Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan əsilli fransız rejissor və aktyor Rober Hosseinlə vida mərasimi keçirilib

    Parisin Sən-Sülpis (Saint-Sulpice) kilsəsində Azərbaycan əsilli fransız rejissor və aktyor Robert Hosseinlə vida mərasimi keçirilib.

    Robert Hosseinlə vida mərasimində Fransanın birinci xanımı Brijit Makron, mədəniyyət naziri Rozelin Başlo, sabiq mədəniyyət naziri Cak Land, aktrisa İzabel Acani, Brijit Bardo, sineast Jak Veber, Fransanın siyasi, iqtisadi və incəsənət xadimləri iştirak ediblər.

    Vida mərasimində iştirak edənlər çıxış edərək, Robert Hosseinlə bağlı xatirələrini bölüşüb, onun istedadından söz açıblar və sənətkarın ailə üzvlərinə başsağlığı veriblər.

    Robert Hosseinin oğlu Pyer Hossein atasının çox sevib rəğbət bəslədiyi tarda ifa edərək onun xatirəsinə ehtiramını bildirib. İkinci oğlu Jülyən Hossein isə atasının xatirəsinə “Sevgi heç vaxt tükənmir” mətnini səsləndirib. Robert Hosseinin həyat yoldaşı Kandis Patu yazıçı Frederik Dardın Robert Hosseinə 1976-cı ildə ünvanladığı məktubu oxuyub.

    Məşhur rejissor və aktyorla milli vida mərasimi yerli vaxtla axşam saat 17:00-də başa çatıb.

    Qeyd edək ki, Robert Hossein 2020-ci il dekabrın 31-də vəfat edib.

  • Xalq artisti Murad Hüseynov mötəbər festivalda ölkəmizi təmsil edib
    Xalq artisti, pianoçu Murad Hüseynov XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalında ölkəmizi təmsil edib. Mötəbər festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunub. Yanvarın 7-dən fevralın 4-dək davam edən, həm real, həm də onlayn formatda gerçəkləşən festivalda pianoçu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Murad Hüseynovun çıxışı 3 gün – 29 yanvar, 2 və 4 fevral tarixlərində altı onlayn kanal vasitəsilə nümayiş olunub.  Festivalın bağlanış mərasimində də Çin sənətkarları ilə yanaşı, azərbaycanlı pianoçunun da çıxışı yer alıb. Qeyd edək ki, Murad Hüseynovun “Pekində görüş” festivalında iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə reallaşıb. Pianoçunun çıxışının videoçəkilişi Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib. XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalına 24 ölkənin mədəniyyət və sənət adamları qatılıb. Festivaldan əvvəl azərbaycanlı pianoçu haqqında Çin mətbuatında materiallar yayımlanıb, videoçarx təqdim olunub. Festivalın kataloqunda Murad Hüseynov haqqında məqalə dərc edilib.
  • Bakı Xoreoqrafiya Akademiyasına yeni kadr təyinatı
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Əziz Qarayusifli 1968-ci ildə Bakı şəhərində  anadan olub. 1987-ci ildə  Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib. BMA-nın opera studiyası orkestrinin rəhbəri (1994-1996, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində orkestr artisti (1996-2016) vəzifələrində  çalışıb. Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə “Alov” rəqs qrupu yaradılıb. Ə.Qarayusifli 2018 və 2019-cu illərdə VII və VIII  Sankt-Peterburq  Beynəlxalq Mədəniyyət Forumlarının iştirakçısı və məruzəçisi olub. MDB-nin iştirakçı dövlətlərinin musiqi, mədəniyyət və incəsənət təhsili sahəsində əməkdaşlıq üzrə Baza Təşkilatı statusu verilmiş Qnesinlər adına Rusiya Musiqi Akademiyasının İctimai Şurasının üzvüdür. Bir sıra beynəlxalq müsabiqələrin münsiflər heyətində ölkəmizi təmsil edib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Əməkdar artist” fəxri adına layiq görülmüşdür. 1990-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı orkestrın solisti, 2018-ci ildən isə Bakı Musiqi Akademiyasının dosentidir. Məlumat üçün qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılan və ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən ixtisaslaşmış təhsil müəssisəsidir. Akademiyanın yaradılması ilə regionda, xoreoqrafiya sənəti sahəsində ilk unikal çoxpilləli və fasiləsiz təhsil sisteminin əsası qoyulub. Eyni zamanda  fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksi olan  BXA yaradılarkən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrlar hazırlanması, Azərbaycanda xoreoqrafiya təhsili sənətinin inkişaf etdirilməsi məsələləri strateji məqsəd kimi akademiyanın qarşısında qoyulub.
  • “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinə start verilib

    Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinə start verilib.

    Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən onlayn şeir müsabiqəsinin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir.

    "Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi Azərbaycan və Türkiyədən olan IX-XII sinif şagirdləri arasında təşkil olunur. Hər məktəbli yalnız bir şeirlə müsabiqəyə qatıla bilər.

    Müsabiqənin yekununda 50 ən yaxşı şeir seçilərək kitab halında dərc olunacaq. İlk üç yerin qalibləri isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqə və nəticələri barədə ətraflı məlumatı baku.meb.gov.tr ünvanından əldə etmək mümkündür.

    Müsabiqəyə qatılmaq və müraciət formasını doldurmaq üçün https://forms.gle/aVPcACDzV453U46F7  ünvanına daxil olmaq lazımdır.

  • Türkiyədə “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram keçiriləcək

    Türkiyənin Ərzurum Atatürk Universiteti ilə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram keçiriləcək.

    İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın verdiyi məlumata görə, proqramda Azərbaycan, Türkiyə və Rusiyanın müxtəlif bölgələrindən olan tanınmış aşıqların çıxışları olacaq.

    Ziya Zakir Acar bildirib ki, proqramın təşkilində məqsəd Azərbaycanın gözəl təbiətini, xalqın öz torpağına və vətəninə bağlılığını, qəhrəman övladlarımızın igidlik salnamələrini tərənnüm etməkdir.

    Atatürk Universiteti müəllimi Gürsoy Solmaz tərəfindən idarə olunacaq bədii proqram fevralın 14-də Türkiyə vaxtı ilə saat 14.00-da “Zoom” vasitəsilə başlayacaq.

  • Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tanınmış ekspertlərdən ibarət veb-konfrans təşkil edəcək

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fevralın 10-da tanınmış ekspertlərdən ibarət “Pandemiyadan sonrakı mərhələ: dünya sisteminin inkişafı” mövzusunda veb-konfrans təşkil edəcək.

    Mərkəzdən bildirilib ki, konfransa mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti Vaira Vike-Freyberqa, Kolumbiya Universitetinin professoru Jeffrey Sachs, BMT Baş Assambleyasının 73-cü prezidenti Maria Fernanda Espinosa, İrlandiyanın sabiq Baş naziri Bertie Ahern, Roma Klubunun fəxri prezidenti Erns Ulrich von Veizsaecker, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Lagumdzija, Amerika Xarici Əlaqələr üzrə Milli Komitəsinin prezidenti Susan Elliott, şahzadə, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, Xorvatiyanın sabiq Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Polşanın sabiq Baş naziri Marek Belka, Maltanın sabiq Prezidenti xanım Marie-Louise Coleiro Preca, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Macarıstan Respublikasının sabiq Baş naziri Peter Meddyeşi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və baş katibin 1-ci müavini İlahə İbrahimli qatılacaqdır.

  • Dövlət Film Fondunda Xalq artisti Leyla Bədirbəylinin şəxsi arxiv fondu yaradılıb

    Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin şəxsi arxiv fondu yaradılıb.

    Xalq artisti Leyla Bədirbəylinin şəxsi arxiv fondunun yaradılması sənətkarın 100 illik yubileyinə ithaf olunub. Fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları və s. arxiv sənədləri daxil edilib.

  • Bəstəkarlar İttifaqı vətənpərvərlik mövzusunda respublika müsabiqəsi elan edib

    Azərbaycan Bəstəkarlar İttifaqı “Vətənpərvərlik mövzusunda xor əsərlərinin ən yaxşı ifası” üzrə respublika onlayn müsabiqə-festival elan edib.

    İttifaqdan bildirilib ki, müsabiqənin musiqi əsasını bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun xor kollektivləri üçün yazılmış əsərləri təşkil edir. Azər Dadaşov müxtəlif musiqi janrlarında yazılmış çoxlu sayda əsərlərin müəllifidir. Onun yaradıcılığında vətənpərvərlik məzmunlu xor musiqisi, həmçinin Vətənimizi, onun şanlı oğullarını, Qələbə qazanan igid əsgərləri vəsf edən xor mahnıları əhəmiyyətli yer tutur.

    Müsabiqə bu ilin 22-26 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək və bəstəkarın 75 illik yubileyinə həsr olunub. Müsabiqədə respublikanın ali və orta-ixtisas təhsili müəssisələrinin, həmçinin musiqi və ümumtəhsil məktəblərinin xor kollektivləri iştirak edə bilərlər.

    Müsabiqənin münsiflər heyətinə tanınmış musiqi xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvləri, xormeysterlər daxil ediləcək.

    Müsabiqə 2 turda keçiriləcək. Birinci turun proqramına A.Dadaşovun istənilən 3 xor mahnısı daxil edilə bilər, ikinci turun proqramında isə bəstəkarın iki xor mahnısı – “Vətənim var” və “Qızıl dan” mütləq şəkildə ifa edilməlidir.

    2021-ci il noyabrın 1-dək müsabiqədə iştirak etmək istəyən xor kollektivləri yalnız onlayn şəkildə qeydiyyatdan keçərək, ifa ediləcək xor əsərlərinin DVD lent yazısını, kollektivin yaradıcılığı haqqında məlumatı, fotoşəkili Azərbaycan Bəstəkarlar İttifaqının azcomposersunion@gmail.com  email ünvanına təqdim etməlidirlər. Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər.

    Müsabiqənin qalibləri və iştirakçıları üçün pul mükafatları, diplomlar, xüsusi hədiyyələr nəzərdə tutulur. Müsabiqənin mükafat fondu beş min manat təşkil edir.

  • Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi açılacaq

    Sankt-Peterburqda yerləşən Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi təşkil olunacaq.

    Fevralın 19-dan mayın 5-dək davam edəcək “Taleyin saplarından xalça toxuyarkən... Azərbaycanın dekorativ-tətbiqi sənət nümunələri Rusiya Etnoqrafiya Muzeyində” adlı sərgi Azərbaycan Xalça Muzeyi ilə birgə hazırlanır.

    Ekspozisiyaya Rusiya muzeyində saxlanılan xalçalar və tətbiqi-sənət nümunələri daxil ediləcək. Sərginin açılış mərasimində iki muzeyin birgə əməkdaşlığının nəticəsi olaraq buraxılmış “Taleyin saplarından xalça toxuyarkən” adlı kataloqun da təqdimatı keçiriləcək.

    Sərginin ziyarətçiləri Azərbaycan sənətkarlarının əl işi olan 40-dan çox nadir xalça və xalça məmulatı, tətbiqi sənət nümunələri ilə tanış olacaqlar.

    Ekspozisiyaya daxil edilən xalçaların əksəriyyəti XIX əsrin sonları XX əsrin əvvəllərində toxunub. Ən qədim xalça isə XVIII əsrə aid “Suraxanı” xalçasıdır.

  • Deputat: Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin xüsusi siyasi mənası var

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsi mədəni və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi bir daha Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutu oldu. Çünki dahi mütəfəkkirimizin əsərlərindəki humanizm, insana məhəbbət, yüksək əxlaq bütünlükdə bəşəriyyətə ünvanlanıb.

    Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

    Sədaqət Vəliyeva bildirib ki, özünəqədərki bəşəri dəyərlərin zirvəsində dayanan Nizami Gəncəvinin həyatı və ədəbi-elmi irsi hər kəs üçün örnəkdir: “Bu gün mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin tanıdılması çox vacibdir. Bu baxımdan da, belə ənənələri formalaşdıran Nizami Gəncəvinin və davamçılarının dünyada təbliği böyük əhəmiyyət kəsb edir”.

    Deputat əlavə edib ki, zəngin mədəniyyətin yetişdirdiyi belə şəxsiyyətlərin təbliği siyasi baxımdan da xüsusi məna daşıyır: “Çünki bu il biz həm də şanlı Zəfərimizin bir yaşını qeyd edəcəyik. Nizami fəlsəfəsindən çıxış etsək, bir daha görəcəyik ki, 44 günlük müharibə ilə Azərbaycan xalqı həm ədaləti təbliğ edən, həm də ədaləti təmin edən xalq kimi özünü təsdiqlədi. Buna görə də Prezident İlham Əliyevin müvafiq Sərəncamla 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin xüsusi siyasi mənası var”.

    Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Nizaminin əsərlərindəki milli köklərə bağlılıq ideyasının, dövlətçilik ənənələrinin, ədalət prinsipinin təbliği və gənc nəsillərə çatdırılması qarşımızda duran çox mühüm vəzifələrdəndir.