KASTOB beynəlxalq qısametrajlı film festivalına film qəbulu elan edilib.
AZƏRTAC xəbər verir ki, builki müsabiqə “Sahildə qadınlar” mövzusuna həsr olunub.
Festivala 2023-cü il dekabrın 25-dən sonra istehsal olunan 3-7 dəqiqəlik animasiya, bədii və sənədli filmləri olan müəlliflər müraciət edə bilərlər. Müraciət pulsuzdur və bir müəllif istənilən sayda film təqdim edə bilər. Filmlərin qəbulu fevralın 15-də başa çatır.
Festivalın əsas məqsədi bədii və mədəni dəyəri yüksək olan orijinal və keyfiyyətli qısametrajlı filmlərin istehsalını təşviq etməkdir. Bundan əlavə, ümumilikdə qadınların, cəmiyyətin və medianın, gənclərin, qısametrajlı film çəkənlərin, bu günün və gələcəyin media prodüserlərinin maarifləndirilməsi, mövzu ilə bağlı ictimai həssaslığın artırılması hədəflənir.
Ətraflı məlumatı bu linkə (https://kastob.org.tr/tr/) keçid edərək əldə etmək olar.
Festival qaliblərinin 2024-cü ilin martında mükafatlandırılması planlaşdırılır.
Qeyd edək ki, KASTOB Türkiyənin Qara dəniz regionunda 24 əyalət federasiyasını birləşdirən qeyri-hökumət təşkilatıdır.
Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino xəbər saytı - kinoinfo.az fəaliyyətə başlayıb.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, sayt ilk növbədə kino peşəkarlarına ünvanlanıb.
Assosiasiyanın sədri Əli İsa Cabbarov bu sahədə fəaliyyət göstərən insanların ümumi kino mühitindən və bir-birindən xəbərsiz olduqlarını bildirir. Bu problem kino bazarının inkişafına mane olur, ümumi vəziyyət haqqında səhv təsəvvür yaradır. Saytın “Qovluqda”, “Meydanda”, “Ekranda” bölümləri ölkəmizdə kino istehsalının hər üç mərhələsində baş verən yeniliklər haqda oxucuları məlumatlandıracaq.
Saytın əsas hədəflərindən biri iş adamlarını yerli kino istehsalı haqda məlumatlandırmaq və onları kinoya investisiya qoymağa sövq etməkdir. İş adamlarımız bir qayda olaraq kino kimi potensial gəlirli sahədə baş verən proseslərdən xəbərsiz olur. Bu məqsədlə saytın məqalələrində kinonun iqtisadi aspektinə, statistikaya, kinoya aid maliyyə xəbərlərinə geniş yer ayrılacaq.
Azərbaycan kinosu ilə yanaşı, qonşu ölkələrin ən mühüm kino xəbərləri də saytda yer alacaq. Məqsəd region kinosunda baş verən prosesləri kino ictimaiyyətinə çatdırmaqdır.
Sayt Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb. Assosiasiyanın sədri Əli İsa Cabbarov bildirib ki, “Kino Agentliyinin dəstəyi olmadan saytı yaratmaq çətin olardı. Minnətdarlıqla qeyd edim ki, saytın ideyasını Agentliyin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğluna deyən kimi dəstəklədi və biz fəaliyyətə başladıq”.
Azərbaycan Kinematoqrafçılar İttifaqı sayta təşkilatı dəstək göstərib. Saytın redaktoru, jurnalist, ssenarist Ramil Ələkbərov, layihənin rəhbəri Əli İsa Cabbarovdur.
Fevralın 28-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” adlı layihə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Xalq artisti Mənsum İbrahimov Gəncədə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.
Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.
Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək olar.
Azərbaycan Milli Kitabxanası akademik Afad Qurbanovun, professor Ramiz Əsgərin, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yubileyləri ilə əlaqədar ənənəvi kitab sərgiləri təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəlliflərin əsərləri, tərcümə etdikləri, rəyçi və redaktor olduqları əsərlər və haqqında ədəbiyyatlar nümayiş olunub. Eyni zamanda sərgidə Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun sözlərinə bəstələnmiş musiqi notları da yer alıb.
Sərgi bir həftə davam edəcək.
əlum olduğu kimi, teatr və konsert müəssisələrinin təmir və bərpası dövlət tərəfindən diqqət mərkəzində saxlanılır, tamaşaçıların mədəni xidmətlərə əlçatanlığının təmin edilməsi üçün tədbirlər görülür. Mədəniyyət müəssisələrində, xüsusilə kütləvi nümayiş məkanlarında tamaşaçıların təhlükəsizliyi ən vacib məsələdir.
Mədəniyyət Nazirliyi teatr və konsert müəssisələrində tamaşaçıların rahatlığı və təhlükəsizliyi üçün risklər yarandığı halda müvafiq dövlət qurumları ilə birgə təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçiriblər.
Bakı Dövlət Sirkindən AZƏRTAC-a bildirilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər verilib.
Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Binada işlər yekunlaşdırılandan sonra sirk qapılarını yenidən tamaşaçıların üzünə açacaq.
Qeyd edək ki, Bakı Dövlət Sirki 1967-ci ildən unikal memarlığa malik binada fəaliyyət göstərir.
anvarın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Dantenin yubileyi” adlı tamaşa nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Xalq yazıçısı Anarın əsəri əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, quruluşçu rəssamı Samirə Həsənovadır.
Tamaşada Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova çıxış edəcəklər.
“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.
Yanvarın 23-də “Qonağımız var” layihəsi çərçivəsində Əmircan qəsəbə Mədəniyyət evində Xalq artisti Mənsum İbrahimovla görüş təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, görüşdə Xalq artisti muğamlarımızdan, xalq mahnı və təsniflərimizdən danışacaq, ona ünvanlanacaq sualları cavablandıracaq.
Tədbirə giriş sərbəstdir.
Qeyd edək ki, Mənsum İbrahimovun özünəməxsus ifa tərzi var. Dinləyici üzünü görmədən də səsindən, avazından onu tanıyır. Çünki artıq muğam onun taleyidir, dünyaya baxışıdır. Müğənninin "Rast"ına, "Şur"una, "Qarabağ şikəstəsi"nə dönə-dönə qulaq asmaqdan doymuruq. Mənsum İbrahimov gözəl xanəndə olmaqla yanaşı, həm də opera teatrının solistidir. O, təkcə Məcnunu yox, "Aşıq Qərib"də Qəribi və "Gəlin qayası"nda Camalı da yüksək səviyyədə oynayır. Mənsum İbrahimovun səsi çoxdan ölkəmizin sərhədlərini aşmışdır. O, xarici ölkələrdə muğam, xalq və bəstəkar mahnıları ilə yanaşı, "Leyli və Məcnun" operasının da təbliğində, sevilməsində böyük xidmətlər göstərmişdir. O, bu gün həm də sayılıb-seçilən pedaqoqlardan biridir, istedadlı tələbələri var.
Mənsum İbrahimovun əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2005-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.
Əfsanəvi amerikalı kinorejissor Martin Skorseze ilk dəfə ötən ilin mayında söhbət açdığı İsa Məsih haqqında filmin ssenarisi üzrə işləri başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Skorseze bu barədə “Los Angeles Times” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, layihə bu ilin sonlarında çəkiləcək. Yaponiyalı yazıçı Syusaku Endonun “İsanın həyatı” kitabının süjeti əsasında lentə alınacaq ekran əsərinin xronometrajı 80 dəqiqə təşkil edəcək.
Skorseze yeni layihədə tənqidçi və rejissor Kent Cons ilə birgə həmmüəllif qismindədir.
“Mən yeni vasitə tapmağa, din təsisatının üzərindən mənfi yükü götürməyə çalışıram. Əgər indi siz “din” sözünü dilə gətirsəniz, sizin üzərinizə silahla gələcəklər. Çünki bu söz bir çox hallarda uğursuzluqla qarşılaşıb. Lakin bu, o demək deyil ki, əvvəlinci impuls pis olub. Gəlin, geriyə qayıdaq. Gəlin, sadəcə bu barədə fikirləşək. Bu, sizin xoşunuza gəlməyə bilər. Lakin bu, sizin həyat tərzinizə təsir etmək qabiliyyətindədir. Buna laqeyd yanaşmayın”, - deyə Skorseze müsahibəsində bildirib.
Yanvarın 13-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində balacalar üçün “Qırmızı papaq” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə rejissor Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Flora Kərimova, Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, müğənnilər Samirə Əfəndiyeva, Ceyhun Zeynalov, İlham Nəzərov ifa edirlər.
Yanvarın 12-də Bakıdakı Rus evində Köhnə Yeni ilə həsr olunmuş estrada musiqisi konserti təqdim ediləcək. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, gecədə qonaqlar üçün ötən illərin hər kəs tərəfindən sevilən şlyagerləri, yerli və əcnəbi estradanın müasir vokal və instrumental hitləri səsləndiriləcək. Tamaşaçıları layihənin debütantları və sevilən ifaçılar tərəfindən hazırlanan musiqi sürprizləri gözləyir. Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Əlyar Əliyev, beynəlxalq müsabiqələr laureatı Emil Malıqin, BMA-nın məzunları Əminat Əhmədova və Nərgiz Məmmədova, eləcə də Cavid Babayev çıxış edəcəklər.
Tədbirin aparıcısı və layihənin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinadır.
Konsert 19.00-da başlayacaq.