Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • İtaliya mətbuatı: 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

    İtaliyanın “Agenzia Nova”, “Giornale Diplomatico”, “Politicamente Corretto” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi barədə informasiyalar yayıblar.

    Yazılarda dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin Azərbaycan-İtaliya dostluğunun rəmzi olaraq 2012-ci ildə Romanın “Villa Borgese” parkında ucaldıldığı qeyd edilib.

    Bildirilib ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycan xalqının mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.

    Habelə vurğulanır ki, Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Azərbaycanda Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

    Bundan əlavə, diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin yubileyləri Azərbaycanda hər zaman təntənə ilə keçirilib. Məlumatlarda dahi şairin 800 illik yubileyinin onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratdığı deyilir. Eyni zamanda, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə də xüsusi diqqət yetirdiyi, dahi öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdığı qeyd edilib.

  • “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb

    “Avroviziya-2021” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb.

    İTV-nin mətbuat xidmətindən bildiriblər ki, “Avroviziya-2021” üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

    Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb.

    Şərtlərdə bildirilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2021-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

    Qeyd edək ki, mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi “Efendi” adlı ifaçı təmsil edəcək.

    Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri isə bəstəkar İsa Məlikovdur.

  • Milli Kitabxanada “Bəxtiyar Sadıqov - 70” adlı virtual sərgi təqdim olunub

    Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun 70 illik yubileyi tamam olub. Bəxtiyar Sadıqov jurnalist və baş redaktor kimi Azərbaycan tarixinin, xüsusən XX əsrin sonlarında baş verən hadisələrin, xalqımızın həmin dövrdə qarşılaşdığı haqsızlıqların, yaşadığı faciələrin ictimaiyyətin diqqətinə çatdırılmasında xüsusi rol oynayıb.

    Bu fikirlər tanınmış jurnalistin yubileyi ilə əlaqədar M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan virtual sərginin təqdimatında diqqətə çatdırılıb.

    Qeyd edilib ki, dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər, beynəlxalq qlobal problemlər və sosial məsələlər onun tez-tez toxunduğu mövzulardan olub. Onun publisistikası həmişə aktuallığı, müasirliyi, ümummilli mövqeyi, vətənpərvərliyi, mübarizliyi ilə seçilir. Bu xüsusiyyətlər daim yaradıcılıq axtarışında olan Bəxtiyar Sadıqovun məqalələrinin, müəllifi olduğu kitabların qayəsini təşkil edən dəyərlərdir.

    Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Bəxtiyar Sadıqov - 70” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim edilib. Kitabxananın rəsmi saytındakı virtual sərgidə Bəxtiyar Sadıqovun məqalələri, müəllifi və redaktoru olduğu kitablar, həyatı və yaradıcılığı haqqında yazılar, fotoşəkillər nümayiş olunur.

  • Kukla Teatrı “Turp” tamaşasını onlayn nümayiş etdirəcək

    Yanvarın 10-da saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından rus xalq nağılı əsasında hazırlanan “Turp” tamaşası nümayiş ediləcək.

    Səhnələşdirəni və quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan bu birhissəli uşaq tamaşasında fərqli kukla texnikaları tətbiq olunub.

    Qoca kəndlinin bağçasında xüsusi qulluqla yetişdirdiyi turp ilə macəraları illərdir ki, uşaqdan böyüyə hər kəsin maraqla oxuyub-izlədiyi nağıllardandır.

    Uşaqları zəhmətsevərlik, güc birliyi və bütün bunların fonunda möcüzələrə təbəssümlə inanmağa səsləyən sevimli və yekə “Turp”un Kukla Teatrındakı səhnə həlli də maraqlı və baxımlıdır. Təbii ki, bunun da əsas səbəbi qısa nağıla tam yeni səhnələşdirmədə usta rejissor yozumudur.

    Musiqi həlli, rəssam işi baxımından da uğurlu kollektiv əməyin bəhrəsi olan “Turp” hər iki bölmədə uşaqların sevərək izlədiyi, maraqla yolunu gizlədikləri tamaşalardandır.

  • Nazir Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Tural Gəncəliyev arasında videoformatda görüş keçirildi
    Yanvarın 7-si Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev ilə videoformatda görüş keçirib. Görüş zamanı gələcək əməkdaşlıq və birgə layihələr barədə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin müəyyən etydiyi istiqamətlər üzrə görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Mədəniyyət naziri Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın dirçəldilməsi məqsədilə Nazirlik tərəfindən bir neçə prioritet istiqamətlər üzrə iş aparılmasının nəzərdə tutulduğunu və bir neçə layihəyə artıq başlanıldığını bildirib. Bunlar arasında həmin ərazilərin tarixi abidələrinin və mədəniyyət müəssisələrinin bərpası, Qarabağdan olan əhalinin adət-ənənələrinin bərpası (“Yurda qayıdış” layihəsi) və Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıdışının beynəlxalq səviyyədə təbliğini qeyd edib. Həmçinin Nazirlik tərəfindən həyata keçirilən “Qarabağnamə” layihəsinin ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandığını vurğulayıb. Görüş zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən digər layihələr barədə də məlumat verilib. Tural Gəncəliyev, öz növbəsində, Nazirlik ilə İctimai Birlik arasında əməkdaşlıq haqqında danışıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin və birgə layihələrin icrasının əhəmiyyətini qeyd edib. Görüşün sonunda Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Mədəniyyət Nazirliyinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə birlikdə ölkə rəhbərliyi tərəfindən müəyyən edilən tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə inam ifadə edilib.
  • Qazaxıstan mətbuatı 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsindən yazır

    Qazaxıstanın “Inform.kz” informasiya agentliyinin saytında, rəsmi “Egemen.kz” qəzetində “2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib" sərlövhəli məlumat dərc edilib.

    Məlumatda bildirilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

    “Inform.kz” informasiya agentliyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətnini yayıb.

    “Egemen.kz” qəzetində dərc edilən məlumatda isə Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs olunur.

  • Nüfuzlu "China Daily" qəzeti "Nizami Gəncəvi İli" haqqında məqalə yayıb

    Çində və dünyada milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti "Azərbaycan 2021-ci ili "Nizami Gəncəvi İli" elan edib" başlıqlı məqalə yayıb.

    Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərovun müəllifi olduğu məqalədə Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzaladığı bildirilib.

    Qeyd olunub ki, Azərbaycan Prezidenti Nizami Gəncəvinin irsi barədə danışarkən belə deyib: "Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami İli” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir".

    Məqalədə Prezident İlham Əliyevin fikirlərinə istinadla 2019-cu ilin Azərbaycanda digər dahi şair Nəsimi ili olduğu, Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairlərinin dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr verdiyi bildirilib.

    Qeyd olunub ki, Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən və Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Gəncə şəhərində 1141-ci ildə dünyaya gələn Nizami Gəncəvi Şərq intibahının ən böyük nümayəndələrindən biridir. Şair 5 poemadan ibarət "Xəmsə"si ilə sənət salnaməsi yaradıb. Böyük ədəbiyyat məktəbinin əsasını qoyan Nizami Gəncəvinin əsərləri nadir poetik yenilikləri və universal mövzuları ilə sərhədləri aşaraq, yaxın-uzaq ölkələrin ədəbiyyatına təsir göstərib. Dahi Nizami təkcə poetik istedadı ilə deyil, həm də dərin zəkası ilə fərqlənib.

    Yazıda bildirilib ki, Nizami Gəncəvinin əsərləri bir çox dillərə tərcümə olunub, onun əsərlərinin əlyazmalarının nadir surətləri dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində saxlanılır. Şairin Azərbaycanın bir çox şəhəri ilə yanaşı, Moskva, Sankt-Peterburq, Roma, Kiyev, Pekin, Daşkənd və Kişineuda abidələri var.

    Qeyd edək ki, çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə milyonlarla oxucusu olan “China Daily” təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.

  • Könlümüzün paytaxtı olan Şuşa rəsmi olaraq mədəniyyətimizin də paytaxtı oldu

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə bağlı videoformatda qəbul etdi, yeni mədəniyyət nazirinə bir sıra vacib tövsiyə, tapşırıq və göstərişlər verdi. Prezidentin nitqi yalnız bir nazirlik çərçivəsində qalmayıb, ümumən yeni dövrün gerçəkliklərinin, imkan və çağırışlarının dövlət mədəniyyət siyasətində inikası ilə, ölkəmizin uyğunprofilli bütün qurum və quruluşlarının, mədəniyyət, incəsənət xadimlərinin, yeni nəsil yaradıcı vətəndaşlarımızın qarşısında duran mühüm vəzifələrlə əlaqəlidir. Bu vəzifələrin bir qismi mənəvi məsuliyyət, mənəvi öhdəlik yaratmış ola bilər, lakin söhbət mədəniyyətdən və ölkə başçısının tövsiyələrindən, tapşırıqlarından getdiyi üçün biz mənəvi məsuliyyətimizi hüquqi məsuliyyət kateqoriyasından ayırmırıq. Əlbəttə, bu planda, Şuşa başda olmaqla, işğal altındakı torpaqlarımızın azad olunması ilə bağlı yeni imkan və gerçəkliklər, təxirəsalınmaz işlər bizi xüsusi diqqətə dəvət edir, əməli fəaliyyətə kökləyir.

    Dövlət başçısının xəlqi keyfiyyətlərimiz, milli kimliyimiz, mədəni irsimiz, ədəbiyyatımız, incəsənətimiz, dövlət dilimiz və başqa mədəni varlığımız, mədəniyyət hadisələrimiz haqqında tarixi fikirləri yolgöstəricidir. Prezidentin Mədəniyyət nazirini qəbulda etdiyi nitq, mədəniyyət sahəsinin təmsilçiləri, bu sahədə çalışan rəhbər şəxslər üçün rəhbər sənəd dəyərindədir. Şəxsən mən belə düşünür, belə qəbul edirəm. Hesab edirəm ki, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvləri də mənim bu fikrimi bölüşür və biz də qanunverici orqanın Mədəniyyət Komitəsi olaraq, gələcək fəaliyyətimizdə Prezidentin nitqindən irəli gələn məsələlərə öz əməli çalışmalarımızla cavab verməliyik.

    Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

    Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dövlət dilinin qorunub saxlanması ilə bağlı dediyi fikirlər, mövcud mənzərəni, problemləri dəqiq ifadə edir: “Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq, xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır”.

    Deputatın sözlərinə görə, dövlət başçısının da vurğuladığı kimi, “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” və bizlərin məsuliyyəti yalnız özümüz, çalışdığımız kollektiv, yaşadığımız şəhər və hətta, respublika ilə məhdudlaşmır. Biz dünyanın dörd tərəfində, əksəriyyəti öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın doğma dili ilə bağlı mənəvi məsuliyyətə, qayğılara sahibik. Deməli, ilk növbədə, Azərbaycan Respublikasında, özəlliklə yeni mediada, TV və radiolarda, dövlət dilinə öz nümunəvi münasibətimizlə dünya azərbaycanlılarına örnək yaratmalıyıq.

    “Nəzərə alsaq ki, dövlət başçısı 2021-ci ili “Nizami Gəncəvi İli” elan edib, bu, 2021-ci ilboyu yalnız Nizami irsi ilə bağlı deyil, ümumən ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlı hesabatlılıq ili kimi dəyərləndirilə bilər. Bu ilə özəl olaraq həyata keçiriləcək fəaliyyətlər ictimai platformadan, yaradıcı insanlardan, ilk növbədə, şair-yazıçı və ədəbiyyatşünaslardan özünəməxsus iştirak, töhfə və dəstək tələb edir. Əsl ədəbiyyat adamının yaradıcılığı isə ilk növbədə, dil hadisəsi olması ilə, dilə yeniliklər gətirməsi, sözlərə yeni anlamlar qazandırması, daha ümumi şəkildə desək, dilin, bədii təfəkkürümüzün zənginləşməsinə xidmətlə ölçülür. Ədəbiyyat adamları, yaradıcı insanlar dilin zənginləşməsinə xüsusi töhfə verə bilməsə, heç olmasa, onun korlanmasından uzaq durmalı, sənətin estetik dəyərlərini zədələməməlidir...

    44 günlük Vətən müharibəsi bizə bir çox həqiqətləri dünyaya nümayiş etdirmək imkanı qazandırıb. Bu imkan, dövlətimizin uzun illər boyu bütün mümkün platformalarda, ikitərəfli, çoxtərəfli görüş-müzakirələrdə səsləndirdiyi, tələb etdiyi məsələləri də ehtiva edir. Belə ki, 30 ilə yaxın işğal altında tutulmuş ərazilərimizdəki tarix-mədəniyyət abidələrimizin faktiki durumunu öyrənmək üçün Azərbaycan Respublikasının əlaqədar beynəlxalq qurumlardan faktaraşdırıcı missiya xahişi, tələbi ən müxtəlif bəhanələrlə müsbət cavablandırılmamış, bu da işğalçının daha çox dağıntı ilə məşğul olmasına münbit mühit yaradıb”,- deyə Qənirə Paşayeva diqqətə çatdırıb.

    Deputat vurğulayıb ki, hərbçilərimizin hərb meydanında etdiyi fədakarlığı mədəniyyətimizin, incəsənətimizin əsgərləri öz fədakarlığı ilə mübarizəni davam etdirməlidir: “Artıq dost da, düşmən də, Qafqazın incisi, Azərbaycanın, yaxın coğrafiyanın mədəniyyət paytaxtı Şuşada düzənlənəcək “Xarı bülbül” festivalına, “Vaqif Pioeziya Günləri”nə hazırlaqlarla tanış olacaq, o gözəl festivallarda üzə çıxacaq gənc istedadların səsi dünyanın dörd yanından gələcək, Vaqifin ruhu şad olacaq, dünya Azərbaycan xalqının istedadına bir daha şahid olacaq. Təsəvvür edin: Azərbaycanda Nizami İli, Azərbaycanın ürəyi Şuşada Vaqif poeziya günləri! Xarı bülbül öz həsrətinə son qoyur...

    Şuşanı Şuşa edən bizim xalqdır. Şuşa – Azərbaycandır!

    Siyasi paytaxtımız Bakıdan mədəniyyət paytaxtımız Şuşaya salam olsun!”

  • Kann festivalı pandemiyaya görə təxirə salına bilər

    Sanitar vəziyyətdən asılı olaraq 74-cü Kann festivalı 2021-ci il iyun və ya iyul aylarının sonunda təşkil oluna bilər.

    Bu barədə festivalın təşkilatçıları məlumat veriblər.

    Bildirilib ki, koronavirus pandemiyasına görə 2020-ci ilin mayında təxirə salınan festivalın cari ildə tarixini müəyyən etmək üçün vaxta ehtiyac var.

    İlkin olaraq festivalın keçirilməsi mayın 11-dən 22-dək müəyyən edilib, ancaq pandemiyanın yaratdığı sanitar vəziyyətdən asılı olaraq festival iyun-iyul aylarının sonunadək təxirə salına bilər.

    Qeyd edilib ki, sanitar vəziyyətə baxmayaraq ötən ilin sentyabrında Berlin və Venesiya biennaleləri keçirilsə də, Kann festivalı təxirə salındı. Cari ildə isə ilin ən böyük Biennalesi olan “Berlinale” artıq mart ayına qədər təxirə salınıb və pandemiyaya görə virtual keçiriləcək.

  • Hicran Hüseynova: Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi mühüm tarixi hadisədir

    Azərbaycan zəngin mədəniyyətə və milli –mənəvi dəyərlərə malik bir xalqdır. Şuşa şəhəri isə əsrlərboyu bu qədim mədəniyyətin beşiyi olmuşdur. Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar – bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların, şairlərin, pedaqoqların, alimlərin vətənidir. Şuşa xalqımızın milli xarakteri və ruhudur. O, həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanıdır.

    Bu fikirləri açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

    Komitə sədri deyib: “Ayrı-ayrı vaxtlarda dünyanın müxtəlif ölkələrindən gələn səyyahlar, alimlər, tarixçilər bu şəhər haqqında yazanda mütləq onu Yer üzünün canlı muzeyi kimi qeyd ediblər. Eyni zamanda, Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalı bərpa olunması məsələsi də həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. 300 ilə yaxın tarixə malik Şuşa özünü yeni inkişaf mərhələsinə qədəm qoyur. Erməni vandalları, bu torpaqda tarixi, mədəni, dini abidələri dağıdıb, xarabaya çevirmişlər. Artıq biz öz doğma torpaqlarmızı azad etmişik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Əziz Şuşa sən azadsan!”

    Şuşa şəhərinə hər zaman xüsusi münasibət göstərildiyini bildirən Hicran Hüseynova bildirib ki, ulu öndər Heydər Əliyev daim strateji əhəmiyyət daşıyan bu şəhərin inkişafına diqqət göstərmişdir: “Qürur mənbəyimiz, mənəvi ruhumuz olan Şuşa bundan sonra ancaq inkişaf edəcək, təkcə Azərbaycanın deyil, Qafqazın və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir”.