Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb

    Qarabağın 30 ilə yaxın ermənilər tərəfindən işğalı oradakı mədəni irsin dağıdılmasına səbəb oldu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu irsin yenidən bərpa olunacağı ilə bağlı TRT Deutsch-a müsahibə verib.

    Mərkəzdən verilən məlumata görə, R.Həsənov qeyd edib ki, Qarabağ tarixboyu Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olub. Bu tarixi ərazilər Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal olunub və regionda Azərbaycanın mədəni irsi tamamilə silinməyə çalışılıb. Son 30 il ərzində Qarabağda azərbaycanlıların etnik təmizlənməsi ilə yanaşı, mədəniyyəti də soyqırımına məruz qalıb. Nəhayət ki, Azərbaycan işğal altındakı öz tarixi torpaqlarını azad etməklə tarixi ədaləti bərpa etdi. Bundan sonra qarşımızda duran əsas məsələ Qarabağda yeni quruculuq işlərinin aparılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına tez zamanda qayıtması olacaqdır. Azərbaycan tarixən multikulturalizm ənənələrinə bağlı olub və bu, bu gün də bizim dövlət siyasətimizdir. Bu siyasət əlbəttə ki, Qarabağda da həyata keçiriləcək. Azərbaycanda bütün dinlər sərbəst şəkildə mövcuddur və onların dini ibadətgahları da dövlət tərəfindən tikilir, bərpa olunur və qorunur. Qarabağda mövcud olan dini ibadətgahlar da öz həqiqi sahiblərinə qaytarılacaq, dağıdılan və dəyişdirilən məscidlər, kilsələr yenidən bərpa olunacaq.

    R.Həsənov daha sonra bildirib ki, Ermənistanın Qarabağda 30 ilə yaxındır beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, müharibə cinayətləri törətməsinə baxmayaraq, Azərbaycan dövlətinin heç bir fəaliyyəti bir xalqa və ya mədəniyyətə qarşı olmayıb və bundan sonra da olmayacaqdır. Bunun ən bariz nümunəsi odur ki, bu gün də Azərbaycan ərazisində ermənilər açıq şəkildə yaşayır. Onlara qarşı heç bir təzyiq göstərilmir. Bakı şəhərinin mərkəzində erməni kilsəsi və həmin kilsədə ermənilərin dini ədəbiyyatı qorunub saxlanıb, hətta dövlət tərəfindən bərpa edilibdir. Bu siyasət Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmdən irəli gəlir. Qarabağda quruculuq işlərindən sonra da bu, belə davam edəcək.

    Mədəni irsin qorunması ilə bağlı son zamanlar UNESCO-nun bəyanatları və narahatlığı məsələsinə də münasibət bildirən R.Həsənov qeyd edib ki, bu nüfuzlu beynəlxalq təşkilatın son yanaşmasını ikili standart kimi qiymətləndirir: "Azərbaycan UNESCO ilə sıx əməkdaşlıq edən və bir çox komitəsində təmsil olunan ölkədir, bu çərçivədə bir çox beynəlxalq sənədi qəbul edib. Xüsusilə mədəni irsin qorunması məsələsinə daim həssas yanaşılıb. Azərbaycanın tarixi torpaqları 30 il işğal altında qalan zaman bütün tarixi dini abidələri məhv edildi və Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edərək Qarabağa missiya təşkil olunmasını xahiş etdi. Ancaq UNESCO bunu siyasi təşkilat olmaması ilə əlaqələndirərək həyata keçirmədi. Ancaq nədənsə bu gün belə bir missiya keçirməyi və siyasi fəaliyyət göstərməyi qərara alır. Bu, çox qəribədir. UNESCO hökumətlərarası bir təşkilatdır və onun müəyyən dövlətin siyasi sifarişini icra etməyə cəhd etməsi onun mandatına uyğun deyil. Azərbaycanda hər hansı bir mədəni irsin təhlükədə olması iddiası tamamilə əsassızdır. Çünki bu zamana qədər Azərbaycanda heç bir mədəni irs silinməyibdir, hətta erməni irsi də. Bundan sonra da silinməyəcəkdir. UNESCO Azərbaycanda hər hansısa bir missiya həyata keçirmək istəyirsə buna bizim etirazımız yoxdur. Ancaq həmin missiya Azərbaycanın suveren ərazilərində keçiriləcəyindən, onun bütün istiqamətləri və çərçivəsi Azərbaycan tərəfi ilə tam razılaşdırılmalıdır”.

    Qarabağda dağıdılmış və ya dəyişdirilmiş Azərbaycan mədəni irsi mövzusuna toxunan R.Həsənov ilkin olaraq mövcud vəziyyətin monitorinqi və faktlaşdırılmasının zərurliyini qeyd edərək deyib: “Bu işlərə beynəlxalq təşkilatlar da cəlb olunacaq. Daha sonra Qarabağın Ermənistan tərəfindən işğal olunması nəticəsində Azərbaycana vurulmuş maddi ziyan hesablanaraq hüquq çərçivəsində beynəlxalq məhkəmələrə müraciət olunacaq. Ermənistan tərəfi vurulan ziyana görə, beynəlxalq hüquq çərçivəsində maddi təzminat ödəməlidir. Bu müharibə cinayətlərini törədən isə beynəlxalq cinayət hüququnun subyektləri hesab olunmalıdır. Əks halda bu hüquqsuzluğa və beynəlxalq hüququn lazımsızlığına gətirib çıxaracaqdır”.

    Qeyd edək ki, Azərbaycan tərəfi bu istiqamətdə hazırda işlər aparır. Qarabağda dağıdılmış mədəni irsimiz tezliklə bərpa olunacaq və bu bölgə işğaldan əvvəlki görkəminə qayıdacaq. Bütün tarixi dini abidələr bərpa olunduqdan sonra sahiblərinə qaytarılacaq. Azərbaycan multikulturalizm siyasətinə bundan sonra da sadiq qalacaq.

  • Mədəniyyət naziri: İşğaldan azad olunmuş ərazilərdə inventarlaşma işləri davam edir

    İşğaldan azad olunmuş ərazilərdə inventarlaşma işləri hələ də davam edir.

    Bunu yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

    Nazir bildirib ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib: “Bu günə olan məlumata əsasən həmin ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Eyni zamanda, 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir”.

    Anar Kərimov hazırda əldə edilən məlumatların sistemləşdirildiyini söyləyib: “Hazırda nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan təmizlənib, digər tərəfdən Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin həmin rayonlar ilk növbədə minalardan tam təmizlənməlidir".

  • ICESCO-nun Baş direktoru: İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır

    İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edildiyini gördük, bunu edənlər məsuliyyətə cəlb olunmalıdır.

    Bu fikirləri yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik söyləyib.

    O deyib: “Təşkilatımıza üzv hər bir ölkə bizim üçün vacibdir. Biz bu il üzv ölkəmiz olan Azərbaycanın qələbəsini qeyd edirik. Azərbaycan dost və qonaqpərvər ölkədir. Bura yalnız dəstək və qələbəni qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün gəlmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilənlər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir”.

  • ICESCO-nun missiyası Azərbaycana səfər edəcək

    ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq.

    Bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

    Baş direktor bildirib ki, texniki missiyanın hesabatı işğaldan olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirmə olacaq.

    “ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq”,-deyə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik vurğulayıb.

  • “Nizami Gəncəvi İli” ICESCO çərçivəsində qeyd ediləcək

    “Nizami Gəncəvi İli” ICESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək.

    Bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

    Nazir bildirib ki, artıq İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: “Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".

  • ICESCO-nun Baş direktoru: Şuşa İslam Mədəniyyətinin Paytaxtı elan olunacaq

    Biz təklif etdik ki, Şuşa İslam Mədəniyyətinin Paytaxtı elan olunsun.

    Bunu yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

    Baş direktor bildirib ki, yaxın günlərdə bu barədə yekun qərar elan olunacaq.

  • Qazaxıstanda Azərbaycanla bağlı kitabların təqdimatı olub

    Qazaxıstanın paytaxtı Nur-Sultanda türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü çərçivəsində Qarabağa və Azərbaycan Xalq Cümhuriyyətinə dair üç yeni nəşrin təqdimatı keçirilib.

    Beynəlxalq Türk Akademiyasının çap etdiyi "Qarabağ: Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti" kitab-footoalbomu, "İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri" kitabı və “Azərbaycan Xalq Cümhuriyyəti – 100” ensiklopedik nəşri vasitəsilə qazaxıstanlı oxuyucular ölkəmizin qədim və müasir tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri barədə geniş məlumatlar əldə edə biləcəklər.

    Qarabağ münaqişəsinin tarixinə və 44 günlük Vətən müharibəsinə həsr olunan qısametrajlı filmin təqdimatı ilə başlayan mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, rəhbərlik etdiyi təşkilat İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla sıx həmrəylik nümayiş etdirib və uzun zamandır üzərində iş aparılan Qarabağ kitabını da məhz Şuşa şəhərinin işğaldan azad edildiyi gün çapdan çıxarıb.

    Onun sözlərinə görə, "Qarabağ: Azərbaycanın cövhəri : tarixi, mədəniyyəti, təbiəti" kitabında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı fundamental məlumatlar toplanıb. Bu kitabın özəlliyi ondan ibarətdir ki, ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən belə bir kitab hazırlanıb və nəşrdə həmin bölgənin tarixi, mədəniyyəti ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən Qarabağla bağlı indiyədək qəbul olunan sənədlər əks olunub.

    Bundan başqa, Akademiya "İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri" kitabını və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ensiklopedik nəşrini də təqdim edib.

    Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında xarici dillərdə nəşr olunan bu cür əsərlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Diplomat 44 günlük Vətən müharibəsində göstərdiyi böyük dəstəyə görə Beynəlxalq Türk Akademiyasına təşəkkürünü çatdırıb.

    Tədbirdə Qırğız Respublikasının keçmiş dövlət katibi Osmanakun İbrahimov, Azərbaycan Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Qazaxıstanın Saken Seyfulin Muzeyinin direktoru Nasipbek Aytulı, Özbəkistan-Azərbaycan Dostluq Qrupunun icraçı direktoru Erkin Nuriddinov, Milli Məclisin deputatı Arzu Nağıyev və digərləri də Qarabağ və Azərbaycan Xalq Cümhuriyyətinə dair kitabların Azərbaycanın qədim və müasir tarixinin türk dünyasında daha yaxından öyrənilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıblar.

    Sonda Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da genişlənməsinə verdiyi dəstəyə görə, səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiyasının “Qızıl medalı” ilə təltif olunub.

  • “Vətən müharibəsi” adlı tammetrajli sənədli film çəkiləcək

    Mədəniyyət Nazirliyinin "Azərbaycanfilm" kinostudiyasının "Salnamə" film studiyası İkinci Qarabağ müharibəsinə aid "Vətən müharibəsi" adlı tammetrajli (52 dəqiqə) sənədli filmin istehsalına görə çəkiliş avadanlıqların icarəyə götürülməsi və xidmətlərin göstərilməsi üçün 2 kotirovka sorğusu elan edib.

    Sorğularda iştirak etmək istəyənlər təkliflərini yanvarın 18-i saat 11:00-a qədər studiyanın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 1 ünvanına təqdim edə bilərlər.

  • ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırıb

    ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlarda tarixi və mədəniyyət abidələrinin vəziyyəti ilə tanış olub.

    İranın bəzi elektron KİV-i ICESCO-nun baş direktorunun Azərbaycan səfərini diqqətdə saxlayaraq xəbər dərc ediblər. İQNA və Qafqaz.ir saytlarında dərc olunan xəbərlərdə deyilir ki, Səlim bin Məhəmməd əl-Maliki erməni işğalından azad edilmiş Ağdam rayonunda XIX əsrin abidəsi olan Ağdam məscidinin vəziyyəti ilə maraqlanıb və dağıdılmış rayon muzeyinə baxıb.

    Azərbaycan rəsmiləri ilə işğaldan azad olunan rayonlardakı tarix və mədəniyyət abidələrinin dağıntılarına baxdıqdan sonra ICESCO-nun baş direktoru ermənilərin hərəkətini qeyri-insani əməl və faciə adlandırıb.

  • 33 nömrəli uşaq musiqi məktəbinin növbəti uğuru

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbinin şagirdi Lalə Bəhramlı Ukraynanın Odessa şəhərində keçirilən “Odesskiy Apelsin” Beynəlxalq onlayn müsabiqədə iştirak edib, “Simli alətlər” nominasiyası üzrə I yerə layiq görülərək medalla təltif olunub.

    İdarədən bildirilib ki, iki turdan ibarət olan beynəlxalq müsabiqədə balaca istedad öz yaşıdları arasında seçilərək “Gənc virtioz” diplomu ilə təltif olunub.

    Müsabiqədə L.Bəhramlının yüksək səviyyəli ifasına görə müəllimi Rüfət Manafov və konsertmeysteri Elmira Mehtiyeva da diplomlara layiq görülüblər.

    Lalə Bəhramlı buna qədər də bir neçə beynəlxalq və respublikada keçirilən müsabiqələrdə yüksək nailiyyətlər əldə edib. Belə ki, o, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 9 May - Qələbə Gününə həsr olunmuş “Qələbəyə doğru” onlayn festival-müsabiqəsində II yerə, İtaliyada keçirilən "Napolinova" Beynəlxalq onlayn müsabiqədə iştirak edərək sertifikata, “Qarabağ kuboku 2020” adlı onlayn beynəlxalq incəsənət yarışmasında II yerə layiq görülüb.