İşğaldan azad olunmuş torpaqlarımızda bəşəri mədəniyyətin ayrılmaz hissəsi olan mədəni irsimizi bərpa edəcəyik. Tarixi, incəsənəti, maddi-mədəniyyət abidələri, əsrarəngiz təbiəti, iqlimi, təbii sərvətləri ilə zəngin olan işğaldan azad edilmiş torpaqlarımızda yaxın gələcəkdə müasir və yenilikçi inkişaf mərkəzləri və yaradıcılıq institutlarının təməli qoyulacaq.
Bu fikri ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev qurumun Mədəni Özünüifadə Müxtəlifliyinin Təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının açılışında səsləndirib.
Səfir Elman Abdullayev 2005-ci il Konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətindəki rolundan, Azərbaycanda inkişaf etdirilən kreativ sənayedən, inklüziv cəmiyyəti inkişaf etdirmək məqsədilə yaradıcılığın təşviqi istiqamətində görülən işlərdən, eyni zamanda hamı üçün zəngin mədəni özünüifadə sahəsində bərabərhüquqlu fürsətlərin təmin edilməsindən danışıb.
Bildirib ki, COVID-19 pandemiyası səbəbindən UNESCO-nun Dünya İrs Siyahısında olan abidələrinin 80 faiz, habelə bir çox mədəni institutların bağlandığı dövrdə, sosial şəbəkələrdə yaradıcı sənayenin əsas mütəxəssisləri və müxtəlif sənət adamları ilə aparılmış qlobal müzakirələri ehtiva edən UNESCO-nun ResiliArt Hərəkatı yaradıcı sənayelərin mövcud vəziyyətini işıqlandırıb.
Azərbaycanın Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının sənət nümayəndələrini bu təşəbbüsə qoşulmağa dəvət etdiyini bildirən E.Abdullayev, bu günə kimi ölkəmizdə 21 yeni layihə, kampaniya və müsabiqənin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tarixi, incəsənəti, maddi-mədəniyyət abidələri, əsrarəngiz təbiəti, iqlimi, təbii sərvətləri ilə zəngin olan işğaldan azad edilmiş torpaqlarımızda yaxın gələcəkdə müasir və yenilikçi inkişaf mərkəzləri və yaradıcılıq institutlarının təməli qoyulacaq.
“Azərbaycan işğal olunmuş əraziləri azad etdikdən sonra beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən bir çox tarixi və mədəniyyət abidələrinin kütləvi şəkildə məhv edilməsinin şahidi oldu. Azərbaycan hazırda azad edilmiş ərazilərdəki abidələrin bərpası üçün yol xəritəsi hazırlayır. Universal mədəniyyətin ayrılmaz hissəsi olan mədəni irsimizi bərpa etmək üçün bütün səylərimizi səfərbər edəcəyik. Bənzərsiz mədəni irsimiz kimliyimizi əks etdirir”, - deyə E.Abdullayev vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın töhfələri sayəsində yüksək səviyyəyə çatmış Azərbaycan-UNESCO münasibətlərinə toxunan daimi nümayəndə, 2022-ci ildə UNESCO-ya üzvlüyümüzün 30 illik yubileyindən, müstəqilliyimizi bərpa etdikdən sonra bu təşkilat ilə xüsusilə mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq sahəsindəki sıx əməkdaşlıqdan və 2005-ci il Konvensiyasının müddəalarına uyğun olaraq, tarix boyu Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin mədəniyyət, incəsənət, adət-ənənələr və dillərinin qorunmasından söz açıb.
Qeyd edək ki, sessiyanın açılışında Dayanıqlı İnkişaf üçün Yaradıcı İqtisadiyyat İlinin başlanılması ilə əlaqədar UNESCO-nun Baş direktoru Odri Azuleyin, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın, Kolumbiyanın Prezidenti İvan Dükenin, habelə Dünya Bankının və Ticarət və İnkişaf üzrə BMT Konfransının nümayəndələrinin videomesajları da dinlənilib. Sessiyanın gündəliyi, müşahidəçilərin siyahısı təsdiqlənib, komitənin on üçüncü iclasının ətraflı icmalı qəbul edilib və qurumun Katibliyinin 2020-ci il ərzində həyata keçirdiyi fəaliyyətin hesabatı dinlənilib.
Ölkəmizin vitse-prezidenti olduğu UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyası fevralın 6-dək öz işini davam etdirəcək.
Azərbaycan sessiyada Mədəniyyət Nazirliyinin və Daimi Nümayəndəliyin nümayəndələri ilə təmsil olunur.
Özbəkistanın “nargis.uz” portalı qədim Şuşa şəhərinin toy ənənələri və mərasimləri haqqında rus dilində məqalə çap edib.
Bütün Azərbaycanda olduğu kimi, Şuşada da toylar üç mərhələyə-toyqabağı, toy və toydan sonrakı mərhələyə bölünür və materialda bu haqda ətraflı məlumat verilir.
Bildirilir ki, Şuşanın qışı soyuq olduğundan toy əsasən Novruz günlərində, yay aylarında və payızın əvvəllərində keçirilib. Şuşa toylarında tanınmış xanəndələr, müğənnilər iştirak edib, ona görə də bu qədim şəhərin toyları ümumxalq bayramına çevrilib və hər toy böyük konserti xatırladıb. Keçən əsrin əvvəlləri və ortalarında toylarda Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Keçəçioğlu Məhəmməd, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski və digər tanınmış xanəndələr oxuyub.
Materialda vurğulanır ki, toy sahibinin maddi vəziyyətindən və qonaqların sayından asılı olaraq toylar 3,7,14, 21 və bəzi hallarda 40 gün çəkərmiş.
Adətən toyun birinci günü “Rast”, ikinci günü “Çahargah”, o biri günlər “Şur”,”Segah”, “Bayatı-İsfahan”,”Rahab” və “Şüştər” muğamları oxunarmış. Toy günləri poeziya axşamları da keçirilər, belə məclislərdə qəzəllər, dastanlar, rübailər səslənərmiş.
Sonuncu Qarabağ xanı Mehdiqulu Xanın qızı şairə Natəvan öz oğlu üçün 40 gün toy çaldırıb. Bu toy sözün əsl mənasında musiqi, poeziya və rəqs festivalı kimi tarixə düşüb. Məclisdə Azərbaycanın hər yerindən, o cümlədən Türkiyə, İran, Rusiya, Gürcüstandan musiqiçilər və qonaqlar iştirak edib. Natəvanın tapşırığı ilə 40 gün ərzində şəhər sakinlərinə və yaxın kəndlərdə yaşayanlara plov palyanıb, hədiyyələr verilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Vətən müharibəsinin şəhidi, Şəmkir rayonu Çaparlı kəndindən olan polkovnik-leytenant Rəşad Sadıqova həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz" başlığı altında videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarxda şəhid polkovnik-leytenant Rəşad Sadıqov haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun polkovniki olan Rəşad Sadıqov ötən il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşad Sadıqov noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub və Şəmkir rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Rəşad Sadıqov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Rəşad Sadıqovun xatirəsinə həsr olunmuş videoçarx kitabxananın sosial şəbəkələrdəki hesablarında paylaşılıb.
Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilir.
Nazirlikdən bildirilib ki, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan müsabiqə fevralın 18-dək davam edəcək. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaqdır. Dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri-tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – “Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” üzrə keçirilməsi nəzərdə tutulur. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilərlər.
“Bədii qiraət” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:
- İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər;
- Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır;
- Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
- Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;
- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;
- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.
“Bədii qiraət” nominasiyası üzrə işlər fevralın 11-dək nizamiganjavi2021@gmail.com elektron poçt ünvanına və (+994) 050-497-97-55 "WhatsApp" nömrəsinə göndərilməlidir.
“Təsviri-tətbiqi sənət” üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:
- İşlərin işlənmə texnikası sərbəstdir;
- İşlərin formatına məhdudiyyət qoyulmur;
- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı, təqdim etdiyi işin adı və işlənmə texnikası qeyd olunmalıdır.
"Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər fevralın 11-dək ugim-1@mk.edu.az elektron poçt ünvanına və (+994)050-367-47-04 "WhatsApp" nömrəsinə göndərilməlidir.
Qeyd edək ki, müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaqlar. Qalib işlər sosial şəbəkələrdə, o cümlədən digər media qurumlarında geniş işıqlandırılacaq.
İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən qəhrəmanları tanıtmaq məqsədilə həyata keçirilən “Tarix yazan igidlərimiz” layihəsi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən davam etdirilir.
İdarədən bildirilib ki, kitabxananın İnformasiya-resurs şöbəsi tarixi qələbəyə öz adını qəhrəmanlığı ilə yazdıran şəhid Nemət Orucov haqqında videoçarx hazırlayıb.
Videoçarxda şəhidin həyatı və hərbi fəaliyyəti ilə bağlı məlumatlar, fotolar nümayiş edilir. Bildirilir ki, 1994-cü il noyabrın 15-də Goranboy rayonunun Qaraçılar kəndində anadan olan Nemət Orucov 2011-ci ildə orta təhsilini başa vurub və bir sonra Azərbaycan Texnologiya Universitetinin Ekologiya mühəndisliyi ixtisası üzrə ali məktəbə qəbul olub. 2016-ci ildə ali məktəbi bitirmiş və elə həmin ilin iyun ayında hərbi xidmətə yollanmışdı. 2017-ci ildə xidmətini kəşfiyyatçı kimi başa vuran Nemət, 2018-ci ildən müddətdən artıq hərbi xidmətə yollanaraq xidmətini leytenant kimi davam etdirmişdi.
Qeyd edilir ki, Nemətin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündür. Onun hərbiçi olmaq istəməsinin əsas səbəbi də ata-baba yurdunun düşmən tapdağında olması idi. O, Qarabağ torpaqlarını azad edərək erməni təcavüzkarlarından qisas almaq istəyirdi. Nemət ötən ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, ordumuzun əks hücumu zamanı şücaət göstərərək düşmənin iki postunu darmadağın etmiş və özü də şəhidlik zirvəsinə yüksəlmişdi. Məzarı Goranboy rayonunda yerləşən Zeyvə kənd qəbiristanlığındadır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Nemət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Almaniyalı məşhur türkoloq Tomas Vayberq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında məqalə dərc etdirib.
Materialda bəstəkarın tərcümeyi-halı barədə qısa məlumat verən müəllif daha sonra Şuşa haqqında söhbət açır və qeyd edir ki, Üzeyir Hacıbəylinin anası şairə Xurşidbanu Natəvan ilə bir yerdə böyüyüb.
Almaniyalı alim yazır: “Mən opera sənətinin sərrafı kimi deyə bilərəm ki, Hacıbəyli yaradıcılığının öyrənilməsinə sərf etdiyim illər ərzində onun melodiyalarının pərəstişkarına çevrilmişəm, Azərbaycan musiqisinin gözəlliyini özüm üçün kəşf etmişəm”.
Qarabağda Şuşa ətrafındakı bölgə ta qədimdən Azərbaycan mədəniyyətinin ən mühüm mərkəzlərindən biri sayılır və bu baxımdan poeziya, musiqi xüsusi rol oynayır. Vayberq yazır ki, çox vaxt “Qafqazın konservatoriyası” adlandırılan Şuşa 1990-cı illərin əvvəlində ermənilər tərəfindən başlanmış müharibə zamanı vəhşicəsinə dağıdılıb.
Müəllif məqalənin sonunda yazır: “İndi isə ilk dəfə 1912-ci ildə Bakıda səhnəyə qoyulmuş “Leyli və Məcnun” operasının videoyazısını təqdim edirik”. Bu sözlərdən sonra “YouTube” videoportalında həmin videoyazının linki yerləşdirilib.
Hekayələr və kiçik povestlər müəllifi kimi tanınan Azərbaycan Yazıçılar Birliyinin Şabran bölməsinin rəhbəri, yazıçı-publisist Aydın Tağıyevin “İspan çəkməsi” adlı ilk romanı çapdan çıxıb.
Kitabın redaktoru Aybəniz Əliyar, “Ön söz”ün müəllifi isə yazıçı, tənqidçi Sadıq Elcanlıdır.
Qeyd edək ki, romanın ayrı-ayrı fəsilləri müxtəlif vaxtlarda jurnal və qəzetlərdə, eləcə də digər mətbuat səhifələrində işıq üzü görüb.
2 fevral – Azərbaycan Gənclər Günü münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, mövzu haqqında kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linkindən istifadə edə bilər.
Qeyd edək ki, 2 fevral – Azərbaycan Gənclər Günüdür. Bu tarixin Gənclər Günü kimi seçilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən gənclərin birinci forumunda Heydər Əliyev gənclərimiz qarşısında tarixi bir vəzifə qoyaraq demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq, müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.