Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Misirdə gənc qız gözəllik müsabiqəsində “Qarabağ” mahnısının sədaları altında rəqs edib

    Hurqada kurort şəhərində ABŞ, Rusiya, Kanada, Filippin, Niderland, Hindistan, Albaniya və Misir nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Gözəllik Müsabiqəsinə qatılan Sandi Əl Nanay Azərbaycan bayrağı və “Qarabağ” mahnısının sədaları altında rəqs edib. “Miss İnternational Multimedia” nominasiyası üzrə qalib olan yeniyetmə qızın Azərbaycan milli geyimində gözəl ifası tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

    Atası misirli, anası isə azərbaycanlı olan Sanidinin “Talant şou” nominasiyasında ifası rəğbətlə qarşılanıb. Lakin münsiflər heyəti bu nominasiyada ona aşağı bal verib və bunun səbəbini guya “Qarabağ”ın siyasi mahnı olması ilə izah edib. Ana Vətəninə ülvi hisslər bəsləyən yeniyetmə qız isə jurnalistlərin jürinin bu iradından məyus olması ilə bağlı sualına cavabında bildirib ki, ona ikinci şans verilsə, yenə də doğma Azərbaycanın incisi olan Qarabağ haqqında mahnının sədaları altında rəqs edərdi. O, müsahibəsinə “Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan” sözləri ilə yekun vurub.

    Misirin nüfuzlu “Yom Əl Sabah” qəzeti də müsabiqədən sonra dərc etdiyi geniş məqalədə rəssam, pianoçu, poliqlot və ixtiraçı olan istedadlı yeniyetmə qızın vətənpərvərliyindən bəhs edib.

    Sandi və ailə üzvləri, eyni zamanda, Misirdəki Azərbaycan diasporunun da fəaliyyətində yaxından iştirak edirlər.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Korkutname” kitabının təqdimatı keçirilib

    Yanvarın 21-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda TÜRKSOY tərəfindən nəşr olunun Türkiyənin milli şairi Kənan Çarboğanın “Korkutname” kitabının təqdimatı keçirilib.

    Kitab türk dünyasının ortaq irsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə alınıb.

    Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, rəhbərlik etdiyi təşkilatın binasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında daimi istifadəyə verildiyini bildirib. Fondun prezidenti binanın rəsmi açılışının 2019-cu il oktyabrın 14-də Türkdilli ölkələrin Dövlət Başçılarının VII Zirvə toplantısı çərçivəsində Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin və türkdilli beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə həyata keçirildiyini qeyd edib.

    Günay Əfəndiyeva tədbir iştirakçılarını Azərbaycanın əzəli torpaqlarının geri qaytarılması ilə əldə olunan tarixi Qələbə münasibətilə təbrik edib və bu qələbənin yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına fəxarət hissi bəxş etdiyini vurğulayıb. O, həmçinin keçən ilin sonunda Azərbaycanın işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Natiq bildirib ki, Türk Şurasının Baş katibi Bağdad Amrayev və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun Azərbaycana səfəri çərçivəsində üç türkdilli beynəlxalq təşkilatın rəhbərləri bir sıra yüksək səviyyəli görüşlər keçirib, mühüm mövzularda müzakirələr aparıblar.

    Fondun prezidenti Türk Şurasının, TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərlərinin və nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad olunan Füzuli və Ağdam rayonlarına səfər etdiyini bildirib. Günay Əfəndiyeva Azərbaycanın tarixi şəhərlərindən və qədim mədəniyyət mərkəzlərindən olan Ağdamın erməni vandalizminin qurbanı olduğunu, Füzulinin isə tamamilə dağıdıldığını qeyd edib.

    Fondun prezidenti bildirib ki, “Korkutname” kitabının ilkin təqdimatı Füzuli şəhərində keçirilib. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov kitabı Füzulinin işğaldan azad olunması münasibətilə Fonda hədiyyə edib. “Beləliklə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəhbər səviyyəsində Azərbaycanın bu qədim torpaqlarına ilk qədəm qoyan, TÜRKSOY isə ilk təqdimat mərasimi keçirən təşkilatlardır”,- deyə Günay Əfəndiyeva vurğulayıb.

    Fondun prezidenti bu kitabın Füzulidə təqdimatının simvolik məna daşıdığını, türk dünyasının birliyini təcəssüm etdirən Dədə Qorqudun nəsihətləri ilə iki qardaş təşkilatın həmrəyliklərini bir daha nümayiş etdirdiyini bildirib. “Kitabın ön sözü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur və bu da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha göstərir”, – deyə G.Əfəndiyeva qeyd edib.

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovu belə önəmli tədbiri təşkil etdiklərinə görə təbrik edib və bunun rəmzi məna daşıdığını vurğulayıb.

    Mədəniyyət naziri 2020-ci ilin müstəqil Azərbaycan Respublikasının, eyni zamanda, Azərbaycan xalqının dövlətçilik tarixinə ən unudulmaz və əlamətdar təqvim kimi həkk olunduğunu söyləyib. Azərbaycanın suverenliyinin bərpa olunduğunu, mədəni bütövlüyünün, coğrafi tamlığının təmin olunduğunu qeyd edən

    Anar Kərimov deyib: “Təsadüfi deyil ki, türk folkloru tarixinin ifadə forması məhz dastan yaradıcılığıdır. İkinci Qarabağ müharibəsində Azərbaycanın apardığı haqq savaşında başda Türkiyə Cümhuriyyəti olmaqla bütövlükdə türk dünyası mənəvi həmrəylik göstərdi. Bərpa edəcəyimiz Qarabağda bu il Vaqif poeziya günlərini keçirəcəyik və bu ədəbiyyat festivalına əziz şairimiz Kənan Çarboğanı xüsusi dəvət edirik. Kənan Çarboğanın qələmə aldığı və TÜRKSOY-un dəstəyilə nəşr olunmuş “Korkutname” kitabı son 10 ildə işıq üzü görmüş xüsusi əhəmiyyətə malik kitablardan biridir. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan və digər türk xalqlarının ədəbi abidəsidir. Bu dastan tariximizin, milli kimliyimizin təzahüründə son dərəcə etibarlı və mötəbər mənbədir”.

    Nazir, ulu öndər Heydər Əliyevin bu dastan haqqında söylədiklərini xatırladıb: “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur. Onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır”. Bildirilib ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən Bakı şəhərində 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb, parkın mərkəzində Dədə Qorqud abidəsi ucaldılıb. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

    Kənan Çarboğan tərəfindən dastanın 12 boyunun kəlmə-kələmə nəzmə çəkilməsi türk mədəniyyətinə təqdirəlayiq bir töhfədir. Kənan Çarboğanın ömrünün 10 ilini bu işə həsr etməsi onun bədii yaddaşımıza ehtiramıdır, sevgisidir, hətta bir yazıçı kimi öz soykökünə bağlılığıdır.

    Anar Kərimov çıxışının sonunda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

    TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxış edərək, tədbir iştirakçılarını Şanlı Qələbə münasibətilə təbrik edib, hər kəsi “Korkutnamə” kitabının təqdimatında görməsindən şad olduğunu bildirib. Baş katib mərasimin Bakıda- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilməsindən böyük məmnunluq duyduğunu qeyd edib. Kitab haqqında məlumat verən Düsen Kaseinov Türk Dünyasının ortaq dastanı olan Dədə Qorqudun ədəbiyyat xəzinəsinin zəngin sərvətlərindən olduğunu vurğulayıb.

    Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək belə tədbirlərin keçirilməsinin önəmindən danışıb, tarixi yazılı abidə olan “Kitabi-Dədə Qorqud”la bağlı fikirlərini bölüşüb və bu istiqamətdə daha geniş tədqiqatların aparılmasının, gənclərin bu sahənin dərindən öyrənilməsinə cəlb olunmasının vacibliyindən söz açıblar.

    Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

  • Xalq artisti Murad Hüseynovun beynəlxalq festivalda iştirakı Çin mətbuatında geniş işıqlandırılıb

    Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynovun XXI “Pekində görüş” Beynəlxalq Festivalında iştirakı Çin mətbuatında geniş işıqlandırılıb. Beynəlxalq Sənət Festivalının kataloqu azərbaycanlı sənətçi haqqında xüsusi məqalə dərc edib, Xalq artistinin festivalda iştirakı ilə bağlı videoçarx təqdim olunub.

    Murad Hüseynov festivalda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcək. Bütün dünyanın maraqla izlədiyi festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunacaq. Murad Hüseynovun “Pekində görüş” festivalında iştirakı Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşır.

    Festivalın təşkilat komitəsinin yaydığı məlumatda bildirilib ki, Xalq artistinin çıxışı 29 yanvar-4 fevral tarixlərində nəzərdə tutulub.

    Qeyd edək ki, "Qış ehtirası, onlayn sənətlər, klassiklər yaddaşda" adlanan "Pekində görüş" festivalında 24 ölkədən sənət qruplarının səhnələşdirdiyi 42 tamaşa nümayiş olunacaq. Festivalın rəsmi saytında bildirilir ki, bunların arasında 31 onlayn şou və 11 teatr tamaşası olacaq. Festival ayrıca Qış Olimpiya mövzulu bir sıra mədəni fəaliyyətləri, altı sənət sərgisini və sənət forumlarını da əhatə edəcək.

  • Azərbaycanda onlayn formatda Böyük Britaniya film festivalı başlayır

    Yanvarın 22-dən fevralın 22-dək Azərbaycanda onlayn formatda Böyük Britaniya Film Festivalı keçiriləcək.

    Tədbir Mədəniyyət Nazirliyi, "British Council" və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə reallaşacaq.

    Festival altıncı dəfə olmaqla "CoolConnections" incəsənət birliyi tərəfindən yaradılmış onlayn platformada keçiriləcək. Bütün filmlər Azərbaycan dilində alt yazıların müşayiəti ilə ingilis dilində nümayiş etdiriləcək. Böyük Britaniya Film Festivalına onlayn qeydiyyat bu gündən başlayacaq.

    Bu il 16 fərqli ilhamverici film: “Yırtıcı” (Ən yaxşı Böyük Britaniya Filmi kateqoriyasında BAFTA mükafatı namizədi), “Səma üçün” (Ən yaxşı sənədli film kateqoriyasında BAFTA mükafatı sahibi), “Kişilərlə üzmək”, “Sıxışdırılmış”, “Makiyaj”, “Rey və Liza”, “Mükəmməl onluq”, “Çəhrayı divar”, bundan əlavə, BAFTA ən yaxşı qısametrajlı film kateqoriyasında namizəd kimi, mükafata layiq görülmüş 8 qısametrajlı film nümayiş etdiriləcək.

  • “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” respublika baxış-müsabiqəsinə başlanılıb

    Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə start verilib. Müsabiqə martın 18-dək davam edəcək.

    Nazirlikdən bildirilib ki, müsabiqənin məqsədi uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

    Müsabiqənin Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri və respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulur. İki mərhələdə təşkil olunan müsabiqə “Rəsm” və “Əl işləri” nominasiyalarında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) keçirilir. Müsabiqəyə qatılan təhsil müəssisələri hər yaş qrupu üzrə yalnız 1 rəsm və 1 əl işi təqdim etməlidir.

    “Rəsm” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

    -Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

    -Rəsmlərin işlənmə texnikası sərbəstdir;

    -Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır.

    “Rəsm” nominasiyası üzrə işlər fevralın 18-dək ugim2@list.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Rəsm” nominasiyası ilə əlaqədar (+994) 55-540-08-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

    “Əl işləri” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

    - Dahi şairin əsərlərini özündə əks etdirən işlər muncuq, toxuma, kağız və ağac əl işləri, oriqame, dulusçuluq, nitkoqrafiya (sapla əl işləri) ilə hazırlanmalıdır;

    - Əl işlərinin şəkilləri göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;

    -Bir iştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər.

    “Əl işləri” nominasiyası üzrə işlər də fevralın 18-dək 2-ugim@mail.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Əl işləri” nominasiyası ilə əlaqədar (+994 55) 232-31-73 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

    Qalib işlər fevralın 18-dən martın 18-dək keçiriləcək yekun mərhələdə münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qalibləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq.

  • Hazırda ölkədə 32 milyon kitabxana fondu olan 2927 kütləvi kitabxana mövcuddur

    Azərbaycanda kütləvi kitabxana, klub müəssisəsi, muzey, peşəkar teatr, mədəniyyət və istirahət parklarının sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda ölkədə 32 milyon kitabxana fondu olan 2927 kütləvi kitabxana mövcuddur.

    O cümlədən ölkədə 2244 klub müəssisəsi, 239 muzey, 29 peşəkar teatr və 349 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

     

  • Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: Müqəddəs Məryəm Ana Katolik Kilsəsi
    Müqəddəs Məryəm ana katolik kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsi inşa edilmişdi (memarı İ.K.Ploşko). Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşmışdır. 7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.
  • Şəhid ailələrinə və qazilərə qayğı göstərilir
    2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində  müzəffər Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazandı. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşda iştirak etmək üçün, minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılmış və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunmuşdu. Tarixi Zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Azərbaycan mədəniyyətinə xidmət etmiş bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.  Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib. Bir daha Uca Tanrıdan işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Dünyada ən böyük nemət olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Şəhid ailələri və qazilərimizə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.
  • Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsinin  qalibləri müəyyənləşdi
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri müəyyənləşib. Müsabiqəyə 321 əsər təqdim edilib. 53 əsər müsabiqə qaydalarına cavab vermədəyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə gönədərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb. Müsabiqədə “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnmişdir. Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib. “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.   “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında Esse janrı üzrə Ramil Əhməd “Şuşaya məktub” Mina Rəşid “Vermərəm Qarabağı!” Cəlil Cavanşir “Nostalgiyanın sonu: Biz qayıdırıq” Hekayə janrı üzrə Fərhad Kərimli “Bir qucaq torpaq” Sevinc Nuruqızı “Ölərəm dərdindən, onu bil!” Təvəkgül Boysunar “Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar” Poeziya janrı üzrə Balayar Sadiq “Şəhid məktubu” Akif Azalp “Şəhid öygüsü” Elçin Mirzəbəyli “Azərbaycan əsgəri!”   “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında Esse janrı üzrə Müzəffər Müzəffərli “Üzümüzü ağ edən Qarabağ” Elgiz Abbasov “Sen gedəli...” Fidan Gözəlova “Qarabağ Azərbaycandır!” Hekayə janrı üzrə Tural Azimzadeh “Bozdar əfsanəsi” Gülmirə Məmmədova “Snayper” Şəbnəm Türbəndəzadə “Gopçu Mahir” Poeziya janrı üzrə Yusif Ərəbsoy “Zəfər simvolu” Mülayim Hümmətova “Atalar və oğullar” Qabil Əliyev “Çoxdandı Qarabağa belə payız gəlmirdi”   “10-15 yaş arası uşaqlar” kateqoriyasında Esse janrı üzrə Dilbər Rəfi “Qarabağdan namə” Alpaslan Cahangir “Qarabağdan namə” İsmayıl Qululu “Qarabağdan əsgər naməsi” İsmayıl Miryusifzadə “Qarabağ” Zəhra Rzayeva “Qarabağdan namə” Hekayə janrı üzrə Abdullah Hüseynli “Kaş ki, yuxum çin olaydı” Mömünəxatun Məmmədova “Coşqun dəniz” Aysu Əlisoy “Nə gözəldir ölmək bizə sevgili Vətən üçün” Ömər Məmmədzadə “Sadəcə Elnur” Səma Quliyeva “Ana, zəfər bizimdir” Poeziya janrı üzrə Ayan Əlyarlı “Şəkillərdən gördüyüm Qarabağ” Nəzrin Cəlilova “Gəlin gedək Qarabağa” Sadiq Qəzənfərli “Azəri oğlu” Yeva Fərəcova “Vətən” Sevindik Əliyev “Zəfərin nişanəsi”   Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500 (bir min beş yüz), “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 (səkkiz yüz) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.  “10-15 yaş arası uşaqlar” kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə bir illik ödənişsiz ziyarət kartı təqdim ediləcək. Qısa müddət ərzində qaliblərin mükafatlandırılması Azərbaycan Respublikasında elan olunmuş xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.
  • “Netflix” yayım şirkətinin auditoriyası rekord həddə çatıb

    Ötən ilin nəticələrinə görə “Netflix” yayım şirkətinin auditoriyası rekord həddə çataraq 200 milyondan çox abunəçi toplayıb.

    qazeta.ru saytına istinadla xəbər verir ki, striminq platformasının əldə etdiyi uğura COVID-19 pandemiyası, orijinal kontent həmçinin “Korona” və “Kraliçanın gedişi” serialların nümayişi səbəb olub.