Ənənəvi Venesiya karnavalı bu il ilk dəfə olaraq tamamilə onlayn formatda keçiriləcək.
TASS agentliyinə istinadla xəbər verir ki, geyim və maskaları nümayiş etdirmək üçün xüsusi “virtual otaqlar” artıq yaradılıb. Bundan əlavə “Televenezia” kanalında Venesiyanın tarixinə və karnaval ənənələrinə həsr olunan xüsusi buraxılışla verilişlər yayımlanacaq. Striminqlər onlayn formatda fevralın 6 və 7-də, həmçinin 11-dən 16-dək olacaq. Təşkilatçılar söz veriblər ki, platforma gündəlik olaraq 100 min istifadəçini qəbul edə biləcək.
Şuşa Dövlət Musiqili Dram Teatrı haqqında “Dönüş” filmi çəkilib.
Ekran əsəri Şuşa Teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqqındadır. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir.
Azərbaycanın Qarsdakı Baş Konsulluğu ilə İsveçdə fəaliyyət göstərən “Elger” Elm və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə videokonfrans keçirilib.
Əvvəlcə “Elm və Təhsil: dünən, bu gün və sabah” mövzusunda keçirilən bu beynəlxalq konfransa 6 ölkədən 120 elmi məqalənin təqdim olunduğu barədə məlumat verilib.
Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan etməsini tarixi hadisə adlandıraraq, böyük mütəfəkkirin həyat və fəaliyyəti, əsərlərinin dünyada yayılması mövzusunda fikir və mülahizələrini bölüşüb.
Konfrans çərçivəsində “Elger” Elm və Tədris Mərkəzinin Türkiyənin Qars şəhərindəki təmsilçiləri - həmyerlilərimiz dosentlər Ellada Gərayzadə və İlkin Qulusoy, İsveç Yöteböre Universitetinin professoru Səadət Kərimi və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi bir neçə aspektdən təhlil olunub. Alimlər əsaslandırıblar ki, bu qərar bir tərəfdən Azərbaycan yazılı ədəbiyyatının tarixinin təbliğini təmin edirsə, digər bir tərəfdən də Nizami Gəncəvinin əsərlərinin daha geniş şəkildə dünyada yayılması üçün yeni-yeni imkanlar yaradır.
Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə “Siyasi arenada Azərbaycan gəncləri” mövzusunda onlayn söhbət–mühazirə keçirilib.
Onlayn söhbət-mühazirədə Azərbaycan gəncliyinin ictimai-siyasi həyatımızdakı rolundan danışılıb.
“Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” fikrini səsləndirən kitabxananın xarici ədəbiyyat xidmət şöbəsinin müdiri Cəlilova Nübar bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biridir. Qeyd edib ki, Azərbaycan gəncliyi ictimai həyatımızın bütün sferalarında aktiv və məhsuldar fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Baş kitabxanaçı Sevil Quliyeva mühazirə iştirakçılarına müasir gəncliyimizin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlətimiz üçün nə qədər önəmli olmasından söz açıb. Bildirib ki, gəncliyimizin sağlam düşüncəli, vətənpərvər ruhda tərbiyə olunmasında kitab, mütaliə və kitabxananın müstəsna rolu danılmazdır.
Sonra tədbir iştirakçıları gənclərin özünü inkişaf sahəsində faydalı olacaq kitabların siyahısı ilə tanış olublar.
Azərbaycan Milli Xalça Muzeyi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransa ərizə qəbulu elan edir.
Muzeydən bildirilib ki, bu ilin payızında təşkil ediləcək konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər.
Konfransa material qəbulu üçün son tarix aprelin 30-dək başa çatacaq.
Ətraflı məlumatı info.carpetmuseum@gmail.com ünvanına suallar göndərməklə əldə etmək olar.
Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi üçün birgə səylər göstəriləcək.
Bu barədə razılıq Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Yaponiya Turizm Agentlikləri Assosiasiyasının (JATA) prezidenti Tadaşı Şimura ilə görüşündə əldə olunub.
Görüş zamanı G.İsmayılzadə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, o cümlədən turizm sahəsində inkişafı barədə məlumat verib, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirib ki, 2019-cu ildə Azərbaycana 2,5 milyon, o cümlədən Yaponiyadan 6 mindən çox turist səfər edib.
Dünyada COVID-19 pandemiyasının hər iki ölkənin turizm sektorunun inkişafına böyük zərbə vurduğu qeyd edilib. Pandemiya ilə bağlı vəziyyətin tezliklə tam nəzarət altına alınacağına ümid edildiyi bildirilib və iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi üçün birgə səylərin göstərilməsi istiqamətində razılıq əldə olunub.
2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 il ərzində işğal olunmuş ərazilərinin azad edildiyini xatırladan G.İsmayılzadə Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı qələbə əldə etdiyimizi vurğulayıb. Səfir azad olunmuş ərazilərdə turizm infrastrukturunun yaradılacağını və bu istiqamətdə yapon turistlər üçün maraqlı turların təşkil olunacağını diqqətə çatdırıb.
Vətən müharibəsinin qələbə ilə başa çatması münasibətilə təbriklərini çatdıran T.Şimura, Azərbaycanın işğal olunmuş ərazilərinin Yaponiya tərəfindən hər zaman ölkənin ayrılmaz hissəsi kimi tanındığını bildirib. 2016-cı ildə Azərbaycana səfərini xatırladan T.Şimura ölkəmizin böyük turizm potensialına malik olduğunu qeyd edib.
Görüşdə Azərbaycan Turizm Bürosu və Yaponiya Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının nəzərdə tutulduğu qeyd edilib, bu sənədin iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlədirilməsinə töhfələr verəcəyi vurğulanıb.
JATA prezidenti bildirib ki, assosiasiya tərəfindən hər ilin payızında keçirilən “Tourism Expo Japan” beynəlxalq turizm sərgisi 2021-ci il noyabrın 25-28-də Osaka şəhərində təşkil olunacaq və Azərbaycanın sərgidə iştirakı üçün dəvət göndəriləcək. Bu sərginin ənənəvi olaraq Tokioda keçirildiyini xatırladan T.Şimura, bu il sərginin yerinin dəyişdirilməsinin 2025-ci ildə EXPO-2025-in Osakada təşkilinə hazırlıq məqsədi daşıdığını qeyd edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqına zəfər sevincini bəxş edən, 30 il ərzində axan qanların intiqamını alan igid qəhrəman oğulları tanıtmaq məqsədilə “Tarix yazan igidlərimiz” layihəsini davam etdirir.
İdarədən bildirilib ki, kitabxana tərəfindən hazırlanan növbəti videoçarx zəfərlə nəticələnən bu müharibədə Vətənə bağlılığını və onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu qəhrəmanlığı ilə nümayiş etdirərək şəhidlik zirvəsinə ucalan leytenant Nicat Atayevə həsr edilib. Şəhidin əziz xatirəsi üçün hazır edilmiş videoçarxda onun həyatı haqqında ümumi informasiya, hərbi fəaliyyəti ilə bağlı fotolar və yaxınları tərəfindən təqdim olunmuş videolentlər əks olunub.
Şəhid Nicat Atayev 5 mart 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2011-ci ildə orta məktəb təhsilini başa vurduqdan sonra hərbi xidmətini Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə yerinə yetirib. Nicat Atayev hərbi xidmətini bitirdikdən sonra Gəncə Dövlət Universitetinin Fiziki hazırlıq fakültəsinə qəbul olunub. Universiteti bitirdikdən sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müraciət edib, 2019-cu ildə 3 aylıq zabitlik kursuna gedib və təyinatı Füzuli rayonunun N saylı hərbi hissəsinə verilib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edən Nicat Atayev döyüş meydanında qorxu bilmədən, qəhrəmancasına vuruşub. O, Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhidlik zirvəsinə ucalıb və II Fəxri xiyabanda dəfn olunub.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra Nicat Atayev “Vətən uğrunda” ,"Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Yanvarın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədən məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur. Xüdbinlik, lovğalıq və yalançılığın komik oyun üslubu ilə tənqid olunduğu tamaşada Qoca dəyirmançının kiçik oğluna miras kimi qalan pişiyi və onun sayəsində sahibinin zəfərləri ön plana çıxarılır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.
Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Vətənim Azərbaycan” adlı respublika uşaq rəsm müsabiqəsinin seçimləri başa çatıb.
Müsabiqə Azərbaycanı gənc nəslə tanıtmaq, bugünkü Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.
Seçim 12 yaşa qədər, 12-17 və 17-21 yaş kateqoriyası üzrə keçirilib. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçilib. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülüb. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzində nümayiş ediləcək.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.