“Qarabağ hekayələri” kitab qırğız dilində çap olunub. Kitabın tərtibçiləri Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) xalqlararası əlaqələndiricisi, şair-tərcüməçi Altınbek İsmayıldır.
Kitabda 13 Azərbaycan yazarının qırğız yazıçı və şairləri tərəfindən qırğızcaya uyğunlaşdırılmış Qarabağda yaşananlara dair 14 hekayəsi yer alıb. Kitabın baş redaktoru və “Ön söz”ün müəllifi Qırğız Milli Yazıçılar Birliyinin sədri, şair-tərcüməçi Nurlan Kalıbekov, “Təqdim” yazısının müəllifi Qənirə Paşayevadır.
İki cilddə nəzərdə tutulmuş nəşrin redaksiya heyətinə Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair-publisist Əkbər Qoşalı, Qırğız Milli Yazıçılar Birliyinin rəhbəri, Əməkdar Mədəniyyət işçisi, şair-tərcüməçi Nurlan Kalıbekov, şair-tərcüməçilər Kubançıbek Arkabaev, Bekbolat Sarıbay daxildir. Kitabı qırğızcaya tanınmış yeni nəsil şair-tərcüməçilər Bekbolat Sarıbay, Jıldızbek Tursunbay, Joldubek Kaçkınbaev, Kanıbek Umurzakov və Altınbek İsmail uyğunlaşdırıb. Kitabın rəssamı Samat Asılkerimovdur. Kitab “Uluu Toolor” NPM-də nəşrə hazırlanıb.
Təqdimatda hər iki ölkədən 20-ə yaxın ziyalı iştirak edib. Təqdimatda Türkiyənin tanınmış yazıçısı və “Qarabağ hekayələri” kitabının Türkiyədə və başqa türk ölkələrində işıq üzü görməsi üçün böyük zəhməti olan, tanınmış yazıçı-tərcüməçi İmdat Avşar da iştirak və çıxış edib.
Təqdimatda çıxış edən kitabın tərcüməçiləri və redaktorları nəşrin çapa hazırlanması prosesində hekayələri həyəcansız oxuya bilmədiklərini və hətta oxuduqca ağladıqlarını dilə gətiriblər. Onlar vurğulayıblar ki, bu hekayələrin qırğız dilində nəşr olunması Azərbaycan haqqında, özəlliklə də son 30 ildə Qarabağda baş verən hadisələrlə bağlı bölgədə baş verən hadisələrin Qırğızıstan vətəndaşları tərəfindən daha aydın başa düşülməsinə yardım edəcək.
Millət Məclisin deputatı Cavanşir Feyziyev təqdimat mərasimində çıxış edib, Qarabağ mövzusunu Qırğızıstan oxucularına yaxından tanıtmaq məqsədilə bu kitabın çap olunmasına rəhbərlik etdiyinə görə Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekova Azərbaycan xalqı adından minnətdarlığını bildirib. Cavanşir Feyziyev son aylarda Qarabağ ərazisində hərbi əməliyyatların gedişi zamanı qırğız gənclərinin sosial şəbəkələrdəki fəallığını yüksək qiymətləndirib və Azərbaycanın haqq işində göstərdiyi mənəvi dəstəyə görə qırğız xalqına minnətdarlığını ifadə edib. Milli Məclisin deputatı bildirib ki, Azərbaycanda da Qırğızıstanda baş verən siyasi hadisələr diqqətlə izlənir və xalqımız qardaş qırğız xalqına sülh və əmin-amanlıq şəraitində yaşamağı arzulayır. O, 2019-cu ildə qırğız yazarlarının Bakıya səfərini tədbir iştirakçılarına xatırladaraq, pandemiya ilə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qırğız söz adamlarının artıq işğaldan azad olunmuş Qarabağa səfər etməyə dəvət edib.
Təqdimat mərasimində Qənirə Paşayeva, kitabın redaksiya heyətinin üzvləri və nəşrin işıq üzü görməsində əməyi olan ziyalılar çıxış edib, ürək sözlərini bölüşüblər.
Çıxış edənlər vurğulayıblar ki, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi qardaş ölkələrimiz arasında bütün istiqamətlərdə yaxınlaşmalar üçün möhkəm zəmin yaradır.
Heydər Əliyev Sarayı “Tarixi səhnə” adlı yeni layihəyə start verib.
“Tarixi səhnə” layihəsi, 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdırılan Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.
Sarayın direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasının əsas məqsəd, tarixi səhnə - Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.
Eyni zamanda, layihə çərçivəsində 50 ilə yaxın ömrünü tarixi səhnə - Heydər Əliyev Sarayına həsr edən, peşəkar və fədakar fəaliyyət göstərən əməkdaşlarında çəkilişi nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olacaq. Layihə cari il və gələn il ərzində davam etdiriləcək. Bundan əlavə, “Tarixi səhnə” adlı festivalın və “Tarixi səhnə” filminin çəkilməsi nəzərdə tutulub.
“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Öz adanı kəşf et” adlı sərgi davam edir.
“YARAT”dan bildirilib ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş bu sərgi, keçən əsrin 80-ci illərin sonları, 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir. Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə olaraq təqdim olunur.
Sərgidə Azərbaycanın tanınmış rəssamları Şamo Abasov, Məlik Ağamalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslim Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Sabina Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.
"Öz adanı kəşf et" poemasından götürülmüş misralar və sərgidə təqdim olunan əsərlər bir-birini tamamlayır və həm obraz, həm də daxili mesajın intensivliyində əks olunur. Bu vəhdət, sərginin həsr olunduğu dövrün reprezentasiyası üçün çox səciyyəvi və rəmzi məna kəsb edir. Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub. Belə ki, tarixi nöqteyi-nəzərdən, bu layihə Sovet İttifaqının süqutu dövründə incəsənətə həsr olunub. Azərbaycanda SSRİ-nin dağılmasından sonrakı illər, Dağlıq Qarabağın və ətraf yeddi rayonlarının işğalına səbəb olan müharibə ilə bağlı idi və ölkə tarixində ən faciəli səhifələrdən birinə çevrildi. Bu baxımdan, sözügedən sərgi, əsas etibarilə yaddaş, tarixi irs və milli özünüdərk prosesi haqqındadır.
SSRİ-nin süqutundan sonra incəsənət öz keçmiş soyuqluğunu və şərtiliyini itirərək, həyatın nisbətən daha fəal hissəsinə çevrildi. Azərbaycanda baş verənlər müəyyən mənada zaman ölçüsündə "sınma" kimi sayıla bilər. Zaman nə irəli gedir, nə də geri çəkilirdi: insanlara elə gəlirdi ki, sanki zaman dayanıb. Bunun səbəbi isə, təkcə müharibə və onun acı nəticələri deyildi. Bu həm də qaçqınlar, iqtisadi tənəzzül və siyasi anarxiya, həmçinin, yenidənqurma illərində yaranmış "yeni" həyat ilə bağlı müəyyən ümidlərin iflasa uğraması ilə bağlı idi. Məhz bu "zamansızlıq" dövründə, rəssamlar, musiqiçilər və şairlər hər cür konyunkturadan azad olan, son dərəcə güclü mənəvi intensivliyə malik əsərləri dəqiqliklə yaradıblar. Maraqlısı budur ki, o dövrün bir çox əsərlərini rəssamlar öz emalatxanalarında saxlayırdılar; çünki, incəsənət bazarı bu cür faciənin impulsundan qaynaqlanan incəsənətlə yox, əzəmət və gözəllik mövzusu ilə maraqlanırdı...
Sərgi 1988-ci ildən 1996-cı ilədək olan dövrün tarixi hadisələrini məcazi şəkildə əks etdirən üç hissədən ibarətdir: "Dəyişiklik üçün ümidlər və qaçılmaz fəlakətin gözləntisi" dövrü, "Faciənin baş verməsi: müharibə və onun nəticələri" dövrü və "Həyatın canlanması və tunelin sonunda işıq" dövrü.
Sərginin bədii əsərləri, həmin dövr cəmiyyətinin vəziyyətini və əhval-ruhiyyəsini yenidən qurmaqla və vizuallaşdırmaqla, həmin illərin sənədli fotoşəkilləri və xronikalardan olan videomateriallarla birgə təqdim olunur.
Sərgiyə Müasir İncəsənət Muzeyi (Bakı), Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxil olub.
Kuratoru Sabina Şıxlinskaya olan sərgi bu il mayın 30-dək ziyarətçilər üçün açıq qalacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası “Yaradıcı oxucularımız” layihəsini uğurla davam etdirir.
İdarədən bildirilib ki, kitabxananın həyata keçirdiyi bütün layihələrdə yaxından iştirak edən şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəsibə İsrafilqızı növbəti dəfə “Mənim Azərbaycanım” şeirini virtual oxuculara təqdim edib.
Gənc nəslin vətənpərvərlik tərbiysində yaxından iştirak edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində mövzuya dair ədəbiyyatı yeniyetmə və gənclər arasında təbliğ etmək məqsədilə silsilə materiallar hazırlayıb.
Kitabxanadan bildirilib ki, “20 Yanvar - qan yaddaşımız!” adlı virtual sərgi özündə 46 adda kitabı cəmləyir, burada 20 Yanvar faciəsinə aid fotolar, faciənin törənmə səbəbləri və acı nəticələri haqqında qısa məlumatlar, faktlar, hadisə ilə bağlı görkəmli adamların fikirlərindən sitatlar verilib. COVID-19 pandemiyası ilə əlaqədar olaraq özündə yalnız onlayn istifadəsi mümkün olan kitablar toplanıb.
Sərgidə nümayiş etdirilən kitablar “Azərbaycan dilində kitablar”, “20 Yanvar faciəsi bədii ədəbiyyatda”, “20 Yanvar faciəsi haqqında rus dilində kitablar” və “İngilis dilində kitablar” bölmələri üzrə yığılıb.
Hər bir bölmə daxilində kitablar nəşr ilinin xronologiyası (ən köhnə nəşrdən yeniyə doğru) ardıcıllığı ilə təqdim olunur. Virtual sərgi vasitəsi ilə istifadəçilərədə mövzuya dair ədəbiyyata maraq oyatmaq üçün təqdim edilən kitabların şəkilləri, biblioqrafik təsvirləri, hər bir kitab haqqında qısa məlumatlarla yanaşı, kitabın tam mətninin olduğu linklər qeyd olunub.
Virtual sərgi ilə bərabər, Gənclər Kitabxanasının əməkdaşları “Qanlı Yanvar” adlı biblioqrafik yaddaş da tərtib edərək istifadəçilərin ixtiyarına veriblər. Vəsaitdə 20 Yanvar faciəsinin tarixi, acı nəticələri haqqında məlumat verilib, ümummilli lider Heydər Əliyevin o dönəmlərdə Bakıdan uzaqlarda olmasına baxmayaraq, öz xalqının səsinə hər kəsdən əvvəl səs verməsindən, bu faciənin geniş auditoriyaya çatdırılmasında göstərdiyi səylərdən söhbət açılıb. Sözügedən materialda 20 Yanvar faciəsindən bəhs edən kitabların və dövrü mətbuatda çap edilən məqalələrin siyahısı da verilib.
Bundan əlavə, kitabxana əməkdaşları 20 Yanvar faciəsi ilə əlaqədar özündə geniş məlumatları cəmləyən rus dilində virtual kitab sərgisi, bir sıra tanıtım video çarxları da hazırlayıblar.
Azərbaycan Dövlət Rəsm Qalereyasının layihəsi olan “Azərbaycan rəssamlarının vahid informasiya bazası” elektron resursuna rəssamların əlavə edilməsi və təkmilləşmə prosesləri davam edir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, rəssamların vahid informasiya bazasında onların yaradıcılığını əhatə edən məlumat və əsərlərin olması üçün təqdim edilən anketi doldurub, resmqalereya@gmail.com adresinə göndərmək xahiş olunur.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “20 Yanvar – Qan Yaddaşımız” adlı virtual sərgi hazırlayıb.
Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, 20 Yanvar faciəsi haqqında kitablar, dövri-mətbuat səhifələrində dərc olunan materiallar və fotolar əks olunub.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bizim xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaq. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən təcavüzdür. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanıdır, onlar millətimizin qəhrəmanlarıdır”.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.
Yanvarın 22-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rusdilli tamaşaçılar üçün “Karlson” tamaşasını onlayn nümayiş etdirəcək.
Gürcüstanlı rejissor Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.
Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır.
Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır.
Birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da yayımlanacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı “Nizami Gəncəvi İli” ilə əlaqədar “Poeziya dünyasının dahisi” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial şəbəkə hesablarında paylaşılıb.
Videoçarxda Nizaminin ömür yolu və yaradıcılığı haqqında məlumatlar yer alıb. Qeyd edilir ki, XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizaminin yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyur. Qadına, əməkçi insana münasibət, dərin humanizm bu dahi sənətkarın yaradıcılığında daha genişdir. “Xəmsə” yaratmaq Nizamidən sonra ənənəyə çevrilir və digər sənətkarlar onu ustad olaraq qiymətləndirir. Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.
Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli film çəkib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Son anda” adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.
Sənədli filmdə Nazim Ələkbərov obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.
Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki “Zaporojets” markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən “Son anda” adlanır.
Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin “şahidi” olan həmin maşını sənədli filmdə görə biləcəklər.
Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrlar da “Son anda” filmində yer alacaq.
Ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filimin operatoru Cavid Əliyevdir.
“Son anda” yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.