Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Professor Fırat Purtaş: Şuşanın yeni görkəmlə türk dünyasının mədəniyyət paytaxtı seçilməsini gözləyirik

    Böyük Zəfər münasibətilə Azərbaycan xalqını, azərbaycanlı qardaşlarımızı ürəkdən təbrik edirəm. Azərbaycanın sevinci Türkiyənin, türk xalqının da sevincidir. Bu sevinci daha da artıran məsələlərdən biri də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasıdır.

    Bu fikirləri açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin sabiq müavini, professor Fırat Purtaş ifadə edib.

    Şuşadakı tarixi abidələrin bərpa edilərək yeni görkəm alacağına inandığını bildirən professor əminliklə deyib ki, Şuşa yeni görünüşü ilə türk dünyasının mədəniyyət paytaxtı seçiləcəkdir.

  • “Qarabağnamə” tamaşası onlayn göstəriləcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “Qarabağnamə” tamaşasını sosial hesabları vasitəsilə onlayn nümayiş etdirəcək.

    Yanvarın 20-də göstəriləcək Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

    Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

    Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

    O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

  • Qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirir

    Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

    Müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun”un premyerasından 113 il ötür. Şərqin ilk operası olan “Leyli və Məcnun”u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda, müsəlman Şərqində opera janrının əsası qoyulub.

    2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də “Nicat” Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

  • Mədəniyyət naziri ICESCO-nun Baş direktoru Salim əl-Malik ilə görüşdü
    İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər gəlib. Yanvarın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşdü. Görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edildi. Nazir Anar Kərimov Salim əl-Maliki salamlayaraq onun ICESCO Baş direktoru kimi ilk səfərini Azərbaycana etməsinə görə təşəkkürünü bildirdi. Azərbaycanla ICESCO arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin inkişafında ölkə başçısı Prezident İlham Əliyev və Birinci Vitse-President ICESCO-nun xoşməramlı səfiri Xanım Mehriban Əliyevanın müstəsna rolunu vurğulayan Anar Kərimov bu münasibətlərin dostluq və həmrəylik üzərində təşəkkül tapdığını qeyd etdi. Nazir son dövrdə ICESCO-da həyata keçirilən islahatları alqışladığını və Azərbaycanın da bu istiqamətdə həmrəylik göstərəcəyini diqqətə çatdırdı. Nazir, həmçinin ICESCO Baş direktorunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü və işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirdi. Qeyd etdi ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq missiyanın ilk səfəri olacaq. “Biz istəyirik ki, ICESCO missiyası bu səfər zamanı gördükləri ilə bağlı obyektiv hesabat hazırlasın” – deyə nazir vurğuladı.   ICESCO-nun obyektiv mövqeyinin Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini deyən Anar Kərimov təşkilatın ölkəmizin haqlı mövqeyini paylaşdığına görə təşəkkür etdi. Bildirdi ki, biz  ICESCO-nun mədəni irsin qorunması sahəsində səylərini yüksək qiymətləndirir və bu sahədə əməkdaşlığı davam etdirmək, həmçinin kreativ sənayenin inkişafında bərabər səylər göstərmək istəyirik. Eyni zamanda Azərbaycan ICESCO arasında mədəniyyət, təhsil və elm sahəsində nazirliyin yanında fəaliyyət göstərən ICESCO üzrə milli komissiyanın tövhələrini artırmaqda davam edəcəyik. Salim əl-Malik ölkəmizə səfərindən məmnunluğunu bildirərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. O, ICESCO-nun beynəlxalq hüquqa xüsusi ilə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını və suverenliyini daima dəstəklədiklərini və müharibə zamanı da eyni mövqedən çıxış etdiklərini ifadə etdi. Salim əl-Malik əlavə etdi ki, belə bir tarixi zamanda ICESCO ilə Azərbaycan arasında uzun illərdir davam edən dostluq və əməkdaşlığı davam etdirmək, qarşılıqlı şəkildə genişləndirmək və dəstəkləmək lazımdır. O, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğuladı və bildirdi ki, ICESCO bu istiqamətdə də öz dəstəyini davam etdirəcək. Anar Kərimov ölkəmizlə bağlı xoş sözlərinə görə təşəkkürünü bildirərək ICESCO ilə bir sıra istiqamətlərdə əməkdaşlıq etdiyimizi, bu əməkdaşlığın mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində də çox uğurla davam etdiyini vurğuladı. Diqqətə çatdırıldı ki, 2011-ci ildə əsası qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaş beynəlxalq təşkilatdan biri də ICESCO-dur və biz bu tərəfdaşlığın yeni Baş direktorun dövründə də davam etdiriləcəyinə əminik. Nazir ICESCO ilə daha bir əməkdaşlıq istiqaməti kimi rəqəmsal texnologiyaların mədəniyyət sahəsində tətbiqi ilə bağlı birgə startap layihəsini həyata keçirməyi təklif etdi. Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdi. Diqqətə çatdırıldı ki, yanvarın 12-də ICESCO heyəti Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edəcək. Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ICESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir. ICESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək.
  • Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilib
    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 yanvar 2021-ci il tarixində video-konfrans formatında baş tutan görüşə ölkənin aparıcı kitabxana və nəşriyyat-poliqrafiya müəssisələrinin nümayəndələri qatılıb. Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli görüş iştirakçılarını salamladıqdan sonra gündəlikdə olan məsələləri müzakirəyə çıxarıb. İlk olaraq işğaldan azad edilmiş ərazilərdə kitabxana və nəşriyyatların bərpası işi ilə bağlı dövlət və özəl müəssisələrin əməkdaşlıq imkanları müzakirə edilib. Görüş iştirakçıları bu işdə könüllü olduqlarını dilə gətiriblər. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə cari ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Nizami irsinin daha dərindən araşdırılması və geniş təbliğinə xidmət edəcək tədbirlər planının hazırlandığı və bu işdə sahəvi özəl müəssisələrin də yaxından iştirak edəcəklərinə əminlik qeyd olunub. Ardınca xalqımızın ədəbi-mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mühüm rolu olan respublika əhəmiyyətli kitabxanaların məcburi nüsxələrlə təminatı qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı dünyanın koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə apardığı bir vaxtda kitab işi sahəsinin, bu sahədə çalışanların üzləşdiyi çətinliklər təhlil olunub, dəstək yönümlü birgə layihələrin hazırlanması təklif edilib.  Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib. Sonda sahə ilə bağlı bir çox məsələlərin müzakirə olunduğu bu kimi görüşlərin müntəzəm keçirilməsi qərarlaşdırılıb.
  • Uşaq musiqi məktəbi şagirdinin uğuru

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi Oqtay Xudiyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileyinə həsr olunmuş Akademik, Xalq və Caz Musiqisi İfaçılarının I Beynəlxalq onlayn müsabiqəsində uğurla çıxış edib.

    İdarədən bildirilib ki, müsabiqə “Fortepiano, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Xalq çalğı alətləri”, “İnstrumental ansambl”, “Vokal”, “Vokal ansamblı” nominasiyaları üzrə 6 yaş qrupu üzrə keçirilib.

    Musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi Oqtay Xudiyev (müəllim - Sevda Rəhimova) 9-12 yaş qrupu üzrə yarışmada “Piano” nominasiyası üzrə “Diplomant” adına layiq görülərək diplomla mükafatlandırılıb.

  • Azərbaycanda “Global Game Jam” keçiriləcək

    Yanvarın 27-dən 31-dək 200-ə yaxın ölkədə təşkil ediləcək “Global Game Jam” Azərbaycanda da baş tutacaq.

    “Global Game Jam” pandemiya səbəbindən onlayn keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla əlaqələndirməkdir.

    Azərbaycanda ilk dəfə “Global Game Jam” onlayn təşkil ediləcək. Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, Ui/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları “GGJ Azerbaijan”a dəvətlidirlər.

    Tədbirdə iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.

    Tədbir “Game Tech Azerbaijan”ın təşkilatçılığı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP VC, Next Step İnnovasiya mərkəzi , “Kreativ Azərbaycan” və “Mad Rooster” şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək.

    Qeydiyyatdan keçmək üçün https://globalgamejam.org/user/signup/to/participate/using ünvanına daxil olmaq lazımdır.

  • Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilib

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə videokonfrans formatında baş tutan görüşə ölkənin aparıcı kitabxana və nəşriyyat-poliqrafiya müəssisələrinin nümayəndələri qatılıb.

    Nazirlikdən bildirilib ki, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli görüş iştirakçılarını salamladıqdan sonra gündəlikdə olan məsələləri müzakirəyə çıxarıb. İlk olaraq işğaldan azad edilmiş ərazilərdə kitabxana və nəşriyyatların bərpası işi ilə bağlı dövlət və özəl müəssisələrin əməkdaşlıq imkanları müzakirə edilib. Görüş iştirakçıları bu işdə könüllü olduqlarını dilə gətiriblər.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə cari ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Nizami irsinin daha dərindən araşdırılması və geniş təbliğinə xidmət edəcək tədbirlər planını hazırlandığı və bu işdə özəl müəssisələrin də yaxından iştirak edəcəklərinə əminlik ifadə olunub.

    Ardınca xalqımızın ədəbi-mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mühüm rolu olan respublika əhəmiyyətli kitabxanaların məcburi nüsxələrlə təminatı qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

    Görüş zamanı dünyanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizə apardığı bir vaxtda kitab işi sahəsinin, bu sahədə çalışanların üzləşdiyi çətinliklər təhlil olunub, dəstək yönümlü birgə layihələrin hazırlanması təklif edilib.

    Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib.

    Sonda sahə ilə bağlı bir çox məsələlərin müzakirə olunduğu bu kimi görüşlərin müntəzəm keçirilməsi qərarlaşdırılıb.

  • “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” sənədli material İran qəzetində

    Təbrizin gündəlik “Saeb Təbriz” qəzeti Dövlət Tərcümə Mərkəzinin beynəlxalq aləmdə yayımlanması məqsədilə müxtəlif dillərdə hazırladığı “Lev Tolstoyun qızı erməni vəhşilikləri haqqında” mətninə öz səhifələrində yer ayırıb.

    1915-ci ildə ermənilər tərəfindən Van şəhərində dinc türk əhalisinə qarşı törədilən soyqırımın canlı şahidi olmuş böyük rus yazıçısı Lev Tolstoyun qızı Aleksandra Tolstoyanın xatirələrini əks etdirən material oxuculara Təbrizin tanınmış jurnalisti Qasım Türkanın “Ön söz”ü ilə təqdim edilib.

  • “Ah, bu uzun sevda yolu” tamaşası onlayn nümayiş olunacaq

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası yanvarın 17-də sənət ocağının “Facebook” hesabı vasitəsilə onlayn göstəriləcək.

    Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

    Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

    Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.