Türk Ədəbiyyat Vəqfinin nəşri olan “Türk ədəbiyyatı” jurnalının xüsusi buraxılışı Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə həsr olunub.
Jurnalda Xalq şairi Ramiz Rövşənin Kamal Abdullaya həsr etdiyi “Bir ovuc suda”, Rüstəm Behrudinin həsr etdiyi “Təkbaşına adam” şeiri, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında postmodernizmin qurucusu və Xalq yazıçısı: Kamal Abdulla”, Ahmed B.Erculasunun “Kamal Abdullanın 70 yaşına”, Ali Duymazın “Kılbaşın semantik boşluğu”, professor Jalə Qəribovanın “Var ilə yox arasında: Kamal Abdullanın əsərlərində “yox “ antologiyasına qısa baxış”, Lyudmila Lavrovanın “Sonuna qədər söylənməmiş sözün sehri”, Hendrik Beoschotenin “İki yarımçıq əlyazma-qarşılaşdırma”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Ədəbiyyatda Kamal Abdulla”, Maks Statkiyeviçin “Kamal Abdullanın “Yarımçıq əlyazma”sından yarımçıq əlyazmaya doğru: yazı əfsanəyə qarşı”, Ramazan Korkmazın “Dədə Qorqudun çağdaş üzü: Kamal Abdulla”, Fatih Kəskinin “Yarımçıq əlyazma”, Beyrəyin mətnlərarası əlaqəsi”, Elçin İbrahimovun “Kamal Abdulla: Qorqudşünaslıq dərsləri”, Rukiyə Boran Kayanın “Unutmağa kimsə yox” romanına dair məqalələri dərc edilib.
Jurnalda Kamal Abdullanın “İnan ona”, “Ölü quş olub daş kimi düşsəm”, “O gün”, “Unutmağa kimsə yox”, “Sən yenə yoxsan” və s. şeirləri də yer alıb.
Eyni zamanda, “Türk ədəbiyyatı” jurnalının xüsusi buraxılışındakı “Nə dedilər?” bölməsində Umberto Eko, Franko Kardini, Klod Aliber, Anar, Yuli Polyakov, Həsənağa Turabov, Ramiz Rövşən, İrfan Ülkü və başqalarının Kamal Abdullanın yaradıcılığı haqqında fikirləri də yer alıb.
Litvanı “Avroviziya-2021” mahnı müsabiqəsində “Discoteque” mahnısı ilə “The Roop” qrupunun təmsil edəcəyi məlum olub.
Ölkə mətbuatına istinadla xəbər verir ki, məşhur vokalist Vaydotas Valyukyaviçyusun lideri olduğu qrupun lehinə həm komissiya, həm də 74 512 nəfər tamaşaçı səs verib.
Qrupun böyük səhnədəki çıxışı üçün nəyi dəyişdirmək niyyətində olduqları sualına ifaçı V. Valyukyaviçyus “Sarı komanda olaraq qalacağıq” deyə cavab verib.
Qeyd edək ki, builki avroviziya mahnı müsabiqəsi 18-22 may tarixlərində Hollandiyanın Rotterdam şəhərində baş tutacaq.
Fevralın 8-də İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli Purmərcan Milli Kitabxanada olub.
Kitabxanadan bildirilib ki, direktor, professor Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edərək hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışıb və Azərbaycanla İran Milli kitabxanaları arasında bağlanmış əməkdaşlıq haqqında memorandumun yenilənməsinə ehtiyac olduğunu vurğulayıb.
Söhbət zamanı Q.Əli Purmərcan iki qardaş xalqın Milli kitabxanaları arasındakı mövcud əlaqələri daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, iki ölkə arasında olan əməkdaşlığı inkişaf etdirmək, birgə yeni layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir. Bu ilin “Nizami Gəncəvi İli” olmasını qiymətləndirərək Nizami haqqında yeni kitabların nəşr edilməsini, eləcə də iki ölkə kitabxanalarında olan ədəbiyyatlar üzrə sərgi keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri tərcümə olunaraq nəşr edilib. Həmçinin “Yeddi gözəl” əsərinin də tərcümə olunduğunu və bu yaxınlarda nəşr ediləcəyini söyləyib. Sonra Q.Əli. Purmərcan onlayn kitab layihəsinin əhəmiyyətindən bəhs edərək ölkələr arasında beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən, eləcə də kitabların elektronlaşdırılmasından danışıb.
Görüş zamanı Kərim Tahirov qeyd edib ki, pandemiya dövründə Milli Kitabxana oxuculara onlayn formada xidmət göstərib, bu dövr ərzində kitabxana 2,8 milyondan çox oxucuya məhz elektron kitablar vasitəsilə xidmət göstərib. Qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın, eləcə də bütün bəşəriyyətin dahi mütəfəkkir şəxsiyyətlərindəndir. Bu ilin “Nizami Gəncəvi İli” kimi qeyd olunmasının əhəmiyyətindən bəhs edərək Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi üzrə keçirilən “Nizami Gəncəvi İli”nin açılış tədbiri, sərgidə nümayiş olunan kitablar barədə qonaqlara məlumat verib. Həmçinin vurğulayıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli-mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə artıq iki ildir “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmalarının müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində Türkiyə, Pakistan, Hindistan və digər ölkələrdən 58 ədəd əlyazmanın surətlərinin Milli Kitabxanaya gətirilməsi təmin olunub ki, bunların içərisində Nəsiminin, Nizaminin də əlyazmaları yer alıb. Bu layihə çərçivəsində İran Milli Kitabxanası ilə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Nizami əlyazmalarının surətlərinin Milli Kitabxanaya gətirilməsi haqqında fikir mübadiləsi aparılıb. Kərim Tahirov ötən illərdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində İran Milli Kitabxanasının sərgidə iştirakından və orada 500-ə yaxın ədəbiyyatın nümayiş olunduğunu vurğulayıb.
K.Tahirov, həmçinin Azərbaycan və İran Milli kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin də gücləndirilməsinə böyük ehtiyac olduğunu qonağın diqqətinə çatdırıb.
Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub.
Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilir.
Nazirlikdən bildirilib ki, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan müsabiqə fevralın 18-dək davam edəcək. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaqdır. Dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri-tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – “Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” üzrə keçirilməsi nəzərdə tutulur. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilərlər.
“Bədii qiraət” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:
- İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər;
- Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır;
- Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
- Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;
- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;
- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.
“Bədii qiraət” nominasiyası üzrə işlər fevralın 11-dək nizamiganjavi2021@gmail.com elektron poçt ünvanına və (+994 50) 497-97-55 "WhatsApp" nömrəsinə göndərilməlidir.
“Təsviri-tətbiqi sənət” üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:
- İşlərin işlənmə texnikası sərbəstdir;
- İşlərin formatına məhdudiyyət qoyulmur;
- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı, təqdim etdiyi işin adı və işlənmə texnikası qeyd olunmalıdır.
“Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər fevralın 11-dək ugim-1@mk.edu.az elektron poçt ünvanına və (+994 50) 367-47-04 "WhatsApp" nömrəsinə göndərilməlidir.
Qeyd edək ki, müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaqlar. Qalib işlər sosial şəbəkələrdə, o cümlədən digər media qurumlarında geniş işıqlandırılacaq.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Şimal-qərb turizm dəhlizi üzrə regional broşür hazırlanıb.
Agentlikdən bildirilib ki, broşürdə Şəki Destinasiya Menecmenti Təşkilatının fəaliyyət dairəsini əhatə edən Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə mədəni-tarixi abidələr, təbiət gözəllikləri, piknik və gəzinti yerləri, mətbəx nümunələri, sənətkarlıq emalatxanaları, səyahət edərkən istifadə edilən nəqliyyat növləri haqda ətraflı məlumatlar əksini tapıb.
İngilis dilində hazırlanmış broşürdə, həmçinin regiondakı muzeylərin ünvanları, giriş qiymətləri, əlaqə vasitələri və digər faydalı məlumatlar yer alıb.
Çap materialını https://www.tourismboard.az/publications keçidinə daxil olaraq onlayn formatda əldə etmək mümkündür.
Qeyd edək ki, bundan öncə Şimal-qərb turizm dəhlizi üzrə Şəki və Zaqatala şəhərlərinin turist xəritələri və Şəki sənətkarlarının xəritəsi ərsəyə gətirilmişdi. Şimal-qərb regionunda Şəki, Zaqatala, Balakən və Qax rayonların əsas turizm təcrübələrini özündə əks etdirən “Şimal-qərbdə 10 gəzməli-görməli yer” və “Şimal-qərbdə əsas turizm təcrübələri” adlı broşürlər hazırlanmışdı.
Lənkəran Destinasiya Menecmenti Təşkilatı tərəfindən bölgənin regional xəritəsi, “Cənub regionunda 10 əsas təbiət təcrübələri” və “Lənkəranda 10 əsas turizm fəaliyyəti” broşürləri, Quba Destinasiya Menecmenti Təşkilatı tərəfindən isə Quba və Qusar şəhərlərinin turist xəritələri, “Qubada 10 gəzməli-görməli yer”, “Qusarda 10 əsas gəzməli-görməli yer”, “Şimal regionunda əsas təbiət təcrübələri” adlı broşürlər nəşr edilmişdi.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam Natiq Kamal “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda praktiki dərs keçib.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, rəssam yaradıcı sənayenin bir sahəsi olan “Game promo-art”ın inkişaf prosesini və mərhələlərini iştirakçılara izah edib. Nümunə kimi daha öncə rəssamı olduğu oyunun təməl prinsiplərini, səhnələrin yaradılmasını ətraflı izah edib və iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, “Digitalart lab” layihəsinin fevral ayında daha 2 görüşü planlaşdırılır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filiallarının və metodistlərin istifadəsi üçün nəzərdə tutulan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib.
Vəsait uzun illər “Göyərçin” uşaq jurnalının redaktoru işləmiş, uşaq yazarı və şair Tofiq Mahmudun 90 illik yubileyi münasibətilə hazırlanıb.
Vəsaitin birinci hissəsi “Uşaq dünyasının səyyahı” adlanır və Tofiq Mahmudun həyat və yaradıcılığından bəhs edir. İkinci hissə “Oxu, öyrən, gəz, tanı, Doğma Azərbaycanı” adlanır. Vəsaitdə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlərdən söhbət açılır.
İstifadəçilər vəsaitdə sevilən şairimiz Tofiq Mahmudun “Yola çıxıram”, “Mənim kürəkənim”, “Dibçək”, “Buzovna qayaları”, “Utancaq oğlan”, “Açıqdır pəncərəm”, “Alpinistlər”, “Meşədə səs”, “Ana qucağı”, “Qızımın sualları”, “Dalğalar”, “Ulduzlar, düşüncələr”, “Pəncərəyə toxunan budaq”, “Kəpənək gözəlliyi”, “Məhəbbətim sirr deyil” kitablarının müzakirəsi ilə də tanış ola bilərlər.
Oxucular vəsaitdən bu linkdən istifadə etməklə yararlana bilərlər.
Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, son dövrdə bir sıra aşıqların ifalarından ibarət audiodisklər buraxdıran birlik bu dəfə ustad aşıq, Əməkdar mədəniyyət işçisi Umbay Axundovun yaradıcılığına müraciət edib. Anadan olmasının 80 illik yubileyinə töhfə kimi hazırlanan diskdə ustadın ifasında müxtəlif aşıq havaları yer alıb.
Xatırladaq ki, Umbay Axundov 1940-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. Sənətin sirlərini Dədə Şəmşir və Mais Gəncəli kimi ustad aşıqlardan alıb. Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. 1987-ci ildə Aşıq Ədalət Axundovla birlikdə söylədiyi “Şah İsmayıl və Gülzar” dastanı videolentə alınaraq Azərbaycan Dövlət Televiziyasının Qızıl Fonduna daxil edilib. 1989-cu ildə Moskvada “Melodiya” firması tərəfindən onun iki qrammofon valı buraxılıb. Bədii yaradıcılıqla da məşğul olan Umbay Axundovun indiyədək “Laçında dillənən saz” (1989) və “Mən hələ yaşadım” (2012) adlı iki şeir kitabı nəşr olunub.