İspaniya Krallığının Madrid şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 113-cü sessiyası keçirilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, 35-dən çox ölkədən 150-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İki gün davam edən sessiya çərçivəsində pandemiya ilə əlaqədar yaradılmış Qlobal Turizm Böhranı Komitəsinin görüşünün keçirilməsi, postpandemiya dövründə turizmin bərpası, ölkələrarası təhlükəsiz və maneəsiz səyahət üçün ümumi addımların atılması kimi məsələlər müzakirə edilib.
Sessiya zamanı İspaniya Kralı VI Filip iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Həmçinin tədbir iştirakçılarının İspaniyanın Baş naziri Pedro Sançeslə də görüşü keçirilib. Sessiya çərçivəsində 2022-2025-ci illər üçün Ümumdünya Turizm Təşkilatının baş katibi vəzifəsinə yenidən təşkilatın hazırkı baş katibi Zurab Pololikaşvili seçilib.
Hərənin öz qisməti, taleyi olan bu həyatda onun öhdəsinə bəstəkarlıq missiyası düşmüşdü. Yaşadığı acılı-şirinli günlərinə, keşməkeşli ömür yoluna baxmayaraq, o, heç vaxt sənətindən küsməmiş, yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi.
Yanvarın 21-i görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın anadan olmasından 97 il ötür.
O, 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.
İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksək insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Təsadüfi deyil ki, Şəfiqə Axundovanın əsərləri milli musiqi və professional bəstəkarlıq ənənələrini özündə birləşdirir. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. “Gəlin qayası” operasında klassik musiqi ilə muğamın qovuşması Üzeyir Hacıbəyli üslubunun saxlanmasını bir daha təsdiq edir. Operada ariyalarla yanaşı, muğam parçalarının da səslənməsi bəstəkarın xalq musiqisini mükəmməl bilməsindən irəli gəlir və əsərə uğur qazandırır.
Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir. Onun “Sənin nəğmən”, “Çinar və mən”, “Həyat, sən nə şirinsən?!”, “Sular qızı”, “Ötür illər”, “Nədən oldu”, “Bu torpağa borcluyam”, “İlhamını alar aşiq”, “Doğma diyarım”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Gəl, ey səhər”, “Mehriban olaq”, “Yaşatdın elləri”, “Sevgi ölmür” və digər lirik mahnıları xalq arasında çox məşhurdur. Bu əsərlər ən kədərli vaxtlarımızda dərdimizə su səpir, bizə xoş ovqat bəxş edir. Bəstəkarın musiqi yazdığı şeirlər Azərbaycan poeziyasının ən gözəl nümunələridir. O, Süleyman Rüstəm, Xanımana Əlibəyli, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nəriman Həsənzadə, Mustafa İsgəndərzadə, Rüxsarə İbadova, Məsum Əliyev, Paşa Qəlbinur və başqalarının əsərlərinə mahnılar yazıb.
Şəfiqə Axundovanın əsərlərini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Anatollu Qəniyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Zaur Rzayev, Səkinə İsmayılova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Eldar Ələkbərov, Türkiyədə İbrahim Tatlısəs, Əhməd Şəfəq, istedadlı gənc ifaçı Berna Karagözoğlu və başqaları tərəfindən sevilə-sevilə oxunub və bu gün də ifa edilir.
Görkəmli musiqiçinin sənəti yeni nəslin təlim-tərbiyəsində də mühüm rol oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, gənc nəslin təhsilinə töhfələr verib. Bəstəkarın sənət naminə çəkdiyi zəhmət Azərbaycan xalqı və hökuməti tərəfindən ən yüksək fəxri adlara layiq görülüb.
Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Bəstəkarın insan duyğularına toxunan mahnıları dinləyicilərin qəlbində ona əbədilik qazandırıb. Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi zəngin irsdən hələ neçə-neçə bəstəkarlar və ifaçılar nəsli bəhrələnəcək, milyonlarla dinləyicilər zövq alacaqlar.
Yanvarın 23-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından “Cik-cik xanım” tamaşası onlayn nümayiş etdiriləcək.
Tamaşa uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədlinin əsəri əsasında səhnələşdirilib.
Əli Səmədlinin “Cik-cik xanım” əsərinin tamaşası balaca bir sərçənin yalan danışması üzərində qurulub. Bunu bilən şah onu cəzalandırmaq istəyir, lakin anasının və dostlarının xahişi ilə şah onu bir daha belə hərəkətlər edib, yalan danışıb insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.
Əli Səmədli 55 ildən artıq uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərib. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Türk, özbək, türkmən, qırğız, Belarus və başqa dillərdə kitabları nəşr olunub. "Artıq tamah baş yarar" nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə “Qarabağnamə” tamaşasını sosial hesabları vasitəsilə onlayn nümayiş etdirib.
Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.
Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.
O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Sankt-Peterburqda dünya şöhrətli Mariinski Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün ərzində uğurla nümayiş olunub.Tamaşalar Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində təqdim edilib. Proqramında P.Çaykovskinin “Yatmış gözəl”, A.Adanın “Korsar” baletləri ilə bərabər Fikrət Əmirovun “1001 gecə” əsəri də əsas yer tutub.
Mariinski Teatrının Primorski səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi “1001 gecə” baleti Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib. Bütün dörd tamaşaya biletlər daha öncədən satılıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.
Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev idarə edib. Tamaşanın dekorasiyaları və kostyumları Peter Okunev tərəfindən hazırlanıb, işıq üzrə rəssam Sergey Martınov, video tərtibat Vadim Dulenko, əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər. Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Tamaşaların ən əlamətdar hadisələrindən biri Mariinski Teatrının direktoru və baş dirijoru, dünya şöhrətli maestro Valery Gergiyevin Fikrət Əmirovun baletini izləmək üçün xüsusi olaraq şəxsi cədvəlinin dəyişməsi olub. Tamaşanı izlədikdən sonra maestro Valery Gergiyev Azərbaycanlı dirijor Əyyub Quliyev, baletmeyster Eldar Əliyev və bütün iştirakçı heyəti təbrik edərək Fikrət Əmirovun baletini Mariinski Teatrın tarixində əlamətdar və unudulmaz bir hadisə kimi dəyərləndirib.
Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olub.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az saytının multimedia bölməsində “20 Yanvar tarixin qan yaddaşı” adlı virtual sərgini oxuculara təqdim edib.
20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgidə Almaz Ülvinin “Müharibə ağrılarım”, Hacı Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Nəziman Əyyubun “Kəpəz”, Davud Dəmirlinin “Vətən imtahan verir”, Fəridə Hacıyevanın “Bağışla, Vətən, bağışla”, digər yazıçı və şairlərin şeirləri tam mətnləri ilə yerləşdirilib.
Təqdim olunan virtual sərgidə 18 kitab və dövri mətbuatda dərc olunan materiallar oxucuların istifadəsinə verilib.
Virtual sərgi şəhidlərin əziz xatirəsinə ithaf olunub.
Mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə TDƏŞ-in Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ Baş katibinin müavini Qismət Gözəlov, təşkilatın layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak ediblər.
Qonaqları səmimi salamlayan Anar Kərimov nümayəndə heyətlərinin Ağdam və Füzuli rayonlarının işğaldan azad olunan ərazilərinə səfərlərini yüksək dəyərləndirdiyini deyib. Bildirib ki, Azərbaycanı dəstəkləyən, ona dost olan insanların bu ərazilərə səfəri, xoş niyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir: “44 günlük Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı və 30 ildən sonra torpaqlarımıza qovuşduq. Müharibə zamanı mən türkdilli dövlətlərin Azərbaycana dəstəyini xüsusi vurğulamaq istəyirəm. Həm cəmiyyət tərəfindən, həm də siyasi aləmdə biz bu böyük dəstəyi hiss etdik. Yəqin məlumatlısınız ki, ICESCO-nun nümayəndə heyəti də bir neçə gün əvvəl Azərbaycana səfərində işğaldan azad olunan ərazilərimizə baş çəkmişdi. Bu ərazilərdə biz yeni layihələr reallaşdırmağı düşünürük və bu proseslərdə türkdilli dövlətlərlə də birgə əməkdaşlıq məsələləri daha sıx şəkildə təşkil olunmalıdır. Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verib və biz artıq bununla bağlı işlərə başlamışıq. Elə ərazilər var ki, minalardan təmizlənməlidir, artıq Füzulidən Şuşaya yol çəkilir, yeni infrastruktur hazırlanır. Biz də öz növbəmizdə bu quruculuq işlərinə töhfə verərək dünya ictimaiyyətinə mədəniyyətimizin beşiyi olan Şuşa və Qarabağ ərazisini tanıtmalı, təbliğ etməliyik”.
Nazir daha sonra “Nizami Gəncəvi İli” ilə bağlı keçiriləcək tədbirlər haqqında fikirlərini bölüşüb. Bildirib ki, dahi Nizami Gəncəvinin yubileyi Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də qeyd ediləcək: “İnanıram ki, türkdilli dövlətlərin nümayəndələri “Nizami Gəncəvi İli” ilə əlaqədar təşkil edilən tədbir və festivallarda yaxından iştirak edərək öz töhfələrini verəcəklər”.
TDƏŞ-in Baş katibi Bağdad Amreyev səmimi qəbula görə təşəkkürünü bildirib. İşğaldan azad olunmuş ərazilərə səfərləri ilə bağlı təəssüratlarını bölüşüb. Deyib ki, Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Ermənilər işğal etdikləri Füzuli şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb: “Füzuli şəhərinin küçələri ilə gəzərkən biz dağıdılmış məscidin, mədəniyyət evinin binalarını gördük. Bu mənzərə bizi hədsiz təsirləndirdi. Tarixi məkanların terrora məruz qalmasını bütün dünya görməlidir.
Biz Azərbaycan Mədəniyyət Nazirliyinin reallaşdırdığı hər bir layihədə yaxından iştirak etməyə və dəstək verməyə hazırıq. Şuşa mədəniyyət beşiyidir və biz öz növbəmizdə yaxın növbəti illərin birini Şuşa şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan edəcəyik”.
Bağdad Amreyev daha sonra mədəniyyət sahəsində mübadilə məsələsinin önəminə diqqət çəkib. Qeyd edib ki, bu istiqamətdə yeni layihələr işlənməli, kökü, soyu bir olan xalqlar, ilk növbədə, öz areallarında bir-biri ilə daha sıx yaxınlaşmalı, mədəni irsi bölüşməlidirlər. Eyni zamanda, türk dövlətləri arasında müştərək mədəni layihələr genişləndirilməlidir.
Nazir öz növbəsində vurğulayıb ki, erməni vandallarının törətdikləri vəhşilikləri bütün dünya görməlidir. Füzulinin Qarğabazar kəndi və bu kənddə XVII əsrə aid tarixi əhəmiyyətli olan Şah Abbas və ya Qarğabazar karvansarasında ermənilər mal-heyvan saxlayıblar.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov türkdilli ölkələrin mədəni irsinin təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Türkdilli dövlətlər arasında illərdir biz müxtəlif layihələr həyata keçiririk və bu layihələr gələcəkdə də uğurla davam etdiriləcək”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşü barədə məlumat verib. Qeyd edib ki, görüşdə dövlət başçısı tarix və mədəniyyət abidələrinin bərpasında TÜRKSOY-un fəal dəstəyinə ümid etdiklərini diqqətə çatdırıb. Günay Əfəndiyeva, həmçinin bu il türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinin geniş şəkildə qeyd ediləcəyini də vurğulayıb.
Görüş türkdilli ölkələrin əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi ilə davam edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yanvarın 24-də “Dəlinin qeydləri” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn göstərəcək.
Saat 18:00-da nümayiş ediləcək monotamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Niderlanddakı Azərbaycan səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi təşkil olunub.
Sərgidə Niderlandda yaşayan Azərbaycan və türk diasporunun üzvlərinin övladları, onların yerli dostları, eləcə də Rotterdam şəhərindəki həftə sonu məktəbinin şagirdləri iştirak ediblər.
20 Yanvar faciəsinə dair rəsmlərində balacalar bu faciənin rəmzinə çevrilmiş qırmızı qərənfillərlə günahsiz axıdılan qanı əks etdiriblər. Rəsmlərdə kədəri bildirən qara rəngə də müraciət olunub. Uşaqlar doğma Vətəndən uzaqda yaşasalar da, 20 Yanvar, eləcə də Qarabağ şəhidləri üçün xalqımızın axıtdığı göz yaşlarını da rəsmlərində əks etdiriblər. Bununla uşaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirməyə çalışıblar.
Balacaların rəsmləri Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını göstərir.