Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Rəssamlar üçün beynəlxalq poster müsabiqəsi açıq elan olunub

    Varşava İncəsənət Akademiyasının təşkilatçılığı ilə Varşavada keçiriləcək 27-ci “Beynəlxalq Poster Biennale” müsabiqəsi açıq elan edilib.

    1966-cı ildən etibarən keçirilən müsabiqənin məqsədi dünyanın müxtəlif yerlərindən rəssamların dizayn etdiyi posterlərin icmalını ictimaiyyətə təqdim etməkdir.

    Əsas müsabiqəyə təqdim edilən afişalar ayrı-ayrılıqda bir rəssam tandemi, bir sənət qrupları tərəfindən və ya qrafik, dizayn, brend araşdırmaları və s. formasında təqdim edilə bilər. Müsabiqə açıq olduğundan mövzu məhdudiyyəti yoxdur.

    Qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və mükafatlandırılacaq.

    Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumat əldə etmək üçün bu linkdən- https://warsawposterbiennale.com/en/2020/12/31/dear-artists-poster-art-lovers-and-friends/ istifadə edə bilərlər.

  • Şəhid mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirilib
    Mədəniyyət naziri Anar Kərimovun tapşırığına əsasən yanvarın 27-də Milli Kitabxanada Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirildi. İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri vəzifəsini icra edən Vüqar Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməsi nəticəsində müzəffər Ordumuz 30 ilə yaxın həsrətində olduğumuz Qarabağımızı işğaldan azad etdi. Vüqar Məmmədov qeyd etdi ki, tarixi Zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb, 10 nəfər mədəniyyət işçisi yaralanıb. Mədəniyyət sahəsində çalışan 160-dan çox insanın yaxın qohumu şəhid olub: “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə nazirlik tərəfindən maddi yardım göstərilib. Məsələ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin daim diqqətində saxlanılacaq və bundan sonra da bu istiqamətdə əhəmiyyətli addımlar atılacaq. Belə ki, əvvəllər çalışdığı müəssisələrdə və aidiyyəti rayonların aparıcı mədəniyyət müəssisələrində şəhidlərə dair guşələrin yaradılması, regionlarda fəaliyyət göstərən xalq teatrları tərəfindən Vətən müharibəsində iştirak etmiş, şəhid olmuş və yaralanmış şəxslərin keçdiyi döyüş yolunu əks etdirən tamaşaların hazırlanması, 27 sentyabr - Anım Günündə, habelə digər əlamətdar günlərdə şəhidlərə həsr olunmuş xatirə və dəstək tədbirlərinin təşkili kimi işlər həyata keçiriləcəkdir”. V.Məmmədov çıxışının sonunda Vətən torpağının azadlığı kimi müqəddəs amal uğrunda özünü fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına mətanət, yaralılara şəfa dilədi. Daha sonra şəhid mədəniyyət işçilərinin ailə üzvləri çıxış edərək övladlarının adlarının əbədiləşdirilməsi haqqında təkliflərini irəli sürdülər. Döyüşlərdə yaralanmış mədəniyyət işçiləri isə onlara göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər. Sonda Vətən müharibəsində canını fəda edən mədəniyyət işçilərinə həsr olunmuş videoçarx nümayiş olundu. Qeyd edək ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub. Müxtəlif döyüş bölgələrində qəhrəmanlıq göstərən mədəniyyət işçilərindən 8 nəfər – Füzuli şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Toğrul Hacıyev, Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Rauf Əliyev, Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Məmmədov, Göyçay şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Alim İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin müəllimi Zamin Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Hümmətov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın işıq operatoru Əliağa Məmmədov, Tərtər şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Mehman Əliyev şəhidlik zirvəsinə ucalıblar. 10 nəfər mədəniyyət işçisi – İsmayıllı Regional Mədəniyyət İdarəsinin aparıcı mütəxəssisi Orxan Babazadə, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının üzvü Fərrux Həsənov, Balakən rayon 1 saylı şəhər Sənətkarlıq klubunun müdiri Turan Musayev, C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin təsərrüfat müdiri Cəmaləddin Şahməmmədov, Yevlax şəhər 6 nömrəli Diyarşünaslıq klubunun metodisti Ələmdar Quliyev, Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin müəllimi Məsim Məsimzadə, Leopold və Mstislav Rostopoviçlərin Ev-Muzeyinin elmi işçisi Vüqar Məmmədzadə, “Dublaj” studiyasının montajçısı Ömər Mirzəxanov, Akademik Milli Dram Teatrın rəssamı Tərlan Əsgərli və Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqqası Firdovsi Eyvazov döyüşlərdə yaralanıblar. Onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid mədəniyyəti işçiləri Əliağa Məmmədov, Toğrul Hacıyev, Rauf Əliyev, Hikmət Məmmədov, Alim İbrahimov, Zamin Rəhimov, Tural Hümmətov ölümlərindən sonra “Vətən uğrunda” medalı ilə təltif ediliblər. Həmçinin döyüşlərdə yaralanmış mədəniyyət işçiləri də müxtəlif medallarla təltif olunmuşlar.
  •  Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq
    Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti fevralın 9-da Moskva Quberniya Teatrında nümayiş etdiriləcək.  “Rus baleti” Dövlət Teatrının ifasında təqdim ediləcək tamaşa müəllifin anadan olmasının 103-cü ildönümümə həsr olunur. Bəstəkarın Azərbaycan ədəbiyyatının ən nəhəng simalarından olan Nizami Gəncəvinin “Yeddi gözəl“ poemasının motivləri əsasında yazdığı əsərin növbəti nümayişi isə dahi şairin 880 illiyi münasibətilə 30 martda keçiriləcək. Qeyd edək ki, 2018-ci ildə Qara Qarayevin 100 illik yubileyi münasibətilə Moskvada məşhur  balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Rus baleti” Dövlət Teatrının ifasında “Yeddi gözəl” nümayiş olunmuşdu.  Tamaşanın yeni redaksiyasını görkəmli baletmeysterlər, Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova məxsus quruluş əsasında Əməkdar artist Vitali Axundov hazırlayıb. Qara Qarayevin “Yeddi gözəl“ baletinin premyerası 1952-ci ildə olub və ötən illərdə əsər bir çox məşhur teatr səhnələrində təqdim edilib. Bu əsərlə  Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulub. “Yeddi gözəl“ ölkəmizdə balet janrının inkişafında mühüm rol oynamaqla bərabər, həmçinin Azərbaycan klassik musiqisində yeni mərhələ təşkil edir.
  • Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: “Müqəddəs Georgi” gürcü-pravoslav kilsəsi
    Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kəndi ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə tikilib. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kilsəni ziyarət edib.
  • Mədəniyyət naziri Anar Kərimov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüşüb. Görüş zamanı Azərbaycan və Fransa arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həmçinin 2020-ci ilin Vətən müharibəsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb. Anar Kərimov Fransa və Azərbaycan arasında mədəni əlaqələrin mövcud vəziyyəti, iki ölkə mədəniyyətinin qarşılıqlı təbliği ilə bağlı reallaşdırılan tədbirlər, o cümlədən ölkəmizin Fransada həyata keçirdiyi layihələr barədə məlumat verib. Vətən müharibəsi və müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan ərazilərdə tarixi abidələrin və mədəni infrastrukturun vəziyyəti barədə söz açan nazir qeyd edib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı talan və “təmizləmə” həyata keçirib. Bu ərazilərdə mədəniyyətlə bağlı bütün infrastruktur, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanlar erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdılıb. Dövlət katibi Jan-Batist Lömuan qəbulə görə təşəkkürünü bildirərək hazırkı səfərin məqsədinin Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqələrin inkişafı üçün zəmin yaratmaq olduğunu deyib. Qonaq eyni zamanda Azərbaycanın işğaldan azad olunan ərazilərinə UNESCO missiyasının gəlməsi ilə bağlı məsələyə toxunub. Anar Kərimov bu məsələyə dair hazırda danışıqların davam etdiyini bildirərək, müstəqil ekspertlərdən ibarət UNESCO missiyasının, təşkilatın 1954-cü il Haaqa Konvensiyasına və digər BMT sənədlərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində, beynəlxalq hüquqda mədəni mülkiyyət hesab olunan bütün müəssisə və abidələri əhatə etməsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini diqqətə çatdırıb. Həmçinin, missiyanın həyata keçirilməsi üçün təhlükəsizlik baxımından ərazinin ilk öncə minalardan təmizlənməsi və iqlim şəraitinin nəzərə alınmasının vacibliyini qeyd edib. Nazir eyni zamanda Fransa cəmiyyətində, eləcə də UNESCO tərəfindən bu məsələ ilə bağlı daha çox xristian abidələrinə dair fikirlərin səsləndirilməsinin və həmin ərazilərdə dağıdılmış İslam irsi barədə hər hansı mövqeyin ifadə olunmamasının Azərbaycanda təəssüflə qarşılandığını vurğulayıb. Qeyd olunub ki, dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq, işğaldan azad olunan ərazilərdəki və ümumilikdə ölkəmizdəki bütün inanc yerlərinin, abidələrin qorunması dövlət siyasəti səviyyəsində həyata keçirilir.   Qeyd olunub ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən “Bakı Prosesi”, Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərin Sammiti, habelə bir sıra ölkələrdə müxtəlif dini mədəni məkanların bərpa edilməsi ilə bağlı reallaşdırılan layihələr ölkəmizin bu sahədə  siyasətinin açıq göstəricisidir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
  • Məşhur fotoqraf Rza Diqqəti Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib
    Fransada yaşayan məşhur fotoqraf Rza Diqqəti Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman görkəmli şairə Xurşudbanu Natəvanın məqbərəsinə qarşı həyata keçirilən vandalizmlə bağlı paylaşım edib. Dünya şöhrətli fotoqraf özünün “İnstagram” səhifəsindəki paylaşımında qeyd edir ki, Azərbaycan şairəsi Xurşudbanu Natəvan 1832-ci ildə Şuşa şəhərində anadan olub. R.Diqqəti izləyicilərinin diqqətinə çatdırır ki, Natəvan Qarabağın sonuncu xanının varisi idi və ailənin sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən Şuşa şəhərinə su təminatını həyata keçirən və o dövr üçün mühəndislik incisi hesab olunan boru xəttinin çəkilməsinə sərf edib.  1897-ci ildə vəfat edən şairə Ağdamın “İmarət“ qəbiristanlığında dəfn olunub. Məşhur fotoqraf  ilk dəfə 1992-ci ildə, erməni hərbi birləşmələrinin Ağdama hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini qeyd edir. Ağdamın erməni işğalından azad edilməsindən sonra bu yerləri ziyarət edən R.Diqqəti paylaşımında yazır: “Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını gördüm. Onun sümükləri də qəbrindən çıxarılıb aparılmışdı”. Məqbərəyə qarşı həyata keçirilən vandalizmi diqqətə çatdıran fotoqraf qarşılaşdığı mənzərədən dərin sarsıntı keçirdiyini qeyd edir.
  • “Qətibə İnanc” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası yanvarın 30-da saat 19:00-da sənət ocağının “facebbok” səhifəsi vasitəsilə onlayn göstəriləcək.

    İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

    Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

    Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

    Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

  • Kitabxanada “Nizami-eşq bağının bağbanı” adlı tədbir təşkil edilib

    “Nizami Gəncəvi İli”nin elan edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi məqsədilə Respublika Gənclər Kitabxanası Zoom proqramı üzərindən “Nizami-eşq bağının bağbanı” adlı tədbir təşkil edilib.

    Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas Xədicə Murad, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMEA İncəsənət İnstitutunun böyük elmi işçisi, bədii qiraətçi Zülfiyyə Eldarqızı, kitabxananın daimi oxucuları və əməkdaşları iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsinin zəruriliyindən bəhs edib. Sonradan Xalidə Musayeva “Nizami Gəncəvi İli” ilə əlaqədar Respublika Gənclər Kitabxanasının il ərzində planlaşdırdığı tədbirlərdən söhbət açıb.

    Tədbirdə Xədicə Murad ilk növbədə Nizami Gəncəvi yaradıcılığından, dahi ustadın əsərlərinin tərcümələrindən danışıb. Xədicə xanım Nizami Gəncəvi yaradıcılığının ana xəttinin ilahi eşq, əxlaqi normalar, Vətənə sevgi, elmə həvəs, böyüyə ehtiram, qadına hörmət və s. kimi tərbiyəvi aspektlərdən ibarət olmasını vurğulayıb. Məhz belə tərbiyəvi-əxlaqi əsərlər üzərində yetişən Azərbaycan gəncliyinin bu gün döyüş bölgəsində vətənpərvərlik nümayiş etdirərək, canları, qanları bahasına əzəli torpaqlarını geri qaytaran “Polad”lar, “İlqar”lar, “Xudayar”lar olmasından danışıb.

    AMEA İncəsənət İnstitutunun böyük elmi işçisi, bədii qiraətçi Zülfiyyə Eldarqızı Nizami yaradıcılığının günü bu günə kimi ölkəmizin hüdudlarından kənarda belə çox aktual olmasından, yüksək qiymətləndirilməsindən söhbət açıb. Tezliklə premyerası gözlənilən, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin motivləri əsasında çəkilən İndoneziya-Azərbaycan kinomatoqraflarının birgə layihəsi olan filmdə Leylinin anası obrazını canlandırmasından tədbir iştirakçılarına bəhs edib. Həmçinin o, Nizami Gəncəvinin qəzəllərini də səsləndirib.

  • Uşaqların mənəvi dünyasını əks etdirən hekayələrdən ibarət “Uşağın duası” kitabı işıq üzü görüb

    Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın hekayələrinə son dövrlər mətbuatda tez-tez rast gəlinir. 2020-ci ildə bütün dünyanı bürüyən pandemiyanın uşaqların mənəvi dünyasını, psixoloji aləmlərini əks etdirən hekayələrdən ibarət “Uşağın duası” kitabı məhz bu dövrdə işıq üzü görüb.

    “Şərq-Qərb” nəşriyyatında ərsəyə gələn kitabda bütün hekayələrin mövzusuna həsr olunmuş rəssam işlərinə rast gəlmək mümkündür.

    XXI əsrin 20-ci illərinin uşaqları pandemiya və Vətən müharibəsinin şahidi olublar. Sıfırlardan ibarət olan bu təqvimdə cəmiyyətin payına yuvarlaqlanmaq düşdü. Koronavirus adlı xəstəlik nəticəsində bütün dünya özünə qapanaraq, sərhədləri bağladı. Sərhədlər və qapılar bağlansa da, bütün dünyanın uşaqları birləşdi. Bu günün uşaqları gözlərinin önündə bütün dünyanı cənginə alan xəstəliklə Azərbaycan dövlətinin mübarizəsini heç vaxt unutmayacaqlarını yazan müəllif dünyamızı uşaqların duasının xilas edəcəyinə inanır.

    Kitab professor Qəzənfər Paşayevin yazdığı “Ön söz”lə başlayır: “Düşünürəm ki, mövcud vəziyyətlə, əlaqədar uşaqlar üçün yazılmış ilk bədii əsərin “Uşağın duası” adlandırılması xüsusi önəm kəsb edir. Bu hekayələr dünyanın Fidan tərəfindən baxanda görünən həqiqətləridir. Diqqətimi hər şeydən əvvəl çəkən Fidanın tizfəhm müşahidə qabiliyyəti, az sözlə çox şey demək məharəti, hekayələrinin yığcamlığı oldu. Yazıçı həyata ən inandırıcı prizmadan uşaq qəlbindən baxır. Bu isə onun hekayələrinə səmimi bir ruh verir”.

  • “Sehrbaz qadın” onlayn nümayiş olunacaq

    Yanvarın 30-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsində məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Sehrbaz qadın” tamaşasını nümayiş etdirəcək.

    Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur.

    Təkəbbürlü dul bir qadın iki qızından birini meşəyə su dalınca göndərir. Meşədə bir sehrbaz qarı qıza yaxınlaşıb ondan su istəyir. Mehriban qız ona su verdikdən sonra qarı qızın bu xeyirxah əməlinin əvəzinə ona sehrinin gücü ilə yaxşılıq edir. Bundan sonra qız hər dəfə danışanda ağzından gül və bahalı daş-qaşlar tökülməyə başlayır. Anası bunu görüb, dərhal o biri qızını da meşəyə göndərir. Bu dəfə meşədə həmin sehrbaz qızın qarşısına şahzadə qiyafəsində çıxır və yaxınlaşıb ondan su istəyir. Təkəbbürlü xarakteri ilə anasına oxşayan bu qız şahzadəyə su vermir. Şahzadə isə onu pis əməlinə görə sehrləyir. Bundan sonra qız hər dəfə danışanda ağzından ilan və qurbağalar tökülür. Bunu görən ana kiçik qızını evdən qovur. Qız meşəyə gəlir və bir ağacın altında oturub ağlamağa başlayır. Bu zaman zadəgan ailəsindən olan bir cavan oğlan qızı görür və bir könüldən min könülə ona vurulur. Qızı götürüb özü ilə saraya gətirir və ona evlənmək təklif edir…

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.