Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

    Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iclası açan komitə sədri Qənirə Paşayeva deputatlara qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun 30 ildən sonra torpaqlarımızı düşmən tapdağından azad etməsinin xalqımızın tarixi zəfəri olduğunu vurğulayıb, bu münasibətilə həmkarlarını bir daha təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

    Sonra Qənirə Paşayeva 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, hesabat dövründə komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib ki, onlardan ən vacibi “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna edilən dəyişikliklərdir. Komitə sədri hesabat dövründə komitədə görülən işlərlə bağlı geniş məlumat verib, deputatların ölkə gündəmində baş verən hadisələrə, işğaldan azad olunmuş ərazilərimizdə mədəniyyət abidələrimizin, maddi-mənəvi irsimizin məhv edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqelərini yüksək dəyərləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı dəfələrlə belə faktlarla bağlı deputatlar tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciətlər ünvanlanıb.

    Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-nin araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı təşkilatlardan və insanlardan alınan 200-ə qədər məktubun komitədə araşdırıldığını, onlardan bir çoxunun artıq öz müsbət həllini tapdığını diqqətə çatdırıb.

    Hesabat məqbul hesab edildikdən sonra onlayn iclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək. Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, Prezident İlham Əliyevin işğaldan azad edilən Şuşa şəhərini Azərbaycan Mədəniyyət Paytaxtı elan etməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Festivalının və payız aylarında Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami İli” elan olunması ilə bağlı mühüm layihələr hazırlanır. Komitə sədri bu layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.

    Sonra komitənin iş planı təsdiqlənib.

    Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bu sənədin qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətli olacağı vurğulanıb.

    Sonra komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Qənirə Paşayeva bildirib ki, təklif edilən dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub.

    Komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə Ağayeva, Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Mixail Zabelin müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, kino və teatr sənətinin, rəssamlığın inkişafı, yaradıcı insanlara diqqətin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

    Hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

  • “Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb

    “Ulduz” jurnalının 2021-ci il üçün ilk, yanvar nömrəsi işıq üzü görüb.

    “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn jurnalın bu nömrəsi poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş xüsusi buraxılışdır.

    Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır.

  • Heydər Əliyev Sarayı yeni “Bizi də tanıyın” layihəsinə start verib

    Heydər Əliyev Sarayı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı layihəni təqdim edib.

    İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov olan bu layihənin həyata keçirməsində məqsəd gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim edilməsidir.

    Layihəyə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri qatılıb. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim ediblər. Pandemiyadan sonrakı dönəmdə layihəyə Respublika regional musiqi məktəbləri sagirdlərinin də cəlb olunması nəzərdə tutulur. Çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə təbliğ olunacaq.

  • Şair-publisist Dəyanət Osmanlının “Həsrətin həzzi” kitabı nəşr olunub

    Azərbaycan Yazıçılar Birliyinin “AYB Kitab” layihəsi çərçivəsində tanınmış şair-publisist Dəyanət Osmanlının “Həsrətin həzzi” adlı yeni şeirlər kitabı çap olunub.

    Nəşrdə müəllifin yaradıcılığında üstünlük verdiyi milli-ictimai məzmunlu şeirlər və 15 sentyabr Bakının daşnak işğalından azad edilməsinə həsr olunmuş “İt nəfsi”, həmçinin “Çörək ağacı” poemaları yer alıb.

    Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çap olunan kitabın “Ön söz” müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayeva, layihənin rəhbəri isə Xəyal Rzadır.

  • Beynəlxalq tədbirdə Nizami Gəncəvi irsinin təbliğində Ədəbiyyatı Muzeyinin rolundan danışılıb

    Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin müdiri Tomris Babanlı “Nizami Gəncəvi – dünya ədəbiyyatının incisi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada iştirak edib. Ölkənin bir sıra elm və təhsil müəssisələrinin nümayəndələrinin, eləcə də dünya miqyaslı alimlərin təmsil olunduğu videokonfrans Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

    Bu barədə Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, beynəlxalq tədbirdə Tomris Babanlı “Nizami Gəncəvi irsinin təbliğində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, muzeyin həm milli ədəbiyyatı tədqiq etmək, həm də bu ədəbiyyatın yaradıcılarının irsini geniş auditoriyaya çatdırmaq vəzifəsinin mərhələlərindən bəhs edib. Bildirib ki, klassik Yaxın və Orta Şərq fəlsəfi fikrinin, bədii-estetik düşüncə tərzinin nümayəndəsi kimi Nizami şəxsiyyəti və irsini dünya ictimaiyyətinə tanıtmaq muzey izahatçılarının ən ümdə və şərəfli vəzifəsidir.

    Tədbirdə, həmçinin mərkəzin dərnək üzvlərinin ifasında şairin şeirləri səsləndirilib, Nizami Gəncəviyə həsr olunmuş "Nizami yaradıcılığı və bədii sənət", "Dünya şöhrətli Nizami" adlı videoçarxlar nümayiş etdirilib.

  • UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycan inciləri haqqında növbəti informasiya məktubu hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın incilərindən tar və tarçılıq sənəti, lavaş, xalçaçılıq və s. ilə bağlı informasiya məktublarını sosial şəbəkələrə təqdim edib.

    Mədəni irsimizi tanıtmaq məqsədilə növbəti informasiya məktubu virtual izləyicilərə təqdim olunub. İnformasiya məktubu “İçərişəhər”, “Qız qalası” və “Şirvanşahlar sarayı” mövzularını əhatə edib.

    Qeyd edək ki, 2000-ci ilin noyabr ayında UNESCO-nun Avstraliyanın Kerns şəhərində keçirilmiş XXIV sessiyasında “İçərişəhər” “Şirvanşahlar sarayı” və “Qız qalası” abidələri ilə birgə Dünya İrsi siyahısına daxil edilib. Bu mühüm addım xalqımızın qədim, dünya mədəniyyəti, incəsənəti tarixində əhəmiyyətli yer tutan abidələr sırasına düşmüş nadir sənət incilərimizi – “Qız qalası”nı və “Şirvanşahlar” sarayı kompleksini bir daha dünyaya tanıdıb.

    Hazırlanmış informasiya məktubunda İçərişəhərin tarixi, 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış Qız qalasının təsviri, Şirvanşahlar sarayının minarə təsviri və tarixi haqqında məlumatlar toplanıb.

  • Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq

    Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

    Konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcəkdir.

    Konsert “SS Production” şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

    İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaqdır. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

    Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15 -də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

  • ICESCO-nun Baş direktoru mədəni irs təşkilatlarını sıx əməkdaşlığa çağırıb

    İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının Baş direktoru Salim bin Məhəmməd əl-Malik mədəni irsin qorunması ilə məşğul olan təşkilatları, həmçinin bu sahədə fəaliyyət göstərən səlahiyyətli strukturları müxtəlif sivilizasiya və xalqlara məxsus olan tarixi-mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlığa çağırıb. O, maddi və qeyri-maddi mədəni irsin mühafizə edilməsini ölkələrin dayanıqlı inkişafının əsas amillərindən biri kimi xarakterizə edib.

    Baş direktor müxtəlif xalqlara və dinlərə məxsus olan abidələrin ekspertizası üzrə ICESCO-nun hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. ABŞ Dövlət Departamentinin dəstəyi ilə keçirilən “Tarixi yaddaşın qorunub saxlanılması və qarşılıqlı zənginləşmə üçün transmissiyası” mövzusunda videokonfransda çıxış edən təşkilatın rəhbəri qeyd edib ki, nüfuzlu beynəlxalq təşkilatlar tarixi abidələrin bərpası üzrə də birgə layihələr həyata keçirə bilər. ICESCO-nun nəzdində İslam Dünyası İrsi Komitəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran əl-Malik vurğulayıb ki, bu komitə İslam ölkələrində xristian və yəhudi abidələrinin də qeydə alınması missiyasını həyata keçirir. Onun sözlərinə görə, yaxın illərdə qədim irs abidələrinin daha geniş siyahısı tərtib ediləcək.

    ICESCO-nun Baş direktoru bildirib ki, maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində əməkdaşlıq təşkilata üzv ölkələrdə yaşayan və müxtəlif dinlərin mənsubları olan insanların dinc yanaşı yaşaması üçün də mühüm töhfədir.

  • Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib
    Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə professor Çingiz Fərzəliyev, həmçinin türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə beynəlxalq “Atatürk mükafatı”na layiq görülüb. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ali məqsədi türk dili, mədəniyyəti, tarixi və ədəbiyyatını bütün dünyada təşviq etməkdir. Akademiya 30-dan çox ölkədə tanınmış universitetlər, elmi-tədqiqat institutları, müxtəlif fond və qurumlar ilə qarşılıqlı əlaqələr qurub. Akademiyanın ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Niderland Krallığı, İran, Rusiya Federasiyası, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çində rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Bu günə kimi türk dünyasının, eləcə  də digər ölkələrin yüzdən çox məşhur ziyalısı akademiyanın fəxri ad və beynəlxalq mükafatlarına layiq görülüblər. Türk dünyasının məşhur simaları – Süleyman Dəmirəl, Nursultan Nazarbayev, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları akademiyanın fəxri ad və medalları ilə təltif olunublar. Azərbaycanın görkəmli alimləri, o cümlədən Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Elbay Qasımzadə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvləridir.
  • Xalq artisti Eldar Quliyevə
    Hörmətli Eldar müəllim! Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm. Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur. Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır. Ən xoş arzularla,   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 yanvar 2021-ci il.