A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yanvarın 8-də rusdilli tamaşaçılar üçün maraqlı səhnə əsəri ilə çıxış edəcək.
Sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın “YouTube” kanalı vasitəsilə göstəriləcək.
Azərbaycanda maarifləndirici komiks sənayesinin inkişafına həsr olunmuş layihənin həyata keçirilməsi davam edir.
Maarifləndirici komiklərinin yaradılması ideyasının müəllifi "Arts Council Azerbaijan" QHT-nin rəhbəri rəssam Dadaş Məmmədovdur.
Layihə BMT-nin İnkişaf Proqramı Kür II Layihə qrupunun təşəbbüsü ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gürcüstanın Ətraf və Kənd Təsərrüfatı Nazirliyi və "Arts Council Azerbaijan" QHT tərəfindən dəstəklənir.
Komikslər illüstrasiyalarda müəyyən bir problemə toxunmağa və onu aşkarlamağa kömək edir, problemin həllini yumoristik bir şəkildə tapır. Azərbaycan və Gürcüstanda yaradılan və nəşr olunan maarifləndirici komik seriyalarının məqsədi suyun qorunması məsələsinə qayğı ilə yanaşmaq barədə məlumatlılıq yaratmaqdır.
Hər biri altı hekayədən ibarət olan iki nəşr artıq çap edilib. Komikslərin Tiflisdə və Bakıda həm rəqəmsal, həm də çap şəklində yayılması planlaşdırılır. Müəlliflər yaratdıqları əl işlərində həddindən artıq su istehlakı vərdişini dəyişdirməyə çalışmaq üçün mümkün qədər geniş oxucu dairəsinə müraciət ediblər.
Komikslərin hər sayında ifadəli illüstrasiyalar və düşüncəli yazılarla izah edilən suyun qorunması ilə bağlı təsirli hekayələr yer alıb. Müxtəlif yaş qrupuna ünvanlanmış hekayələr Yer planetinin sakinləri üçün suyun son dərəcə dəyərli bir qaynaq kimi əhəmiyyətini vurğulayır.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanvar ayı üçün nəzərdə tutulan virtual repertuarı maraqlı tamaşalarla zəngindir.
8 yanvar – “Durna balığı”
9 yanvar – “Şəngülüm, Məngülüm”
10 yanvar –“Turp”
15 yanvar - “Pişiyin evi”
16 yanvar – “Sehrli üzük”
17 yanvar – “Qoğal”
22 yanvar - “Karlson” (rus dilində)
23 yanvar – “Cik-cik xanım”
24 yanvar –“Cırtdan”
29 yanvar –“Çəkməli pişik”
30 yanvar – “Sehrbaz qadın”
31 yanvar – “Tıq-tıq və Taq-taqın nağılı”
Qeyd edək ki, tamaşalar teatrın “YouTube” kanalından saat 12:00-da nümayiş olunacaq.
Həmyerlimiz, rusiyalı yazıçı Sabit Əliyevin “Mənim evim Şuşa” adlı kitabı Rusiyada işıq üzü görüb.
Tanınmış stomatoloq və Moskva klinikalarının birinin baş həkimi Sabit Əliyev “Mənim evim Şuşa” povestində Qarabağda müharibəni yaşamış və doğma yerləri tərk etmək məcburiyyətində qalan ailələrdən birinin tarixçəsindən söhbət açır. Əsərin baş qəhrəmanı Azərbaycanın dağ kəndində doğulmuş bir gəncdir. O artıq yaşa dolub, tanınmış yazıçıdır, lakin ötən illər onun yaralarını sağalda bilməyib, hələ də dünyaya balaca oğlanın gözləri ilə baxır.
Sabit Əliyevin öz kitabını başa çatdırması ilə demək olar ki eyni vaxtda Şuşa və Qarabağın digər şəhərləri işğaldan azad edilib. Bu fakt sanki müəllifin uzaqgörənliyinə dəlalət edir.
Müəllif vurğulayır: “Biz uzun müddət rahat nəfəs ala bilmirdik. Lakin artıq bu gün bizim evimiz Şuşa azaddır və artıq hər birimiz rahat nəfəs ala bilərik”.
Sabit Əliyevin kitabı “LitRes”, “Labirint”, “Mybook”, “Bookmate” və digər rusdilli kitab portallarından oxumaq üçün əlçatandır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Oqtay Xudiyev (müəllim Sevda Rəhimova) İspaniyada keçirilən "Word Art Games" beynəlxalq onlayn müsabiqəsində I yaş kateqoriyasında, 27 ölkədən gələn 9 yaşına qədər uşaqlar arasında birinci yerə layiq görülüb.
İdarədən bildirilib ki, müsabiqə “Xoreoqrafiya kollektivləri və solistlər”, “İnstrumental kollektivlər və solistlər”, “Vokal (xorlar, ansambllar, müzikllar, duetlər, triolar, solistlər)”, “Orijinal janr” nominasiyalarında 7 yaş kateqoriyası üzrə keçirilib.
Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Oqtay Xudiyev “İnstrumental sənət” nominasiyasında ən kiçikyaşlı uşaqları özündə birləşdirən I kateqoriyada qalib gələrək diploma layiq görülüb və 2021-ci ildə İspaniyada keçiriləcək "Sea Sun Festival"ında 2-ci tura dəvət alıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.
Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.