Yanvarın 16-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən “Sehrli üzük” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12-də nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsini nümayiş etdirir.
Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləliklə, bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yanvarın 15-də “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.
Saat 18:00-da nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu isə Sənan Hüseynlidir.
Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə və münasibət fərqliliyi ilə insanlar arasında yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Qızının toy ərəfəsində kürəkəninin fransız qonağı Müsyö Jordanla Parisə getməsinə razılıq verməklə, əslində Hətəmxan ağa ailəsinə ciddi problemin və münaqişənin yol açmasına səbəb olur. Nəticədə, evin xanımı Şəhrəbanu qızı Şərəfnisənin göz yaşlarına dözməyib Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üşün qulluqçu Xanpərinin vasitəsilə cadugər Məstəli şahla Qulaməlini tapır. Bu kişinin cadusu ilə Parisin “dağılması” (əslində Paris inqilabının baş verməsi, quruluşun dəyişməsi) və Müsyö Jordanın vətəninə təcili qayıtması Şahbaz bəyin arzusunu ürəyində qoyur. Lakin bu “şad xəbər” evin xanımlarının ürəyincə olur. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən, komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb.
Teatr da onu günün tələbləri səviyyəsində tamaşaçısına təqdim edir.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yanvarın 14-də saat 20:00-da bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçiriləcək.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, qurumun rəhbəri Qalib Qasımovun iştirakı ilə baş tutacaq görüş bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən layihə rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdırlması və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra bilməsi üçün nəzərdə tutulur.
Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş “Zoom” proqramı vasitəsilə həyata keçiriləcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı 2021-ci il dahi Azərbaycan şairi “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Azərbaycan və rus dillərində videoçarxlar hazırlayıb.
İdarədən bildirilib ki, videoçarxlar kitabxananın sosial media hesablarında paylaşılıb.
Videoçarxlarda dahi şairin ömür yolu və yaradıcılığı haqqında məlumat verilir və barəsində yazılan kitab nümayiş olunur.
Qeyd edilir ki, XII əsrin ikinci yarısında Azərbaycan intibah ədəbiyyatı Nizaminin yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyur. İndiyə qədər yazan sənətkarlardan fərqli olaraq Nizami öz elmi və mədəniyyəti ilə lirik və epik şeirə yeni istiqamət verib. Qadına, əməkçi insana münasibət, dərin humanizm bu dahi sənətkarın yaradıcılığında daha genişdir. “Xəmsə” yaratmaq Nizamidən sonra ənənəyə çevrilir və digər sənətkarlar onu ustad olaraq qiymətləndirir. Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.
Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Yanvarın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Nazir Anar Kərimov Salim əl-Maliki salamlayaraq onun ICESCO-nun Baş direktoru kimi ilk səfərini Azərbaycana etməsinə görə təşəkkürünü bildirib. Azərbaycanla ICESCO arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin inkişafında Prezident İlham Əliyev və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayan Anar Kərimov bu münasibətlərin dostluq və həmrəylik üzərində təşəkkül tapdığını qeyd edib.
Nazir son dövrdə ICESCO-da həyata keçirilən islahatları alqışladığını və Azərbaycanın da bu istiqamətdə həmrəylik göstərəcəyini diqqətə çatdırıb.
Nazir, həmçinin ICESCO-nun Baş direktorunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü və işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirib. Qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq missiyanın ilk səfəri olacaq. “Biz istəyirik ki, ICESCO missiyası bu səfər zamanı gördükləri ilə bağlı obyektiv hesabat hazırlasın”, – deyə nazir vurğulayıb.
ICESCO-nun obyektiv mövqeyinin Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini deyən Anar Kərimov təşkilatın ölkəmizin haqlı mövqeyini paylaşdığına görə təşəkkür edib. Bildirib ki, ölkəmiz ICESCO-nun mədəni irsin qorunması sahəsində səylərini yüksək qiymətləndirir və bu sahədə əməkdaşlığı davam etdirmək, həmçinin kreativ sənayenin inkişafında bərabər səylər göstərmək istəyir. Eyni zamanda, Azərbaycan ilə ICESCO arasında mədəniyyət, təhsil və elm sahəsində nazirliyin yanında fəaliyyət göstərən ICESCO üzrə milli komissiyanın töhfələrini artırmaqda davam edəcəyik.
Salim əl-Malik ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ICESCO-nun beynəlxalq hüquqa, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını və suverenliyini daima dəstəklədiklərini və müharibə zamanı da eyni mövqedən çıxış etdiklərini ifadə edib.
Salim əl-Malik əlavə edib ki, belə bir tarixi zamanda ICESCO ilə Azərbaycan arasında uzun illərdir davam edən dostluq və əməkdaşlığı qarşılıqlı şəkildə genişləndirmək və dəstəkləmək lazımdır. O, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb və bildirib ki, ICESCO bu istiqamətdə də öz dəstəyini davam etdirəcək.
Anar Kərimov ölkəmizlə bağlı xoş sözlərinə görə təşəkkürünü bildirərək ICESCO ilə bir sıra istiqamətlərdə əməkdaşlığı və bu əməkdaşlığın mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində uğurla davam etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 2011-ci ildə əsası qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaş beynəlxalq təşkilatdan biri də ICESCO-dur və biz bu tərəfdaşlığın yeni Baş direktorun fəaliyyəti dövründə də davam etdiriləcəyinə əminik.
Nazir ICESCO ilə daha bir əməkdaşlıq istiqaməti kimi rəqəmsal texnologiyaların mədəniyyət sahəsində tətbiqi ilə bağlı birgə startap layihəsini həyata keçirməyi təklif edib.
Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Diqqətə çatdırılıb ki, yanvarın 12-də ICESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edəcək.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ICESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir.
ICESCO-nun Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək.
Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə “Bu günün rəssamı” layihəsinə start verilib.
Layihənin ideya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əsas məqsədi vətənpərvərliyin tablolarda tərənnüm olunması, gənc və istedadlı rəssamların təbliği və bacarıqlarının inkişaf etdirilməsidir.
Layihənin ilk iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin tələbələri olublar. Gənc rəssamlar yaratdıqları əsərlərdə Vətənə, müzəffər Ordumuza və şanlı Azərbaycan əsgərlərinə olan məhəbbət və sevgilərini ifadə ediblər. Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgərlərimizin, qazilərimizin, bir sözlə şanlı əsgərlərimizin qəhrəmanlıqlarını tablolarında tərənnüm ediblər.
Qeyd edək ki, koronavirus pandemiyası bitdikdən sonra layihə daha geniş miqyasda davam edəcək və layihə çərçivəsində müasir Azərbaycan rəssamlarının sərgiləri nümayiş etdiriləcək.
Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosu tərəfindən turizm imkanlarının təbliğ edilməsi, həmçinin turistlər üçün turizm məkanlarının əlçatanlığının təmini məqsədilə Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi dərc olunub.
DTA-dan bildirilib ki, həmçinin Lənkəran şəhər turist xəritəsi, “Cənub regionunda 10 əsas təbiət təcrübələri” və “Lənkəranda 10 əsas turizm fəaliyyəti” adlı broşürlər çap edilib.
Bundan öncə isə Şimal və Şimal-qərb turizm dəhlizlərini əhatə edən regional xəritələr nəşr olunub.
Şimal turizm dəhlizi üzrə Quba və Qusar şəhərlərinin turist xəritələri, “Qubada 10 gəzməli-görməli yer”, “Qusarda 10 əsas gəzməli-görməli yer”, “Şimal regionunda əsas təbiət təcrübələri” adlı broşürlər nəşr edilib.
Qeyd olunan xəritə və broşürlər müvafiq olaraq regionlarda fəaliyyət göstərən mehmanxanalara, turizm informasiya mərkəzlərinə və aidiyyəti qurumlara paylanılıb.
Şimal-qərb turizm dəhlizi üzrə Şəki və Zaqatala şəhərlərinin turist xəritələri və Şəki sənətkarlarının xəritəsi ərsəyə gətirilib. Şimal-qərb regionunda Şəki, Zaqatala, Balakən və Qax rayonların əsas turizm təcrübələrini özündə əks etdirən “Şimal-qərbdə 10 gəzməli-görməli yer” və “Şimal-qərbdə əsas turizm təcrübələri” adlı broşürlər hazırlanıb.
Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib.
Nazirlikdən bildirilib ki, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş müsabiqə fevralın 18-dək davam edəcək. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaqdır. Dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri-tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya – “Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edə bilərlər.
“Bədii qiraət” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:
- İştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeir təqdim edə bilər;
- Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır;
- Videogörüntü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
- Videogörüntülər mümkün qədər aydın və keyfiyyətli olmalıdır;
- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır;
- İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınmalıdır.
“Bədii qiraət” nominasiyası üzrə işlər fevralın 11-dək nizamiganjavi2021@gmail.com elektron poçt ünvanına və (+994 50) 497-97-55 "WhatsApp" nömrəsinə göndərilməlidir.
“Təsviri-tətbiqi sənət” üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır:
- İşlərin işlənmə texnikası sərbəstdir;
- İşlərin formatına məhdudiyyət qoyulmur;
- İşlər göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təmsil etdiyi ölkə, təhsil müəssisəsinin adı, təqdim etdiyi işin adı və işlənmə texnikası qeyd olunmalıdır.
"Təsviri-tətbiqi sənət” nominasiyası üzrə işlər fevralın 11-dək ugim-1@mk.edu.az elektron poçt ünvanına və (+994 50) 367-47-04 "WhatsApp" nömrəsinə göndərilməlidir.
Qeyd edək ki, müsabiqənin qalibləri diplom və sertifikatlarla təltif olunacaq. Qalib işlər sosial şəbəkələrdə, o cümlədən digər media qurumlarında geniş işıqlandırılacaq.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycanın Xalq artisti, akademik Arif Məlikova həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” adlı kitabı çap edilib.
“Şərq – Qərb” nəşriyyatında çapdan çıxan kitabda bəstəkar yaradıcılığının erkən və yetkin dövrlərində meydana gəlmiş kamera-instrumental və kamera-vokal əsərlərin kompleksli təhlili və obrazlı-emosional icmalı verilir.
Kitabda dünya şöhrətli bəstəkarın yaradıcılığında xüsusi yer tutan kamera-instrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb. Müəllif tərəfindən Arif Məlikovun fortepiano prelüdləri, pyesləri, “Ötəri anlar” silsiləsi, “Təzadlar” fortepiano pyesi, iki royal üçün skerso, solo violin üçün sonata, violin və fortepiano üçün skerso, Nazim Hikmətin sözlərinə üç romans silsiləsi, Almas İldırımın sözlərinə “Azərbaycan” balladası nəzərdən keçirilib.
Nəşrin ikinci hissəsinə bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr də daxil olunub.
Kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə isə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər bəstəkarın şəxsi arxivindən götürülüb.
Kitab həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlanıb.