Ötən il Azərbaycana 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqda davam edir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min və ya 2019-cu illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiyə, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 81,1 faizini kişilər, 18,9 faizini qadınlar təşkil edib.
İl ərzində Çindən gələnlərin sayı 16,7 dəfə, Koreya Respublikasından 13,8 dəfə, İsraildən 11,1 dəfə, Yaponiyadan 10,2 dəfə, Polşadan 10 dəfə, İraqdan 9,8 dəfə, Səudiyyə Ərəbistanından 9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 8,6 dəfə, Macarıstandan 8,3 dəfə, Omandan 7,5 dəfə, Kanadadan 7,4 dəfə, ABŞ-dan 7,2 dəfə, Qətərdən 6,7 dəfə, Türkmənistandan 6,3 dəfə, Fransadan 6 dəfə, Almaniyadan 5,8 dəfə, Qazaxıstandan 5,6 dəfə, Niderlanddan 5,3 dəfə, Böyük Britaniyadan 5,2 dəfə, Misirdən 5,1 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 5 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi dəmir yolu və avtomobil, 27,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu illə müqayisədə ötən il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,8 dəfə azalaraq 1 milyon 164,6 min nəfər olub. Ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 70,4 faizi kişilər, 29,6 faizi qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstana gedənlərin sayı 5,2 dəfə, Rusiyaya gedənlərin sayı 4,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.
2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 73,2 faizi dəmir yolu və avtomobil, 23,8 faizi hava, 3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Tacikistan paytaxtındakı Sədrəddin Ayni adına Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının təqdimatı keçirilib.
Təqdimatda Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Səhnə əsərinin rejissoru Tacikistanın Xalq artisti Şavkat Xalilov, quruluşçu rəssamı Baxrom Safoyevdir.
Rolları Şarofat Usmanzoda, Seyfulla Yusupov, Kurbanmurad Zakirov, Şuxrat Safarov, Munzifo İsoyeva, Mariya Mirzoyeva, Manija Nazarova ifa ediblər.
Dövlətimiz müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini əziz tutmaq üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır. Heydər Əliyev Sarayı da 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş “150 – YÜZ ƏLLİ” adlı layihəni təqdim edib.
Saraydan bildirilib ki, ilk dəfə sərgilənən 4D formatda toxuculuq işinin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ tətbiqi sənət kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, yerli və beynəlxalq sərgilərin iştirakçısı Gülarə Salayevadır.
Gülarə Salayeva uşaq yaşlarında 20 Yanvar hadisələrinin canlı şahidinə çevrilib. 20 yanvar günü yaşadığı evin eyvanından həyatının ən dəhşətli mənzərələrinin, dinc soydaşlarımıza qarşı törədilən vəhşiliyin və səhəri gün yüzlərlə insanın küçələrə axışaraq şəhidləri dəfn etməyə getməsinin şahidi olub.
Gülarə Salayeva bildirib ki, 20 Yanvar faciəsi mövzusuna bir çox rəssamlar toxunub.
“Hər biri Vətəninin ağır günlərini təsviri sənət vasitəsilə dünyaya çatdırmağa çalışıb. Uşaqlıqdan yaddaşımda iz qoyan bu faciə uzun illər boyu məni də bir rəssam kimi narahat edirdi. İllər boyu düşündüm ki, elə bir əsər yaratmalıyam ki, hər bir şəhidin o işdə əksi olsun. Şəhid ailələrinin ürəyinə bir balaca da olsa öz işimlə məlhəm çəkmiş olum. İllər ərzində müxtəlif eskizlər etdim, lakin heç birinin üzərində bir qərar alıb dayanmadım. Sonunda bu işin 4D formatda bir toxuculuq işi olacağını və 20 Yanvar faciəsinin 150 nəfər şəhidinin hər birinin adının yazılacağına qərar verdim. Beləliklə, 150 nəfər 20 Yanvar şəhidinin əziz xatirəsinə “YÜZ ƏLLİ” adlı fəza qobelenini yaratdım”, - deyə G.Salayeva söyləyib.
Qeyd edək ki, 20 Yanvar faciəsində şəhid olmuş 150 nəfərin adları ağ fon üzərində qara saplar ilə toxunub. YÜZ ƏLLİ adlı fəza qobeleni 7 ardıcıl hissədən ibarətdir. İlk 2 hissəni hər tərəfi 80 sm olan üçbucaq karkas təşkil edir. 3-cü və 4-cü hissənin karkası 60 santimetr, 5-ci hissənin karkası 50 santimetr ölçülü üçbucaqdır. 6-cı hissə 40X40 kvadrat formalı karkasdır, onu yerdə əks edəcək 7-ci hissə eyni ölçüdədir. Karkas üzərində 5 santimetr enində 30, 40, 50, 60, 80 sm uzunluğunda sadə hamar texnikada toxunmuş lent formalı hissələr bərkidilib. Hissələr arasında məsafə 90 sm-dən ibarətdir, yuxarıdan aşağıya doğru sonuncu yerə yaxınlaşan hissə isə 40 santimetr. İşin hündürlük ölçüsü təxmini 5 metrdir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa yanvarın 18-də saat 18:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə onlayn nümayiş ediləcək.
Səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Azərbaycan Dövlət Rəsm Qalereyasının “Instagram” hesabında (@azgallery.az) rəssam Fəxri Abbasov ilə izləyicilərin canlı yayım vasitəsilə görüşü keçirilib.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, görüşdə rəssam hazırda dünyada və ölkəmizdə baş verən proseslərin yaradıcılığına təsirindən danışıb və izləyicilərin ünvanladığı suallara cavab verib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Şuşaya həsr olunmuş videoçarx təqdim edib.
İdarədən bildirilib ki, videoçarxda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın tarixi abidələri, gəzməli-görməli yerləri, kitabxananın müdiri Arzu Xudayarovanın şəxsi arxivindən Şuşaya aid olan fotolar nümayiş olunub. O, həmçinin videoçarxda Akif Məftun Tofiqoğlunun “Gəl gedək, Şuşaya aparım səni” şeirini səsləndirib.
Videoçarxda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin erməni işğalından azad edilməsi haqqında çıxışı və “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” ifadələri təqdim edilib.
Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlayıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Son anda” adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.
Sənədli filmdə Nazim Ələkbərov obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.
Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki “Zaporojets” markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən “Son anda” adlanır.
Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin “şahidi” olan həmin maşını sənədli filmdə görə biləcəklər.
Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrlar da “Son anda” filmində yer alacaq.
Ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filmin operatoru Cavid Əliyevdir.
“Son anda” səndəli filmi yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.
“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Müharibə əlillərinin tanıdılması ilə bağlı təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində “Üç qazi, üç tale” sənədli filmI çəkilib.
Film Qarabağ döyüşlərində ağır yaralanaraq 1-ci qrup Qarabağ əlili olmuş üç şəxsin keçdikləri ömür yolundan bəhs edir. Çəkilişlər Bakı və Gəncə şəhərlərində aparılıb.
Filmdə qazilərin şərəfli döyüş yolundan, ağır yaralanmalarına baxmayaraq həyat eşqlərinin böyük olmasından söz açılır.
Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin məsləhətçisi və ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.