Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Akademik Milli Dram Teatrı yanvar repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar repertuarı açıqlanıb. Səhnə əsərləri teatrın “facebook”, “YouTube” səhifələrində və azdrama.az saytında onlayn olaraq yayımlanacaq.

    9 yanvar – “Ölülər” (C.Məmmədquluzadə) – 19:00

    10 yanvar – “Cəhənnəm sakinləri” (Elçin) – 19:00

    16 yanvar - “Almaz” – (C.Cabbarlı) - 19:00

    17 yanvar - “Ah bu uzun sevda yolu” - (Ə.Əmirli) - 19.00

    20 yanvar - “Qarabağnamə” – (İ.Əfəndiyev) - 19.00

    23 yanvar - “Özümüzü kəsən qılınc” (B.Vahabzadə) - 19.00

    24 yanvar - “Mesenat” (Ə.Əmirli) - 19.00

    30 yanvar - “Qətibə İnanc” (M.S.Ordubadi) - 19.00

    31 yanvar - “Köhnə ev” (Ə.Əmirli) - 19.00

    Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Akademik Milli Dram Teatrının repertuarında olan M.S.Ordubadinin “Qılınc və qələm” əsəri əsasında hazırlanmış “Qətibə İnanc” tamaşasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin obrazı canlandırılıb.

    Tamaşada teatrın aparıcı aktyorları iştirak edirlər.

  • Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Mən sizi mədəniyyət naziri vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bir müddətdir mədəniyyət nazirinin müavini vəzifəsində çalışırsınız və ümid edirəm ki, nazir kimi bu yüksək etimadı doğruldacaqsınız. Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır. Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm. Azərbaycan Milli Elmlər Akademiyasının kürsüsündən və digər tədbirlərdə demişəm ki, bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim Sərəncamımla “Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir. Bildiyiniz kimi, artıq uzun illərdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərir və bu Mərkəzə mənim xüsusi diqqətim vardır. Mərkəz humanitar qeyri-hökumət təşkilatı kimi formalaşsa da, hazırda mərkəzin fəaliyyəti çox genişdir, çoxşaxəlidir. Hər il keçirilən Qlobal Bakı Forumu, - əlbəttə, 2020-ci ildə pandemiyaya görə keçirilməyib, - dünya miqyasında öz layiqli yerini tutubdur. Bir daha demək istəyirəm ki, bu il biz Nizami Gəncəvinin yubileyini geniş qeyd etməliyik. 2019-cu il isə digər dahi Azərbaycan şairi Nəsimi ili olmuşdur. Bu, onu göstərir ki, dövlət tərəfindən və şəxsən Prezident tərəfindən bizim ədəbiyyatımıza, bizim dahi şairlərimizin xatirəsinə çox böyük hörmət var, qayğı var. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər. Azərbaycanın zəngin musiqi sənəti var və bu gün bizim sənətimiz dünyada tanınır. Bizim musiqi sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan muğamı bizim milli sərvətimizdir. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, bir çox ölkələrdən ifaçılar gəlirlər. Əlbəttə, muğam sənəti bir neçə ölkədə mövcuddur, ancaq mən hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır. Təkrarolunmaz bu sənət bu gün yaşayır, biz bu sənəti yaşadırıq. Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb. Çox şadam ki, bizim gənclərimiz də muğam sənətinə böyük maraqla yanaşırlar. Bu, çox təqdirəlayiq bir haldır. Çünki bəzi hallarda gənclər daha çox populyar musiqiyə üstünlük verirlər, yəni, bəzi hallarda xarici musiqiyə üstünlük verirlər. Mən çox şadam ki, bizim gənclərimizin mütləq əksəriyyəti milli incəsənətimizə, musiqimizə bağlı olan insanlardır. Əlbəttə ki, bizim tanınmış muğam ustaları gənc nəslin yetişdirilməsində öz rolunu oynayırlar. Bildiyiniz kimi, mənim Sərəncamımla bir neçə muğam mərkəzi yaradılmışdır – Bakı şəhərində, Ağdam və Füzuli rayonlarında, digər rayonlarda. İndi isə bu muğam mərkəzləri artıq işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır. Aşıq sənəti təkrarolunmaz sənətdir. Haqlı olaraq biz aşıq sənətini sırf Azərbaycan sənəti kimi qəbul edirik və aşıq sənətini dünyada təbliğ edirik. Bizim milli musiqimiz çox zəngindir, çox geniş auditoriya cəlb edə bilib. Bizim musiqimiz xalqımızın istedadını göstərir. Bütövlükdə bizim mədəniyyətimiz xalqımızın istedadını göstərir. Çünki ancaq istedadlı xalq belə gözəl əsərlər yarada bilir. Xalçaçılıq sənəti ilə haqlı olaraq fəxr edə bilərik. Dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin sayı o qədər də çox deyil. Onların arasında Azərbaycan xalçalarının xüsusi yeri vardır. Özü də xalçalarımızın, xalça məktəblərinin müxtəlifliyi bizim mədəni zənginliyimizi göstərir. Xalça sənətini də biz yaşadırıq. Vaxtilə muğam sənəti yavaş-yavaş yaddan çıxırdı və elə bil ki, kənarda qalırdı, eləcə də xalçaçılıq sənəti. Gənclər xalçaçılıqla məşğul olmağa həm həvəsli deyildilər, həm də ki, imkanları yox idi. Biz bu imkanları yaratdıq. Xalçaçılıq sənəti əbədi yaşamalıdır. Bizim memarlıq əsərlərimiz dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, bizim nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, biz son illər ərzində müasir memarlıq əsərləri yaratmışıq. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq baxımından çox uğurlu bir layihədir və digər layihələr. Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır. Bizim dini abidələrimiz qorunur və qorunacaq. Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Bir çoxları yenidən tikilib, o cümlədən mənim göstərişimlə Heydər məscidi yenidən tikilib. Bizim digər məscidlərimiz əsaslı təmir edilib. Onların təmiri simasını qorumaq şərtilə aparılıb. Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ölkəmizdə yerləşir, 743-cü ildə inşa edilib, mənim göstərişimlə faktiki olaraq yenidən qurulub. Yaxud da ki, xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidlərimizi mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər. Azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb. Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır. Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Məcbur edirdi! Kimin imkanı var, qaçıb gedirdi. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada - işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. İndi, bax, müharibədən sonrakı bu vəziyyət bunu göstərir. Ermənilər bu rəqəmi süni şəkildə şişirdirdilər, guya ki, orada 150 min adam var. Maksimum altmış min civarında idi. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?! Onlar vəhşi rəhbərləri tərəfindən dağıdılmış Ağdam, Füzuli, Şuşa, digər şəhərlər canlananda, o yerlər cənnətə çevriləndə görəcəklər ki, əlbəttə, harada yaşamaq rahat, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli olar. Ona görə mədəni abidələrimizin, dini abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq. Mənim təşəbbüsümlə bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər çox tarixi abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib etməlidir. Çünki vaxtılə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar, əlbəttə ki, bizim mədəni irsimizə çox böyük zərbə vurdu. Digər xoşagəlməz halların, - əfsuslar olsun ki, Mədəniyyət Nazirliyində kifayət qədər xoşagəlməz hallar mövcud idi, - hamısı üzə çıxdı. Bu pozuntuları buraxan insanlar məsuliyyətə cəlb olundular, o cümlədən cinayət məsuliyyətinə. Ona görə siz bütün bu pozuntularla bağlı ciddi mübarizə aparmalısınız. Mən sizə bu barədə göstərişlərimi artıq nazir müavini vəzifəsinə təyin edəndə vermişdim. Bizim zəngin mədəni həyatımız var. Amma biz mədəni həyatımızı daha da zənginləşdirməliyik. Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik. Əlbəttə ki, dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının bərpası başlıca vəzifələrdən biridir. Artıq operativ qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Siz də orada təmsil olunursunuz. Ona görə dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız gərək siyahıya alınsın. Onların əvvəlki görüntüsü gərək təqdim edilsin. Onların bərpası, yaxud da ki, yenidən qurulması onların ilkin, yəni, autentik simasını pozmamalıdır. Ümumiyyətlə, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalıyıq. Ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir. O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır. Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar. Bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. O fotoda Azərbaycan xalqının cəlladı, Ermənistanın keçmiş prezidenti Köçaryan zəbt edilmiş, işğal olunmuş Ağdam şəhərində bizim məscidimizin önündə öz əlaltıları, quldurları ilə dayanıb. Ağdam məscidinin üzərində isə təhqiredici yazılar görünür. Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər. Məscidimizə inək, donuz doldurublar, məscidin divarlarına isə dinimiz haqqında, xalqımız haqqında təhqiramiz ifadələr yazıblar. Məscidi təhqir edən, məscidin üzərində təhqiramiz rəsmlər çəkdirən, sözlər yazan Köçaryan budur. Onun əlaltısı və quyruğu Sarkisyan, onlar dağıdıblar bizim şəhərlərimizi iyirmi il ərzində. Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır. Amma iyirmi il Ermənistana rəhbərlik ediblər. Biz bütün tarixi abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində ermənilər bir məscidi guya təmir etdirmək istəyiblər. O da, sadəcə olaraq, təbliğat xarakterli bir addım idi. Çünki 60-dan çox məscidi dağıtmısan, o cümlədən Zəngilan şəhərindəki məscidi, - mən orada olarkən o məscidin önündə Azərbaycan xalqıma sözlərimi dedim, o məscidin ancaq bir neçə divarı qalıb, - bu necə olur ki, sən Şuşada bir məscidi guya təmir etdirirsən? Sadəcə olaraq, təbliğat üçün desin ki, bəli, biz burada müsəlman dininə hörmət göstəririk. Ancaq əfsuslar olsun ki, Şuşadakı bu məscidin təmirində xarici mütəxəssislər iştirak ediblər, özü də bizdən icazəsiz. Necə ola bilər, Azərbaycan ərazisinə bizdən icazəsiz gedəsən, bizim məscidimizi işğalçı ermənilərlə birlikdə guya təmir edəsən?! Bu, hansı beynəlxalq normalara sığır? Hansı mənəvi çərçivələrə sığır? Hansı şirkət, yaxud da ki, insanlar bunu özlərinə rəva görə bilərlər? Bunlar bizim tarixi abidələrimizdir, bizdən soruşun. Yoxsa, özbaşına gedəsən başqa ölkənin zəbt edilmiş, işğal olunmuş torpaqlarına, orada özün üçün iş görəsən. Məscidin tarixi siması dəyişdirilib. Ona görə mən sizə tapşırıq verirəm, o məscidin daxili tərtibatına yenidən baxmaq lazımdır. O təmir bizə lazım deyil. Biz oranı yenidən təmir etdirəcəyik, ona öz simasını qaytaracağıq. Ondan sonra o açılacaq. Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib. Azərbaycan xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər nifrət olsun? Şəhərləri dağıdırsınız, insanları didərgin salırsınız, tarixi abidələri sökürsünüz, nə məqsəd güdürsünüz? Elə hesab edirlər ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik? Biz 44 gün müharibə apardıq, Ermənistanı demək olar ki, tamamilə məğlub etdik. İstənilən addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə qarşı vuruşmuruq. Biz tarixə qarşı vuruşmuruq. Biz dini abidələrə qarşı vuruşmuruq. Onların bir dənə də olsun dini abidəsi dağıdılıb? Yox! Orada insanlar arasında itkilər çox aşağı səviyyədədir. O da təsadüfən baş verib. Görün, onlar nə ediblər? Xocalı soyqırımı, məscidlərimizin dağıdılması, şəhərlərimizin dağıdılması. Mədəni soyqırımı törədiblər bizə qarşı. Bütün dünya, onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan və buna inanan xarici havadarları, açın gözünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu. Kimsə bunlara dərs verməli idi, yoxsa yox? Bütün qonşulara meydan oxuyurlar. Əsassız iddialar irəli sürürlər, torpaq iddiası, ərazi iddiası. Hər şeyi onlar özününküləşdirmək istəyirlər. Bizim musiqimizi oğurlayırlar. Gedin açın, onların öz musiqisi kimi təqdim etdikləri musiqilərin böyük hissəsinin müəllifi Üzeyir Hacıbəylidir və bizim digər bəstəkarlarımızdır. Bizim mətbəximizi oğurlayırlar. Qonşu xalqların mətbəxini oğurlayırlar. Tarixi abidələri oğurlayırlar. Kilsələri başqa xalqlardan, qonşu xalqlardan oğurlamağa çalışırlar. Bir daha deyirəm, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri. Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır. Azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısı hazırlanmalıdır. Onlar onsuz da var idi, amma indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə baxmalıyıq ki, onları sonra bərpa edək. Ancaq, ilk növbədə, əlbəttə ki, onların təftişi, kvalifikasiyası aparılmalı və beynəlxalq şirkətləri dəvət etməklə onların bütün siyahısı tərtib edilməlidir. Deyə bilərəm ki, azad edilmiş torpaqlarda bütövlükdə dağıntılar siyahıya alınır. Bu dağıntıları törədənlərə qarşı biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq. Mən bir məsələyə də toxunmaq istəyirəm. Siz uzun illər Azərbaycanı UNESCO-da təmsil etmisiniz. UNESCO-Azərbaycan əlaqələri haqqında kifayət qədər məlumatlısınız. Bu əlaqələrin inkişafı üçün öz səylərinizi göstərmisiniz. Sizi nazir müavini və indi nazir vəzifəsinə təyin etmək, eyni zamanda, əldə etdiyiniz təcrübəyə də əsaslanır. Yəni, UNESCO ilə bizim çox məhsuldar, səmimi münasibətlərimiz var və ümid edirəm ki, bu münasibətlər qorunacaq. Üç baş katiblə mənim görüşlərim olub. İndiki baş katib Bakıda olarkən bir dəfə görüşmüşəm, amma ondan əvvəlki iki baş katiblə mənim bir çox görüşlərim olub. Onlar dəfələrlə Azərbaycanda olublar. UNESCO-Azərbaycan əlaqələrinin inkişafında onların böyük rolu var. Ona görə UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat var. Biz təkcə Azərbaycanda yox, bəzi ölkələrdə müxtəlif layihələr icra etmişik. O cümlədən həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnək olmalıdır. Bunu mən demirəm, bunu dünya dini liderləri deyirlər. Bakıda səfərdə olan Roma Papası Fransiskin bəyanatlarına fikir versinlər. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarına fikir versinlər. Bakıda dəfələrlə səfərdə olan digər dini liderlərin, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarına baxsınlar. Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur. Mənim sözümü sübut edən bizim bax, bir neçə cildlik işlərimizdir. Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik. Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır. Onu da bildirməliyəm ki, bizim dəvətimizlə yanvar ayında ICESCO-nun missiyası Azərbaycana gələcək və burada görüşlər olacaq. Mən hesab edirəm ki, onlar azad edilmiş torpaqlara da getməlidirlər. Ondan sonra ekspertlər qrupu gəlməlidir. Müsəlman abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı onlar missiya həyata keçirməlidirlər və öz hesabatında bunu əks etdirməlidirlər. Əlbəttə, bütün təhlükəsizlik tədbirlərini nəzərə almaq şərti ilə maksimum imkan yaradaq. Çünki o bölgələrdə hələ ki, minalar kifayət qədər çoxdur və təhlükəsizlik tədbirləri mütləq təmin edilməlidir. Beləliklə, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılmasıdır. İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və indi əlbəttə ki, azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır. Əminəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. Sizə uğurlar arzulayıram. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. xxx Anar Kərimov: Çox sağ olun, möhtərəm cənab Prezident. İcazənizlə, ilk növbədə, Sizi, müzəffər ordumuzun Ali Baş Komandanı olaraq bu tarixi Qələbə münasibətilə mədəniyyət ictimaiyyəti adından bir daha təbrik edim. Məhz Sizin qətiyyətli mövqeyiniz və siyasi iradəniz nəticəsində Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa etdi, eyni zamanda, Azərbaycan öz milli qürurunu və öz inamını bərpa etdi. Bu Qələbə nəticəsində Sizin elan etdiyiniz Qarabağımıza “Böyük qayıdış” proqramında mədəniyyətimizə, Mədəniyyət Nazirliyinə verdiyiniz bu xüsusi önəmə görə Sizə çox təşəkkürümü bildirmək istərdim. Milli musiqimizin, mədəniyyətimizin beşiyi olan Şuşanın azad edildiyi gün Sizin söylədiyiniz “Şuşa sən azadsan!” sözləriniz həm Azərbaycan xalqı, həm də mədəniyyət ictimaiyyətimiz üçün qürur mənbəyi oldu. Məhz belə bir tarixi zamanda mənə bu yüksək etimadı göstərməyiniz mənim üçün böyük bir şərəf və eyni zamanda, böyük bir məsuliyyətdir, möhtərəm cənab Prezident. Dediyiniz kimi, mən mədəniyyətimizi canlandırmaq və eyni zamanda, Qarabağımıza qaytarmaq üçün var gücümlə çalışacağam. Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın mədəniyyətimizin inkişafına göstərdiyiniz qayğı və diqqət hər birimiz üçün örnəkdir. Bu, bizim gələcək fəaliyyətimizdə də iş prinsipimiz olacaq. Qürur hissi ilə deyirəm ki, UNESCO-da çalışdığım illərdə də Sizin mədəniyyətimizin inkişafına dəstəyinizin şahidi olmuşam. Mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunandan sonra Sizin ilk tapşırıqlarınıza uyğun olaraq mədəniyyət sektorunda islahatların aparılması məqsədilə genişmiqyaslı və sistemli bir prosesə başlamışıq. Bu islahat prosesinin əsas dörd istiqamətini Sizin diqqətinizə çatdırmaq istərdim. Birincisi, şəffaf və səmərəli idarəçiliyin qurulması, insan resurslarının gücləndirilməsi, Mədəniyyət Nazirliyi olaraq məzmunun zənginləşdirilməsi və iqtisadi modellərin tətbiq edilməsi. Sizin bu gün də mədəniyyətimizlə bağlı söylədiyiniz dəyərli fikirlərinizi və göstərdiyiniz istiqamətləri rəhbər tutaraq islahat prosesində onların hamısını tətbiq edəcəyik. Beynəlxalq səviyyədə əməkdaşlığa gəldikdə, təbii ki, Sizin rəhbərliyinizlə biz ümdə məqsədimiz olan ərazi bütövlüyümüzün qorunub saxlanılması, suverenliyimizə hörmət edilməsi, bu məsələlərə ədalətli və qərəzsiz yanaşılması beynəlxalq təşkilatlardan tələb olunacaq. Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirəm ki, verdiyiniz tapşırıqları və üzərimə düşən məsuliyyəti dərk edərək onları şərəf və vicdanla yerinə yetirəcəyəm. Etimadınıza görə bir daha təşəkkür edirəm. Çox sağ olun.
  • BERNAMA agentliyi: Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub

    Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan olunmasına dair məqalə yayıb.

    Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu barədə qərar verdiyini açıqlaması əksini tapıb.

    Qarabağın incisi kimi təqdim edilən Şuşa şəhərinin 1992-ci ildə Ermənistan tərəfindən işğal edildiyi və ötən il noyabrın 8-də işğaldan azad olunduğu vurğulanıb. Bu qədim şəhərin Azərbaycan tarixində və mədəniyyətində rəmzi məna daşıdığı, tanınmış azərbaycanlı musiqiçilərin və görkəmli elm-mədəniyyət xadimlərinin məhz bu şəhərdə dünyaya göz açdığı nəzərə çatdırılıb.

    İşğal dövründə Ermənistan tərəfindən Şuşaya vurulmuş maddi-mənəvi ziyana diqqət çəkilib və bu barədə Azərbaycan Prezidentinin sözləri sitat gətirilib: “Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

    Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev yeni təyin olunmuş Mədəniyyət nazirinə Şuşa şəhərində musiqi festivalı və poeziya günlərinin keçirilməsinə dair tapşırıqlar da verib.

  • Beynəlxalq Muğam Mərkəzinin “Qarabağın musiqi xəzinəsi” layihəsi davam edir

    Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Qarabağın musiqi xəzinəsi” layihəsi davam edir.

    Layihənin növbəti sayı Məşədi Məmməd Fərzəliyevə həsr olunub.

    Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. Musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində alıb. O, gənc yaşlarından Şuşanı tərk edib, bir müddət Gəncədə, sonralar isə Tbilisi, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşayıb, xanəndəlik edib. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınıb.

    Məşədi Məmməd “Şüştər” muğamının ustası kimi daha məşhur olub. 1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır. 1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxıb və bir daha Azərbaycana qayıtmayıb. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşayıb və 1962-ci ildə dünyasını dəyişib.

    BMM “Unudulmayanlar” layihəsi çərçivəsində xanəndənin Türkiyənin İstanbul şəhərində vəfatından sonra bu günə qədər onun məzarının məlum olmaması səbəbindən məzarının və arxivinin axtarışını zəruri hesab edərək axtarışlara başlayıb. Axtarışlar nəticəsində məlum olub ki, xanəndə Türkiyədə Məşədi Məhəmməd Fərzəliyev deyil, Mehmet Ferzalı adı ilə “Azəri muzik heyəti”nin rəhbəri kimi fəaliyyət göstərib. Axtarışları nəticəsində həmçinin xanəndənin ifasında 3 lent yazısı aşkarlanıb. Hazırda axtarışlar davam etdirilməkdədir.

  • İstanbulda nəşr olunan “Təmrin” jurnalının xüsusi nömrəsi Mikayıl Müşfiqə həsr edilib

    İstanbulda nəşr olunan “Təmrin” jurnalının xüsusi nömrəsi XX əsr yeni Azərbaycan poeziyasının həmişəcavan öndərlərindən olan Mikayıl Müşfiqə həsr edilib.

    Xüsusi nömrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fikirləri ilə açılır: “Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar...” Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri verilib: “Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir...”

    Xüsusi nömrədə Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Azərbaycan ədəbi sözünün hər zaman gənc zirvəsi” yazısı, Mikayıl Müşfiq irsinin əvəzsiz araşdırıcısı, mərhum Xalq şairi Gülhüseyn Hüseynoğlunun “Müşfiq ənənələri yaşayır” məqaləsi, şairin xanımı Dilbər Axundzadənin xatirələrindən seçmələr, professor Cavanşir Yusflinin “Yuxuda yazılan şeirlər”, professor Səfurə Quliyevanın “Müşfiqin tarixə mesajları”, şairin həyat və yaradıcılığının tanınmış müasir tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun “Göylərin lacivərd ətəklərində”, şair Səlim Babullaoğlunun “Səni kim unudar?”, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin “Mikayıl Müşfiq 3G texnologiyasının kəşfini necə yazmışdı”, professor Rüstəm Kamalın “Matadorun və şairin ölümü” məqalələri yer alıb. Habelə şairin məktubları, həyat və yaradıcılığının Səlim Babullaoğlu tərəfindən hazırlanan müfəssəl bioqrafiyası, “Yenə o bağ olaydı”, “Gecə düşüncəsi”, “Küləklər”, “Həyat sevgisi”, “Telefon”, “Duyğu yarpaqları” kimi şeirləri və poetik silsilələri, geniş fotomaterial və əlyazmalarının faksimilesi yer alıb.

    Xüsusi nömrənin bir bölümündə Müşfiq haqqında Hüseyn Cavid, Abdulla Şaiq, Rəsul Rza, Mirmehdi Seyidzadə, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Sabit Rəhman, Cabir Novruz, Əkrəm Cəfər, Məmməd Arif, Anar, Bəkir Nəbiyev kimi zaman-zaman fikir söyləmiş XX əsrin görkəmli ədib və elm xadimlərinin qısa fikirləri də dərc edilib.

    Təqdim olunan materialları Türkiyə türkcəsinə son illər Azərbaycan ədəbiyyatının Türkiyədəki ən fəal tərcüməçi və təqdimatçılarından olan, yeni Türkiyə nəsrinin istedadlı nümayəndəsi Ömər Küçükmehmetoğlu çevirib.

    Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə ərsəyə gələn, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında hazırlanan nəşrin koordinatoru jurnalist Bəxtiyar Səlimov, naşiri isə Şərəf Özsoydur.

  • Yazıçı Cavid Zeynallının “Şükriyyə” kitabı işıq üzü görüb

    Yazıçı Cavid Zeynallının “Şükriyyə” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin “Şükriyyə”, “Tanrı quşu gəlmədi”, “Ölümə gedən” adlı pyesləri, “Sergi ata” (L.Tolstoy), “Varavva” (P.Lagerkvist), “Əsirin qayıtması” (A.Morua) və “Cəmilə” (Ç.Aytmatov) əsərlərinin səhnələşdirmələri yer alıb.

    Bu barədə yazıçı özü məlumat verib.

    Cavid Zeynallı bildirib ki, kitabı Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma vəfa borcu sayır:

    “Şükriyyə xanımın həyatını dərindən araşdırandan sonra onun faciəsinin sənət həllini məhz səhnədə təsəvvür elədim. Əlbəttə, gələcəkdə bu material əsasında ssenari də yazmaq olar. İmkan düşən kimi bunu edəcəyəm. Şükriyyə xanım Azərbaycan qadınlığının ləyaqət simvoludur və inanıram ki, bu pyes əsasında hazırlanan tamaşanı tezliklə səhnədə görə biləcəyik. Digər iki pyesdən biri - "Ölümə gedən" birpərdəli pyesdir və Mədəniyyət Nazirliyinin dramaturgiya müsabiqəsinin qalibi olub. "Tanrı quşu gəlmədi" pyesi isə keçmişinin əzablarını çəkən insanın faciəsi haqqındadır. Kitabda dünya ədəbiyyatının dörd məşhur əsərinin səhnələşdirməsi yer alıb. Bu əsərlər mənim çox sevdiyim əsərlərdir və onların hər biri Azərbaycan səhnəsinə yalnız başucalığı gətirər. Açığı, səhnələşdirmələrin pyeslərlə bərabər bir kitabda çap olunmasına tərəddüd edirdim, amma dostlarla məsləhətləşəndən sonra tərəddüdə yer qalmadı. Səhnələşdirmə böyük əziyyətdir. Üstəlik, rejissorlar üçün hazır materialdır. İnanıram ki, həm pyeslər, həm də səhnələşdirmələr rejissorların diqqətini çəkəcək”.

    “Mücrü” nəşriyyatında çap olunan kitabın redaktoru Həmidə Nizamiqızı, naşiri isə Müşfiq Xandır.

  • “Digitalart-lab” layihəsinin növbəti qonağı sənətşünas Mehbarə Abbasova olacaq

    Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə yanvarın 8-də sənətşünas, kurator Mehbarə Abbasova ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü baş tutacaq.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehparə Abbasova “Rəqəmsal incəsənət tarixinə qısa ekskursiya” mövzusunda mühazirə ilə çıxış edəcək.

    Xatırladaq ki, sentyabr ayından start verilən “Digitalart-lab” layihəsi ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədilə həyata keçirilir.

    Mehbarə Abbasovanın “Digitalart-lab” layihəsində çıxışını Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

  • Beynəlxalq Türk Akademiyası 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsini alqışlayır

    Beynəlxalq Türk Akademiyası 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsini alqışlayıb.

    Akademiya bununla bağlı açıqlama yayıb.

    Açıqlamada qeyd olunur ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əhəmiyyətli hadisə kimi bütün türk dünyasında xüsusi rəğbətlə qarşılanıb.

    “Beynəlxalq Türk Akademiyası olaraq Prezident İlham Əliyevin qərarını təqdir edir, dahi şair və mütəfəkkirin 880 illik yubileyini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil etməklə bu qərara dəstəyimizi bildiririk.

    Nizami Gəncəvi insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilmişdir. Onun yaradıcılığının tədqiqi və dünya miqyasında təbliği Beynəlxalq Türk Akademiyasının da prioritetləri sırasındadır. Hesab edirik ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği baxımından “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platforması formalaşdıracaq, böyük mütəfəkkirin irsinin daha ətraflı tədqiqinə önəmli töhfə olacaqdır”, - deyə açıqlamada bildirilir.

    Qeyd edək ki, Akademiya “Türk dünyası ədəbiyyat antologiyaları” seriyasından 2018-ci ildə nəşr etdiyi “Azərbaycan ədəbiyyatı antologiyası”nı da məhz dahi şairin əsərləri ilə başlayıb.

    Xatırladaq ki, ötən il dekabrın 30-da Nizami Gəncəvinin əsərlərində təbliğ edilən ümumbəşəri dəyərləri dünyada daha geniş miqyasda yaymaq istiqamətində fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu çərçivədə 2021-ci il ərzində beynəlxalq aləmdə birgə tədbirlərin təşkili planlaşdırılıb.

  • “Azərbaycan” jurnalının ötən ilin son nömrəsində...

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbi orqanı olan “Azərbaycan” ədəbi-bədii jurnalının yeni, 12-ci nömrəsi çapdan çıxıb.

    Jurnalın 2020-ci ilin dekabr nömrəsi xalqımıza mübarək Zəfər qüruru yaşatmış Orduya, Əsgərə, Sərkərdəyə və Anaya minnətdar duyğuların ifadəsi olan şeirlərlə açılır.

    “Vətən müharibəsinin bədii salnaməsi Azərbaycan yazıçısının qələmi ilə ədəbi tariximizin yaddaşına yazılacaq” - baş redaktorun bu fikrini Ayaz Arabaçı, Fuad Vəliyev, İlham İnam, Aybəniz Kürəkçaylının şeirləri davam etdirir.

    “Poeziya” rubrikasında Əkbər Qoşalı, Güləmail Murad çıxış edirlər.

    Azərbaycan poeziyasının unudulmaz şairi Nisə Bəyim oxucularına, həyata, dünyaya son şeirləri ilə vida söyləyir. Südabə Ağabalayevanın “Payıza yolun düşsə...” essesi bu gözəl şairin xatirəsinə həsr olunub.

    Mir Cəlal adına II Beynəlxalq hekayə müsabiqəsində qalib olmuş müəlliflərin mətnləri ilə də bu nömrədə tanış ola bilərsiniz.

    “İnsanın vaxta, vaxtın insana xəyanətinin əlaməti nədir? Diqqətsizlik. İnsan vaxta qarşı diqqətsiz olanda dünya qarışır, ömür uçur. Vaxt insana qarşı diqqətsiz olanda fələk onu hər addımında mat eləyir”. Aydın Talıbzadənin Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyinə yazdığı “Vaxtı edam etmək” essesi bir ayrı zövq və üslub təqdim edir.

    “Nəsr” rubrikasında Mübariz Cəfərli və Kamil Əfsəroğlunun hekayələri var.

    Qəşəm Nəcəfzadə bu dəfə fərqli ampluada çıxış edir: “Ölüm o dünyada qaldı” pyesini Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr edib.

    İsrafil İsrafilov yenə də “qəhrəmanına” fərqli rakursdan baxır: “Dramaturqluğa məhkum olan A.P.Çexov” .

    “Yeni tərcümələr”in təqdimatında Məmməd Oruc “Sonuncu şüa” hekayəsini çevirib. Tərcüməçinin qeyd etdiyinə görə Moskva ədəbi mühitində hadisə kimi qiymətləndirilən bu hekayənin müəllifi gənc yazıçı İ.Korotkovdur. Rusdilli gənc yazıçı Rüfət Mustafazadənin “Pandemiya” hekayəsini isə Y.Qayıbov çevirib.

    “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasını izləyənlərə professor Qorxmaz Quliyev “Mətnlərin səsləşməsi”ni şərh edir. Baba Babayev bədii şərtilik və psixologizm məsələlərini Elçinin “Qatil” dramında izləyir.

    “Ədəbi portretlər” rubrikasında ədəbiyyat fədaisi Qulam Məmmədlini İntiqam Mehdizadə “bu gün dünəndən başlayır” niyyəti ilə yad edir.

    Ötən il jurnalda dərc olunmuş bütün materialların xronologiyası yenə də etibarlı bələdçi kimi köməyinizə gəlir. Oxucular yeni nəşrlərlə “Kitab rəfi”ndə tanış ola bilərlər.

  • Yazmaram ürəyim sizi anmasa...

    Bu gün Mikayıl Müşfiqin anım günüdür

    Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür.

    O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu, bütün zamanlarda seviləcək lirik nümunələr qoyub.

    Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, "Vüsuqi" təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

    Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

    Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

    Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

    Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

    Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

    Yazmaram ürəyim sizi anmasa,

    Sizin eşqinizlə alovlanmasa;

    Burdaca el durub məndən sordu ki:

    Gözdən yaş çıxarmı ürək yanmasa?

    Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”.

    Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

    Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

    Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

    Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

    Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

    Azərbaycan Prezidenti İlham Əliyevin “Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi dövlət səviyyəsində qeyd edilib, ölkəmizin hər guşəsində silsilə tədbirlər reallaşdırılıb.

    Ruhun şad olsun, Müşfiq! Vaxtilə böyük uzaqgörənliklə “Oxu, tar!” harayı saldın. Bu gün ən qədim milli musiqi alətimiz nəinki bütün dünyada səslənir, hətta tar ifaçılıq sənətimiz daha uzağa gedərək UNESCO–nun Bəşəriyyətin Qeyri–Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Biz bir vaxtlar Mikayıl Müşfiqin təşnə olduğu bu uğura Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin zəhməti, yorulmaz fəaliyyəti sayəsində çatmışıq.