdə yazıb. Alimlər, həmçinin dahi şairin məşhur “Xəmsə”si ilə bağlı tədqiqatları təqdim ediblər.
Konfrans misirli jurnalistlər tərəfindən də geniş işıqlandırılıb, habelə səfir T.Rzayev Misirin “Nil Mədəniyyət” televiziya kanalına müsahibə verib.
Misirin Mərkəzi Kitabxanasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılışı olub.
Sərgidə Salam Salamzadə, Nəcəfqulu İsmayılov, Qeyyur Yunusov, Rufik Əbiyev, Nağdəli Xəlilov, Tural Rzayev, Əfsanə Əliyeva, Fərman Qulamov, Elxan Tahirov, Altay Hacıyev və başqalarının müxtəlif janrlarda yaratdıqları tablolar təqdim edilib.
Sərginin açılış mərasimində Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin üzvü, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Usama Əl-Əbd, habelə Misirin siyasi-ictimai xadimləri, KİV-lərin nümayəndələri, müxtəlif universitetlərin müəllim heyəti, tələbələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Azərbaycanın tarixi, mədəniyyəti və təbiətini tərənnüm edən rəsm əsərlərinin sərgisi misirli sənətsevərlərinin böyük marağına səbəb olub. Misirin “Cümhuriyyə” qəzeti, “Nil Mədəniyyət” telekanalı və digər KİV-ləri sərgidən geniş xəbər və reportajlar hazırlayıb.
Azərbaycan rəssamlarının sərgisi üç gün davam edəcək.