Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda Turizm Sənayesi Subyektlərinin forumu işə başlayıb

    Yanvarın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilir.

    AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra işinə başlayıb.

    Foruma 1000-ə yaxın iştirakçı qatılıb.

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış edərək 2023-cü ilin ölkə turizmin inkişafı üçün uğurlu il olduğunu və turizmin qeyri-neft sektorunun bir qolu olaraq xüsusi mərkəzə çevrildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin turizmə ayırdığı xüsusi diqqət və qayğı sayəsində bu sahənin yeni dövrə qədəm qoyduğunu söyləyən sədr deyib: "Prezident İlham Əliyev turizm sahəsini daha da inkişaf etdirir. Bu, turizm sahəsinin beynəlxalq aləmə intqeqrasiyasını təmin edir”.

    Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə almasaq, Azərbaycana səfər edən əcnəbilərim sayı son illər 3 dəfə artıb. Mehmanxana və mehmanxana tipli gecələmələrin sayında 8 dəfə artım müşahidə olunub.

    Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov assosiasiyasının fəaliyyəti barədə danışıb. O qeyd edib ki, məhz Prezident İlham Əliyevin diqqəti və qayğısı turizmin inkişafına böyük töhfə verib. Onun sözlərinə görə, 2011-ci ildən sonra turizmin inkişafının yeni mərhələyə qədəm qoymuşdur. "Azərbaycanda bir çox beynəlxalq hotel brendləri təmsil olunur. Hazırda ölkəmizdə 757 hotel fəaliyyət göstərir", - deyə o əlavə edib.

    E.Əlimuradov diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə malik olan yerli kadrlar nəyinki Azərbaycanda, həmçinin bir çox xarici ölkələrdə yüksək vəzifələr tuturlar.

    “2003-2019 Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfə artıb. 2019 etibarən pandemiya hotelçilik industriyasına böyük zərbə vurulub. Bir çox hotellər karantin hotellər kimi fəaliyyət göstərirdi. Postpandemiya dövründən sonra hotelçilik sahəsi yenidən canlanmağa başladı", - deyə E.Əlimuradov bildirib.

    Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasinın Baş katibi Tural Musayev bələdçilərin fəaliyyətinin turizmin inkişafına təkan verən əsas xidmət sektoru olduğunu qeyd edib. O bildirib ki, ötən dövr ərzində ölkəmizdə turizm bələdçilərin sayı 9 dəfə artıb.

    Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açaraq, Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsinin əhəmiyyəti barədə danışıb.

    Yekunda bəyanat qəbul olunub.

  • Turizm sənayesində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat qəbul edib

    Turizm sənayesində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat qəbul edib.

    AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir:

    “Son 20 il ərzində Prezident İlham Əliyevin əzmi, siyasi iradəsi, uzaqgörənliliyi, müstəqil siyasi kursu sayəsində əldə olunan böyük uğurlar turizm sənayesində də köklü dəyişikliklər, tamamilə yeni mənzərə yaradıb.

    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızın Ordumuz tərəfindən azad edilməsi, Vətən müharibəsində qazandığımız Qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri cəmi 23 saat 51 dəqiqə sürdü. Hərbi dərsliklərə düşən bu unikal əməliyyat nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam təmin edildi. Bu gün Şuşa, Xankəndi, Xocalıda Azərbaycan Bayrağı qürurla dalğalanır. Bu, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli siyasətin təntənəsidir.

    Turizmin inkişafında mühüm yer tutan əlçatanlılığın təmin edilməsi son 20 il ərzində xüsusi diqqət mərkəzindədir, nəticədə ölkənin hava, quru və dəmir yolları infrastrukturu inkişaf etdirilib. Bu isə öz növbəsində müasir hotelçilik və turizm biznesinə sərmayə qoyuluşunun artmasını stimullaşdırıb. Ötən dövr ərzində dünyada ən məşhur hotel brendləri Azərbaycanda iş qurub, qış turizm kompleksləri, sağlamlıq mərkəzləri yaradılıb, yerli və beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir üslubda tədbir məkanları inşa edilib. Bu proses bu gün də davam edir.

    Bütövlükdə turizmin inkişafı qeyri-neft sektorunun inkişafında əsas istiqamətlərdən biri kimi qəbul edilib, sektorun qeyri-neft iqtisadiyyatında payı 3,4 faizə çatıb. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində turizm sahəsində dövlət siyasətinin əsas prinsiplərinin və turizm fəaliyyətinin əsaslarının müəyyənləşdirilməsi, vergi və gömrük güzəştləri kimi mexanizmlərin tətbiqi, bir sıra lisenziyaların ləğvi, turizm və rekreasiya zonalarının yaradılması, viza rejiminin liberallaşdırılması və asanlaşdırılması bu sektorda əsl canlanma yaradıb.

    Son 20 il ərzində turizmin müxtəlif alt sahələri üzrə lazımi bilik və bacarıqlara malik insan kapitalının hazırlanması, turizm əmək bazarında xidmət və dəyər yaradan mütəxəssislərin yetişdirilməsinə imkan verən ali təhsil sisteminin formalaşdırılması, turizm təhsilinin təşkili sahəsində dövlət-biznes tərəfdaşlığının təşviqi istiqamətində böyük inkişaf yolu qət edilib.

    Azərbaycan son illər ərzində Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu, futbol üzrə Avropa Çempionatının oyunları, 74-cü Beynəlxalq Astronavtika Konqresi, Formula 1 Azərbaycan Qran-Prisi və digər bu kimi irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının əyani göstəricisidir.

    Milli-mədəni irsin qorunması və turizmə inteqrasiyası sahəsində görülmüş bərpa və yenidənqurma işləri, son illərdə Azərbaycanın bir sıra maddi və qeyri-maddi irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması kimi tarixi hadisələr ölkəmizin müsbət imicinin yaranmasına töhfə verməklə yanaşı, dünya ictimaiyyətinin sahib olduğumuz zənginliklər və turizm potensialı barədə məlumatlanmasına, xarici turistlərin sayının artmasına və daxili turizmdə ciddi motivasiyaya səbəb olub.

    Bu gün 30 il talan edilmiş, dağıdılmış Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir, bu bölgələrdə “yaşıl düşüncə” əsasında böyük turizm infrastrukturu yaradılır, artıq 2 beynəlxalq əhəmiyyətli hava limanı işə salınıb, daha 1-i də açılacaq. Yeni yollar salınır. Zəngəzur dəhlizi istiqamətində ciddi iş aparılır. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur regionun, bütövlükdə Qafqazın ən müasir turizm mərkəzinə çevriləcək.

    Turizm sənayesində ixtisaslaşmış assosiasiyalar olaraq, biz həm də xaricilərin gözü ilə Azərbaycandakı dəyişiklikləri görə bilirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar bu gün bütün dünyada heyranlıqla izlənilir. Azərbaycan liderinin beynəlxalq miqyasda artan nüfuzu ölkəmizə də marağı artırır. İndi daha çox xarici Azərbaycana gəlmək arzusundadır.

    Biz - turizm sənayesində ixtisaslaşmış assosiasiyalar olaraq, ölkəni qələbədən-qələbəyə aparan Prezident İlham Əliyevlə fəxr etdiyimizi bəyan edirik. Biz Ulu Öndər Heydər Əliyevin yolu ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirik.

    Turizm sənayesində ixtisaslaşmış bütün assosiasiyaların vahid mövqeyi və rəyi bundan ibarətdir ki, Prezident İlham Əliyevin siyasəti davam etməlidir. İlham Əliyev qalib xalqın qalib lideridir!”.

    İmzalar:

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov

    Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov

    Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev

    Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov

    Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin rəhbəri Türkay Qasımzadə

    “DAİR” Hotellər və Restoranlar İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Səfiyev

    Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi

    Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev

    Səyahət və Turizm Peşəkarlarının Beynəlxalq Assosiasiyasının sədri Ceyhun Aşurov

  • Azərbaycanda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının konqresi keçiriləcək

    Bu il oktyabrın 3-5-də Azərbaycanda Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının konqresi keçiriləcək.

    "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, Maliyyə Nazirliyinin tabeliyindəki "Bakı Konqres Mərkəzi" MMC Banqkokda keçirilən 62-ci Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası (ICCA) Konqresində namizədliyini irəli sürdüyü “ICCA Venue Business Workshop International 2024”ün qalibi olub. Beləliklə, "Bakı Konqres Mərkəzi" Assosiasiyanın müxtəlif ölkələrdən olan 15-ə yaxın üzvünü və onların müştərilərini bir araya gətirəcək beynəlxalq tədbirə ev sahibliyi edəcək. Tədbir çərçivəsində 121 işgüzar görüşün keçirilməsi nəzərdə tutulur.

    ICCA 100-ə yaxın ölkə və regionda 1 100-dən çox üzvü ilə beynəlxalq görüşlər və tədbirlərin idarə edilməsi və keçirilməsində aparıcı çətir təşkilatlarından biridir. Assosiasiya üzvləri arasında əməkdaşlığı və ünsiyyəti artırmaqla şəbəkələşmə, bilik mübadiləsi və biznesin inkişafı üçün əvəzolunmaz bir platforma rolu oynayır.

    Assosiasiyanın təşkil etdiyi “ICCA Venue Business Workshop International” dünyanın hər yerindən peşəkarları, qərar qəbul etməkdə həlledici rolu olan şəxsləri və düşüncə liderlərini bir araya gətirən qlobal görüşlər sahəsində əlamətdar tədbirdir.

    "Bakı Konqres Mərkəzi"nin direktoru Ramin Qazızadə bildirib ki, Mərkəzin bu əhəmiyyətli tədbirin keçiriləcəyi məkan kimi seçilməsi, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazandığının göstəricisidir. O qeyd edib ki, vörkşop tədbirlərin keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir, iştirakçılara bu sahənin qabaqcıl şəxsləri ilə əlaqə yaratmaq, fikir mübadiləsi aparmaq və yeni tendensiyaları araşdırmaq üçün fürsət yaradır.

  • Nigeriyalı vunderkind 100 saatlıq rəsm marafonu ilə yeni dünya rekorduna imza atıb

    Savanna İncəsənət və Dizayn Kollecinin (ABŞ) nigeriyalı tələbəsi Kansler Axaqotu 100 saat ərzində fasiləsiz rəsm çəkərək, əvvəlki 60 saatlıq rekordu üstələyib və dünya rekordunu qırıb.

    AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, onun marafonunu zamanı şəxsi inkişaf və yaradıcı ambisiyalar yolunu əks etdirən 106 rəsm əsəri yaradılıb, Tələbə bunun sayəsində ABŞ-da və bütün dünyada tanınıb.

    Marafon qaydalarına uyğun olmaq üçün Kansler diqqətini mücərrəd ifadələr deyil, tanınan obrazların yer aldığı sənət əsərlərinin yaradılmasında cəmləyib. Marafon ərzində o, məşhurlar, təbiət, heyvanlar və bir çox başqa geniş mövzular spektrinin əhatə olunduğu 106 rəsm əsərindən ibarət təsiredici kolleksiya toplayıb.

    Onun marafonunun ən dəyərli parçası 60 saatlıq həddə əvvəlki rekordu qırdığı anı simvolizə edən musiqi dinləmək üçün istifadə olunan sınmış cihazın təsvir olunduğu rəsm əsəri olub. Kanslerin əsərləri dərin şəxsi xarakter daşıyıb, tablolarda onun saatlarla rəsm çəkdiyi zaman yaşadığı müxtəlif əhvali-ruhiyyə və emosiyalar əks olunub.

    Marafon qaydaları Kanslerə çox az – hər saatda beş dəqiqə istirahət etməyə imkan verirdi, o, həmin vaxtdan qida qəbulu, istirahət və sair kimi mühüm məşğuliyyətlər üçün istifadə edirdi. Çox yorğun olmasına baxmayaraq, xüsusilə də 88 saat həddə yaxınlaşdıqda, Kansler diqqətini hədəfdən çəkmədi. O, həm 100 saatda 100 rəsm əsəri yaratmaq məqsədinə nail oldu, həm də natürmortlar və halsız olduğu vəziyyətinin təsvir olunduğu son avtoportret də daxil olmaqla, əlavə rəsm əsərlərini çəkməkdə davam etdi.

  • Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılacaq

    Yanvarın 12-də Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılacaq.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə 2022-2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində konservasiya olunmuş 30-dək eksponat təqdim ediləcək. Onlara XVII–XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir.

  • Bakıda Turizm Sənayesi Subyektlərinin forumu keçirilib

    Yanvarın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış edərək 2023-cü ilin ölkə turizmin inkişafı üçün uğurlu il olduğunu və turizmin qeyri-neft sektorunun bir qolu olaraq xüsusi mərkəzə çevrildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin turizmə ayırdığı xüsusi diqqət və qayğı sayəsində bu sahənin yeni dövrə qədəm qoyduğunu söyləyən sədr deyib: “Prezident İlham Əliyev turizm sahəsini daha da inkişaf etdirir. Bu, turizm sahəsinin beynəlxalq aləmə inteqrasiyasını təmin edir”.

    Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə almasaq, Azərbaycana səfər edən əcnəbilərin sayı son illər 3 dəfə artıb. Mehmanxana və mehmanxana tipli gecələmələrin sayında 8 dəfə artım müşahidə olunub.

    Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov assosiasiyanın fəaliyyəti barədə danışıb. O qeyd edib ki, məhz Prezident İlham Əliyevin diqqəti və qayğısı turizmin inkişafına böyük töhfə verib. Onun sözlərinə görə, 2011-ci ildən sonra turizmin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. “Azərbaycanda bir çox beynəlxalq hotel brendləri təmsil olunur. Hazırda ölkəmizdə 757 hotel fəaliyyət göstərir”, - deyə o əlavə edib.

    E.Əlimuradov diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə malik olan yerli kadrlar nəyinki Azərbaycanda, həmçinin bir çox xarici ölkələrdə yüksək vəzifələr tuturlar.

    “2003-2019-cu illərdə Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfə artıb. 2019-cu ildən etibarən pandemiya hotelçilik industriyasına böyük zərbə vurulub. Bir çox hotellər karantin hotellər kimi fəaliyyət göstərirdi. Postpandemiya dövründən sonra hotelçilik sahəsi yenidən canlanmağa başladı”, - deyə E.Əlimuradov bildirib.

    Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev bələdçilərin fəaliyyətinin turizmin inkişafına təkan verən əsas xidmət sektoru olduğunu qeyd edib. O bildirib ki, ötən dövr ərzində ölkəmizdə turizm bələdçilərin sayı 9 dəfə artıb.

    Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açaraq, Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsinin əhəmiyyəti barədə danışıb.

    Forum çərçivəsində turizm sənayesində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat qəbul edib. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub.

    Açılış mərasimindən sonra forum işini “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” və “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözlənilər” adlı panel müzakirələrlə davam etdirib.

  • Bu gün görkəmli bəstəkar Elza İbrahimovanın doğum günüdür

    Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən formalaşdırıb, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.

    AZƏRTAC xəbər verir ki, bu gün mahnıları ilə yaddaşlarda dərin iz qoymuş, görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 86-cı ildönümü tamam olur.

    1938-ci ildə Hacıqabulda dünyaya göz açmış Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.

    Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.

    “Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən, muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir.

    Elza İbrahimovanın Milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri dinləyicilərin yaralarına bir məlhəmdir.

    Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Murad Kajlayev, Arif Məlikov kimi dünyaşöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

    Şübhəsiz ki, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

    Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.

    Onun mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Bəstəkarın mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyil ki, Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib.

    Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığını, təbiətə vurğunluğunu tərənnüm edən “Ey Vətən” mahnısı ölməz sənətkarımız Rəşid Behbudovun ifasında Azərbaycanı dünyada tanıdıb və sevdirib.

    Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə mahnılar bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdığı əsərlər, bəlkə də, on bəstəkarın yaradıcılığı qədərdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Musiqi bəstələdiyi şeirlərin dolğun məzmunu isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.

    Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Bundan başqa, sənətkar Dağıstanın Xalq artisti adına, “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

    Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən həmin il anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilən tanınmış bəstəkar, Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimova bu cür xoşbəxt sənətkarlardandır.

    2012-ci il fevralın 11-də 74 yaşında vəfat etmiş Elza İbrahimova İkinci Fəxri xiyabanda dəfn olunub.

    Bu gün istər yerli, istərsə də xarici televiziya və radio kanallarında müxtəlif musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı cərəyanlar yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.

  • “Heç kim” filminin çəkilişlərinə başlanılıb

    Döyüş janrında çəkilmiş "Heç kim" adlı filmin davamının çəkilişlərinə başlanılıb.

    AZƏRTAC xəbər verir ki, rusiyalı rejissor İlya Naişullerin ekranlaşdıracağı filmdə amerikalı aktyorlar Konni Nilsen və Bob Odenkirk yer alıb.

    Ekran əsərinin ilkin versiyasının kassa gəlirləri 50 milyon dolları keçib.

  • Los-Ancelesdə “Fəxri Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib

    Los-Ancelesdə 14-cü “Fəxri Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib. Kinematoqrafiyada görkəmli xidmətlərinə görə mükafatlara aktrisa Anjela Bassett, rejissor Mel Bruks və kinomontajçı Kerol Littlton layiq görülüblər. Mişel Setterə isə Cin Herşolt adına Humanitar mükafat təqdim olunub.

    AZƏRTAC bu barədə “Deadline” nəşrinə istinadla xəbər verir.

    Qeyd edək ki, mərasim birbaşa yayım olmadan keçirilib. Əvvəlcə mükafatlandırılma 2023-cü il noyabrın 18-nə planlaşdırılmışdı. Lakin Hollivudda aktyor və ssenaristlərin tətillərindən sonra mərasimin keçirilmə tarixi 2024-cü il yanvarın 9-na dəyişdirilmişdi.

    “Fəxri Oskar” mükafatı 1929-cu ildə təsis olunub. Mükafat nə konkret ilə, nə də konkret filmə verilən töhfəyə görə təqdim olunmur. Bu mükafat kinematoqrafiya sahəsində əhəmiyyətli nailiyyətlərə, eləcə də öz karyerası boyunca kino sənayesinə xidmətlərinə, bu sahəyə verilən töhfəyə görə təqdim olunur.

  • Aleksandr Rıbak Bakı səhnəsində solo konserti ilə çıxış edəcək

    “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak fevralın 28-i və 29-da Heydər Əliyev Sarayında solo konserti verəcək.

    AZƏRTAC xəbər verir ki, səhnəyə Azərbaycanın Əməkdar artisti Səbinə Babayeva da çıxacaq.

    Belarus mənşəli norveçli musiqiçi Aleksandr Rıbak “Eurovision-2009” müsabiqəsində qələbə qazandıqdan sonra məşhurlaşıb. Müsabiqənin finalında onun “Fairytale” kompozisiyası rekord sayda səs - 387 bal toplamışdı. Musiqiçinin “Fairytales” debüt albomu doqquz Avropa ölkəsində ilk iyirmiliyə daxil olub, Rusiyada və Norveçdə isə birinci yer tutub.