Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Muzey və sərgi zalları ziyarətçilər üçün acıqdır

    Bu gündən muzey və sərgi zallarının fəaliyyətinə icazə verilir.

    Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

    Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində muzey və sərgi zallarının fəaliyyətinə icazə veriləcək.

  • Milli Məclisin mədəniyyət komitəsinin sədri istedadlı gənc rəssam və heykəltəraşlarla görüşüb

    Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssam və heykəltaraşla görüşüb, onların yaradıcılıq planları və qayğıları ilə maraqlanıb.

    Q.Paşayeva ölkə Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli”, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsini, Xarı bülbül festivalının və Vaqif Poeziya günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib.

    Gənc heykəltaraş və rəssamları düşmən üzərində tarixi zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Qənirə Paşayeva, özünəxas ənənələri olan Azərbaycan heykəltaraşlıq və rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, yaradıcı gənclərə uğurlar arzulayıb.

    Görüşdə iştirak edən Azər Nəcəfov, Arslan Məmmədov, Nərmin İsmayılzadə, Süsən Heydərova, Gülü Baxşəliyeva və Elxan Zeynalov səmimimi görüş üçün mədəniyyət komitəsinin sədri Q.Paşayevaya təşəkkür ediblər.

  • YT Parkın rezidentinin istehsal etdiyi mühərrik yağları Ukraynada müsbət rəy alıb

    Ukrayna mütəxəssisləri tərəfindən yüksək təzyiqə davamlı “M-16ИХП-3У” mühərrik yağının hazırlanması barədə daxil olan müraciətə əsasən, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunun mütəxəssisləri Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçıları ilə birgə bu istiqamətdə təcrübələr aparıb, mühərrik yağının 10-15 resept üzrə nümunələri hazırlanıb.

    YT Parkdan bildirilib ki, parametrləri Ukrayna mütəxəssislərinin tələblərinə cavab verən “M-16ИХП-3У” mühərrik yağı Ukraynada texnikalarda sınaqdan keçirilərək qənaətbəxş nəticə göstərib. Ukrayna mütəxəssisləri tərəfindən müsbət rəy alan bu yağın gələcəkdə sifariş olunması nəzərdə tutulur.

     

  • Coğrafıyaçı alim: Son 5 ildə Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib

    Son 5 ildə Xəzər dənizində suyun enməsi prosesi daha da intensivləşib. Bu, iqlimdə baş verən dəyişikliklər və quraqlıqla əlaqədardır.

    Bu fikirləri açıqlamasında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirib.

    O qeyd edib ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2, 3, 4 metr çəkilibsə, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə suyun çəkilməsi daha yüksəkdir. Neftçala sahillərindən tutmuş Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq bəzi yerlərdə dəniz suyu 2 kilometrədək çəkilib. Abşeron, Sumqayıt, Muxtadır qəsəbələrinədək olan sahələrdə suyun çəkilməsi özünü daha şiddətli büruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il demək olar ki, Xəzərə çatmayıb. Xəzər regionunda yağışların miqdarının azalması dəniz suyunun da azalmasına səbəb olub.

  • Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan edir
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsini elan edir. Müsabiqənin məqsədi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək, habelə Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə verməkdir. Müsabiqənin mövzusu 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyətini əhatə edir. Müsabiqə və şərtləri barədə ətraflı məlumatı buradan almaq olar: “Böyük Qayıdış“
  • “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılışı keçirildi
    Yanvarın 22-də Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılış mərasimi keçirildi. Sərgi dövlət başçısı tərəfindən elan edilən “Nizami Gəncəvi İli”nin açılış tədbiri kimi əlamətdar idi. Tədbir çərçivəsində həmçinin Yevgeni Bertelsin ingilis dilində Londonda nəşr olunan “Böyük Azərbaycan şairi Nizami” kitabının və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab-kataloqunun təqdimatı keçirildi. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan kitabxananın direktoru, professor Kərim Tahirov ötən illərdə rəhbərlik etdiyi mədəniyyət ocağında “Multikulturalizm ili“, “Nəsimi ili“, “İslam həmrəyliyi ili” çərçivəsində müxtəlif mərasimlərin təşkil olunduğunu bildirdi. Qeyd etdi ki, bugünkü tədbir dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunub. Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Əlamətdar il ərzində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dahi Nizaminin dünya kitabxanalarında mühafizə olunan əlyazmalarının surətlərinin ölkəmizə gətirilməsi diqqət mərkəzində olacaq. *     *     * Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin, elm və ədəbiyyatının inkişafını diqqətdə saxladığını dedi. Qeyd etdi ki, dövlət başçısı tərəfindən  2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili”, 2019-cu ilin “İmadəddin Nəsimi ili” elan edilməsi, həmçinin görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması ümumilikdə mədəniyyətimizə böyük qayğının təzahürüdür. 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması da bu ənənənin əyani nümunəsidir. Əksər tədbirlərin həm də UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə malikdir. Nazir bildirdi ki, Nizaminin anadan olmasının 800 illik yubileyi 1941-ci ildə, 840 illik yubileyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 870 illik yubileyi 2011-ci ildə geniş miqyasda və UNESCO səviyyəsində qeyd olunub. Bu il də dünya şöhrətli şair və mütəfəkkirin 880 illik yubileyi respublikamızla bərabər, UNESCO-da və bir sıra xarici ölkələrdə, habelə TÜRKSOY çərçivəsində qeyd olunacaq. Anar Kərimov vurğuladı ki, “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində son iki ildə 53 qiymətli əlyazmanın elektron və kağız surətlərinin ölkəmizə gətirilməsi təmin olunub: “Türkiyə, İran, Misir, ABŞ, Avstriya, Bosniya, Çexiya, Rusiya və digər ölkələrin milli kitabxanalarında saxlanılan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Sahib Təbrizi və başqa klassiklərimizə aid qiymətli əlyazmalar vətənə gətirilib. Həmin əlyazmaların içərisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu günədək Azərbaycan elminə məlum olmayan qiymətli əlyazmaları da var. İnanırıq ki, həmin əlyazmalar alimlərimiz tərəfindən geniş tədqiq olunacaq və onların müəlliflərinin dünya ədəbiyyatı klassiklərinin sırasında öz yerlərini daha da möhkəmləndirməsində əhəmiyyətli rol oynayacaq. Bu il “Nizami ili“ olduğuna görə biz dahi şairin əlyazmalarının surətlərinin Azərbaycana gətirilməsinə daha çox diqqət yetirəcəyik. Nizami haqqında və onun əsərlərindən ibarət çoxlu sayda kitab çap olunacaq”. Nazir böyük rus şərqşünası Yevgeni Bertelsin təqdim edilən “Böyük Azərbaycan şairi Nizami” kitabı haqqında məlumat verdi. Bildirdi ki, kitab məşhur Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi İdarə heyətinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz xanım Paşayevanın təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində həmin Mərkəz tərəfindən nəfis şəkildə nəşr olunub: “İnanıram ki, nizamişünaslığa böyük töhfə olan bu kitab Nizami yaradıcılığının dünya miqyasında daha geniş tanıdılmasında da əvəzsiz rol oynayacaq”. Anar Kərimov Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycan nəfəsli əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloq haqqında danışarkən qeyd etdi ki, bu nəşr də “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində reallaşıb: “Kataloqda əksini tapan bir sıra əlyazmalarımızın, o cümlədən Nizami Gəncəvi “Xəmsə”sinin XIV-XV əsrlərə aid ən qədim əlyazmalarının da adı var. Çox təəssüf ki, onların əksəriyyəti bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında əksini tapmayıb. Bu səbəbdən də alim və mütəxəssislərimiz tərəfindən tədqiq edilməyib. Əminəm ki, Milli Kitabxanamız bu kataloqda əhatə olunan əlyazmaların elektron surətlərinin Azərbaycana gətirilməsinə nail olacaq və onları mütəxəssislərimizin istifadəsinə təqdim edəcək”. Anar Kərimov çıxışının sonunda “Nizami Gəncəvi İli” münasibətilə bütün ədəbiyyatsevərləri təbrik etdi. *     *     * Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söylədi ki, bu il “Nizami ili“ ilə yanaşı, Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri də keçiriləcək. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Xalq yazıçısı Elçin, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Xalça Muzeyinin direktoru Şirin Məlikova və Yazıçılar Birliyinin katibi, “525-ci qəzetin”in baş redaktoru Rəşad Məcid çıxışlarında “Nizami ili”nin əhəmiyyətindən və dahi şairin bənzərsiz irsindən bəhs etdilər. Daha sonra “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda virtual sərgi nümayiş olundu. Sonda Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmov Nizami Gəncəvinin şeirlərindən nümunələr səsləndirdilər.
  • “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji abidələr aşkar edilib
    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı, təbliği, tədqiqi və ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə görülən tədbirlər çərçivəsində ötən ilin dekabr ayından Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilməsinə başlanılıb. Yolun inşası zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılmışdır. Aparılan arxeoloji tədqiqat və xilasetmə işləri zamanı inşa edilən yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkar edilmişdir. Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparıldı. “Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkar edilmişdir. İkinci kurqanda daş örtüyü altında, təqribən 1.2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və “o dünyaya yolda azuqəlik” kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınmışdır. “Karvandərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılmışdır. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinmişdir. Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub. Ərazidən toplanmış keramik materialın fraqmentləri, həmçinin, sitayiş daşının analogiyası qeyd olunan tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə (e.ə II minilliyin sonu I minilliyin əvvəlinə), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir. Tapıntılardan radiokarbon və izotop analizlər üçün nümunələr seçilmişdir. Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.
  • “Qorqudnamə” kitabının təqdimat mərasimi keçirilib
    Yanvarın 21-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyənin tanınmış şairi, tədqiqatçı və tərcüməçi Kənan Çarboğanın “Qorqudnamə” kitabının təqdimat mərasimi keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi ilə reallaşan təqdimatda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, üzv ölkələrin səfirləri və tanınmış ədəbiyyat və elm xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq qonaqları salamlayıb. Bildirib ki, türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə toplantısı çərçivəsində 14 oktyabr 2019-cu il tarixində Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə qurumun binasının açılışı keçirilib: “Həmin gündən sonra biz düşünürdük ki, burada bir-birindən maraqlı tədbirlər keçirəcəyik. Təəssüflər olsun ki, pandemiya buna imkan vermədi. Artıq yavaş-yavaş karantin qaydalarında yumşalma gedir. Düşünürəm ki, yaxın zamanlarda yeni tədbirlərimiz baş tutacaq”. Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, 2020-ci il Azərbaycanın dövlətçilik tarixinə unudulmaz təqvim ili kimi yazılıb: “Məhz 2020-ci ildə Azərbaycanın suverenliyi, coğrafi və mədəni bütövlüyü bərpa olundu. Şanlı Azərbaycan Ordusu mədəniyyət beşiyimiz olan Şuşa şəhərini işğaldan azad etdi. Vətən müharibəsi zamanı Azərbaycanın haqq savaşında başda Türkiyə olmaqla bütün türk dövlətləri mənəvi həmrəylik göstərdi”.  “Qorqudnamə” kitabı haqqında fikirlərini bölüşən nazir bildirib ki, şair Kənan Çarboğa əsəri türk dünyasının ortaq ədəbiyyat və mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı əsasında qələmə alıb. “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, bu dastanın vətəni Azərbaycandır”. Anar Kərimov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı şəhərində Dədə Qorqud parkı salınıb, parkın ərazisində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Nazir həmçinin Prezident İlham Əliyevin bu il Şuşada Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verdiyini söyləyib: “Biz artıq bununla bağlı işlərə başlamışıq. Həmin tədbirə şair Kənan Çarboğanı da dəvət edəcəyik. Mən ümid edirəm ki, Qarabağ torpağı onun yeni əsərlər yazmasına ilham qaynağı olacaq”. Anar Kərimov çıxışının sonunda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Daha sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər. Qeyd edək ki, TÜRKSOY-un dəstəyi ilə nəşr edilən kitabın ilk rəmzi təqdimatı yanvarın 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli şəhərinə səfəri zamanı – ermənilər tərəfindən dağıdılmış “Araz” qəzeti redaksiyası binasının qalıqları önündə keçirilmişdi.
  • “Oxunan hər kitab nurlu sabahdır” adlı kitabbağışlama aksiyasına başlanılıb

    F.Köçərli adına Respublika Uşaq Kitabxanası Kitab Bağışlama Günü ilə əlaqədar yanvarın 21-dən fevralın 11-dək “Oxunan hər kitab nurlu sabahdır” adlı kitabbağışlama aksiyasına başlayıb.

    Aksiyanın keçirilməsində məqsəd erməni terroruna məruz qalmış Gəncə, Bərdə, Tərtər rayonlarında yaşayan uşaq və yeniyetmələrə kitab töhfəsi etmək, gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, mütaliyəyə həvəs oyatmaq və hədiyyə qismində məhz kitabın seçilməsi ənənəsini təbliğ etməkdir.

    Ətraflı məlumat əldə etmək və aksiyaya qoşulmaq üçün İnfo@clb.az, ushaqkitabxanasi@gmail.com və childibbaku@yahoo.com elektron poçt ünvanlarından birinə müraciət etmək və ya (+994 12) 597-08-79 nömrəsinə zəng vuraraq əlaqə saxlamaq olar.

  • Qastronomiya turizminin inkişafı üçün “Milli dadlar” konsepsiyası hazırlanır

    Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə qastronomiya turizminin inkişafı üçün “Milli dadlar” konsepsiyasının hazırlanması işinə start verilib.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, layihənin əsas məqsədi qastronomiya turizminin inkişafına nail olmaq, tarixi milli mətbəx nümunələrinə, onların hazırlanma və təqdim edilmə ənənələrinə yenidən həyat verib, yerli və əcnəbi turistlərə çatdırılmasına dəstək verməkdir.

    Azərbaycan Turizm Bürosu unudulmuş və ya unudulmaq təhlükəsi olan milli mətbəximizə məxsus nümunələrin vahid mənbədə toplanması işinə dəstək verilməsi üçün “millidadlar.az” onlayn portalını təqdim edir.

    Azərbaycan Turizm Bürosu bu sahədə məlumatlı olan hər kəsi portalda qeyd edilən qısa suallara cavab verməklə ölkəmizin milli mətbəx nümunələrinin, qastronomiya ənənələrimizin qorunub saxlanılması və beynəlxalq tanıdılması işinə dəstək olmağa çağırır.

    Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda “Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

    Layihə çərçivəsində ölkəmizin zəngin kulinariya potensialının dərin etnoqrafik köklərə malik olması nəzərə alınaraq Bakı-Abşeron, Quba-Qusar, Şəki-Zaqatala, Cənub regionu, Naxçıvan Muxtar Respublikası, Gəncə-Qazax, Qarabağ, Dağlıq Şirvan, Kəlbəcər-Laçın və Aran bölgələrindən olan milli mətbəxə məxsus müxtəlif nümunələr haqqında məlumatlar toplanılıb. Elmi materiallardan və birbaşa yerli əhalidən əldə olunan informasiyalar əsasında Azərbaycan üzrə 900 ədəd nümunə pasportun işlənib hazırlanması nəzərdə tutulur.

    Nümunə pasportda qida və inqrediyentin tərkib hissələri və görünüşü kimi məlumatlarla yanaşı, onun mədəni, tarixi, müalicəvi əhəmiyyəti və turizm marketinqi istiqamətində uyğunluğunun qeyd edilməsi nəzərdə tutulub.