Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, Azərbaycanın Özbəkistandakı səfirliyi və Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2020-ci il üzrə Özbəkistanda Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə “İlin qalibləri” müsabiqəsinə yekun vurulub.
Müsabiqənin qalibləri xüsusi təşkilat komitəsi tərəfindən müəyyən edilib.
İlin “Ən yaxşı televiziya verilişi” nominasiyası üzrə mükafata Özbəkistanın Dövlət Televiziyasının “Özbəkistan tarixi” telekanalının “Manbalar sozlaganda” adlı verilişinin aparıcısı Dildora Həsənova layiq görülüb.
Azərbaycanın tarixi, haqq işinin təbliği, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluq əlaqələrini fəal təbliğ edən Özbəkistan xəbər agentlikləri, saytları da xüsusi mükafata layiq görülüblər. Onların arasında Özbəkistanın “human.uz”, “qalampir.uz”, “interfax.uz”, “fikr.uz”, “islamonline.uz”, “interpress.uz”, “tnews.uz” və “ishonch.uz” saytları var.
İlin “Ən yaxşı tərcümə əsəri” nominasiyası üzrə Şəhla Qasımovanın tərcüməsində tanınmış Azərbaycan şairi Məhsəti Gəncəvinin özbək dilinə tərcümə etdiyi “Rübailər” kitabı seçilib.
“Ən fəal ictimaiyyət nümayəndəsi” nominasiyası üzrə şairə və tərcüməçi Dilbar Xaydarova mükafata layiq görülüb. Azərbaycanlı fəal, Gənclər təşkilatının sədri Əli Sarızadə də xüsusi mükafatla təltif edilib.
“İlin tanınmış ədəbiyyatşünasları, elm xadimləri” mükafatı üzrə Özbəkistanın “Turon” Akademiyasının prezidenti, akademik Haydarbek Bababekov, Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, şair və tərcüməçi Karim Behriyev və ekspert Şokir Dolimov qalib elan olunub.
Müsabiqədə Azərbaycanın yaxın dostu, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında çoxsaylı xidmətləri olan özbək alim, jurnalist Şuxrat Salamov da mükafata layiq görülüb.
Azərbaycan publisisti, tarixçi alim Teymur Atayevin “Əmir Teymur fenomeni” kitabı “İlin ən yaxşı əsəri” seçilib.
Bundan başqa, Özbəkistanda İlin ən yaxşı mədəniyyət layihələri də müəyyənləşdirilib.
Özbəkistan Dövlət Film Fondunun dəstəyi və “First Art Media” şirkətinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğuna dair çəkilmiş “Oltin ko'prik: Qızıl körpü” sənədli filmi müsabiqənin qalibi elan olunub.
İlin ən yaxşı musiqi layihəsi mükafatına "Do'stlik madhi" klipi layiq görülüb. Qeyd edək ki, musiqinin sözləri Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın Xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur.
AMM-nin direktoru Samir Abbasov pandemiya ilə əlaqədar builki müsabiqənin qaliblərinin mükafatlandırılması mərasiminin keçirilmədiyini söyləyib, mükafatların fərdi olaraq təqdim ediləcəyini bildirib.
Maliyyә-bank sektorunun dәrinliyinin artırılması istiqamәtindә fәaliyyәt güclәndirilәcәk.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Bankların strategiyalarında biznes kreditlәşmәsinә diqqәtin artırılması 2021-ci ildә dә tәşviq olunacaq. Banklararası pul bazarının aktivlәşdirilmәsi banklar arasında resurs axınının sürәtlәndirilmәsinә vә belәliklә biznesin maliyyә resurslarına tәlәbatının ödәnilmәsinә xidmәt edәcәk.
İnformasiya Texnologiyaları İnstitutunda neft-qaz sənayesində mədən avadanlığında qəzaların proqnozlaşdırılması üçün hibrid dərin neyron şəbəkə arxitektorları və müvafiq təlim alqoritmləri işlənilib.
Bu mühüm elmi nəticə ilə bağlı institutun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva onlayn elmi seminarda məlumat verib. O bildirib ki, tədqiqat işində neft mədən avadanlığında (dərinlik dalma nasoslarında) nasazlıqların diaqnostikası üçün dərin hibrid neyron şəbəkə modeli təklif edilib. Belə nasosların quraşdırılması və texniki təmir üçün çıxarılması çox bahalı əməliyyatlardır. Dərinlik dalma nasosları dəniz şəraitində işlədikdə onların işinin real zamanda monitorinqi olduqca çətinləşir. Bu nasoslarda nasazlıqların vaxtında aşkarlanıb aradan qaldırılması neft-qaz sənayesində istismar və texniki xidmət xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Qarabağ şəhidi Ağaəmi Heybətov haqqında məlumat saatı hazırlayıb.
Məlumat saatında şəhidin ömür yoluna nəzər salınıb.
Bildirilib ki, Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində anadan olub. O, 2000-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub və oxuduğu müddət ərzində məktəbin ən fəal şagirdləri sırasında yer alıb. Ağaəmi məktəb tədbirlərində, bilik yarışlarında iştirak edib, müəllimlərinin sevimlisi olmağı bacarıb və sertifikatlara layiq görülüb. Ağaəmi azyaşlarında Buzovna qəsəbəsinin Dini İcmasının nəzdində yerləşən İmam Hüseyn məscidinin mədrəsəsində “Qurani-Kərim”in tədris kursunu bitirib və şəhadətnamə ilə təltif olunub.
Ağaəmi Heybətov 2002-ci ildə Buzovna qəsəbəsində yerləşən 4 nömrəli Uşaq İncəsənət Məktəbinə qəbul olub, 2007-ci ildə qarmon kursunu bitirərək diplom alıb. Heybətov idmanın müxtəlif növləri ilə də məşğul olub. O, 2011-ci ildə 125 nömrəli tam orta məktəbin XI sinfini fəallıqla bitirib və həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və otelçilik” ixtisasına qəbul olub. Tələbəlik illərində də fəallıqlar göstərib, göstərdiyi diqqət və məsuliyyətə görə Qafqaz Resort Hotel tərəfindən sertifikatla təltif olunub. 2015-ci ildə universiteti bitirərək bakalavr dərəcəsi alıb. Universiteti bitirdikdən sonra o, 2015-ci ildə hərbi xidmətdə olub, 2016-ci ildə isə hərbi xidmətini başa vurub. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərində könüllü iştirak edib. Bu barədə şəhidin ailəsi 4 il sonra şəhid olduqdan sonra xəbər tutub. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Ağaəmi müsabiqədən keçərək “Veysəloğlu” MMC-də işləməyə başlayıb. O, həmçinin Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyi “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-də də fəaliyyət göstərib. İgid qəhrəman 2020-ci il İkinci Qarağab müharibəsinin başlanması xəbərini eşidən kimi evdən gizlin orduya yazılıb, könüllü şəkildə cəbhəyə gedib, 2020-ci il oktyabrın 16-da torpaqlarımızım azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Həmin ilin oktyabrın 25-də yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.
27 illik ömür yolunda adına layiq yaşamağı bacaran Ağaəmi igidliyi ilə ürəklərdə əbədi yaşayacaq!
Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqda davam edir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda deyilir: “Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-noyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Cari ilin yanvar-noyabr aylarında ölkəmizə gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 23,7 faizi Gürcüstan, 19,5 faizi Türkiyə, 8,9 faizi İran, 2,1 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, hər birindən 0,5 faiz olmaqla Almaniya və İsrail, 5,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında Çindən gələnlərin sayı 16,4 dəfə, Cənubi Koreyadan - 13,6 dəfə, İsraildən - 10,7 dəfə, Yaponiyadan - 10,0 dəfə, Polşadan - 9,9 dəfə, İraqdan - 9,2 dəfə, Səudiyyə Ərəbistanından - 8,6 dəfə, Macarıstandan - 8,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 7,2 dəfə, Omandan və Kanadadan - 7,1 dəfə, ABŞ-dan¬ - 7,0 dəfə, Türkmənistandan - 6,1 dəfə, Fransadan - 6,0 dəfə, Almaniyadan və Qətərdən - 5,7 dəfə, Niderlanddan ¬və Qazaxıstandan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, İtaliyadan - 4,3 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 22,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,8 dəfə azalaraq 105,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 dəfə azalaraq 259,3 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,9 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,5 dəfə azalaraq 1135,0 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 29,7 faizi İrana, 26,8 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 15,7 faizi Türkiyəyə, 8,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,2 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.
2020-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 74,3 faizi dəmir yolu və avtomobil, 22,9 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkil etdiyi “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsinin qaliblərinin bir qisminin təltifetmə mərasimi keçirilib.
Fonddan bildirilib ki, münsiflər heyəti tərəfindən, eləcə də onlayn səsvermə yolu ilə Azərbaycandan seçilən qaliblərin bir qisminə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva sertifikat və mükafatları təqdim edib. O, uşaqları təbrik edərək, türk dünyasının zəngin tarixinin, mədəniyyətinin daha da dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilat tərəfindən uşaqların çəkdikləri rəsm əsərləri əsasında türkdilli xalqların adət-ənənələrini əks etdirən kitabın hazırlandığını və gələn il kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
İştirakçılardan Məryəm Quluzadə “Gran - Pri “ , Kövsər Qurban “Dostluq”, Aytac Talışinski “Bilgi” nominasiyalarına layiq görülmüşdür. Eyni zamanda, Cəlil Kərimli 6-9 yaş üzrə 1-ci yer, Arif Quliyev 6-9 yaş üzrə 3-cü yer, Surə Dadaşzadə 14-16 yaş üzrə 2-ci yer tutub. Məryəm Quluzadə “Novruz”, Təhminə Kərimova “Səmazənlər”, Səməndər Qurbanzadə “Xalçalar”, Zarina Şıxaliyeva “Musiqi” kateqoriyaları üzrə birincilik qazanmışdır. Ölkədə və dünyada mövcud olan pandemiya səbəbindən Azərbaycanın rayonlarından, eləcə də türkdilli və digər ölkələrdən müsabiqəyə qatılan uşaqların sertifikatları elektron poçt vasitəsilə aidiyyəti üzrə çatdırılacaq.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd gəncləri türk dünyasının qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin öyrənilməsinə və qorunmasına təşviq etmək, onların bacarıqlarını ictimaiyyətə nümayiş etdirmək idi. Beynəlxalq layihə olan “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı rəsm müsabiqəsinə təşkilata üzv və müşahidəçi ölkələrlə, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanla yanaşı, Türkmənistan, Bolqarıstan və Ukraynadan olan 5-17 yaşarası məktəblilər qatılıb. Rəsmlər 12 mövzu üzrə “Dədə Qorqud”, “İrsimiz”, “Adət-ənənələr”, “Səmazənlər”, “Türk dünyasının qadını”, “Novruz”, “Xalçalar”, “Milli Mətbəx”, “Musiqi”, “Oyunlar”, “Dünyamızı qoruyaq” və “Türk birliyi” kateqoriyalarına bölünüb.