Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Gənclər Günü münasibətilə “Qəhrəman gənc” layihəsi təqdim olunur
    Heydər Əliyev Sarayının təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Qəhrəman gənc” layihəsi təqdim olunub. Heydər Əliyev Sarayı tərəfindən hazırlanan yeni layihənin əsas məqsədi istedadlı gəncləri və Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçilərini gənclər arasında təbliğ etməkdir.       Layihədə iştirak edən istedadlı gənclər – Şəhriyar İmanov (tar), Əli Məmmədov (royal), “The Passion” kvarteti, Coşqun Qadaşov (royal), “Baku band” qrupu, Aytac Hüseynova, Nigar Paşayeva, Nərgiz Qafarlı, Yusif Qurbanov, Şəfiqə Abbasova, Leyla Lütfəliyeva, Aslan Nuri, Türkanə Kərimli, Jalə Quliyeva, Kamran Lətifov, Şamil Məmmədov, Afiya Babayeva, Nərminə Abdullayeva (rəssam) bədii və rəsm kompozisiyalarını təqdim ediblər. Bundan əlavə, layihənin çəkilişlərində mədəniyyət sahəsində çalışan və könüllü olaraq ordu sıralarına yazılaraq 44 günlük Vətən müharibəsində iştirak etmiş gənclər – Heydər Əliyev Sarayının əməkdaşı Azay Azayev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Firdovsi Eyvazov və Akademik Milli Dram Teatrının əməkdaşı Tərlan Əsgərli də yer alıb.
  • ÜTT: 2020-ci il dünya turizmi üçün ən çətin il oldu

    Ümumdünya Turizm Təşkilatı (ÜTT) COVID-19 pandemiyası səbəbindən 2020-ci ili 1,07 milyard avro məbləğində gəlir itkisi ilə başa vurub. ÜTT ötən ili qlobal turizm tarixinin ən çətin ili bəyan edib.

    ÜTT-nin hazırladığı Dünya Turizm Barometrinə əsasən 2020-ci ildə xarici turistlərin qlobal turizmdə payı 1 milyard nəfərdən az olub. Bunun nəticəsində qlobal turizm sektoru 1990-cı ilin səviyyəsinə enərək 1,07 milyard avro itkiyə məruz qalıb.

    ÜTT-də həmçinin qeyd ediblər ki, turistlərin sayı ildə 74 faiz enib ki, bu da 2009-cu ildəki iqtisadi böhran zamanı qeydə alınmış 4 faiz azalma ilə müqayisədə tələbatın görünməmiş səviyyədə azalması və səfərlərə qoyulan ümumi məhdudiyyətlərlə izah olunur.

    Barometr həmçinin onu da göstərir ki, gəlirlərin 2009-cu ilin maliyyə böhranı dövrünə nisbətən 11 dəfədən çox aşağı düşməsi turizm sahəsində çalışan 100 milyondan 120 milyonadək insanın iş yerlərini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olub.

    ÜTT, koronavirus infeksiyasının yayılma sürəti səbəbindən bir çox ölkələrin daha sərt səyahət məhdudiyyətləri, məcburi testlər, karantinlər və bəzi hallarda sərhədlərin bağlanması kimi tədbirləri yenidən tətbiq etdiyinə görə təəssüfləndiyini bildirib.

    Bununla birlikdə, ÜTT ümid edir ki, tədricən COVID-19 peyvəndlərinin tətbiqi istehlakçıların etibarını bərpa etməyə və hərəkət məhdudiyyətlərini asanlaşdırmağa kömək edəcəkdir.

    İspaniyanın Exceltur turizm peşəkarları Federasiyasının məlumatına görə, ölkə turizminin tarixində ən qeyri-adi olan 2020-ci ildə İspaniya turizminə külli miqdarda ziyan dəyib. Ümumilikdə turizm sahəsinə dəymiş ziyanın miqdarı 99 milyard avro məbləğində dəyərləndirilir.

    2020-ci ildə İspaniyada turizm sənayesinin gəliri 46 milyard avro təşkil edib ki, bu da bir il əvvələ nisbətən 110 milyard azdır. Real mənfəətin inflyasiya səbəbindən hətta daha aşağı olmasına baxmayaraq, bu göstərici, 1995-ci ilin səviyyəsinə uyğundur. Hazırda İspaniya turizm tarixinin ən böyük böhranını yaşayır. Turizm sektorunun ÜDM-də xüsusi çəkisi 12,4 faizdən 4,3 faizə düşüb, yəni üç dəfə azalıb. Bu sahədəki fəallıq 20 il əvvəlki səviyyəyə enib.

    Asiya-Sakit okean regionu COVID-19 pandemiyasının nəticələrindən ilk zərər çəkmiş və səfərlərə qoyulan ciddi məhdudiyyətlərin hələ də qüvvədə qaldığı Asiya-Sakit okean regionunu 2020-ci ildə ən az sayda 84 faiz (300 milyondan az) turist ziyarət edib.

    2020-ci ilin yayında turizm sektorunun cüzi və qısamüddətli bərpa olunmasına baxmayaraq, Yaxın Şərq və Afrikada 75 faiz, Avropaya gələn turistlərin isə sayı 70 faiz azalıb.

    Digər tərəfdən ABŞ-a Beynəlxalq turist səfərlərinin sayı isə 69 faiz azalıb.

  • Şuşa qalasının neçə darvazası var?

    Dağlar qoynunda salınmış Şuşa şəhəri Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı, misilsiz gözəlliklər diyarıdır. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi hər daşı-qayası ilə tarixi keçmişimizdən soraq verən bu qədim məkana olan marağı daha da artırıb. 28 ildən artıq işğal altında olan dağlar qoynundakı şəhərin hər qarışı, hər addımı özündə çox böyük tarixi yaşadır.

    Son vaxtlar Şuşa qalasının darvazalarının sayı barədə müxtəlif məlumatlar səslənir. Qarabağ, o cümlədən Şuşa şəhəri, onun tarixi və etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev mövzu ilə bağlı müxbirinin sualını cavablandırarkən deyib: “XVIII əsrin 50-60-cı illərində Şuşa qalasının təməli qoyulanda iki giriş darvazası tikilib. Onlardan biri şəhərin şimal tərəfində Gəncə darvazası, digəri qərb tərəfindəki İrəvan darvazası idi. Giriş darvazalarının ikisi də eyni ölçüdə və arxitektura cəhətdən eyni formada inşa edilib. Qala divarlarının uzunluğu 3,7 kilometr, divarların eni 2,2 metr, hündürlüyü 8 metr olub. İstehkam məqsədi daşıyan qala divarlarında hər 50 metrdən bir döyüş bürcü qoyulub. Əsrin axırlarında Ağa Məhəmməd şah Qacarın hücumu zamanı top atəşləri nəticəsində qala divarları dağılıb və İbrahimxəlil xanın göstərişi ilə şəhərin təhlükəsizliyini təmin etmək məqsədilə İrəvan darvazası hörülüb. Təəssüf ki, son vaxtlar bəzi mənbələrdə qalanın Xəlfəli və Mıxətər darvazaları olması barədə yanlış informasiyalar səslənir. Məsələ burasındadır ki, istər Xəlfəli, istərsə də Mıxətər darvaza deyil, qala divarının kiçik bir hissəsinin sökülməsi yolu ilə açılan keçəcəkdir. Sonralar ətraf kəndlərdən at və ulaqla gələn dükan-bazar alverçilərinin, xırda ticarətçilərin və ətraf kəndlərin sakinlərin uzaq yol qət etməməsi üçün həmin yolu açıblar. Əslində darvaza mühəndis, usta və bənnanın birgə əməyi ilə başa gələn tikinti obyekti və tarixi abidədir. Ona görə də qala divarlarının sökülməsi hesabına açılan xırda yolları heç cür darvaza kimi qələmə vermək olmaz. Sonralar İrəvan darvazasının nişanələri dağılıb getdiyindən indiyədək Şuşa qalasının bir darvazası qalıb”.

  • Kukla Teatrı fevral repertuarını açıqlayıb

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının fevral ayı üçün nəzərdə tutulan virtual repertuarı maraqlı tamaşalarla zəngindir.

    5 fevral – “Şəngülüm, Şüngülüm”

    6 fevral - “Qırmızı papaq”

    7 fevral – “Turp”

    12 fevral – “Durna balığı” (rus dilində)

    13 fevral – “Qoğal”

    14 fevral – “Cırtdan”

    19 fevral – “Şəngülüm, Məngülüm”

    20 fevral – “Pişiyin evi”

    21 fevral – “Cik-cik xanım”

    26 fevral – “Karlson” (rus dilində)

    27 fevral – “Tıq-tıq və Taq-taqın nağılı”

    28 fevral – “Ələddin”

    Qeyd edək ki, tamaşalar teatrın “YouTube” kanalı vasitəsilə saat 12:00-da nümayiş olunacaq.

  • Respublika Gənclər Kitabxanası Qarabağla bağlı ingilis dilində videoçarx hazırlayıb

    C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası günün tələblərinə uyğun olaraq virtual rejimdə fəaliyyət göstərərək, öz istifadəçilərini ard-arda maraqlı, vətənpərvər, maarifləndirici layihələri ilə sevindirir. Bu layihələrin içərisində xarici dillərdə hazırlanan materiallar da az deyildir. Bu günlərdə kitabxana xarici dildə materialların, videoçarxların yer alacağı “Qarabağ mədəniyyətin beşiyidir” adlı layihə ilə izləyicilərinin qarşısına çıxır. Layihənin ilk videoçarxı layihənin adı ilə eyniyyət təşkil edir.

    Kitabxanadan bildirilib ki, ingilis dilində hazırlanan videoçarx Azərbaycanımızın füsunkar gözəlliyə, nadir təbiətə, qədim mədəniyyətə malik Qarabağ haqqında çoxsaylı məlumatlarla zəngindir. Videoçarxda Qarabağ mədəniyyətinin bütün sahələri – xalçaçılıq, dəmirçilik, zərgərlik, kulinariya və s. haqqında məlumat verilir. Sözügedən çarxda Qarabağda inkişaf edən teatr sənəti, memarlıq, təsviri sənət nümunələrinə dair biri – birindən maraqlı faktlar səsləndirilir. “Qarabağ mədəniyyəti zənginliyi və bənzərsizliyi ilə Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz hissəsi olmuşdur və olacaqdır” fikri səsləndirilən bu videoçarx məzmun, tərtibat cəhətdən fərqlənməsi səbəbindən istifadəçilərin rəğbətini qazanmış və sosial şəbəkələrimizdə yerləşdirilən bu videoçarx çoxlu sayda bəyənmə qazanıb.

    “Qarabağ mədəniyyətin beşiyidir” adlı layihənin əsas məqsədi Qarabağın tarixi, mədəniyyəti və s. haqqında məlumat vermək bu ərazilərin əsrlərboyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktını xarici dillərdə auditoriyaya bəyan etməkdən ibarətdir.

  • İspandilli jurnalda “Nizami Gəncəvi: dahi Azərbaycan şairi və mütəfəkkiri” adlı məqalə dərc olunub

    İspaniyanın mədəniyyət sahəsində öndə olan mətbu orqanlarından biri “Patrimonio Actual” elektron jurnalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məqalə dərc olunub.

    Məqalədə Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyi bildirilərək, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə də xüsusi diqqət yetirdiyi qeyd olunur.

    Məqalədə Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığı, ölməz sənətkarın 1981-ci ildə Ümummilli Liderin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimlərinin Azərbaycanın mədəni həyatının əlamətdar hadisəsinə çevrildiyi diqqətə çatdırılır.

    Xüsusi olaraq vurğulanır ki, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib.

    Həmçinin məqalədə görkəmli söz adamının həyat və yaradıcılığından geniş bəhs olunur.

  • “Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb

    Azərbaycan Aşıqlar Birliyinin (AAB) nəşri olan “Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb. 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə - torpaqlarımızın erməni işğalından azad edilməsi münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təbrik məktubu ilə açılan topluda, həmçinin bizə bu qələbə sevincini yaşadanlara minnətdarlıq ifadə olunur.

    Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, topluda Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illik yubileyinə geniş yer verilib. Yubiley münasibəti ilə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “Lirik poeziyanın epik ləngəri”, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “İliyinə qədər şair” sərlövhəli məqalələri, Xalq şairləri Nəriman Həsənzadə və Fikrət Qocanın yubilyara ithaf olunmuş şeirləri dərc olunub.

    Oxucular, eyni zamanda, professorlar Məhərrəm Qasımlı, Mahmud Allahmanlı, İradə Köçərli, Xatirə Bəşirli və digər elm adamlarının aşıq sənətinə dair elmi məqalələri ilə tanış ola biləcəklər.

    Toplunun “Ustad yubileyləri” bölümündə isə Oruc Əhmədov, Əhməd Rüstəmov, Ulduz Quliyeva, Umbay Axundov, Xanlar Məhərrəmov, Gülabı Xındı Məmməd oğlu və Cabbar Cabbarov kimi ustad sənətkarların həyat və yaradıcılıqlarından bəhs edən məqalələr yer alıb.

    Topluda, həmçinin AAB-nin 2020-ci ildəki fəaliyyətini əks etdirən xəbər xronikası və həmin ərəfədə dünyasını dəyişmiş ustad sənətkarlarla bağlı nekroloqlar da verilib.

  • Mikayıl Müşfiqin yaradıcılığı Qazaxıstanın ədəbiyyat portalında

    Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Yenə o bağ olaydı...”, “Bizim gözlər”, “Könlüm mənə deyir ki...” şeirlərinə və şairin yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

    Tərcümə Mərkəzindən bildirilib ki, şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış tərcüməçi Vladimir Qafarovdur.

    Geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsan kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayıran aparıcı ədəbiyyat portalıdır.

  • Heydər Əliyev Sarayının bir qrup gənc əməkdaşı mükafatlandırılıb

    Fevralın 1-də Heydər Əliyev Sarayında 2 fevral – Gənclər Günü münasibətilə gənc əməkdaşlar ilə görüş keçirilib.

    Saraydan bildirilib ki, görüşdə çıxış edən Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov bu günün əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib. Ümummilli Liderin təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1997-ci ildə Ulu Öndərin sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü elan edilib. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının parlaq təzahürü idi.

    Ramil Qasımov qeyd edib ki, ölkəmizdə gənclər siyasəti bu gün ən yüksək səviyyədə davam etdirilir. Gəncləri diqqət mərkəzində saxlayaraq onlarla daim dialoq qurmaq, qayğı göstərmək dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Heydər Əliyev Sarayının rəhbərliyi də gənclərin kollektivə cəlb olunması, mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsinə böyük önəm verir.

    Sarayın direktoru, həmçinin yaxın zamanda kollektivə yeni gənclərin cəlb olunacağını vurğulayıb. Qeyd olunub ki, kollektivin sıralarında gənclərin sayının artması sarayın gələcəyi ilə bağlı böyük perspektivlər üçün mühüm əhəmiyyət kəsb edir. Sarayda gənclərin inkişafı, yüksək bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından hər bir şərait yaradılıb.

    Sonda Heydər Əliyev Sarayının rəhbərliyi tərəfindən kollektivin fəal üzvü kimi özünü təsdiqləyən bir qrup gənc əməkdaş və kollektivin 44 günlük Vətən müharibəsi iştirakçısı Azay Azayev mükafatlandırılıb.

  • Milli Arxiv İdarəsində görülməsi nəzərdə tutulan tədbirlərin icrasına həsr olunmuş müşavirə keçirilib

    Yanvarın 28-də Milli Arxiv İdarəsində 2020-ci ilin yekunlarına və 2021-ci ildə görülməsi nəzərdə tutulan tədbirlərin icrasına həsr olunmuş müşavirə keçirilib.

    Milli Arxiv İdarəsindən bildirilib ki, müşavirədə İdarə rəhbərliyi, şöbə müdirləri və Respublika Dövlət Arxivlərinin rəhbərləri iştirak ediblər.

    Müşavirəni giriş nitqi ilə açan Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası, ölkə ərazisində COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi şəraitində arxiv təşkilatlarının fəaliyyəti, habelə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən əldə edilən qələbə və Zəfər Günü ilə bağlı idarə və dövlət arxivləri tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

    Daha sonra İdarənin rəis müavini Həsən Həsənov, şöbə müdirləri və arxiv direktorları çıxış edərək arxiv işinin müxtəlif sahələri üzrə 2020-ci il ərzində görülmüş işlər və 2021-ci ildə planlaşdırılan tədbirlərə, mövcud problemlərə və onların həlli yollarına dair fikir bildiriblər.

    Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini, müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən kənd, rayon və şəhərlərimizin yenidən qurulması işlərinin geniş vüsət almasını, həmçinin Zəfər Muzeyinin təşkil edilməsini nəzərə alaraq aidiyyəti dövlət qurumları ilə əlaqələrin koordinasiya edilməsi və qeyd edilən istiqamətlər üzrə idarə, o cümlədən dövlət arxivləri tərəfindən görüləcək müvafiq işlərin 2021-ci ilin tədbirlər planına daxil edilməsi qərara alınıb.

    Tədbirin sonunda “Azərbaycan arxivi 100 il” tədbirlər planına uyğun olaraq Dövlət Tarix Arxivinin sənədləri əsasında hazırlanmış “Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda təhsilin inkişafında xeyriyyəçilik fəaliyyətindən bəzi səhifələr” adlı sənədlər toplusu və Dövlət Elm və Texnika Sənədləri Arxivinin sənədləri əsasında hazırlanmış “Hippokrat andı içənlər” adlı biblioqrafik göstəricinin təqdimatı olub.