Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Respublika Uşaq Kitabxanası yeni metodik vəsaiti oxucuların ixtiyarına verib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ceyhun Hacıbəylinin 130 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulmuş növbəti metodik vəsaiti istifadəçilərin ixtiyarına verib.

    Vəsait iki hissədən ibarətdir. I hissə Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edir - “Qürbətdə bitən ömür-sönməyən azadlıq eşqi” adlanır. II hissə isə “Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi Ceyhun Hacıbəyli” adlanır.

    İstifadəçilər, vəsaitin II hissəsində, yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlər haqqında məlumatlanacaqlar.

    Qeyd edək ki, vəsaitdə görkəmli şəxsiyyətlərin Ceyhun Hacıbəyli haqqında söylədiyi fikirlər, onun haqqında yazılmış kitabların sərgisinin sxemi də verilib.

    Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.

  • “Mezzo” elmi-publisistik informasiya jurnalının 26-cı nömrəsi çapdan çıxıb

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” elmi-publisistik informasiya jurnalının 26-cı nömrəsi çapdan çıxıb. BMA-dan bildirilib ki, baş redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiyanın professor-müəllim və əməkdaşlarının məqalələri dərc olunub. Belə ki, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Kəmalə Ələsgərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosent İnna Pazıçeva, Mehparə Rzayeva, BMA-nın baş müəllimi Günel Zeynallı, BMA-nın əməkdaşları Röya Hüseynova və Güllübəyim Məmmədovanın qələmindən çıxan və 2020-ci ilin son rübünü əhatə edən ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda geniş işıqlandırılıb.

    Oxucular jurnalı vərəqləyərkən Qarabağ zəfərimizə həsr olunmuş məqalələr, tədbirlər haqqında məlumat alacaqlar. Həmçinin tanınmış mədəniyyət xadimlərindən Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, İmruz Əfəndiyeva, Nəzmiyyə Abbaszadə, Yeganə Axundova, Gülnaz İsmayılova, Gülzar Mahmudovanın və digərlərinin yubileylərinə həsr olunmuş məqalələrlə tanış olacaqlar. Jurnalın bu sayında müəllim, tələbə və məzunlarımızın 2020-ci ildəki uğurları, BMA-nın beynəlxalq əlaqələri, yeni nəşrlər, xəbərlər, online keçirilmiş bir çox tədbirlər və başqa yazılardan xəbərdar olacaqlar.

    Onu da qeyd edək ki, jurnalın üz səhifəsi Azərbaycanın şanlı qələbəsinə həsr olunub.

    Jurnalı elektron olaraq https://issuu.com/vugarhumbatov/docs/mezzo_n26 link vasitəsilə oxumaq mümkündür.

  • Türkiyəli yazıçı: “Nizami Gəncəvi ili” müasir Azərbaycan ədəbiyyatının təbliği üçün böyük şanslar yaradır

    Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycanda ədəbiyyata və fəlsəfəyə verilən böyük dəyərlərin göstəricisidir. Nizami Gəncəvi dünya poeziyasının zirvəsində parlayan sönməz nurdur. Bu il bir tərəfdən Nizami Gəncəvi bədii irsini tanıdacağıqsa, digər tərəfdən bu nurun işığında Azərbaycan həqiqətlərini təbliğ edəcəyik.

    Bu fikirləri müsahibəsində türkiyəli yazıçı-publisist Songül Dündar ifadə edib.

    Nizami Gəncəvinin əsərlərinin bütün dövrlərdə ədəbiyyatsevərlər üçün örnək və qürur mənbəyi olduğunu diqqətə çatdıran Songül Dündar deyib: “Azərbaycan ədibləri hər zaman dünya ədəbiyyatının zənginləşməsinə nümunəvi əsərlər bəxş ediblər. Nizami Gəncəvi daha çox heyranedici “Xəmsə”si ilə məşhurlaşıb və sevilib. Lakin hesab edirəm “Nizami Gəncəvi İli”nin imkanlarından istifadə edib böyük Azərbaycan şairinin “Xəmsə”dən başqa əsərlərinin də təbliğatına üstünlük verməliyik”.

    Türkiyəli yazıçı hesab edir ki, “Nizami Gəncəvi İli” müasir Azərbaycan ədəbiyyatının tanınmasına, eləcə də çağdaş qələm əhlinin dünya ədəbi mühiti ilə sıx təmas qurmasına da özünəməxsus dərəcədə imkanlar yaradacaq. Bu prosesdə Türkiyə yazıçısı və şairlər də fəal olmalıdır.

  • “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı elmi konfrans keçiriləcək

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransı keçiriləcək.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, konfrans mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların, eləcə də yeni mövzuların və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunacaq.

    Azərbaycan Dövlət Rəsm Qalereyası sənətşünasları, tədqiqatçıları və tələbələri məqalələri ilə “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransda iştirak etməyə dəvət edir.

    Konfransda iştirak etmək istəyənlər tezislərini mayın 31-dək resmqalereya@gmail.com elektron ünvanına göndərə bilərlər.

  • Dövlət Rəsm Qalereyası növbəti virtual sərgini Gənclər Gününə həsr edib

    Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və artgift.az saytının dəstəyi ilə “Nizami Gəncəvi İli” çərçivəsində 2 fevral-Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılıb.

    Dövlət Rəsm Qalerasından bildirilib ki, sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək, yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə həyata keçirilib.

    Virtual sərgidə 50-dən çox gənc rəssamın 60-a yaxın rəsm əsəri sərgilənib. Bunların sırasına gənc rəssamlar Aysel Əlizadə “Narlar”, Aygün Eminli “Qayıdış”, Sədaqət İsmayılova “Qarabağ xalçası”, Şahin Nəcəfov “Şamaxıda bahar”, Lamiyə İmanova “Göl”, Vüsalə Şərifova “Badam sırğalı qız”, Aqil Həşimovun “Təbiətin rəqsi” və s. adlı əsərləri yer alıb.

    Sənətsevərlər, həmçinin virtual sərgidə seçilmiş əsərləri artgift.az incəsənət əsərlərinin satış portalına keçid edərək əldə edə bilərlər.

  • “Qırmızı papaq” tamaşası onlayn göstəriləcək

    Fevralın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün “YouTube” kanalında “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.

    Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

    Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova və başqaları ifa edirlər.

  • Respublika Gənclər Kitabxanası Gənclər Günü münasibətilə tədbir keçirib

    C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2 fevral - Gənclər Günü münasibətilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir gəncliyə qayğı və diqqəti” başlığı altında Sabunçu Gənclər Evi və gənc oxucu qrupları ilə birgə “Zoom” proqramı vasitəsilə onlayn tədbir keçirib.

    Kitabxanadan bildirilib ki, Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova gənclərin müasir dövrdə ölkəmizin bütün inkişaf sahələrində nümayiş etdirdikləri fəaliyyətdən, ölkəmizdə gənclərə göstərilən ən yüksək diqqət və qayğıdan, uğurlu dövlət gənclər siyasətinin həyata keçirilməsindən söhbət açıb.

    Sabunçu Gənclər Evinin rəhbəri Samir Mehrəliyev Gənclər Evi olaraq fəaliyyətlərindən və gələcəkdə davamlı olaraq gənclərimizlə birlikdə layihələrin təşkilindən və iş birliyindən bəhs edib.

    Tədbirdə Gənclər Evinin bir qrup əməkdaşı çıxışlarında Prezident İlham Əliyevin bugünkü gün gənclərə qayğı və diqqətindən, onlara yaradılan geniş şəraitdən bəhs edib.

    Tədbir iştirakçıları İkinci Qarabağ müharibəsində bizə böyük zəfər yaşadan gənc şəhidlərimizi, qazilərimizi, itkin və əsir düşmüş əsgərlərimizi də yad ediblər.

  • Özbəkistan portalında böyük xanəndə Bülbül və Azərbaycan simfonik muğamları haqqında məqalə yayımlanıb

    Özbəkistanın “interpress.uz” portalında böyük xanəndə Bülbül və Azərbaycan simfonik muğamları haqqında rus dilində məqalə çap olunub.

    “Bülbül və Azərbaycan simfonik muğamlarının yaranması” sərlövhəli məqalədə muğamların Şərqdə makom, muğam, şaşmakom və digər adlarla geniş yayıldığı qeyd olunur. Simfonik muğam isə ancaq Azərbaycanda vüsət alıb.

    Yazıda Bülbülün rəhbərliyi altında 1931-1943-cü illərdə fəaliyyət göstərən Elmi-tədqiqat musiqi kabinetinin təşəbbüsü ilə müxtəlif xanəndələrin ifasında muğamlar lentə yazılıb.

    Bundan başqa, Bülbül Azərbaycanın rayonlarını kəndbəkənd gəzərək yaddan çıxan muğam və xalq mahnılarını toplayıb, musiqilərə yeni həyat verib.

    Məqalədə Bülbülün Məşədi Cəmil Əmirovla dostluğu, onun oğlu Fikrət Əmirovla əməkdaşlığı haqqında da söhbət açılır. Vurğulanır ki, məhz Bülbülün məsləhəti ilə Fikrət Əmirov “Şur” və “Kürd ovşarı” muğamlarının əsasında 1947-1948-ci illərdə eyni adlı simfonik muğamlar yazır. 1948-ci il avqustun 9-da bu simfonik muğamlar ilk dəfə ifa olunur və böyük uğur qazanır.

  • Nyu-York şəhərində “Turan” ansamblı təsis edilib

    Amerika Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Nyu-Yorkda yaşayan soydaşımız Telman Cəlilin təşəbbüsü ilə “Turan” adlı musiqi ansamblı yaradılıb.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Telman Cəlil ansamblın yaradılmasında başlıca məqsədin Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq və təbliğ etmək, ölkələrimiz arasında mövcud dostluq münasibətlərini daha da möhkəmləndirmək olduğunu qeyd edib: “Eyni zamanda, “Turan” ansamblı maarifçilik missiyasını da yerinə yetirmək niyyətindədir. Ansamblın üzvləri Azərbaycanın xalq musiqisinə marağı olanlar üçün dərslər də təşkil edəcək”.

    Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Telman Cəlil həm də 2012-ci ildə Nyu-Yorkda təsis edilmiş “Azərbaycan Mədəniyyət Mərkəzi”nin ("Azerbaijan Cultural Center NY" – ACCNY) rəhbəridir.

  • Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini bir sıra tarixi abidələrə baş çəkib
    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə Tovuz rayonunda yerləşən Mədəniyyət evinə baxış keçirmişdir. Burada həyata keçirilən yenidənqurma işləri haqqında məlumat verilib. Bildirilib ki, yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir, qısa zamanda Mədəniyyət evi istismara hazır vəziyyətdə olacaq. Həyata keçirilən təmir-bərpa işlərinin yekunlaşması, istismara hazırlıqla bağlı görülməli olan bir sıra vacib məqamlar diqqətə çatdırılıb. * * * Azad Cəfərli sonra Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “Şah Abbas” məscidinə baxış keçirmişdir. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış tarixi abidə haqqında məlumat verilib. Dövlət Xidmətinin rəsmisi tarixi abidənin qorunması istiqamətində atılmalı olan vacib addımları vurğulayıb. * * * Azad Cəfərli daha sonra “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub. Ötən ilin dekabrında Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna çəkilən avtomobil yolunun inşası zamanı tarixi abidə ehtimal edilən bir sıra arxeoloji tapıntılara rast gəlindiyi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarixi abidə ehtimal olunan obyektlərin rast gəlindiyi yolun 11-14 kilometrliyində arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılmışdır. Dövlət Xidmətinin rəsmisi qoruğun gələcək fəaliyyət istiqamətləri, görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.