Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş tədbir keçirilib

    Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Təsdiq olunmuş tədbirlər planına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş ədəbi-musiqili gecə keçirilib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə nazirliyin nümayəndələri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Çıxış edənlər bu ilin “Nizami Gəncəvi ili” elan olunmasını, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə ehtiramın təzahürü olduğunu vurğulayıblar. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin müəllifi olduğu siyasətin mühüm tərkib hissəsidir. Məhz Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. Azərbaycan Ordusunda dahi şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm rol oynayır.

    Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin bədii heyətinin ifasında Nizami Gəncəvinin əsərlərinə yazılmış muğam və musiqili kompozisiyalar tədbir iştirakçılarına təqdim olunub.

  • Turizm könüllüləri “Şahdağ” və “Tufandağ”a dəstək göstərdilər

    "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin üzvləri fevralın 12-dən 14-dək “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində hərəkətin idarə olunması işində iştirak ediblər.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, turizm könüllüləri proses müddətində qonaqların COVID-19 pandemiyası dövründə sanitariya və gigiyena qaydalarına riayət etməsinə təşviqi və onların xidmətlərlə bağlı məlumatlandırılmasını həyata keçiriblər.

    Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı və qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilib.

    Qeyd edək ki, qış mövsümünün sonunadək "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyi tərəfindən bu addımın davamlı icrası planlaşdırılır.

  • Xocalı faciəsinə həsr olunmuş virtual sərgi keçiriləcək

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə fevralın 24-dən 27-dək Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı-Tarixi Ədalət” adlı virtual sərgi keçiriləcək.

    Sərgidə nümayiş olunan əsərlər zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, Xocalıdakı mülki insanların məqsədyönlü şəkildə kütləvi məhvinə yönəlmiş qanlı cinayətləri, lakin buna baxmayaraq şəhərin müdafiəsi zamanı qeyri-bərabər şərtlərdə düşmənə qarşı dinc əhalinin göstərdiyi mərdliyi, döyüşən əsgərlərimizin şücaətini, xalqımızın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirir. Son 44 günlük müharibə zamanı rəşadətli Azərbaycan ordusunun düşmənin silahlı qüvvələrini məhv etməsi, torpaqlarımızın işğaldan azad edilməsi Xocalı faciəsinin qurbanlarının da qisasının döyüş meydanında alındığını göstərdi.

    Sərginin virtual ekspozisiyasında Nazim Məmmədov, Bayram Qasımxanlı, Fuad Qafarov, Cəmil Quliyev, Mirzəağa Qafarov, Nazim Rəhmanov kimi rəssamların Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərləri, eyni zamanda “Xocalı - şəhid şəhər” adlı müsabiqənin yekun sərgisinin iştirakçılarının bəzi işləri yer alacaq.

    Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkün olacaq.

  • Kukla Teatrı “Şəngülüm, Məngülüm” tamaşasını onlayn göstərəcək

    Fevralın 19-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrdəki hesabları vasitəsilə “Şəngülüm, Məngülüm” tamaşasını təqdim edəcək.

    Əməkdar artist Rəhman Rəhmanovun iştirakı ilə nümayiş ediləcək tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verib. Kuklaçılar da hər kəsin az qala əzbər bildiyi mübariz ana keçinin nağılına bu dəfə müəyyən ixtisarlarla, birhissəli monotamaşa kimi yanaşıb və göstəriblər ki, bir aktyorun ifasında, eyni zamanda, bir neçə obrazı canlandırıb ifadə etmək olar.

    Tamaşanın mahnı mətnləri də unudulmaz şair Mikayıl Müşfiqin uşaq şeirləri və eyniadlı poemasından seçilib. Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar çıxış edir. Onu da qeyd edək ki, bu əsər teatrda əvvəllər də tamaşaya qoyulub. Bu dəfə monotamaşa üslubunda ərsəyə gətiriləcək səhnə işində Keçinin balalarından biri - Şüngülüm ixtisar edilib.

  • Musiqi məktəbi “Nizami Gəncəvi İli”nə həsr olunmuş videoçarx təqdim edib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbi “Nizami Gəncəvi İli”nə həsr olunmuş videoçarx təqdim edib.

    İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial şəbəkə hesablarında paylaşılıb.

    Videoçarxda Nizaminin ömür yolu və yaradıcılığı haqqında məlumatlar yer alıb. Qeyd edilir ki, XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizaminin yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyur. Qadına, əməkçi insana münasibət, dərin humanizm bu dahi sənətkarın yaradıcılığında daha genişdir. “Xəmsə” yaratmaq Nizamidən sonra ənənəyə çevrilir və digər sənətkarlar onu ustad olaraq qiymətləndirir. Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.

    Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

  • “Can Azərbaycan” yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibətilə qrafika və akvarel ustaları arasında elan edilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Qrafika və akvarel texnikası ilə çalışan rəssamların iştirakı xahiş olunur. Həmçinin mükafat almadan tədbirə dəstək məqsədilə əsər təqdim etmək olar. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır.

    İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.

    Sərgidə iştirak ödənişsizdir. Əsərləri “Facebook”da Bakı Xətai Sənət Mərkəzinin (https://www.facebook.com/groups/144172178999749/?ref=share) qrupunda müəllifin adı, soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd edilməklə martın 5-dək onlayn qaydada yerləşdirmək xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştirak etmək üçün dəvət ediləcək.

    Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.

    Qaliblər üçün mükafatla bərabər, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazının dərc olunması da nəzərdə tutulur.

  • Mədəniyyət Nazirliyində Türkmənistan səfiri ilə görüş keçirilib
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb. Səfiri salamlayan nazir Anar Kərimov qədim tarixi əlaqələrə, oxşar mədəniyyətə və adət-ənənələrə malik qardaş xalqlarımızın əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğulayıb, Azərbaycan-Türkmənistan mədəni əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. Söhbət zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Respublikası Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”na toxunulub, iki ölkənin mədəni əlaqələrinin perspektivləri müzakirə edilib, həmçinin həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Türkmənistan səfiri Mekan İşanquliyev səmimi qəbula görə təşəkkürünü bildirərək mədəniyyət sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün geniş potensialın olduğunu qeyd edib. Diplomat bu məqsədlə pandemiyadan sonrakı dövr üçün qarşılıqlı kino günlərinin, qastrol səfərlərinin təşkili və birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüşdə Azərbaycan və Türkmənistanın UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
  • Regional mədəniyyət idarəsinin rəisi vəzifədən azad edilib
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ağayev Nazim Əsəd oğlu tutduğu vəzifədən azad edilib. Bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.
  • “Muzey kolleksiyaları və dəyərli əşyaların təcili xilas olunması və təxliyəsi” mövzusunda vebinar keçirilib

    UNESCO-nun Almatı klaster bürosunun təşəbbüsü ilə Orta Asiya və Cənubi Qafqazda muzey işçilərinin potensialının artırılması, onların peşə fəaliyyətləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə vebinar keçirilib.

    “Muzey kolleksiyaları və dəyərli əşyaların təcili xilas olunması və təxliyəsi” mövzusunda keçirilən onlayn seminarda Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova əsas məruzəçi kimi geniş təqdimatla çıxış edib.

    Xalça Muzeyindən bildirilib ki, müasir muzeylərin qarşısında duran bu cür aktual məsələ ilə bağlı məhz Azərbaycan Milli Xalça Muzeyi öz qabaqcıl təcrübəsini bölüşüb. Ş.Məlikova vurğulayıb ki, son illər fövqəladə hallar, döyüş əməliyyatları səbəbindən bir çox dünya muzeylərində yaranmış vəziyyət muzey işinin ən vacib sahəsi kimi bu problemə kifayət qədər ciddi yanaşmağın vacibliyini göstərir. O, muzey eksponatlarının təxliyəsi ilə əlaqədar müvafiq qurumlardan koordinasiyalı komanda işinin tələb olunduğunu qeyd edib.

    Şirin xanım Qarabağdakı hərbi münaqişələr şəraitində muzey işinin təşkili və qiymətli muzey əşyalarının təcili evakuasiyası ilə bağlı vacib məqamları da seminar iştirakçılarının diqqətinə çatdırıb.

    O, ICOM Azərbaycan Milli Komitəsinin 2020-ci ildə UNESCO-nun müvafiq beynəlxalq sənədləri əsasında ölkəmizdə fəaliyyət göstərən muzeylər üçün qiymətli əşyaların təxliyəsinə dair təlimat hazırladığını bildirib. ICOM Azərbaycan Milli Komitəsinin həm paytaxtda, həm də bölgələrdə çalışan muzey əməkdaşları ilə Azərbaycan Milli Xalça Muzeyinin bu sahədə qabaqcıl təcrübəsini bölüşdüyünü, təlimlər, seminarlar keçirdiyini deyib. Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlər götürüldükdən sonra bu istiqamətdə işlərin davam etdiriləcəyini, Ermənistanla həmsərhəd regionlarda, həmçinin təbii fəlakətin baş vermə ehtimalı yüksək olan ərazilərdə yerləşən muzeylərə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.

    Ş.Məlikova muzey kolleksiyasının rəqəmsallaşdırılmasının, onların respublika, dünya və s. əhəmiyyətinə görə çeşidlənməsinin, bütün ekspozisiyaların, fondların xüsusi xəritələrinin tərtib edilməsinin əhəmiyyətindən də danışıb.

    Evakuasiya planına əlavə olaraq, hərbi qarşıdurma, müəyyən bir fövqəladə vəziyyət və ya yanğın zamanı işçilərin vəzifə bölgüsünü göstərən siyahıların hazırlanmasının, muzeylərin Fövqəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlığının zəruriliyini diqqətə çatdırıb.

    Qeyd edək ki, onlayn seminara Mərkəzi Asiya və Cənubi Qafqazda fəaliyyət göstərən muzeylərin əməkdaşları, səlahiyyətli dövlət qurumlarının, tədqiqat təşkilatlarının, QHT-lərin və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar. Sonda Şirin Məlikova iştirakçıların suallarını cavablandırıb.

  • Misirdə Nizami Gəncəvinin 880 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək

    Misirdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək.

    Fevralın 14-də Azərbaycanın Misirdəki Səfirliyinin təşkilatçılığı ilə Misir Milli Kitabxanasında geniş tədbir təşkil ediləcək. Qahirənin tanınmış ictimai xadimləri, şair və yazıçıları, habelə jurnalistlər və diplomatların iştirakı ilə kitab və rəsm əsərlərinin sərgisi olacaq. Nizami Gəncəvinin əsərləri və Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatı barədə kitablar Misir Milli Kitabxanasına hədiyə olunacaq. Daha sonra dahi Nizaminin zəngin irsi, onun ərəb dünyasında ədəbi fikrin formalaşmasında rolu barədə tədqiqatçı alimlərin məruzələri təqdim olunacaq.

    Nizami Gəncəvi irsi və Azərbaycan rəssamlarının əsərlərindən ibarət kitab və rəsm sərgilərinin Misirin məşhur İsgəndəriyyə kitabxanasında və əcnəbi turistlərin axın etdiyi Şarm əl-Şeyxdə də təşkil edilməsi nəzərdə tutulur.