Azərbaycan Milli Xalça Muzeyi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransa ərizə qəbulunu davam etdirir.
Muzeydən bildirilib ki, bu ilin payızında təşkil ediləcək konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər.
Konfransa material qəbulu üçün son tarix aprelin 30-da başa çatacaq.
Ətraflı məlumatı info.carpetmuseum@gmail.com ünvanına suallar göndərməklə əldə etmək olar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Təşkilatı tərəfindən “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində “Ürəyi Vətənlə döyünənlər” adlı onlayn tədbir keçirilib.
İdarədən bildirilib ki, layihənin məqsədi gənclərin vətənpərvərlik tərbiyəsinə yönəlmiş tədbirlərin davam etdirilməsi və şəhidlərin tanıdılmasından ibarətdir. Onlayn tədbir “Zoom” proqramı üzərindən izlənilib.
Vətənpərvərlik ruhunda keçirilən tədbirdə Vətən müharibəsi şəhidləri Şahgündüz Cabbarov, Muxtar Qasımlı, Bilal Qənbərov, qardaşlar İman və Bəhram Məmmədzadələr, Məhəmmədəli İbrahimli və Zairli Zahidin ailə üzvləri çıxış edərək xatirələrini bölüşüb və şəhid ailələri adından təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Parlaq qələbə ilə başa çatan Vətən müharibəsi doğma torpaqlarımızın düşmən tapdağı altından azad olunmasıyla yanaşı, ölkədə milli ruhun oyanışına, qürurlu, mətin bir xalqın, sanki yeni azərbaycanlıların doğuluşuna səbəb oldu. Bir gözümüz hüdudsuz qələbə sevincindən doldusa da, o biri gözümüz haqq və ədalət savaşında canından keçmiş əziz şəhidlərimiz üçün yaş axıtdı və hamımızın qəlbində əbədi məşəltək alovlanacaq qürur və ağrı abidəsi – igid Azərbaycan əsgəri abidəsi ucaldı.
AZƏRTAC tanınmış Azərbaycan şairi Leyla Əliyevanın Azərbaycan əsgərinin ölümsüzlüyü haqqında qələmə aldığı şeirlərini Salam Sarvanın tərcüməsində təqdim edir.
ƏSGƏR
Əsgər... Ədalətə tapınan insan.
Qəlbi Qələbənin eşqiylə yanar.
Əsgər... Ürəyində vətən vəfası,
Köksündə bir sükut çığırtısı var.
Güllə qabağında qırpılmaz gözü,
Günəşin önünü dağ kəsə bilməz!
Əsgər gözəl bilir: sevginin üzü
Həqiqət nurundan heç vədə dönməz.
Qorxusuz gözləri yırtar gecəni,
Alnına qırmızı kölgə salar dan...
Zülmətdən qorxmağı anlamaq olar,
Dərd odur, dərd odur Gündən qorxasan.
Eşidər Allahın pıçıltısını,
İlahi nəfəsdən gərilər sinə.
O, yalan içində batan dünyanın
Yükünü qaldırar çiyinlərinə.
Əsgər... Öz yurduna ilahi bir pay:
Doğulub müqəddəs gündə, saatda.
Zalımın bu nankor, bu kor kölgəsi
Əriyər qəlbinin işığı altda.
Gərər sinəsini şərə, şeytana,
Elin hər daşının həyanı olar.
Taleyi yazılmış açıq alnını
Söykər sərhəd boyu uzanan yola.
Sancılar bayraqtək yüksəkliklərə,
Günəşə qoşulub yanan çıraqdı.
Yeriyər, yer titrər ayağı altda,
And yeri vicdandı, and yeri haqdı.
Onun vətənindən müqəddəsi yox,
Onun dağlarından yoxdu ucası.
Düşür sümüyünə torpağın indi
Mətin addımların melodiyası.
Hər insan Allahın səsidir axı:
Nə qorxar qanından, nə can əsirgər.
Gözünün rəngində torpaq qarası,
Kürəyi vətənin hasarı əsgər.
***
Bombalar səs-səsə veriblər yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş olan əsgər,
Yaran qəlbin qədər dərin, dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş də bu gün.
Ellikcə savaşa hazırıq, Vətən,
O dərdli uşağın göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu ocaq...
Ancaq o atanın isti qucağı
Bir də o uşağa açılmayacaq.
Elimiz qələbə sorağı gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgiliylə qovrulan uşaq
Dəfn elər gözündə göz yaşlarını.
Bu gün Aliniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutunda “Əlişir Nəvainin dünya elm-maarif və mədəniyyətində tutduğu yer” adlı konfrans keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova onlayn iştirak edib.
Konfransda Türkiyənin Hacı Bayram Vali Universitetinin professoru Vəli Savaş Yelok, qazax şairi, dosent Sadulla Matyakubov, filologiya elmləri doktoru Karimboy Quramboyev və başqaları Əlişir Nəvainin dünya ədəbiyyatında tutduğu yerdən danışıb, şairin əsərlərinin dünya ədəbiyyatının inciləri sırasına düşdüyünü qeyd ediblər.
Almaz Ülvi Binnətovaın konfransda “Əlişir Nəvainin “Münşəat” əsəri” mövzusundakı məruzəsi maraqla qarşılanıb.
Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində bu ali məktəbin filologiya fakultəsi ilə birgə nəvaişünas alim, professor, mərhum Suyima Qəniyevanın yaradıcılığına həsr olunmuş “Nəvaişünas alimin siması” adlı konfrans keçirilib.
Konfransda Səmərqənd Dövlət Universitetinin rektoru, professor Rüstəm Xalmuradov, dosentlər və digərləri öz çıxışlarında Suyima Qəniyevanı nəvaişünas alim və müəllim kimi xararkterizə ediblər.
Almaz Ülvi Binnətova konfransa onlayn qatılıb, “Əlişir Nəvainin yaradıcılığı Suyima Qəniyevanın tədqiqatlarında” adlı geniş məruzə edib.
Azərbaycan Milli Xalça Muzeyində “Pişiklər batikada” adlı sərginin açılışı olub.
Muzeydən bildirilib ki, sərgidə Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın müəllifi olduğu ipək üzərində batika texnikasında hazırlanmış 40 panno nümayiş etdirilir.
Qeyd edək ki, sərgi çərçivəsində uşaqlara muzeyin təhsil şöbəsinin əməkdaşları tərəfindən sərginin mövzusuna uyğun müxtəlif maraqlı ustad dərsləri keçirilir.
Fevralın 18-dək davam edəcək sərgi mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunub. Sərgiyə 10 nəfərə qədər qruplar buraxılır.
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb.
Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikovun verdiyi məlumatına görə, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunub.
“Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün onların hər birini bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan altı ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışdıq. Lakin bu il də ilk növbədə, biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq”, - deyə bəstəkar və prodüser İsa Məlikov söyləyib.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Yayımları Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Seçim prosesinə əsasən, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox “Avroviziya” mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək.
Mahnının rəsmi təqdimatı martın ikinci həftəsində baş tutacaq. Müsabiqədə ölkəmizi müğənni Əfəndi təmsil edəcək.
Bu il “Avroviziya” mahnı müsabiqəsinin yarımfinal mərhələsinin mayın 18-i və 20-də, final mərhələsinin isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.