Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Pişiyin evi” tamaşası onlayn göstəriləcək

    Yanvarın 15-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında hazırladığı eyniadlı tamaşanı saat 12:00-da onlayn nümayiş etdirəcək.

    Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.

    Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

    İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

    Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalında saat 12-də yayımlanacaq.

  • İçərişəhərdə “Art on the Wall” layihəsinə başlanılıb

    “Art on the Wall” (Divarda İncəsənət) rəqəmsal layihəsi çərçivəsində əsərlər hazırda İçərişəhərdə Kiçik Qala 58 ünvanındakı binanın fasadında pankart kimi sərgilənməyə başlayıb.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, fevralın ortalarına qədər olan müddətdə əsərləri nümayiş olunan ilk sənətkar Orxan Hüseynovdur.

    “Sevgimiz elə bu qədərmiş” İçərişəhərdə çəkilən məşhur klassik Azərbaycan kinosuna ehtiram nümunəsidir. Yerli konteksti cəmiyyətin ən kritik mövzusu - COVID-19 ilə əlaqələndirən Orxan Hüseynov, həqiqi, şıltaq və intellektual mahiyyəti etibarilə vizual dildən ustalıqla istifadə edir və sevilən filmlərin adlarına ikinci məna gətirir. Hazırkı dövrdə, Əsmər və Oqtay İçərişəhərin dar küçələrini maska taxmadan dolaşa bilməzdilər.

    “O olmasın, bu olsun” isə Gülnazın bu gün hansı maskanı taxması kimi qəliz seçimi barəsində danışır. Bizim kimi film qəhrəmanları da pandemiyanın gətirdiyi “yeni normanı” qəbul edir və ona uyğunlaşırlar. Maskalar virusdan qoruyucu tədbir və sevdiyinə qayğı göstəricisi kimi ən vacib aksessuara çevrilib.

    Qeyd edək ki, “Divarda incəsənət” sənətkarların əməyini və istedadını dəstəkləmək üçün göstərilən təşəbbüsdür.

  • “İRS” jurnalının növbəti nömrəsi Türkiyədə nəşr olunub

    Azərbaycan mədəniyyətinin, incəsənətinin, tarixinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının türk dilində növbəti nömrəsi nəşr edilib.

    Jurnalın bu nömrəsində sentyabrın 27-də başlayıb 44 gün ərzində rəşadətli qələbə ilə sona çatan şərəfli Vətən müharibəsinə geniş yer verilib.

    “Qarabağ Azərbaycandır!” sərlövhəsi ilə nömrəyə giriş yazan jurnalın baş redaktoru Musa Mərcanlı Dağlıq Qarabağın siyasi tarixi, ermənilərin torpaqlarımıza köçürülməsi, o cümlədən bu toplumun yaratdığı problemlər barədə türkdilli oxucular ətraflı məlumat verir.

    Jurnalın budəfəki nömrəsində əksini tapan məqalələrdə Çar Rusiyasının Qafqaz siyasəti, ermənilərin bölgəyə köçürülməsinin tarixi, onların qədim Azərbaycan torpaqlarında yerləşdirilməsinin məqsəd və nəticələrindən bəhs olunur.

    “Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində beynəlxalq təhlükəsizlik məsələlərinə ortaq yanaşma” sərlövhəli məqalədə isə Qafqazdakı hazırkı vəziyyət, bölgənin ən qüdrətli dövlətinə çevrilən Azərbaycanın gücünü müəyyən edən mühüm amillər təhlil olunur. Məqalədə faktlar və məntiqi mülahizələrlə əsaslandırılır ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri Qafqaza sülh, əmin-amanlıq, inkişaf və tərəqqi vəd edir.

    Oxucular bu nömrədə həmçinin, “Rəşid Behbudov: Azərbaycanın nəğmə dolu ürəyi” sərlövhəli məqalə ilə də tanış ola bilərlər. Məqalələrə əlavə olunan orijinal fotolar olduqca cəlbedicidir.

  • “Mədəniyyət/Culture” jurnalının “Zəfər” sayı...
    Jurnal Xarı Bülbül emblemi ilə yeni ilin ilk həftəsində salamlayır oxucularını. Üz qabığı “8 noyabr - Zəfər günü, Qarabağ Azərbaycandır” şüarı ilə süslənib, forzas isə Qələbə Paradının və bütün hadisələrin kvintessensiyasını təşkil edən fotoreportajla maraqlıdır. Kontenti “müharibə və mədəniyyət” təzadının üzərində qurulan baş redaktor sözü bu anlayışların fəlsəfəsindən, sahə cameəsinin vəzifələrindən bəhs edir. Davamında Zəfər Gününün mahiyyəti və Zəfər Paradının ehtişamı anladılır, daha sonra taleyüklü 44 gündə həm döyüş meydanında, həm də mədəniyyət müstəvisində həyatlarını, çalışmalarını Vətən yolunda əsirgəməyən insanımızdan bəhs edilir.Mədəniyyət sahəsindən cəbhəyə gedib hərəsi bir dünya olan gənc şəhidlərin hekayələri oxunur, ruhları anılır və yaddaşlarda yaşaması üçün yazılarda əbədiləşdirilir. Şuşanın azad olunmasında iştirak edən qazimiz də unudulmur. Mədəniyyət xadimlərimiz öz təəssüratları, düşüncələri, planları ilə bölüşür, II Qarabağ müharibəsinin qəhrəmanlarına ithaf olunan əsərlər ortaya çıxır, Vətən müharibəsinin kino salnaməmizə yazılacaq işlərin konturları cızılır, artıq Şuşa səfərinə hazırlaşan Üzeyir həsrətli eksponatların yolda olan gözü dolur, Qarabağ savaşı rənglərin dili ilə danışır. Mədəniyyət nazirliyinin bu günlərdə hadisələrə operativ yanaşması, beynəlxalq təşkilatlara və ictimaiyyətə ünvanlanan məktubları barədə oxucuya məlumat əsnasında UNESCO-da şəxsiyyət vəsiqəsi alan Nar bayramı və Miniatür sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də təqdim olunur oxucuya, Təbriz ustalarının miniatür məharətindən bəhs edən məqalə isə bu məqamda lap yerinə düşür. Rəssamlarımızın virtual sərgilərinə də Vətən sevdalılarına bir töhfə kimi baxılır. Jurnalın bu sayının bir neçə səhifəsi həmkar fotoqraflara ayrılıb: fotolarda yaşayacaq 44 günün xronikası hər baxışda yaddaşları təzələyəcək, həmçinin, həmkarlarımızın da fədakarlığının sübutu olacaq. Azərbaycan rəssamlarının Şuşa arzuları dil açır növbəti yazıda. Daha sonra Mədəniyyət Nazirliyinin hadisələrin ilk günlərindən başlayan tarixi layihələrinin –“Qarabağ - mədəniyyətimizin beşiyi”, “Xristian irsimizi tanıyaq” layihələri təqdim olunur. Jurnalın və baş redaktorun “Humay” milli mükafatına layiq görülməsi xəbəri də oxucunun təqdirinə səbəb olacaq məqamdır.
  • Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə görüşdü
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai arasında sonuncunun xahişi ilə onlayn formatda görüş keçirildi. Görüşdə Mədəniyyət Nazirliyi ilə BMT və BMT-nin ixtsaslaşmış qurumları arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıldı. Qulam İsakzai Azərbaycan ilə BMT arasında uzun müddətdir ki sıx əməkdaşlığın mövcud olduğunu, ölkəmizin BMT-nin müxtəlif fəaliyyətlərinə dəstək verdiyini vurğuladı, gələcəkdə bu əməkdaşlığın eyni ruhda davam edəcəyinə inamını ifadə etdi. Nazir Anar Kərimov Azərbaycan ilə BMT arasında Mədəniyyət Nazirliyinin fəaliyyət sahələrində sıx əməkdaşlıq münasibətlərinin mövcudluğunu diqqətə çatdırdı. BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO ilə münasibətlərin inkişafı üçün dövlət başçısı İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu, ölkəmizin təşkilatın prinsip və dəyərlərinə daim sadiq olduğunu bildirərək, bu məsələdə Təşkilatdan da adekvat yanaşmanın, ədalətli mövqenin gözlənildiyini ifadə etdi. Lakin son dövrlərdə UNESCO-nun erməni işğalından azad edilmiş ərazilərə missiya göndərilməsi ilə bağlı təşkilatın anlaşılmaz açıqlamalarının Azərbaycan tərəfində məyusluq yaratdığını bildirdi. Halbuki, bizim tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilən ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı diqqətə çatdırılmışdır. Q.İsakzai UNESCO tərəfindən onunla da müəyyən təmasların olduğunu bildirərək missiya ilə bağlı Azərbacan tərəfinin mövqeyinə aydınlıq gətirilməsini xahiş etdi. Nazir A.Kərimov bildirdi ki, son  30 ildə işğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciətlər ünvanlayıb, lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat verilməyib. Təəssüflə qeyd edilməlidir ki, hazırkı müzakirələr fonunda UNESCO tərəfindən Azərbaycanı əsassız olaraq günahlandıran açıqlamaların verilməsi təşkilatın qərəzsizliyini və öz nizamnaməsinə uyğun tərəfsiz yanaşmasını kölgə altına salır. A.Kərimov Azərbaycan tərəfinin həmin ərazilərə monitorinq missiyasının göndərilməsində hamıdan daha çox maraqlı olduğunu, lakin həmin missiyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığına, eləcə də beynəlxalq hüququn digər prinsiplərinə hörmət çərçivəsində, mənşəyinə və dini xarakterinə heç bir ayrı-seçkilik qoyulmadan bütün abidələrin və mədəniyyət obyektləri üzərində təşkilini dəstəkləyir. UNESCO tərəfindən bu kimi açıqlamalarının verilməsi bizim cəmiyyətimizdə ciddi narazılıq yaradır ki, bu da təəssüflər olsun, təşkilatın imicini zədələyir. Bütün bunlara baxmayaraq Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və bu sənəd çox yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcəkdir. A.Kərimov Q.İsaqzayin BMT Rezident Əlaqələndiricisi qismində fəaliyyətinin Azərbaycan-BMT münasibətləri kontekstində önəmli olduğunu qeyd edib və onun tərəfindən azad edilmiş ərazilərdə vəziyyəti qiymətləndirib, bu məlumatın BMT qurumlarına olduğu kimi çatdırılmasında böyük rol oynadığını diqqətinə çatdırıb.     Q.İsaqzai ölkəmizin mövqeyini anlayışla qarşıladığını və 44 günlük müharibə ərzində  baş verən hadisələr və azad edilmiş ərazilərdə real vəziyyət haqqında BMT qurumlarına obyektiv məlumatlar çatdıracağına davam edəcəyini bildirib.
  • Azərbaycan səhnəsinin gözəllik pərisi

    Bu gün Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 101-cü ildönümü tamam olur

    Bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 101 il ötür. Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib.

    Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Bədirbəyli yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixində yazdırmağı bacaran sənətkarlardandır.

    Görkəmli aktrisanın fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyev ötən il dekabrın 29-da imzaladığı Sərəncamla ölkəmizdə Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

    O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

    Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.

    Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.

    Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.

    Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.

    “Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

  • Mədəniyyət Nazirliyi ilə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

    Mədəniyyət naziri Anar Kərimovla Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev arasında videoformatda görüş keçirilib.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, görüş zamanı gələcək əməkdaşlıq və birgə layihələr barədə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin müəyyən etdiyi istiqamətlər üzrə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

    Mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın dirçəldilməsi məqsədilə nazirlik tərəfindən bir neçə prioritet istiqamətlər üzrə iş aparılmasının nəzərdə tutulduğunu və bir neçə layihəyə artıq başlanıldığını bildirib. Bunlar arasında həmin ərazilərin tarixi abidələrinin və mədəniyyət müəssisələrinin bərpası, Qarabağdan olan əhalinin adət-ənənələrinin bərpası (“Yurda qayıdış” layihəsi) və Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıdışının beynəlxalq səviyyədə təbliğini qeyd edib. Həmçinin nazirlik tərəfindən həyata keçirilən “Qarabağnamə” layihəsinin ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandığını vurğulayıb.

    Görüş zamanı Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən digər layihələr barədə də məlumat verilib.

    Tural Gəncəliyev, öz növbəsində, nazirlik ilə ictimai birlik arasında əməkdaşlıqdan danışıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin və birgə layihələrin icrasının əhəmiyyətini qeyd edib.

    Görüşün sonunda Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Mədəniyyət Nazirliyinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birlikdə ölkə rəhbərliyi tərəfindən müəyyən edilən tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə inam ifadə edilib.

  • Yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı işıq üzü görüb

    Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun “Çadır” kitabı işıq üzü görüb.

    Kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı roman və hekayələr toplanıb. Oxucu yazıçının əsərlərində yaradıcılıq dünyasına dalır, həyatı fərqli, daha əsrarəngiz və rəngarəng görür. Kamil Əfsəroğlunun nəsrində bir rəng də var – adsız rəng. Oxucu bu rəngin sehrinə düşür, sirlərinə tapınmaq istəyir. Müəllifə görə, ədəbiyyat gerçəklikdən də yüksəkdə durmalıdır. Özünə sığmayan dünya bəzən yazıçının bircə hekayəsinə sığır. Bu, bizim dünyamızdır.

    “Çadır” bədii məziyyətləri, mövzu aktuallığı və qloballığı ilə də maraq çəkir. Qarabağ mövzusu yazıçının şahidi olduğu hadisələrin fonunda, tanıdığı insanların simasında real və dolğun əksini tapır. Çadır həyatı yerindən-yurdundan didərgin düşmüş insanları çətinliklərlə üzləşdirir, sınağa çəkir və onlar doğma torpaqlarına qayıtmaq inamını, ümidini itirmirlər. Qarabağın azadlığına, Qələbəyə aparan yol da bu inam və ümiddən keçir.

  • “Mədəniyyət/Culture” jurnalının “Zəfər” nömrəsi...

    “Mədəniyyət/Culture” jurnalının “Zəfər” nömrəsi işıq üzü görüb.

    Jurnal oxucuları Yeni ilin ilk həftəsində Xarı Bülbül emblemi ilə salamlayır. Üz qabığı “8 noyabr - Zəfər günü, Qarabağ Azərbaycandır!” şüarı ilə süslənib, forzas isə Qələbə paradının və bütün hadisələrin kvintessensiyasını təşkil edən fotoreportajla maraqlıdır.

    Kontenti “müharibə və mədəniyyət” təzadının üzərində qurulan baş redaktor sözü bu anlayışların fəlsəfəsindən, sahə cameəsinin vəzifələrindən bəhs edir. Davamında Zəfər Gününün mahiyyəti və Zəfər paradının ehtişamı anladılır, daha sonra taleyüklü 44 gündə həm döyüş meydanında, həm də mədəniyyət müstəvisində həyatlarını, çalışmalarını Vətən yolunda əsirgəməyən insanımızdan bəhs edilir. Azərbaycanın qədim mədəniyyətini mənimsəmək, mümkün olmayanda isə məhv etmək xülyası ilə yaşayan erməni faşizminin dar düşüncəsinə qarşı bütün müstəvilərdə mübarizə aparan xalqımızın mədəniyyət sahəsində çalışan sıravi fədailərindən söz açılır. Mədəniyyət sahəsindən cəbhəyə gedib hərəsi bir dünya olan gənc şəhidlərin hekayələri oxunur - ictimaiyyətə adları yaxşı tanınan sənət adamlarının, istedadı ilə hamını təəccübləndirən gənclərimizin Şəhidlik zirvəsinə ucalan müqəddəs ruhları anılır, yaddaşlarda yaşaması üçün yazılarda əbədiləşdirilir. Şuşanın azad olunmasında iştirak edən qazilərimiz də unudulmur.

    Nəşrin bu nömrəsində mədəniyyət xadimlərimiz təəssüratlarını, düşüncələrini, planlarını bölüşür, İkinci Qarabağ müharibəsinin qəhrəmanlarına ithaf olunan əsərlər ortaya çıxır, Vətən müharibəsinin kino salnaməmizə yazılacaq işlərin konturları cızılır, artıq Şuşa səfərinə hazırlaşan Üzeyir həsrətli eksponatların yolda olan gözü dolur, Qarabağ savaşı rənglərin dili ilə danışır. Mədəniyyət Nazirliyinin bu günlərdə hadisələrə operativ yanaşması, beynəlxalq təşkilatlara və ictimaiyyətə ünvanlanan məktubları barədə oxucuya məlumat əsnasında UNESCO-da “şəxsiyyət vəsiqəsi” alan Nar bayramı və Miniatür sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də təqdim olunur, Təbriz ustalarının miniatür məharətindən bəhs edən məqalə isə bu məqamda lap yerinə düşür.

    Rəssamlarımızın virtual sərgilərinə də Vətən sevdalılarına bir töhfə kimi baxılır.

    Jurnalın bu nömrəsinin bir neçə səhifəsi həmkar fotoqraflara ayrılıb: fotolarda yaşayacaq 44 günün xronikası hər baxışda yaddaşları təzələyəcək, həmçinin, həmkarlarımızın da fədakarlığının sübutu olacaq.

    Azərbaycan rəssamlarının Şuşa arzuları dil açır növbəti yazıda. Daha sonra Mədəniyyət Nazirliyinin hadisələrin ilk günlərindən başlayan tarixi layihələrinin –“Qarabağ - mədəniyyətimizin beşiyi”, “Xristian abidələrimizi tanıyaq” layihələri təqdim olunur.

    Jurnalın və baş redaktorun “Humay” milli mükafatına layiq görülməsi xəbəri də oxucunun təqdirinə səbəb olacaq məqamdır.

    Qeyd etmək lazımdır ki, bu nömrənin bütün elmi məqalələrində Qarabağ mövzusu, vətənpərvərlik motivləri tədqiqat predmeti olaraq ən başlıca mövzu kimi önə çıxır.

    “Mədəniyyət/Culture” jurnalının 2021-ci il üçün mövzuları isə əslində artıq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın çıxışlarında müəyyən olunmuş, Azərbaycan Respublikasının yeni təyin edilən mədəniyyət nazirinin məruzəsində öz əskini tapmışdır...

  • Baş müşavir Yalçın Topçu: Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tarixi hadisədir

    Türkdilli ölkələrin liderləri mədəniyyətlərimizi tərənnüm edən dəyərlərimizi gün üzünə çıxarıb ilk növbədə türk dünyasında, eyni zamanda, bütün dünyada tanınmasına böyük töhfələr verirlər. Prezident İlham Əliyevin Şuşa ilə bağlı qərarı bu mənada tarixi hadisədir.

    Bu fikirləri Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu söyləyib.

    Şuşanın qədim mədəniyyətə sahib olduğunu bütün dünyanın bildiyini diqqətə çəkən Yalçın Topçu əminliklə bildirib ki, Qafqazın incisi sayılan bu qədim şəhərdəki bütün dağıdılmış abidələr Azərbaycan tərəfindən yenidən dirçəldəcək.

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun qazandığı tarixi zəfəri xoş sözlərlə xatırlayan və bu qələbədən qurur duyduğunu ifadə edən baş müşavir Yalçın Topçu deyib: “Bu zəfər bölgəyə sülh və sabitlik gətirəcək və bütün dünya bundan bəhrələnəcək.”