Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dövlət Rəsm Qalereyası “Şanlı Tarix” adlı virtual sərgi açacaq

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə yanvarın 20-də saat 18:00-da 20 Yanvar faciəsinə həsr olunmuş “Şanlı Tarix” adlı virtual sərgi açılacaq.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgi xalqımızın qəhrəmanlıq salnaməsi, milli məfkurəmizin oyanışı, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini və faciələrinin real görüntüsünü nümayiş etdirmək məqsədilə həyata keçirilir.

    Virtual sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanov, Vaqif Hüseynovun 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri nümayiş olunacaq.

    Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

  • “Şəhərin qış gecələri” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan “Şəhərin qış gecələri” adlı tamaşa yanvarın 19-da saat 18:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş ediləcək.

    Teatrdan bildirilib ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

    Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.

    Səhnə əsərində sənət ocağının tanınmış aktyorları çıxış edəcək.

  • “Karlson” tamaşası onlayn nümayiş ediləcək

    Yanvarın 22-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı rusdilli tamaşaçılar üçün “Karlson” tamaşasını onlayn nümayiş etdirəcək.

    Gürcüstanlı kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.

    Astrid Lindqrenin öz mükəmməlliyini illərdir ki, saxlayan “Karlson”u damda yaşayan sehrli balacaboyun unikal hekayəsi hamımıza tanışdır.

    Özünə dost axtaran, təklikdən darıxan balaca oğlanın yaxın dostuna çevrilən, onunla səmimi, mehriban ünsiyyət quran mürəbbəsevən Karlsonun kuklaçıların səhnəsindən keçən yolu da maraqlıdır. Birhissəli uşaq tamaşasında canlı plan oyunu, fərdi nəqletmə forması yaxşı tapıntılardandır.

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12:00-da yayımlanacaq.

  • “Can Azərbaycan” yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “IWS” Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibətilə qrafika və akvarel ustaları arasında elan edilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinə qeydiyyat davam edir.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Qrafika və akvarel texnikası ilə çalışan rəssamların iştirakı xahiş olunur. Həmçinin mükafat almadan tədbirə dəstək məqsədilə əsər təqdim etmək olar. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır.

    İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.

    Sərgidə iştirak ödənişsizdir. Əsərləri “facebook”da Bakı Xətai Sənət Mərkəzi (https://www.facebook.com/groups/144172178999749/?ref=share) qrupunda müəllifin adı, soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd edilməklə martın 5-dək onlayn qaydada yerləşdirmək xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştirak etmək üçün dəvət ediləcək.

    Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.

    Qaliblər üçün mükafatla bərabər, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazının dərc olunması da nəzərdə tutulur.

  • Mədəniyyət Nazirliyi: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

    Mədəniyyət Nazirliyi Zəfər muzeyi və memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması və bununla bağlı qərarın verilməsi barədə məlumatlara aydınlıq gətirib.

    Nazirlikdən bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.

    “Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib”, - deyə qurumdan bildirilib.

  • Respublika baxış-müsabiqəsi: Nizami Gəncəvi əsərləri təsviri sənətdə

    Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə start verilib. Müsabiqə yanvarın 18-dən martın 18-dək davam edəcək.

    Nazirlikdən bildirilib ki, müsabiqənin məqsədi uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

    Müsabiqənin Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri və respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulur. İki mərhələdə təşkil olunan müsabiqə “Rəsm” və “Əl işləri” nominasiyalarında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) keçirilir. Müsabiqəyə qatılan təhsil müəssisələri hər yaş qrupu üzrə yalnız 1 rəsm və 1 əl işi təqdim etməlidir.

    “Rəsm” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

    -Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

    -Rəsmlərin işlənmə texnikası sərbəstdir;

    -Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır.

    “Rəsm” nominasiyası üzrə işlər fevralın 18-dək ugim2@list.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Rəsm” nominasiyası ilə əlaqədar (+994) 55-540-08-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

    “Əl işləri” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:

    - Dahi şairin əsərlərini özündə əks etdirən işlər muncuq, toxuma, kağız və ağac əl işləri, oriqame, dulusçuluq, nitkoqrafiya (sapla əl işləri) ilə hazırlanmalıdır;

    - Əl işlərinin şəkilləri göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;

    -Bir iştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər.

    “Əl işləri” nominasiyası üzrə işlər də fevralın 18-dək 2-ugim@mail.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Əl işləri” nominasiyası ilə əlaqədar (+994 55) 232-31-73 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

    Qalib işlər fevralın 18-dən martın 18-dək keçiriləcək yekun mərhələdə münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qalibləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq.

  • Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri barədə açıqlama
    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 15 yanvar 2021-ci il tarixində kütləvi informasiya vasitələrində “Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq” başlığı ilə yayılan xəbərlərə aydınlıq gətirmək məqsədilə bildirir:    Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanmışdır. Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməmişdir.
  • İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı
    Yanvarın 14-də ADA Universitetində İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin və mədəniyyət naziri Anar Kərimovun birgə mətbuat konfransı keçirildi. Mətbuat konfransı İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuşdu. Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirdi ki, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 11-dən ölkəmizdə səfərdədir. Bu, onun İCESCO rəhbəri kimi Azərbaycana ilk səfəridir. Bu səfər həm də ona görə əlamətdardır ki, Vətən müharibəsindən sonra ilk beynəlxalq təşkilatın rəhbəri ölkəmizə gəlib: “Biz İCESCO rəhbərliyinə bu səfərə görə təşəkkür edirik. Qeyd etmək istərdim ki, səfərin əsas iki məqsədi var idi. Birincisi, Azərbaycanla İCESCO arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi, ikincisi isə erməni təcavüzündən sonra azad edilmiş torpaqlarımızda olan mədəni və tarixi abidələrimiz, mədəni mülkiyyətimizə baxış keçirmək”. Anar Kərimov daha sonra Azərbaycanın İCESCO-a üzv olmasının tarixi və ölkəmizin bu təşkilatla əməkdaşlığı barədə söz açdı. Qeyd olundu ki, 1991-ci ildən bu günə kimi təşkilatla çox səmərəli əməkdaşlıq həyata keçirilib. 2006-cı ildə ölkəmizin İCESCO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına layiq görülüb. Ötən dövr ərzində Azərbaycan İCESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə İCESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. İCESCO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır. Nazir həmçinin vurğuladı ki, İCESCO Azərbaycanda təşkil edilən beynəlxalq layihələrdə, mötəbər tədbirlərdə hər zaman yaxından iştirak edib. Anar Kərimov İCESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərini əlamətdar hadisə kimi səciyyələndirdi. Dedi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, tarixi-mədəni abidələrimizin düşmən tərəfindən dağıdılması hər zaman İCESCO-nun diqqətində olub. Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı təşkilat Azərbaycanın yanında olduğunu göstərib: “Azərbaycan hökuməti və Azərbaycan xalqı bu dəstəyi unutmayacaq. Nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfəri zamanı orada olan dağıntıları öz gözləri ilə gördü. Onlar bir daha şahid oldular ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə ilə yanaşı, mədəni təmizləmə də həyata keçirilib. Bu əməllər insanlığa qarşı cinayətdir. Biz əminik ki, İCESCO və onun rəhbərliyi bu faktları görəndən sonra bununla bağlı hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim edəcək”. Nazir həmçinin diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə elan olunan “Nizami Gəncəvi İli” İCESCO-da da qeyd olunacaq. Artıq qurumun Baş direktoru ilə bununla bağlı razılıq əldə edilib: “Əlamətdar il çərçivəsində İCESCO-da tədbirlər keçiriləcək və əminəm ki, bu, dahi şairimizin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq”. Anar Kərimov daha mühüm bir məlumatı media nümayəndələrinin diqqətinə çatdırdı. Bildirdi ki, bu il ərzində Azərbaycanda İCESCO-nun regional mərkəzi yaradılacaq. Regional mərkəz bir çox ölkəni əhatə edəcək: “Əsas məqsəd İCESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan və İCESCO arasında, həm də region ölkələri arasında əlaqələrin inkişafına töhfə verəcək”. Nazir işğaldan azad olunmuş ərazilərdə inventarlaşma işlərinin davam etdiyini diqqətə çatdırdı. Bildirdi ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib. Bu günə olan məlumata əsasən, həmin ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Eyni zamanda 372 tarixi-mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir. Əldə olunan məlumatlar sistemləşdirilir: “Hazırda nazirlikdə işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası ilə əlaqədar yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərdə tutulur. Abidələrin bərpası ilə bağlı təsnifat aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan təmizlənib, digər tərəfdən Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin həmin rayonlar ilk növbədə minalardan tam təmizlənməlidir”. Mətbuat konfransında çıxış edən İCESCO Baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilata üzv ölkə Azərbaycanın Vətən müharibəsində Qələbəsini qeyd etdiklərini diqqətə çatdırdı: “Azərbaycan dost və qonaqpərvər ölkədir. Azərbaycana yalnız dəstək və onun qələbəsini qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün səfər etmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilən əməllər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, muzey, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”. Baş direktor mühüm bir xəbəri də diqqətə çatdırdı. Bildirdi ki, biz təklif etmişik ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun. Yaxın günlərdə bu barədə yekun qərar elan ediləcək. Lakin regional mərkəzin də müəyyən vaxtdan sonra Şuşaya köçürülməsi baş tuta bilər. İCESCO-nun texniki missiyasının tezliklə Azərbaycana səfər edəcəyini bildirən Baş direktor dedi ki, fevral ayının sonunadək bu missiyanın işğaldan azad olunmuş bölgələrə səfəri baş tutacaq: “Texniki missiyanın hesabatı işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirmə olacaq. İCESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertlər təyin edəcəyik”. *** Daha sonra jurnalistlərin sualları cavablandırıldı. Sual 1: İctimai Televiziya – Cənab əl-Malik, bilirsiniz ki, Azərbaycan Ermənistandan təzminat tələb edəcək. İCESCO bu təzminatı dəstəkləyəcəkmi? Salim bin Məhəmməd əl-Malik: - İCESCO öz qaydalarını UNESCO təşkilatına uyğun qaydada qursa da, biz kiçik təşkilatıq. Üzv ölkələrimizi hər zaman dəstəkləyirik. Lakin biz siyasətə qarışmırıq. Elm, təhsil, mədəniyyət və hətta ətraf mühitlə bağlı məsələlərdə dəstəklədiyimiz üzv ölkələrimizin hər zaman yanındayıq. Sual 2: TREND informasiya agentliyi – Texniki missiyanın səfər tarixi məlumdurmu? Salim bin Məhəmməd əl-Malik: – İCESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Ola bilsin, fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tuta bilər. Hələ ki, tarixlə bağlı dəqiq məlumat verə bilmərik. İCESCO nümayəndə heyəti qayıtdıqdan sonra (texniki) komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq. Nazir Anar Kərimov: – Bilirsiniz ki, həmin ərazilərdə təhlükəsizlik təmin edilməlidir. Minalardan təmizlənmə qismən başa çatdıqdan sonra texniki missiyanın səfərini təşkil etmək mümkün olacaq. Miqyası tam göstərmək üçün ərazilər minalardan tam təmizlədikdən sonra bu işi daha səmərəli həyata keçirmək mümkün olacaq. Biz bu işi mümkün qədər tez həyata keçirməyə çalışırıq. Sual 3. “Nizami Gəncəvi İli”nin İCESCO-da qeyd olunmasına münasibət (İranın Azərbaycandakı səfirliyinin nümayəndəsi) – “Nizami Gəncəvi İli” İCESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək məlumatına fikrimi bildirmək istərdim. Mən bizim müştərək İslam mədəniyyətinin nümayəndəsi, fars dilində yazan dahi Nizaminin irsinin İCESCO tərəfindən dəyərləndirilməsini təqdirəlayiq hesab edirəm. Nazir Anar Kərimov: – Biz Nizamini bəşəriyyətin şairi və filosofu hesab edirik. O, İslam təfəkkürünü təmsil edirdi. Onun yubileyinin keçirilməsi nəinki regionda, eləcə də beynəlxalq aləmdə geniş təbliğ edilməlidir. İCESCO-nun bu təklifini yüksək dəyərləndiririk. Nizaminin fikirləri və yanaşmaları bu gün dünyaya ismarış şəklində göndərilməlidir. Nizami Gəncədə yaşayıb-yaradıb. Bu gün onun Gəncədə məqbərəsi var. Mən İCESCO-ya bu dahi şəxsiyyətin yubileyinin keçirilməsinə görə təşəkkür edirəm. Sual 4. APA informasiya agentliyi – İşğaldan azad olunan ərazilərdə ilk növbədə hansı abidələrin bərpa işləri nəzərdə tutulub? Nazir Anar Kərimov: – Hazırda 6 rayon üzrə məlumatlar əldə edilib. Bu günə olan məlumata əsasən, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir. Hazırda nazirlikdə bununla bağlı yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpaişləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan da təmizləndi, orada mina yoxdur, digər tərəfdən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin dediyim kimi, həmin rayonlarda ilk növbədə minalardan tam təmizlənmə aparılmalıdır. Sual 5. ARB televiziyası – Çıxışlar zamanı Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi qeyd edildi və həmçinin İCESCO-nun Azərbaycanda regional mərkəzinin açılması məsələsi vurğulandı. Regional mərkəz Şuşada yerləşdiriləcək, yoxsa Bakıda? Salim bin Məhəmməd əl-Malik: – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İCESCO-nun regional mərkəzinin açılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda açılacaq regional mərkəz yeni baxışları izhar edəcək. Şuşada normal infrastruktur olacağı zamanda, əlbəttə ki, mərkəz orada da yerləşdirilə bilər. Bilirsiniz ki, hər il İCESCO tərəfindən 3 şəhər mədəniyyət paytaxtı elan edilir. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihələr hazırlanacaq. Sual 6. ARB televiziyası – Cənab nazir, bilmək istərdim İCESCO-dan əlavə daha hansı beynəlxalq təşkilatdan çevik münasibət və açıqlamalar gəldi? Nazir Anar Kərimov: – Bilirsiniz ki, BMT Sivilizasiyalar Alyansı və UNESCO-ya da məktublar ünvanladıq. Beynəlxalq təşkilatlarla yanaşı 150 ölkənin mədəniyyət nazirlərinə də 44 günlük müharibə və müharibədən sonrakı vəziyyətlə bağlı məktub ünvanlanıb. Təəssüflə qeyd etmək istərdim ki, biz bu işdə UNESCO-nun obyektiv yanaşmadığının şahidi olduq və ikili standartlara uyğun cavablar gördük. Azərbaycana qarşı törədilən mədəni terror pislənilməlidir. UNESCO tərəfindən qərəzli bəyanatlar cəmiyyətimizdə məyusluq yaradır. Hazırda UNESCO ilə danışıqlar aparılır və ümid edirik ki, bu təşkilatın texniki missiyası işğaldan azad olunmuş ərazilərimizə səfər edəcək və təşkilat öz səhvini başa düşəcək. Sonda mədəniyyət naziri Anar Kərimov və İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik media nümayəndələrinə təşəkkürlərini bildirdilər.
  • ICESCO nümayəndə heyətinin Azərbaycana səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib

    Yanvarın 14-də ADA Universitetində İslam Dünyası Elm, Təhsil, və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin və mədəniyyət naziri Anar Kərimovun birgə mətbuat konfransı keçirilib.

    ICESCO-nun nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov çıxış edərək deyib: “Artıq bir neçə gündür İslam dünyasının 54 ölkəsini birləşdirən ICESCO-nun Baş direktoru ölkəmizdə səfərdədir. Biz Salim əl-Malikin təşkilata yeni Baş direktor kimi fəaliyyətə başladıqdan sonra ilk səfərini ölkəmizə etməsini əlamətdar hadisə hesab edirik. Azərbaycanla ICESCO arasında əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşkilatın xoşməramlı səfiri seçilməsindən sonra daha da genişlənib. Ötən dövr ərzində Azərbaycan ICESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı seçilib, 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə ICESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. Bununla yanaşı, təşkilatla digər sahələrdə də layihələr və tədbirlər reallaşdırılıb. ICESCO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır və bu təşəbbüs çərçivəsində 2011-ci ildən təşkil edilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda rəsmi tərəfdaş qismində iştirak edib”.

    Anar Kərimov son 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər Ordumuz tərəfindən azad edilməsi, bunun dünya və İslam mədəniyyəti üçün əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilib, bütün mədəni mülkiyyət talan olunub, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılıb, xüsusilə İslam irsinə aid olan abidələr və məscidlər təhqir edilib.

    İşğaldan azad olunmuş ərazilərdə inventarlaşma işlərinin aparıldığını söyləyən nazir bildirib ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib: “Bu günə olan məlumata əsasən həmin ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Eyni zamanda, 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir”.

    Anar Kərimov hazırda əldə edilən məlumatların sistemləşdirildiyini söyləyib: “Hazırda nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə, dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan təmizlənib, digər tərəfdən, Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq”.

    Nazir xüsusi olaraq vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı ICESCO Azərbaycanın haqq işinə öz dəstəyini əsirgəməyib və ölkəmizin haqlı mövqeyini müdafiə edib: “Ermənilər işğal etdikləri torpaqlarımızda etnik təmizləmə ilə yanaşı, mədəni təmizləmə də aparıblar. Bu, insanlığa qarşı cinayətdir. İnanırıq ki, ICESCO bununla bağlı hesabat hazırlayacaq və texniki heyət göndərəcək. Biz bu il ərzində təşkilatın regional mərkəzinin açılmasını planlaşdırmışıq. Mərkəz həm təşkilatla Azərbaycan, həm də regional ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcək”.

    A.Kərimov bildirib ki, Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Tədbirlər Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.

    Sonra Salim bin Məhəmməd əl-Malik Azərbaycan xalqını tarixi Qələbə münasibətilə təbrik edərək ICESCO-nun bu məsələdə ilk günlərdə bəyanat verərək Azərbaycana tam olaraq öz dəstəyini ifadə etdiyini bildirib.

    Salim əl-Malik ölkəmizə səfəri barədə təəssüratlarını bölüşərək deyib: “Təşkilatımıza üzv olan hər bir ölkə bizim üçün vacibdir. Biz bu il üzv ölkəmiz olan Azərbaycanın Qələbəsini qeyd edirik. Azərbaycan dost və qonaqpərvər ölkədir. Buraya yalnız dəstək və Qələbəni qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün gəlmişik. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilənlər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir. ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq. ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq”.

    Yaxın günlərdə Şuşanın İslam Mədəniyyətinin Paytaxtı elan olunacağını söyləyən ICESCO-nun Baş direktoru deyib ki, bu barədə yekun qərar elan olunacaq: “ICESCO-nun Azərbaycanda açılacaq regional mərkəzinin gələcəkdə Şuşaya köçürülməsi təklifini vermişik. Regional ofisin Bakıda açılması hazırkı vəziyyət üçün müvafiqdir, lakin Şuşa şəhəri bərpa olunduqdan və orada həyat normala döndükdən sonra ICESCO-nun regional ofisinin Şuşaya köçürülməsi təklifi reallaşa bilər”.

    Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

  • Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradılıb
    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı növbəti onlayn iclas keçirilib. İclası giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar nazirliyin daxilində mütəxəssislərdən ibarət ekspert qrupu yaradılıb. Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, ekspert qrupunun tərkibinə müxtəlif dövlət qurumlarının nümayəndələri, elm adamları, muzey mütəxəssisləri yer alıb. Artıq ekspert qrupunun ilk iclası gerçəkləşib. Sonra Zəfər muzeyinin məzmununun müəllifi, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov muzeyin məzmunu, bölmələri, nümayiş olunacaq əşyalar və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, muzeyin məzmunu beynəlxalq müasir təcrübə əsasında hazırlanıb. Daha sonra onlayn iclas ekspert qrupu üzvlərinin müzakirə və fikir mübadiləsi ilə davam edib. Mədəniyyət naziri Anar Kərimov Zəfər muzeyində “Böyük Qayıdış” layihəsinin təqdim olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, muzey daha çox xalqımızın qəhrəmanlıq tarixini əks etdirən konsepsiya üzrə hazırlanmalı və təqdim edilən məlumatlar mütəmadi yenilənməlidir. İclasda ekspert qrupunun üzvləri – Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru vəzifəsini icra edən Sədi Mirseyibli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi – Şuşa şəhəri üzrə nümayəndə Zahid Abbasov, tarixçi Fuad Axundov, “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, dünya şöhrətli fotoqraf Rza Diqqəti və başqalarının fikirləri dinlənilib.  Çıxışlarda Zəfər muzeyinin ilkin məzmunun uğurlu alındığı və təqdimatda daha çox müasir innovativ üsullara üstünlük verilməli olduğu qeyd edilib. Həmçinin ekspertlər tərəfindən muzeylə bağlı qeyd edilən təkliflərin nəzərə alınacağı və görülən işlərin davam etdiriləcəyi vurğulanıb.