Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri fars dilinə tərcümə olunub

    Yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri fars dilinə tərcümə olunub.

    Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) İran Milli bölməsinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına verdiyi məlumata görə, yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsərini fars dilinə uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi tərcümə edib.

    Qeyd edək ki, əsər 2021-ci ilin yanvar ayında Tehranda fəaliyyət göstərən “Hamşəhri” nəşriyyatının “Doçərxə” jurnalının 1025-ci nömrəsində nəşr olunub.

    Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.

  • Musiqili Teatrdan yeni layihə: “Sarı gəlin”

    Dünyanı silkələyən pandemiya dövrü hər kəs üçün çətin olsa da, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi tarixi qələbəmizdən ilhamlanaraq yeni-yeni layihələrə imza atır.

    Teatrın yaradıcı heyəti bu dəfə dünya şöhrətli musiqiçi, bəstəkar Sami Yusufun ifasında səslənən "Sarı gəlin" xalq mahnısı əsasında, milli dəyərləri özündə əks etdirən balet kompozisiyanı geniş tamaşaçı kütləsinə onlayn olaraq təqdim edib.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

    Quruluş verdiyi balet kompozisiyanın həm də ifaçısı olan Əməkdar artist Emin Əliyev layihə barəsində bəzi maraqlı məqamları açıqlayıb: “Bildiyimiz kimi, bədnam qonşularımız hər zaman bu mahnını mənimsəməyə, özününküləşdirməyə çalışıb. Sami Yusufun ifasında səslənən “Sarı gəlin” kompozisiyası möhtəşəm əsərdir. Əliqismət müəllimin rəhbərliyi ilə həyata keçirilən bu layihənin qayəsi hamımıza aydındır. Kompozisiyanın əvvəlinin ingilis, sonradan isə ana dilimizdə ifa olması bu baxımdan çox əhəmiyyətlidir və onun rəqs dilində təqdimatı geniş tamaşaçı kütləsində böyük maraq doğuracaqdır. İndiyə qədər geniş auditoriyalarda bir nəfərin – yəni Sarı gəlinin rəqsi kimi təqdim olunan bu möhtəşəm musiqi heç vaxt rəqqaslar tərəfindən duet şəklində ifa olunmayıb. Bu bir ilkdir. Biz bu ifada istedadlı balet artistimiz Mələkxanım Səfərova ilə birlikdə milli rəqslərimizin bütün incəliklərini qorumağa, bütün jest və rəqs hərəkətlərimizi mahnının sözlərinə uyğunlaşdırmağa çalışmışıq. Ümidvaram ki, milli rəqslərimizin bu formatda təbliği uğur qazanacaq. Mahnının ingilis dilində səslənməsi də məhz bu amala xidmət edir. Layihəmizin reallaşmasında bizə hər cür şərait yaradan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərova yaradıcı heyətimiz adından minnətdarlığımızı bildiririk”.

  • Şuşada qeydiyyatdan keçmiş 210 abidə var

    Şuşada qeydiyyatdan keçmiş 210 abidənin 142-si Şuşa Tarix və Mədəniyyət Qoruğunun payına düşür.

    Bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli deyib.

    Həmin abidələrin hamısının bərpa ediləcəyini bildirən A.Cəfərli deyib ki, işğaldan azad edilmiş ərazilərdə abidələrin monitorinqi və təftişi 4 istiqamət üzrə aparılır. Bunlar tamamilə məhv edilmiş, dağıdılmış, vandalizmə məruz qalmış və erməniləşdirilmiş abidələr qruplarıdır.

  • Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti oxuculara təqdim edib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filiallarının və metodistlərin istifadəsi üçün nəzərdə tutulan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib.

    Vəsait Aşıq Hüseyn Şəmkirlinin 210 və Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə hazırlanıb.

    Vəsaitin I hissəsi “Mübariz ruhlu Aşıq Hüseyn Şəmkirli” adlanır. Oxucular birinci hissədə Aşıq Hüseyn Şəmkirlinin həyat və yaradıcılığı haqqında məlumatlandırılır.

    Vəsaitin II hissəsi isə “Ələsgərəm, hər elmdən halıyam...” adlanır. Göstəricidə Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs olunub və istifadəçilərə kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlərin keçirilməsi üçün tövsiyələr verilib.

    Oxucular http://clb.az/elmi-metodika_k74.html linki vasitəsilə vəsaitdən yararlana bilərlər.

  • Aşıq Ələsgərin lirik şeirlərindən ibarət yeni kitab nəşr olunub

    Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustadlar ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Aşıqlar Birliyi bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur. Artıq bu istiqamətdə ilk addım da atılıb – ustadın lirik şeirlərindən ibarət kitab oxucuların ixtiyarına verilib.

    Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, hələ ötən ilin sonlarından bu yubileylə bağlı hazırlıq işlərinə başlanılıb: “İlk olaraq Aşıq Ələsgərin daha çox dillər əzbəri olan lirik şeirlərindən ibarət kitab nəşrə hazırlanıb. Kitabın Aşıq Ələsgərin indiyədək nəşr olunmuş kitablarından fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq kitaba daxil edilmiş şeirlərin bütün aşıq mühitləri nəzərə alınmaqla hansı aşıq havaları üstündə oxuna bilməsi haqqında da məlumat verilir. Eləcə də, şeirlərdə işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin izahlı lüğəti də verilib”.

    Bildirilib ki, Aşıq Ələsgər irsinin toplanması və nəşrində əvəzsiz xidmətləri olan H.Əlizadə, M.H.Təhmasib və İ.Ələsgərin indiyədək hazırladıqları kitablar və eləcə də ustad aşıqların repertuarları əsasında hazırlanmış kitab saz-söz ictimaiyyəti və aşıq sənətinin tədrisi ilə məşğul olan ixtisas məktəbləri üçün nəzərdə tutulur.

    Qeyd edək ki, kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

  • Amerikalı aktrisa Siseli Tayson vəfat edib

    Amerikalı aktrisa Siseli Tayson ömrünün 97-ci ilində vəfat edib.

    TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

    Siseli Tayson 1924-cü ildə ABŞ-da anadan olub. Aktrisa bir çox film və seriallarada çəkilib, həmçinin Sovetlər Birliyi və ABŞ arasında birgə istehsal edilən “Mavi quş” (1976) ekran əsərində, “Qulluqçu” (2011) filmində və “Törədilən qətlə görə cəzadan necə qurtulmaq olar” (2014-2020) serialında rol alıb. Bir neçə dəfə “Oskar” mükafatlarına namizədliyi irəli sürülüb. Aktrisa həmçinin ikiqat “Emmy” mükafatının sahibidir.

  • Opera və Balet Teatrı “Nizami Gəncəvi İli”nə töhfə olaraq yeni səhnə əsəri hazırlayır

    Azərbaycan Dövlət Opera və Balet Teatrı “Nizami Gəncəvi İli” çərçivəsində yeni bir səhnə əsəri – görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” baletini səhnəyə qoyacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş edən şair və mütəfəkkirin həyat və yaradıcılığına həsr edilib.

    Layihənin təşəbbüsçüsü və rəhbəri – teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru – teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

    Hazırda yaradıcı qrup quruluş üzərində gərgin iş aparır: dramaturji və musiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiya və kostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Səhnə əsərinin nümayişi bu ilin yazında nəzərdə tutulur.

  • Kann festivalı yenidən təxirə salınıb

    Kann Beynəlxalq Film Festivalı 2021-ci ildə də ənənəvi vaxtında (may ayı) keçirilməyəcək. Mayın 11-dən 22-dək keçirilməsi nəzərdə tutulan festival 6-17 iyul tarixinə ertələnib.

    Bu barədə festivalın təşkilat komitəsi məlumat yayıb.

    Xatırladaq ki, 1946-cı ildən mütəmadi olaraq təşkil edilən, dünyada ən nüfuzlu festival hesab olunan Kann kinofestivalı 2020-ci ildə COVID-19 pandemiyasına görə bir neçə dəfə ertələnmiş, sonda isə ləğv edilmişdi.

  • Dövlət Rəsm Qalereyası növbəti virtual sərgiyə hazırlaşır

    Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və www.artgift.az saytının dəstəyi ilə fevralın 2-də saat 20:00-da “Nizami Gəncəvi İli” çərçivəsində Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılacaq.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək, yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə həyata keçiriləcək.

    Sərgidə 50-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunacaq.

  • Məşhur kulinariya qrupunda “Dünyanın dadı” adlı müsabiqə davam edir

    “Facebook” sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda artıq iki aydır “Dünyanın dadı” adlanan müsabiqə keçirilir. Bu müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman Hüseynov bütün iştirakçıların işlərini qiymətləndirib qalibləri seçir və onlar müsabiqənin sponsorlarından dəyərli hədiyyələrlə mükafatlandırılırlar.

    Qrup iştirakçıları artıq 2 ay müddətində 8 ölkəyə baş çəkiblər. Bu ölkələr arasında Türkiyə, İtaliya, Yaponiya, Gürcüstan, Macarıstan, Meksika və Azərbaycan olub. Bu həftə iştirakçılar İsraildədirlər. İki ay ərzində qrupda yuxarıda sadalanan ölkələrə aid 500-ə yaxın resept paylaşılıb.

    “8 həftədir ki, qrupumuz kulinariya jurnallarını xatırladır. O qədər gözəl, o qədər zövqlü reseptlər paylaşılır ki, müsabiqəyə olan maraq gözlədiyimdən xeyli artıqdır. Müsabiqə çərçivəsində özüm də hər həftə səfər edəcəyimiz ölkənin mətbəxinə aid yeməklər hazırlayıram. Tam səmimi deyim ki, bu müsabiqə olmasaydı, çoxdan düşündüyüm bir çox yeməklər hələ də planlar siyahısında qalacaqdı. Amma məcbur olub bunu məhz müsabiqə üçün edirəm və ailəmin gündəlik rasionuna xeyli yeniliklər gətirirəm. Artıq quakamole, paprikaş, sesivi, şakşuka və s. kimi adlar hətta uşaqlarım üçün normaldır. Elə məqsəd də bu idi – ailə menyumuzu genişləndirmək, dünya mətbəxini daha əlçatan etmək,” - deyə Kübra Kərimli vurğulayıb.

    Ən maraqlısı isə odur ki, müsabiqənin Bakı əhalisi arasında keçiriləcəyi planlaşdırılsa da, dünyanın müxtəlif nöqtələrindən, Türkiyə, Macarıstan, Kanada, Rusiya və s, eləcə də rayonlardan da iştirakçılar var.

    Xatırladaq ki, növbəti həftələrdə qrup üzvləri Hindistan, Çin, Amerika və İspaniyaya virtual səyahətlər edəcəklər.

    Müsabiqəyə qoşulmaq istəyənlər “facebook”dakı “Азербайджанская Кухня и не только” qrupuna üzv ola bilərlər.

    Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.