Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Fotojurnalistika müsabiqəsi elan olunub

    Fotojurnalistlərin işlərinin dəstəklənməsi və gücləndirilməsi məqsədilə “Yannis Behrakis beynəlxalq fotojurnalistika mükafatı 2021” müsabiqəsi elan olunub.

    Müsabiqə ilə maraqlanan namizədlərdən 24-dək fotoşəkildən ibarət portfolio, izahlı mətn və qısa tərcümeyi-hal təqdim etmələri xahiş olunur.

    Müraciətlər ödənişsizdir. Birinci yerin qalibinə 15 000 avro dəyərində pul mükafatı veriləcək.

    Qalib layihə fotoqrafın fərdi sərgisi kimi “Afina Foto Dünyası 2022” zamanı nümayiş etdiriləcək.

    Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://contests.picter.com/yannis-behrakis-international-photojournalism-award-2021 linkinə daxil olun.

  • Beynəlxalq Muğam Mərkəzi Rusiyanın musiqi qurumu “Roskonsert”lə əməkdaşlıq müqaviləsi imzalayıb

    Rusiya və Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq çərçivəsində Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Rusiyanın mötəbər Federal Musiqi və Festival Proqramları Müdirliyi “Roskonsert” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Birgə əməkdaşlıqla bağlı xəbər Rusiyanın informasiya agentlikləri, eləcə də “Roskonsert”in sosial hesablarında paylaşılaraq BMM-nin fəaliyyəti və muğam sənəti haqqında məlumatlar verilib.

    Mərkəzdən bildirilib ki, 2021-2023-cü illərdə mübadilə şəklində konsertlərin və mədəni tədbirlərin keçirilməsi, humanitar və təhsil layihələrinin təşkilinə dair müqavilə “Roskonsert”in baş direktoru Andrey Malışev və Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov tərəfindən imzalanıb.

    Bildirilib ki, Rusiya ilə Azərbaycan arasında uzun illərdən bəri mövcud olan dostluq münasibətləri bütün sahələrdə olduğu kimi mədəni sahədə də inkişaf edib. Hər iki təşkilat arasında imzalanan müqavilə mədəni əlaqələrin inkişaf etdirilməsinə, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə, ortaq informasiya və qarşılıqlı mədəni layihələrə mühüm töhfə verir.

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra xarici ölkələrin qurumları və mədəni təşkilatları ilə beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir. BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Hazırda dünyanın aparıcı və nüfuzlu musiqi təşkilatları sırasında BMM-nin də öz mövqeyi var. Bu təşkilatlar BMM-nin fəaliyyətini tanıyır və dəstəkləyirlər. Cari ilin yanvar ayında isə Beynəlxalq Muğam Mərkəzi və Frederik Şopen adına Polşa-Baltik filarmoniyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. BMM konsert fəaliyyəti, beynəlxalq əlaqələr və onlayn videokonfranslarla bağlı layihələri davam etdirir.

  • Kukla Teatrı “Cırtdan”ı onlayn göstərəcək

    Fevralın 14-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkələrində “Cırtdan” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da göstəriləcək.

    Teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.

    Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.

  • “Digitalart-lab” layihəsinin növbəti görüşü olacaq

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 20:00-da dizayner rəssam Hüseyn Rzayev ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü olacaq.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, görüşü qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

  • Milli Kitabxana növbəti kitab sərgisini virtual rejimdə təqdim edib

    Hər il 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı - “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.

    Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Sərgidə fotolar, mövzuya dair kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

  • “Diplomat Magazine”: Azərbaycanın sehrli xalçaları

    Niderlandın “Diplomat Magazine” jurnalında “Azərbaycanın sehrli xalçaları” sərlövhəli məqalə dərc edilib.

    Məqalədə Azərbaycan xalçaçılıq sənəti haqqında məlumat verilib. Bildirilib ki, beynəlxalq səviyyədə məşhur olan Azərbaycan xalçaları Sankt-Peterburqda “Ermitaj”, Londonda “Viktoriya və Albert”, Nyu-Yorkda “Metropoliten”, Parisdə “Luvr” kimi ən tanınmış muzeylərin sərgilərində nümayiş etdirilir. Bu, Azərbaycanın xalçaçılıq sənətinin özünəməxsusluğundan xəbər verir.

    Azərbaycan xalçaçılığının yun seçimi, təbii boyalar, müxtəlif toxuculuq metodlarına görə digər ölkələrdən fərqləndiyinin qeyd edildiyi məqalədə onun xalça trendini müəyyənləşdirən ölkə olduğu vurğulanıb.

    Yazıda “Qafqaz xalçalarının əsl doğulduğu yer Azərbaycandır və azərbaycanlı xalça toxucularının bacarıq və ideyaları bütün Qafqazda hiss olunur”, - deyə tarixçi və sənətşünas P.R.J.Fordun fikirləri diqqətə çatdırılıb. Azərbaycanda xalçaların gündəlik həyatın ayrılmaz hissəsi olmasının vurğulandığı məqalədə Gəncə-Qazax, Quba-Şirvan, Təbriz və Qarabağ xalçaçılıq məktəblərindən, bu bölgələrə xas ənənələrdən söz açılıb. Ölkəmizdə yun, ipək, qızılı və gümüşü saplardan toxunulan xalçaların xovlu və xovsuz növlərinin olduğu, onların toxunma sıxlığına görə fərqləndiyi xüsusi qeyd edilib.

    Azərbaycan xalçasının lüks həyatın, eləcə də incəlik və incə zövqün rəmzi olduğu diqqətə çatdırılıb. Bükülmüş xalçaya bənzəyən Xalça Muzeyində 15 mindən çox xalçanın sərgiləndiyi qeyd edilib.

    Məqalədə UNESCO Azərbaycan xalçaçılarını və xalçaçılıq ənənələrini yüksək qiymətləndirdiyi, 2010-cu ildə Azərbaycanın xalçaçılıq sənətini Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil etdiyi bildirilib.

    Yazıda Şamaxı, Şirvan xalçalarının fotoşəkilləri də yer alıb.

  • Özbəkistanın məşhur “Özbegim Yoshları” musiqi qrupu bu il Şuşada konsert verəcək

    Özbəkistanın məşhur “Özbegim Yoshları” musiqi qrupu Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində bu il konsert proqramı ilə çıxış edəcək.

    Bu barədə Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla “Özbegim Yoshları” musiqi qrupunun bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Lütviyyə Ruzibayevanın görüşündə razılıq əldə olunub.

    Görüşdə Özbəkistanda gənclər hərəkatının əsas qüvvəsi olan “Barkamol ovlad” təşkilatı ilə əməkdaşlıq, özbək mədəniyyətini dünyada tanıdan “Özbegim Yoshları” musiqi qrupunun Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihələri haqqında söhbət açılıb, əməkdaşlığın uğurla davam etməsindən məmnunluq ifadə ollunub.

    Lütviyyə Ruzibayeva “Özbegim Yoshları” musiqi qrupunun dünyanın 30-dan çox ölkəsində keçirilən beynəlxalq festivallarda iştirak etdiyini və çoxsaylı mükafatlara layiq görüldüyünü söyləyib. Musiqi qrupunun özbək mədəniyyətinə, musiqisinə dair möhtəşəm təqdimatlar keçirdiyini və qrupda özbək musiqisinin bütün sahələrinin - vokal, estrada, makom, şərq rəqslərinin yer aldığını qeyd edib.

    “Özbegim Yoshları” musiqi qrupu hər il ənənəvi olaraq Daşkənddəki “Türkistan” sarayında AMM-in təşkil etdiyi konsert proqramı ilə çıxış edir.

    Samir Abbasov 28 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsindən danışıb, mədəniyyət sahəsinə də böyük ziyan dəydiyini söyləyib, yüzlərlə mədəniyyət müəssisəsinin, tarixi abidənin işğalçı Ermənistan ordusu tərəfindən dağıdıldığını və məhv edildiyini bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalçılardan azad edildiyini vurğulayıb.

    Bundan başqa, Azərbaycan Respublikasının musiqi və folklor qrupları ilə əməkdaşlıq əlaqələrinin yaradılması, gələcəkdə birgə layihələrin icrası məsələləri də müzakirə olunub.

  • Muğamların mahir ifaçısı

    Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 110 il ötür

    Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam ifaçılığının prinsipial əməli əhəmiyyətini tam dərk edib qiymətləndirmək üçün Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək muğamı həqiqi öz ləyaqətində səsləndirməyin kamil nümunəsidir.

    Bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.

    Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə dünyaya göz açıb.

    Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meylini görüb deyərdi: “Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadır”. Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.

    Bəhram səkkiz yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.

    Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

    Bəhram Mansurov 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.

    Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.

    1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib.

    Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd edilib. Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.

    Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir. Hər dəfə ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca, ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.

  • Yaponiya və Azərbaycan vətəndaşları arasında loqo yarışması elan olunub

    Yaponiya-Azərbaycan dostluq ilinin 30-cu ildönümü münasibətilə iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün loqo yarışmasına start verilib.

    Seçilmiş loqo bu ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq.

    Qalib loqo sahibinə Yaponiya səfiri tərəfindən veriləcək sertifikatla yanaşı, müsabiqənin sponsoru qismində çıxış edən “AIWA” brendinin Azərbaycandakı eksklüziv distribüteri “Global Electronics Azerbaijan” tərəfindən də “Bluetooth” qulaqcıqlar hədiyyə olunacaq.

    Müsabiqədə yalnız Azərbaycan və ya Yaponiya vətəndaşları iştirak edə bilər.

    Loqonun üzərində mütləq olaraq “Japan”, “Azerbaijan”, “30” (ingilis dilində) atributikaları istifadə olunmalıdır. Loqodakı yazı və ya rəqəmlər şəklin alt, üst və ya yanında olmaqla bir neçə versiyada təqdim oluna bilər.

    Müraciət etmək üçün loqolar culture-info@bk.mofa.go.jp mail ünvanına göndərilməlidir. Maili göndərən zaman bir mailin həcminin 10 Mb-dan böyük olmamasına fikir verməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, müraciət sayında məhdudiyyət yoxdur, 1 nəfər bir neçə dəfə də müraciət edə bilər.

  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxış edib
    ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın 11-də videokonfrans formatında tədbir keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış edib.   Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı:   - Hörmətli ICESCO-nun Baş direktoru doktor Salim Al Malik. Xanımlar və cənablar. Əziz dostlar. İlk olaraq belə bir mötəbər tədbirdə fəxri qonaq qismində iştirak üçün nəzakətli dəvətə görə Baş direktora təşəkkürümü bildirmək istərdim. Bu, mənim üçün böyük şərəfdir və mən bu dəvəti bizim qadınların təhsil və elmdə iştirakının inkişafı ilə bağlı siyasətimizin yüksək qiymətləndirilməsinin təzahürü hesab edirəm. Mən İslam mədəni irsinin qorunması və müsəlman dünyasında təhsil və elmin təşviqi ilə bağlı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının nəcib missiyasını təqdir edir və Azərbaycan ilə ICESCO arasında məhsuldar əməkdaşlığı minnətdarlıqla qeyd edirəm. BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq, bugünkü müzakirə mövzusuna Baş direktor tərəfindən diqqətin yönəldilməsini alqışlayıram. Əziz dostlar, qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiya zərurətə çevrilib. Elm və gender bərabərliyi “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malikdir. ICESCO-nu 2021-ci ili “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik etmək istəyirəm. Bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil. Bu, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik. Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Qeyd etdiyim kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır. Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir. Xanımlar və cənablar, razılaşaq ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır. Hörmətli tədbir iştirakçıları, qeyd edilənlərlə yanaşı, mən fürsətdən istifadə edərək, Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötənilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə ICESCO-nun nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Qonaqlarımız azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı əldə etmiş və onlarla məscidlərimizin təhqir olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olmuşlar. Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər. Sonda ICESCO-ya nəcib və mühüm işində uğurlar diləyir, bütün iştirakçılara və onların yaxınlarına cansağlığı, səadət və xoşbəxtlik arzu edirəm. Sağ olun.