Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan və Əlcəzair milli arxivləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

    Yanvarın 26-da Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhak Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olub və idarənin rəisi Əsgər Rəsulovla görüşüb.

    Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Əlcəzairin Milli Arxivi ilə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

    Qonağa Milli Arxiv İdarəsinin fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, idarə bir sıra beynəlxalq və regional qurumlar çərçivəsində xarici ölkə arxivləri ilə əlaqənin qurulmasında maraqlıdır. Bu istiqamətdə Əlcəzair arxivləri ilə qarşılıqlı əlaqələrin qurulması önəmlidir. Qonağa, həmçinin Dövlət Arxivlərində mühafizə edilən sənədlər barədə qısa məlumat verilib.

    Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən xanım diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

    Görüşdə, həmçinin arxiv işi üzrə konkret sahələrdə əməkdaşlığın perspektivləri, beynəlxalq tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

    Daha sonra Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhak Dövlət Tarix Arxivində mühafizə edilən sənədlərlə, həmçinin Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan və Əlcəzair-Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələri özündə əks etdirən kino-foto materiallarla tanış olub.

  • Respublika Uşaq Kitabxanası cari il üçün metodik vəsaitləri oxuculara təqdim edib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz səmərəli fəaliyyətini davam etdirərək yeni metodik vəsaitləri oxuculara təqdim edib.

    Şairə Mədinə Gülgünün 95 illiyinə həsr edilmiş “Dastana çevrilmiş həyat” adlı metodik vəsait Mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları, metodistlər üçün nəzərdə tutulub.

    İstifadəçilər vəsaitdə əhatə edilən dolğun məlumatlar sayəsində birinci hissədə şairənin “Apardı sellər Saranı”, “Uşaqlıq da həyatdır”, “Yadıma Xəzər düşür”, “Yazılı nağıllar”, “Təbriz küçələri”, “Ağ badam çiçəkləri”, “Günlər və xatirələr”, “Arzu da bir ömürdür”, “Ömrə yelkən ümidlərim”, “Ömrün payız dayanacağı”, “Könlümü ümidlər yaşadar”, “Dünya şirin dünyadır” kitabları haqqında məlumat əldə edəcəklər. İkinci hissədə isə şairənin yaradıcılığı mövzusunda kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə kimi tədbirlər planının ssenarisi verilib.

    İstifadəçilər http://clb.az/elmi-metodika_k74.html ünvanına daxil olmaqla vəsaitdən yararlana bilərlər.

  • Tarix yazan igidlərimiz – Məmmədağa Səfərov

    Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolunu tanıtmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsini uğurla davam etdirir.

    Layihənin budəfəki buraxılışı Vətən savaşına qoşulan qəhrəmanımız, şəhid Məmmədağa Səfərova həsr olunub.

    Məmmədağa Səfərov 1997-ci il mayın 10-da Bakı şəhərində anadan olub. Yasamal rayonundakı A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. Məmmədağa Səfərov 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alıb. Təhsilin son pilləsində Məmmədağa evdəkilərə təhsilini dondurub gəldiyini və hərbi xidmətini bitirdikdən sonra davam edəcəyini bildirib.

    2019-cu il oktyabrın 8-də əsgəri xidmətə – Qusar rayonuna yollanıb. Sonra isə Ağcabədi, Cəbrayıl, Füzuli rayonlarının alınmasında iştirak edib. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən Məmmədağa şəhidlik zirvəsinə yüksəlib.

    Şəhid Məmmədağa Səfərovun anası Rəna xanım tərəfindən kitabxanaya təqdim edilən fotolar və şəhidin həyatı haqqında məlumatlar videoçarx şəklində hazırlanıb.

    Qeyd edək ki, şəhid Məmmədağa Səfərov ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidimizin adı təhsil aldığı Türkiyənin Balıkəsir Universitetində də əbədiləşdirilib.

    Şəhid Səfərov Məmmədağa haqqında hazırlanmış videoçarx aşağıdakı YouTube və İnstagram linklərində yerləşdirilib:

    https://youtu.be/WtqY5NvL_PE

    https://www.instagram.com/tv/CKetuvGBOWX/?igshid=yyv1efyfkdpt

  • Balaca ifaçı beynəlxalq müsabiqənin laureatı olub

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin violino ixtisası üzrə şagirdi Elmira Dadaşova dəfələrlə beynəlxalq və respublika miqyaslı müsabiqələrdə uğurla çıxış edərək laureat adını qazanıb.

    İdarədən bildirilib ki, gənc ifaçı 2021-ci ilin ilk qələbə sevincini isə yanvar ayında Artima Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən Parisdə keçirilən “Nouvelles Etoiles” beynəlxalq müsabiqəsində yaşından yuxarı qrupun proqramı ilə çıxış edərək qazanıb. Elmira bu çətin yarışmada 2-ci yerə layiq görülərək laureat adını alıb.

    Müsabiqə proqramını Paris Ali Konservatoriyası və M.Qlinka adına Novosibirsk Dövlət Konservatoriyasının professor heyətinin təmsil olunduğu münsiflər heyəti qiymətləndirib. Münsiflər balaca violinoçunun ifasının texniki kamilliyi, artistizmi və bədii-emosional ifadəliliyinin yaxşı səviyyədə olmasını vurğulayıblar. Münsiflər ifaçının hazırlanmasında nümayiş etdirdiyi peşəkarlığa görə Elmiranın müəllimi, Əməkdar müəllim İlhamə Ağayevanı diplomla mükafatlandırıblar.

  • “YARAT”da açılan sərgi ziyarətçilərini gözləyir

    “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Öz adanı kəşf et” adlı sərgi davam edir.

    “YARAT”dan bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir.

    Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə təqdim edilir. Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.

    "Öz adanı kəşf et" poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub.

    Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil olub.

    Kuratoru Sabina Şıxlinskaya olan sərgi bu ilin mayın 30-dək ziyarətçilər üçün açıqdır.

  • Özbəkistan portalında Azərbaycan aşıq sənəti haqqında məqalə yerləşdirilib

    Özbəkistanın “ishonch.uz” portalında rus dilində Azərbaycan aşıq sənəti haqqında “Azərbaycanın qeyri-maddi mədəni irsi-aşıq sənəti” sərlövhəli məqalə yerləşdirilib.

    Materialda ozan-aşıq sənəti haqqında özbək oxuculara bilgi verilir. Bildirilir ki, aşıqlıq sənəti Azərbaycan xalq arasında geniş yayılıb. Azərbaycanda aşıq sənətinin geniş yayıldığı bölgələrdə qədim zamanlardan aşıqlar el şənliklərini yola verib.

    Yazıda aşıq havaları haqqında da məlumat verilir, bildirilir ki, hazırda aşıqlar 80-dən artıq hava ifa edirlər.

    Bildirilir ki, ənənəvi klassik aşıq musiqisində bayatı, gəraylı, qoşma, təcnis və digər poetik janrlardan istifadə olunur.

  • A.Z.Mustafayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 yanvar 2021-ci il.
  • T.Ə.Bakıxanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 yanvar 2021-ci il.
  • Regional mədəniyyət idarələrinə yeni kadr təyinatları
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Vasif Xaliq oğlu Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Vasif Cənnətov 1985-ci ildə Gəncə şəhərində anadan olub. 2006-cı ildə Rusiyanın Maliyyə və Hüquq İnstitutunu “Hüquqşünas”, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə 2007-ci ildə hüquqşünas kimi başlayıb. 2011-2018-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi sistemində müxtəlif vəzifələrdə çalışıb. Son təyinatadək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Samux rayon şöbəsində şöbə müdiri vəzifəsində işləyib. *      *      * Mədəniyyət nazirinin əmrinə əsasən Elbəy Akif oğlu Əli Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Elbəy Əli 1986-cı ildə anadan olub. 2007-ci ildə Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisası üzrə bakalavr, 2009-cu ildə “Təbiətşünaslığın fəlsəfəsi” üzrə magistr, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr dərəcələrini alıb. Əmək fəaliyyətinə 2006-cı ildə “Ədalət” qəzetində məsləhətçi kimi başlayıb, həmin qəzetdə həftəlik “e-dünya” səhifəsinin tərtibçisi olub. 2009-2021-ci illərdə Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. MDB-nin “Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurası”nın üzvü olaraq 2019-cu ildə Azərbaycanın sədrliyi dövründə ölkəmizi təmsil edib. Qazax alimi Nemət Kelimbetovun “Türk xalqlarının qədim ədəbi abidələri” kitabının Azərbaycan dilinə həmtərcüməçisidir. *      *      * Nazir Anar Kərimovun digər əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Faiq Elman oğlu Xudanlıya həvalə edilib. Faiq Xudanlı 1981-ci ildə Füzuli rayonunda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisası üzrə bakalavr, 2004-cü ildə “Sosial fəlsəfə” ixtisası üzrə magistr pilləsini bitirib. 2006-2009-cu illərdə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. Əmək fəaliyyətinə 2009-cu ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə bölmə müdiri kimi başlayıb. 2009-2011-ci illərdə BDU-da akademik məsləhətçi kimi fəaliyyət göstərib. 2011-2021-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən BDU-da pedaqoji fəaliyyət göstərir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Bir monoqrafiyanın, yerli və xarici elmi jurnallarda dərc olunmuş 20 elmi məqalənin müəllifi, 1 kitabın tərcüməçisi və 5 kitabın redaktoru və tərtibatçısıdır.
  • Özbəkistan elmi jurnalında professor Teymur Əhmədova həsr olunmuş yubiley məqaləsi dərc olunub

    Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun “İzlaniş səmərələri” adlı elmi məcmuəsində (2021) görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, professor Teymur Əhmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Fidaiy ijodkor” (“Fədakar sənətkar”) adlı məqalə dərc olunub.

    Məqalə müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova alimin elmi-yaradıcı fəaliyyətini bir neçə istiqamətdə tədqiqata cəlb edib. Teymur Əhmədov ədəbiyyatşünas alim kimi ədəbiyyat tariximizə dair xeyli sayda orijinal məzmunlu elmi-tədqiqat xarakterli monoqrafiyaların və kitabların müəllifidir. Bu əsərlərdə ədəbiyyatımızın klassik və görkəmli nümayəndələrinin – yazıçı və şairlərin, alimlərin yaradıcılıq yolları Teymur müəllimin qələmində işıqlanıb.

    Dəfələrlə təkmilləşdirilərək nəşr olunan “Azərbaycan yazıçıları” fundamental ədəbi salnaməsi ədəbiyyat tariximizdə misli-bərabəri olmayan ədəbi abidədir. Fotoalbom janrında nəşr etdirdiyi rəngli kitablar həm də nəfis tərtibatı ilə diqqətəlayiqdir. Teymur Əhmədov xeyirxah insan kimi müdriklik mücəssəməsidir.