Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini elan edir
    Azərbaycan xalqı özünün tarixi-mədəni irsi, folkloru, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mədəniyyətimiz xalqımızın minilliklər boyu yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərləri özündə ehtiva edir. Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edir:   Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı Mədəni irsin qorunması, bərpası və inkişafı Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi Covid-19  pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi
  • Fuad Nağıyev: Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir göstərəcək

    Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək. Ölkələrimiz arasında turizm münasibətlərinin inkişafında qarşılıqlı turist mübadiləsinin artması bizim üçün önəmlidir.

    Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev fevralın 10-da Azərbaycan-Türkiyə turizm işçi qrupunun 1-ci iclasında çıxış edərkən bildirib.

    Fuad Nağıyev normal şərtlər altında Bakıda baş tutmalı olan işçi qrupu görüşünün pandemiya səbəbindən videokonfrans formatında keçirildiyini qeyd edib.

    Agentlik sədri bildirib ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, həmçinin strateji tərəfdaşlıq münasibətlərində turizmin də payı mövcuddur və bu payın getdikcə artması üçün turizm üzrə ikitərəfli əlaqələr inkişaf etdirilməlidir.

    2019-cu il ərzində Azərbaycandan Türkiyəyə 1 milyona yaxın, Türkiyədən Azərbaycana 200 mindən çox turistin gəldiyini qeyd edən Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslan turizm sahəsində əməkdaşlığın artırılması istiqamətində atılacaq addımlar kimi qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də aviauçuşların sayının artırılmasının, qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılmasının, birgə layihələrin keçirilməsinin önəmini vurğulayıb.

    O, Türkiyənin Azərbaycandakı səfirliyində Mədəniyyət və Turizm Müşavirliyinin fəaliyyət göstərdiyini bildirib.

    “Azərbaycan haqqında türkiyəli turistlər arasında məlumatlılığın artırılması üçün Azərbaycanın da Türkiyədə tanıtım nümayəndəliyinin açılması çox önəmlidir”, - deyə nazir müavini qeyd edib.

    Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov görüş zamanı müzakirə edilən məsələləri şərh edərkən bunları qeyd edib: “Təbii ki, iki qardaş ölkə olaraq biz bütün sahələrdə olduğu kimi turizm sahəsində də birgə işlər həyata keçiririk. Xüsusilə də bu gün yeni investisiyaların və birgə layihələrin icrası ilə bağlı işlər müzakirə olunur. Gələcəkdə Qarabağda həyata keçirilə biləcək layihələrdə Türkiyə təcrübəsindən, eyni zamanda onların illərlə formalaşmış investisiya imkanlarından yararlanmaq barəsində fikir mübadilələri aparılır. Eyni zamanda təhsil proqramlarının inkişaf etdirilməsi, kadr hazırlığı məsələsi, birgə layihələrin dünya ictimaiyyətinə təqdimat məsələləri müzakirə olunur”.

    Videokonfrans formatında baş tutan iclasın gündəliyinə pandemiya dövründə turizm sahəsinin inkişafı istiqamətində Azərbaycan və Türkiyə tərəfindən görülən işlər, turizm sahəsində qarşılıqlı investisiya və birgə layihələrin rolu, təhsil və təlim məsələləri üzrə təcrübə mübadiləsi, turizm və rəqəmsallaşma kimi mövzular daxil edilib.

    İclas çərçivəsində 2021-ci ildə Türkiyədə Azərbaycanın turizm nümayəndəliyinin açılması və müvafiq dəstək tədbirlərinin görülməsi imkanları müzakirə edilib.

    İclasın gündəliyində, həmçinin iki ölkə arasında bu sahədə təhlükəsizlik, turizmin müxtəlif növləri, turizm və mədəni irs sahəsi üzrə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinin aparılması, milli turizm məhsullarının qarşılıqlı tanıtımı istiqamətində fəaliyyət imkanlarının araşdırılması, iki ölkənin turizm təşkilatları və assosiasiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması və əməkdaşlıq mexanizmlərinin rolu, işçi qrupunun 2-ci iclasının yeri və tarixlərinin müəyyənləşdirilməsi məsələləri də yer alıb.

  • Bəstəkarlar İttifaqı Nizami Gəncəvinin 880 illiyi münasibətilə müsabiqə elan edib

    Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ili “Nizami Gəncəvi İli” elan edib. Azərbaycan Bəstəkarlar İttifaqı “Nizami Gəncəvi İli”nə həsr olunmuş qəzəl-romans müsabiqəsi elan edib.

    İttifaqdan bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd görkəmli bəstəkar, musiqişünas-alim, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsərləri ilə təməlini qoyduğu qəzəl-romans janrının ənənələrinin davam və inkişaf etdirilməsi, Nizami Gəncəvinin zəngin yaradıcılığının müasir dövrdə vokal əsərlərdə musiqi və mətnlərin vəhdəti ilə ədəbi-bədii meyarlara cavab verən yeni qəzəl-romansların aşkar edilməsidir.

    Müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni qəzəl-romanslar təqdim edilməlidir. Təqdim ediləcək əsərlər vokal ilə müxtəlif tərkibli instrumental ansambllar (2-3 alət) üçün nəzərdə tutularaq, 7-10 dəqiqəlik vaxt həcmində olmalıdır.

    Müsabiqə iştirakçıları əsərin klavirini PDF formatında (və ya partiturasını) və yüksək formatda yazılmış CD audio versiyasını, romansın mətnini və müəllif haqqında məlumatları (ad, soyad, təhsil, ünvan, telefon) Azərbaycan Bəstəkarlar İttifaqının music0306@mail.ru və azcomposersunion@gmail.com elektron ünvanına təqdim еtməlidirlər. Əsərlər səs və fortepiano ifasında və ya səsyazma şəklində təqdim olunmalıdır. Müsabiqədə peşəkar bəstəkarlar iştirak edə bilərlər.

    Müsabiqənin qalibləri 18 sentyabr - Milli Musiqi Günündə elan ediləcək.

    Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:

    I yer – 1000 manat

    II yer – 700 manat

    III yer – 500 manat

    Fəxri diplom – 300 manat

    Тəqdim olunmuş işlər bu il iyunun 15-dək Azərbaycan Bəstəkarlar İttifaqında onlayn qəbul ediləcək. Əsərlər Bəstəkarlar İttifaqının tərtib etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

  • Bakı Musiqi Akademiyasının tələbələri ilə sığorta mövzusunda onlayn görüş keçirilib

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə “Sığorta təlimi”, “İcbari və dövlət icbari sığorta” və sığortanın müxtəlif sahələri mövzusunda onlayn görüş keçirilib.

    Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilən görüşdə bankın nümayəndələri Fərəh Əliyeva və Afət Həsənova mövzu ətrafında tələbələrə geniş məlumat verərək, video şəklində onlara izahat təqdim ediblər.

    Sonda bankın nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.

  • Sənədli kinoya aid unikal materiallar əldə olunub

    Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində Əməkdar mədəniyyət işçisi, kino veteranı Lidiya Şarkovkinanın vəfatının 40-cı günündə onun və həyat yoldaşı, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, kinooperator Vladimir Konyaginin şəxsi arxiv sənədləri ailəsi tərəfindən Belarusun Vitebsk şəhərindən Dövlət Film Fonduna göndərilib.

    Film Fondundan bildirilib ki, təhvil verilmiş arxiv sənədləri hər iki kino xadiminə aid sənədlər, əlyazmalar, diplom, medal və ordenlərdən, sənədli kinoya aid unikal fotoşəkillərdən ibarətdir və bu materiallar əsasında Dövlət Film Fondunda şəxsi arxiv fondu yaradılacaq.

    Qeyd edək ki, V.Konyagin Azərbaycan kinosunda 1936-cı ildən fəaliyyət göstərirdi. O, 100-dən artıq sənədli filmin, kinoxronikaların operatoru və rejissoru kimi çalışıb. Onun operatoru olduğu “Dostluq məşəli”, “Çiçəklənən Abşeron”, “Sovet Azərbaycanının 50 illiyi”, “Dirçəldilmiş torpaq” , “Respublikamız haqqında həqiqət”, “Ürək yaddaşı” (K.Məmmədovla birgə), rejissor-operator kimi “Şirvanneft”, “Dənizdə möcüzə”, “Muğanın dastanı”, “Tayqa qəhrəmanı”, “Tələbə avtoqrafları”, “Vahid bayraq altında” (M.Dadaşovla birgə), “Həyat naminə” və s. onlarla filmlərin müəllifidir.

  • Beynəlxalq Türk Akademiyası 2021-ci ili “Əlişir Nəvai İli” elan edib

    Beynəlxalq Türk Akademiyası məşhur özbək şairi və dövlət xadimi Əlişir Nəvainin anadan olmasının 580-ci ildönümü münasibətilə 2021-ci ili “Əlişir Nəvai İli” elan edib.

    Akademiya tərəfindən böyük mütəfəkkir, şair Əlişir Nəvainin anadan olmasının 580 illiyinə həsr olunmuş “Şərqin parlaq ulduzu” adlı tədbir keçirilib.

    Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali “Əlişir Nəvai İli” çərçivəsində həyata keçiriləcək tədbirlər, layihələrdən danışaraq şairin həyat və yaradıcılığına dair akademiyaya üzv ölkələrdə elmi konfransların təşkil ediləcəyini bildirib. O, akademiya tərəfindən Nəvai irsinin elmi araşdırmalarına görə “Əlişir Nəvai” təqaüdünün veriləcəyini vurğulayıb.

    Bundan başqa, akademiya şairin əsərlərinin qardaş türk xalqlarının dillərinə tərcümə olunması istiqamətində işləri bu il də davam etdirəcək.

    Qeyd edək ki, ötən il akademiya şairin qazax dilinə tərcümə edilmiş və “Xəmsə” toplusuna daxil olmuş bir neçə məşhur şeirinin nadir nəşrini buraxıb.

  • Bu qala daşlı qala...

    Şuşa qalasının və Şuşa şəhərinin salınması Qarabağ xanlığının ən möhtəşəm səhifəsidir. Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının müdafiə məqsədi üçün əlverişsiz mövqeyini nəzərə alaraq xanlığın mərkəzini strateji cəhətdən daha əlverişli yerə köçürməyi qərar alıb. O, bu məqsədlə hündür dağlar qoynundakı yaylanı seçib. Həmin ərazinin şərq hissəsində İrandan dəvət edilən kənkanlara bir neçə yerdə quyu qazdırıb. Həmin quyulardan su çıxandan sonra orada qala salınması barədə qərara gəlib. Bu qala ilk növbədə Pənahəli xanın yaradıcılıq dühasının məhsuludur.

    Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, sənətkarlar, konkret tarixi hadisələr, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyev bu sözləri deyib.

    Qarabağ tarixinin tanınmış tədqiqatçısı qala divarları barədə söhbətinə davam edərək bildirib: “Şuşa qalasının inşa edildiyi sahə çoxlu təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik yayladır. Qalanın inşası üçün seçilmiş məkan çox uğurlu idi. Qala ərazisi bir çox yerlərdə dərələrlə tamamlanan sıldırım qayalar, yarğanlar və meşələrdən ibarət idi. Yarğanların olması təbii suların qala ərazindən axıdılmasına imkan verirdi və bu, tez-tez yağışlı və dumanlı havanın xarakterik olduğu Şuşanın subasma ilə üzləşməməsi demək idi. Şuşa qalası dəniz səviyyəsindən 1400-1800 metr hündürlükdə yerləşir. Qala ilk növbədə strateji əhəmiyyət daşıyan müdafiə məqsədi daşıyırdı və onun tikintisində döyüş zamanı ən az itki vermək də nəzərə alınıb.

    Qalanın ətrafı yaxşı yonulan sal daşlarla zəngin idi. Daşyonanlar və bənnalar həmin daşları yonaraq hörgü üçün yararlı hala gətiriblər. 1750-ci il iyunun 21-də Şuşa qalasının ilk bünövrə daşları düzülüb. Pənahəli xan öz əlləri ilə qalanın bünövrəsinə ilk daşları atıb və onun tikintisində fəhlə kimi işləyib. Azərbaycan memarlığının ən gözəl incilərindən biri olan Şuşa qalası Şərq memarlıq məktəbi üslubunda inşa edilib. Qala dairəvi mühafizə bürclərinə malikdir və yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.

    Şuşa qalasının tikintisində feodal dövrü memarlığının əsas şəhərsalma prinsipləri, həm şəhər yerinin seçilməsi, həm struktur planlaşdırması, həm də qalanın xarici bədii siması özünü büruzə verir. Qala divarlarında hər 50 metrdən bir dairəvi və düzbucaqlı bürclər, müşahidə məntəqələri, xəbərdarlıq üçün qalaçalar inşa edilib. Divarlarda oval şəklində atəş nöqtələri - mazğallar qoyulub”.

    “1753-cü ildə şəhərin bir neçə yaşayış məhəlləsi salınıb və qala divarlarının böyük bir hissəsi inşa ediləndən sonra xanlığın sarayı Şahbulaqdan Şuşaya köçürülüb. Qala əhalisinin suya olan tələbatının ödənilməsi üçün çoxlu quyular qazılıb. Əvvəlcə qalanın içərisində ilk məhəllələr salınıb. 1763-cü ildə Pənahəli xanın ölümündən sonra qalanın tikintisi oğlu İbrahimxəlil tərəfindən davam etdirilib və başa çatdırılıb. Qalanın sahəsi 5,5 kvadratkilometr, divarlarının uzunluğu 3,7 kilometr, divarların eni 2,2 metr, hündürlüyü 8 metr olub”, - deyə tanınmış tədqiqatçı fikrinə yekun vurub.

  • MİHİ Respublika Komitəsinin sosial tərəfdaşı olan Mədəniyyət Nazirliyi ilə ikitərəfli kollektiv sahə sazişinin bağlanılması müzakirə olunub

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin sədri Cəmilə Səttarova arasında onlayn görüş keçirilib.

    Görüşdə MİHİ Respublika Komitəsinin sosial tərəfdaşı olan Mədəniyyət Nazirliyi ilə ikitərəfli kollektiv sahə sazişinin bağlanılması müzakirə olunub.

    Onlayn görüşdə ittifaq üzvlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, əmək hüquqlarının qanunvericilikdə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada müdafiəsinin təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

    Belə ki, qeyd olunan məsələlərin qarşılıqlı razılığa əsasən gələcəkdə tərəflər arasında bağlanılacaq kollektiv sahə sazişində öz əksini tapması nəzərdə tutulub.

    Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

  • “Yeddi gözəl” baleti Moskvada yeni quruluşda təqdim olunub

    Moskva vilayəti Dövlət Akademik Balet Teatrı dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim edib.

    Tamaşa Moskva Quberniya Teatrının səhnəsində nümayiş etdirilib.

    Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü və Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara yeni quruluşda təqdim olunub. Məşhur baletmeysterlər, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun ssenarisi əsasında tərtib edilən tamaşanın yeni quruluşu M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sabiq solisti, Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundova məxsusdur.

    “Russkiy balet” Teatrı bədii rəhbərinin köməkçisi Viktoriya Axundova AZƏRTAC-ın müxbiri ilə söhbətində teatrın solistlərinin “Yeddi gözəl” baletində obrazları sevə-sevə ifa etdiklərini bildirib. Elə Rusiya tamaşaçıları da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin dahi Nizaminin poeması əsasında yaratdığı baleti heyranlıqla izləyirlər.

    Beynəlxalq müsabiqələr laureatları Dmitri Kotermin, Yulia Zvyagina, Mstislav Arefiyev, Vladimir Mineyev, Valeria Vasilyevanın ifa etdikləri səhnə əsəri Moskva Qubernyev Teatrının səhnəsində martın 30-da bir daha nümayiş etdiriləcək. Bu dəfə tamaşa Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.

  • “Qoğal” tamaşası onlayn nümayiş ediləcək

    Fevralın 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Qoğal” tamaşası nümayiş ediləcək.

    Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

    Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş ediləcək.