Gənc videoqraflar üçün “İrs dəqiqələri” adlı qısa videolar müsabiqəsi elan olunub.
Namizədlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərdən və ya müsəlmanların azlıqda yaşadığı ölkənin sakini olmalıdır. Müsabiqənin mövzusu islam memarlığıdır.
Video İslam Əməkdaşlıq Təşkilatının rəsmi dillərindən (ərəb, ingilis, yaxud fransız) birində hazırlanmalıdır. İngiliscə altyazı mütləqdir.
Müraciətlər müsabiqənin konsepsiyasına, İslam irsinin roluna və onun qlobal mədəniyyətə və sivilizasiyaya verdiyi töhfələrə uyğun olmalıdır.
Yekun nəticə tam elan olunana qədər təqdimatlar digər müsabiqə və ya qurumlarla paylaşıla, onlara təqdim edilə bilməz.
Birinci yerin qalibinə pul mükafatı veriləcək. Qaliblərə “Aljazeera Media Network” və “TRT World” tərəfindən staj keçmək imkanı yaradılacaq.
Müraciət etmək üçün bu linkdən istifadə etmək olar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının 40 illiyinə həsr olunmuş ilk beynəlxalq internet-müsabiqəsi keçirilib.
BMA-nın rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə keçirilən müsabiqə üç mürəkkəb və müxtəlif istiqaməti – akademik (klassik), xalq və caz musiqisini birləşdirib. Ancaq bu müsabiqənin özünəməxsusluğu tək bu üç istiqamətin tandemində deyil, həm də musiqiçilərin yaş həddinə məhdudiyyət qoyulmamasında olub.
İştirakçıları Azərbaycan, Türkiyə və Rusiyanın görkəmli sənət xadimlərindən ibarət münsiflər heyəti qiymətləndirib.
Müsabiqə həm musiqi məktəbləri və konservatoriyaların tələbələri, həm də yuxarı yaş qrupunda olan püxtələşmiş mütəxəssislər arasında keçirilib. Yarışmaya dünyanın 9 ölkəsindən - Azərbaycan, ABŞ, Avstriya olan 150-dən çox müraciət daxil olub. İştirakçıların sayına görə pianoçular daha geniş tərkiblə təmsil olunub. Klavişli alətlər (fortepiano və orqan) nominasiyaları üzrə 85 iştirakçıdan 8 ifaçı birinci dərəcəli laureat adına layiq görülüb. Orkestr alətləri ixtisaslarına görə 4 violin, 1 arfa, 2 klarnet, 4 fleyta, 1 zərb alətləri, 8 vokal ifaçısı qalib gəlib.
Müsabiqənin nəticələri ilə Bakı Musiqi Akademiyasının rəsmi saytında tanış olmaq mümkündür:
http://musicacademy.edu.az/kheberler/musabigeler/2404-musabiqe-30dekabr-2020.html
Qeyd edək ki, akademik, milli, caz ifaçılarının Birinci Beynəlxalq müsabiqəsi layihəsinin müəllifi və münsiflər heyətinin həmsədri, BMA məktəb-studiyasının təsisçisi və direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur.
Yanvarın 17-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Qoğal” tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.
Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə bilirlər.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş ediləcək.
Mədəniyyət hər bir xalqın qan damarıdır. Mədəni irs bir xalqın, sadəcə, keçmişi haqqında deyil, həm də gələcək inkişaf bacarıqları və dayanıqlılığı haqqında da məlumat verməyə qadirdir. Çünki mədəniyyət xalqın yaradıcılığını ifadə etmək, fərdi kimliyi yaratmaq və cəmiyyətin məskunlaşma anlayışını artırmaq və qorumaq üçün bir imkandır. Yalnız mədəniyyətlərarası dialoqun bir hissəsinə çevrilməklə xalqlar gələcək nəsillərə silinməz izlərini qoya bilərlər.
Bu fikirləri müsahibəsində Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
XXI əsrdə beynəlxalq arenada qarşılıqlı dostluq münasibətlərinin qurulmasında iqtisadi inkişafla birgə “mədəni diplomatiya“nın da payı olduğunu söyləyən Məzahir Əfəndiyev bildirib ki, yumşaq güc siyasətinin əsas hissələrindən biri olan mədəni diplomatiya milli-mənəvi maraqların təbliğinə və dayanıqlı sosial-mədəni əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Bunları nəzərə alaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısının əhəmiyyəti istər vahid dünyanın qeyri-mədəni irsinin qurulmasında və qorunmasında, istərsə də mədəniyyətlərarası dialoqun təşkilində əvəzsizdir. UNESCO xalqların öz dəyərlərini dünyaya təqdim edə biləcəyi vahid bir qlobal platforma statusuna malikdir. Həmçinin xalqların mövcudluğunun və yaratmaq bacarıqlarının tarixi bir sübutudur.
Məzahir Əfəndiyev deyib: “Ölkəmizdə keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə olan icrası, Azərbaycan muğamının, xalçaçılıq və zərgərlik sənətinin və mətbəxinin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş multikultural Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir. Həmçinin Azərbaycan-UNESCO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan-UNESCO əlaqələri” adlı elektron layihə bu əlaqələrə göstərilən dövlət qayğısının rəmzidir”.
Qeyd edib ki, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib Şuşa şəhəri heç də təsadüfi deyil ki, bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır.
“Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi Şuşanın mədəni həyatını qısa müddətdə bərpa edəcəkdir. Həmçinin bu, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin burada keçiriləcəyi mənasına gəlir, bu da öz növbəsində Qarabağın bütün regionun mədəniyyət mərkəzinə çevrilməsinə və dünyaya bir daha “Qarabağ Azərbaycandır!” şüarını çatdırmağa imkan yaradacaq. Bunun üçün, ilk növbədə, müharibə zamanı erməni vandalizmi nəticəsində zərər dəymiş abidələr tezliklə öz tarixi simasına qovuşmalı, poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalı, işğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Bu cür tədbirlər Azərbaycanı Şuşanın timsalında bütün regionun mədəniyyət brendinə çevirməli və Azərbaycanın mədəniyyət siyasətinə öz töhfəsini verməlidir”,-deyə Milli Məclisin deputatı vurğulayıb.
Bu gün Xalq artisti Tofiq Kazımovun anadan olmasından 98 il ötür
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.
Bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun anadan olmasının 98-ci ildönümü tamam olur.
Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.
Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.
Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan “Şəhərin yay günləri”, “Antoni və Kleopatra”, “Sevilya ulduzu”, “Lənkəran xanının vəziri”, “Pəri cadu”, “Yalan”, “Yağışdan sonra”, “Ölülər” və onlarla digər tamaşalar o zamankı teatrsevərlərin yaxşı xatirindədir.
Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci ildə avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Şəhidlik şərəf, qeyrət zirvəsidir” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizə həsr olunub.
Videoçarxda qeyd edilir ki, hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub. Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxıb. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid olub.
Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında xüsusi yer tutan “Qətibə İnanc” tamaşası yanvarın 30-da sənət ocağının “Facebook” səhifəsi vasitəsilə onlayn göstəriləcək.
Ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.
Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluya, səhnə əsərinin musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.
Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.
Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.