Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Hollywood”un dirçəlməsi

    Gözlənilməz hadisə olsa da bu, sadəcə baş verdi. Çətin dövrlərdən keçəndən sonra 1970-ci ilin ortalarından başlamış 1980-ci illər də daxil olmaqla “Hollywood” özünün əvvəlki parlaqlığını bərpa etdi. Bəzi tənqidçilərin fikrincə bu, əslində iqtisadi yüksəliş idi, çünki keyfiyyət baxımından sözügedən illərdə istehsal olunan filmlər “Hollywood”un qızıl dövrünün filmlərilə müqayisə olunacaq səviyyədə deyildi. Bu fikir nə qədər sərt səslənsə də, həqiqət onu göstərir ki, ABŞ kinosunun dirçəlməsi əsasən iqtisadi yüksəliş idi. Güclü duyma qabiliyyətli və ya bəxti gətirən rejissorlar tamaşaçıların kinosalonlara kütləvi axınına təsir edə bildilər və bəzi lentlər onlara görünməmiş bir qazanc gətirdi. Bu da həqiqətdir ki, hər il nümayiş olunan yüzlərlə ekran əsəri işinə məsuliyyətsiz yanaşanların artmasına gətirib çıxardı. Ancaq bunu məğlubiyyət hesab etmək olmazdı, çünki kinonun möcüzəli və əsrarəngiz keyfiyyətini qaytaran lentləri də etiraf etmək lazımdır.

    İlk vaxtlar kino sənayesinin bərpasına bir-birindən fərqli olan iki cəhət təsir etdi: Avropada çəkilən intellektual filmlərə qibtə edən gənc kinoşünaslar dəstəsi və fantastik janrda iri addımlarla irəliləyən xüsusi effektlərin inkişafı. Rejissor Martin Skorseze ABŞ kinosunu yeni mərhələyə qaldıran ilklərdən oldu. Robert De Nironun iştirakı ilə çəkilən və insanı vahiməyə salan “Taxi Driver” filmi Avropada rejissora böyük şöhrət və alqış qazandırdı. Bu filmlə o, sübut etdi ki, “Hollywood”da da keyfiyyətli filmlər çəkilə bilər. Bir neçə ildən sonra baş rolda yenidən De Nironun iştirakıyla çəkdiyi “Toro salvaje” adlı növbəti mükəmməl işi ilə rejissor özünü bir daha təsdiqləyə bildi. Bu xameleon aktyor bir neçə ildə dünyada ən yüksək zirvəyə ucaldı, eyni zamanda Maykl Çiminonun Vyetnam münaqişəsindən bəhs edən “El cazador” filmində baş rolda çəkildi. Amerikalıların yaddaşından silinməyən bu mövzuya həmçinin Hal Aşbinin “El regreso” dramında da toxunulub, onun ən təsirli nümunəsi isə rejissor Frensis F. Koppolanı kino tarixində canlı əfsanəyə çevirən “Apocalypse Now” kinofilmidir. Vudi Allen, Endi Hal və Manhattenin yaratdığı mükəmməl filmlərlə yanaşı Robert Redfordun debüt etdiyi “Gente corriente” filmi və Con Kassavettesin “Gloria”, Devid Linçin “El hombre elefante” filmləri sübut etdi ki, ABŞ kinosu artıq yetkinlik yaşına çatmışdır. Lakin Avropanın “Sənət və esse” janrının ortaya qoyduğu əsərləri kimi olmasa da, “Hollyood” artıq təkzibedilməz bir keyfiyyətdə mürəkkəb və dərin mənalı filmlər ərsəyə gətirə bilirdi. Belə filmlər avropalıları yenidən “Hollyood”a itmiş etibarı geri qaytardı və onları tənqid atəşinə tutmamağa çağırdı. Bəs amerikalı tamaşaçılar? Onlar buna o qədər də reaksiya vermədilər. Gerçəklik ondan ibarət idi ki, ABŞ tamaşaçıları Skorseze və Allenin intellektual filmlərinə o qədər də maraq göstərmirdilər. Əgər onlar biletpulu ödəyirdilərsə, bu, vaxtı exzistensional bobinalarla deyil, sadəcə əyləncəli keçirməkdən ötrü idi.

    Yuxarıda adlarını çəkdiyimiz intellektual rejissorlarla birgə tamaşa göstərmək qabiliyyətinə malik kinoşünaslar dalğası da üzə çıxdı. Məhz onlar öz ölkəsindəki kinoya arxadan qılınc zərbəsi vurdular. 1977-ci ildə ekranlara “La guerra de las galaxias” adlı film çıxdı. Onun rejissoru klassik janrların unudulmuş klişelərindən istifadə edərək onları uzaq fantastik qalaktikalara ötürmüşdü. O vaxta qədər heç yerdə görüb-eşidilməyən möcüzəli effektlərin müşayiət ilə yaradılan “La guerra de las galaxias” sosial bir fenomenə çevrilmiş və tarixdə ən çox gəlir gətirən film olmuşdur. Peşəkar işçiləri ətrafına toplayaraq sonradan “İndustrial light and magic” adlı inqilabi şirkətini təsis edən Lukasın vurduğu hədəf ondan ibarət idi ki, o, tamaşaçıya onun heç zaman görmədiyi əyləncə, tamaşa və gərginlikdən xilas olmanı vermişdi. Buna paralel olaraq rejissorun Stiven Spilberq adlı digər həmkarı insanlarla əlaqəyə girən yadplanetlilər haqqında hadisəni nəql etmək üçün “Encuentros en la tercera fase” filmini çəkdi. Bu film də kinoteatrlarda böyük marağa səbəb oldu.

    Tezliklə ABŞ kino sənayesinin vunderkindləri tərəfindən kəşf edilən “Kino-tamaşa” üslubuna bənzər filmlər çəkmək istəyən digər rejissorlar meydana çıxdı. Riçard Donnerin 1978-ci ildə çəkdiyi “Superman” adlı iddialı filmində qəhrəman Kristofer Rivin göylə uçması bütün tamaşaçıları heyran etdi. Növbəti il veteran Robert Vayz köhnə teleseriala müraciət edərək “Star Trek, la conquista” adlı monumental kino əsərini yaratdı. Ancaq Lukas və Spilberq yaratdıqları yeni növ kinonun şah damarını əldə saxlayacağına əmin idilər. Lukas növbəti yeni hissələrdə uydurduğu qalaktik fantaziyasının prodüseri kimi çıxış etdi. Nəticə etibarı ilə “El imperio contraataca” və “El retorno del Jedi” kimi yaranan tammetrajlı filmlər özündən əvvəl gələn hissəni keyfiyyət baxımından üstələdi. Stiven Spilberq isə öz tərəfindən həmkarının fantastika janrını inkişaf etdirdiyi kimi, macəra filmlərini də belə etdi. Köhnə serialların elementlərini götürüb Lukasla birgə cəlbedici bir əhvalatı düşünərək “En busca del Arca perdida” filmini çəkib, kino tarixində yeni bir əfsanəvi qəhrəmanı dünyaya təqdim etdi. Harrison Ford əbədi olaraq macəra axtaran İndiana Consun baş qəhrəmanı kimi yaddaşlara həkk olundu. Bu lent və ondan əvvəl gələn “İndiana Jones y el templo maldito” və “Indiana Jones y la última cruzada” hissələri əsl sensasiyaya səbəb oldu. Ancaq bundan razı qalmayan Spilberq yenidən yadplanetlilər mövzusuna qayıtdı və bütün dünyada kassaları dağıdan həm də kütləvi fenomenə çevrilən “E.T.” adlı növbəti şah əsərini yaratdı. Hər iki dost yunan kralı Midas kimi “Hollywood”da əllərini hara vururdularsa oranı qızıla çevirirdilər. Buna görə də bu üstünlüklərindən istifadə edərək “kino-tamaşa” filmlərini prodüser kimi dəstəkləməyə davam etdilər. Lukas “Howard, un nuevo héroe” “Dentro del laberinto”, “Willow” filmlərinin gerçəkləşməsini mümkün etdi. “Spilberq də “Regreso al futuro”, “Los Goonies”, “El chip prodigioso” kimi uğurlu layihələrə dəstəkçi oldu. Bu filmlərə prodüser və rejissorluq etməklə Corc Lukas və Stiven Spilberq kinosalonlara kütləvi tamaşaçı axını yaratmaq istəyində oldular. Bu istək onlarda uğurlu alındı, elə ilk cəhddən kinoya yatırım edənlərin etibarını qaytara bildilər və göstərdilər ki, onlar insana milyonlar qazandıracaq bir biznesin mərkəzindədirlər. Bu, ABŞ kino sənayesini işə salan bir mühərrikə çevrildi.

    Səsli kino yaranışının ilk illərində “Hollywood” ildə 500-dən çox tammetrajlı film istehsal edirdi. 1940-cı ildən başlayaraq bu göstərici get-gedə azalmağa başlamışdı. Hər il premyerası olan ekran əsərləri say etibarı ilə hiss olunacaq dərəcədə azalırdı – 400, 300, 200. Bu rəqəm sənayenin əlilə suyun dibinə toxunduğu bir zamanda, yəni 1963-cü ildə 121-ə çatdı. Hay-küysüz növbəti illərdə rəqəmlər bir az yaxşılaşdı. Ancaq 1980-ci ildən başlayaraq illik premyeraların sayı elə davamlı və gözəçarpacaq dərəcədə yüksəlişə doğru getdi ki, onilliyin ortalarından tammetrajlı ekran əsərinin sayı 300-ü aşdı.

    İstehsalın artımı bütün janrlara eyni dərəcədə təsir etdi. Macəra filmləri öz şöhrətini “En busca del Arca perdida” ekran əsəri sayəsində bərpa etdi və “Tras el corazón verde” kimi lentləri doğurdu. Digərləri daha çox “La princesa prometida” filmində olduğu kimi, ənənəvi macəranı bərpa etməyə üstünlük verdilər. Hamı əsl tamaşa yaratmaq uğrunda yarışa çıxdı. Burada xüsusilə Ceyms Bond adlı gizli xəfiyyə haqqında çəkilən seriya filmlər parladı. “Vive y deja morir” filmində 007 xəfiyyəsi rolunu öz üzərinə götürən aktyor Rocer Mur həmçinin “La espía que me amó”, “Moonraker” və “Solo para tus ojos” filmlərində çəkildi. Şon Konneri canlandırdığı Bond obrazıyla “Nunca digas nunca jamás” filmində ən yetkin obrazına qayıtdı. Timoti Dalton isə bu yetkinliyi bir az “007: Alta tensión” və “007: Licencia para matar” ekran əsərlərində cavanlaşdırmağa çalışdı.

    Güman olunduğu kimi fantastika janrı bumun nə olduğunu “La guerra de las galaxias” filmindən sonra bildi. Ümumilikdə götürsək, “Galactica”, “Los siete magníficos del espacio” və ya “Flash Gordon” kimi ortabab filmlər üzə çıxdı. Ancaq bununla bərabər “Atmósfera cero” və əsasən də Ridli Skotun şah əsəri sayılan “Blade Runner” kimi lentlərin də ərsəyə gəldiyini etiraf etmək lazımdır.

    Mahnı janrı qeyri-adi formada dirçəldi. Con Travoltanin oynadığı iki film bütöv janrı tamamilə yenilədi: “Fiebre del sábado noche” və ya satıcının diskotekadakı şöhrəti və “Grease” ekran əsəri. Yeniliklərlə zəngin olan bu filmdə baş rolu canlandıran Olivia Nyuton-Conu əməllicə məşhurlaşdırdı. Miloş Forman “Hair” filmində Brodveyi ekranlara gətirən zaman Bob Foss “Empieza el espectáculo” lentini gözəl avtobioqrafik boyalarla rənglədi. Cavanlar üçün çəkilən mahnı janrından “Fama”, “Flashdance”, “Footloose” və “Dirty Dancing” filmlərinin adlarını çəkə bilərik.

    Gəlir gətirən janrlardan biri də komediya janrı oldu. “Porky’s”, “Loca academia de policía”, “El pelotón chiflado” kimi dəlisov və vulqar filmlərin qarşısında “Arthur, el soltero de oro”, “Victor o Victoria” və “Tootsie” daha çox ənənəvi və eleqant üslubda çəkilmişdi. Bu dövrdə komediyanın alt janrının əsas əlaməti o idi ki, əvvəl uğur qazanmış filmləri parodiya edirdilər. Mel Bruks peşəkar parodiyaçı kimi yadda qaldı. Onun parodiya etdiyi filmlər sırasında “El jovencito Frankenstein” dəhşətli filmi, “Sillas de montar calientes” vesterni, Alfred Hiçkokun “Máxima ansiedad” kino əsəri, “La loca historia del mundo” tarixi filmi və hətta “La loca historia de las galaxias” qalaktik lenti vardır. Digər əyləncəli parodiyalar sırasında “Aterraza como puedas”, “Cliente muerto no paga”, “Top Secret” və “Agárralo como puedas” lentləridir. Romantik komediya janrından isə “El cielo puede esperar”, “La mujer de rojo”, “Un, dos, tres... Splash!”, “Hechizo de luna”, “Armas de mujer” və “Cuando Harry encontró a Sally” ekran əsərlərini nümunə gətirə bilərik. Komediya filmlərinin kommersiya baxımından ən böyük uğuru yumor və xüsusi effektlərin qarışığı olan “Los cazafantasmas” filmi, qəhrəmanı Eddi Mörfini ulduza çevirən “Superdetective en Hollywood” lenti və avstraliyalı aktyor Pol Hoqanın baş rola çəkildiyi “Cocodrilo Dundee” kino əsəri oldu.

    Aktrisa Meril Strip ABŞ-ın yeni melodram janrının əvəzolunmaz lideri oldu. Onun “Kramer contra Kramer”, “La decisión de Sophie”, “La mujer del teniente francés” və “Memorias de África” filmlərindəki inandırıcı ifası tamaşaçıların göz yaşlarının axmasına səbəb oldu. Ən çox baxılan digər filmlər sırasında “Campeón”, “Oficial y caballero”, “La fuerza del cariño” və “Magnolias de acero” melodramları yer alır.

    Müharibə və detektiv janrı Frensis F.Koppolanın “Apocalypse Now” və çoxhissəli “El padrino” filmlərilə onlara verdiyi töhfəsindən bəhrələndilər. Vyetnam münaqişəsi bu dövrün rejissorları üçün sevimli bir mövzuya çevrildi və tamaşaçını oturacağa “mıxlayan” “Platoon”, “La chaqueta metálica” və “Corazones de hierro” filmlərinin səhnələrində əks olundu. Müharibə haqqında çəkilən digər filmlərdən “Uno rojo: división de choque”, “La bestia de la guerra” və “El sargento de hierro” heç də sönük filmlər olmadı.

    Detektiv janra gəldikdə, bəzi lentlər köhnə “qara film”lərin əvvəlki ruhunu qaytarmağa cəhd göstərdilər. Bob Rafelson “El cartero siempre llama dos veces” filminin yeni versiyasını çəkdi. Cessika Lenq və Cək Nikolson arasında açıq səhnələri əks etdirən bu film mətbuatda geniş işıqlandırıldı. Rejissor Lourens Kezdan “Fuego en el cuerpo” filmində Katlin Törneri heç kimin təkrar edə bilmədiyi mənfi bir obrazda təqdim etdi. Koppola “Cotton Club” filmilə yenidən klassik qanqsterlər dünyasına qayıtdı. Təxminən eyni şeyi Brayan De Palma “Los intocables de Eliot Ness” ekran əsərilə təkrar etməyə çalışdı, baxmayaraq ki, bundan əvvəl müasir cinayət şəbəkəsindən ilhamlanıb “El precio del poder” adlı qəddar bir film çəkmişdi. “Distrito Apache”, “Manhattan Sur”, “Único testigo”, “Vivir y morir en Los Ángeles”, “La sombra del testigo” isə müasir dedektiv janrın digər unudulmaz filmləridir.

    Prodüserlər “Forajidos de leyenda”, “Silverado”, və “Bailando con los lobos” kimi ekran əsərlərilə vesterni dirçəldə bilməsələr də, gənc nəslin maraq dairəsinə yönəlmiş filmlərdə sanki yeni qızıl mədəni aşkar etdilər. 1980-ci illərin əsas istehlakçıları sayılan gənclər üçün nəzərdə tutulmuş bu lentlər “tələbə komediyaları” kimi yadda qaldı və gəlirli bir sahəyə çevrildi. Söhbət “El lago azul”, “Rebeldes”, “Karate Kid”, “Top Gun”, “Risky Business”, “El club de los cinco” və “Todo en un día” kimi çox baxılan filmlərdən gedir. Məhz onların sayəsində Tom Kruz, Ralf Makio, Mətt Dillon, Molli Rinquold, Emilio Esteves və Metyu Broderik kimi gənc ulduzlar parlaya bildi.

  • Azərbaycanda ilk dəfə Playback teatrının 3D qrafikalı animasiyadan istifadə etməklə tamaşası hazırlanıb

    Azərbaycanda ilk dəfə Playback teatrı janrında tamaşa hazırlanıb və 3D qrafikalı sosial animasiyalı sosial çarx formasında ictimaiyyətə təqdim edilib.

    Bullinq və nifrət nitqinin müxtəlif formaları psixoloq-konsultantlar tərəfindən təhlil edilib və “Şah Mat” teatrının kollektivi tərəfindən vahid tamaşa formasında səhnələşdirilib.

    Sosial çarx Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Playback (oxucu hekayələri teatrı) nifrət nitqinə, bullinqə qarşı” layihəsi çərçivəsində hazırlanıb.

    Layihə zamanı sosial çarx ilə yanaşı, psixoloqlar Kamil Həmidovun, Turan Balaşzadənin və Fidan Abdullayevanın moderatorluğu 4 region (Bakı, Lənkəran, Quba, Şamaxı) üzrə 200-dən çox gənclərlə, o cümlədən gənc müəllimlərlə “bullinq” mövzusunda seminarlar keçirilib.

    “Addım” GİM ictimai birliyi məkan dəstəyinə görə NAYORA-ya, təşkilati dəstəyə görə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional bölmələrinə, YAP-ın Şamaxı rayonu Gənclər Təşkilatına və əməkdaşlığa görə “Şah Mat” teatrının istedadlı kollektivinə təşəkkür edir.

  • İkinci Qarabağ döyüşlərinin iştirakçısı Elnur Bağırovla virtual görüş keçirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə İkinci Qarabağ döyüşlərinin iştirakçısı Elnur Bağırovla virtual görüş keçirilib.

    Görüşdə Elnur Bağırov öz döyüş yolundan, Qarabağın azad edilməsi uğurunda döyüşlərdə igidlik göstərən mərd oğullarımızdan danışıb.

    Elnur Bağırov Vətən müharibəsində tibb məntəqəsinin sanitar təlimatçısı vəzifəsini icra etdiyini bildirib. O, döyüşlərdə yaralı əsgərlərimizi necə xilas etməsindən söhbət açıb. Yaralı əsgərlərimizin, ağrılara mərdliklə necə sinə gəldiyini söyləyib.

    Döyüşçümüz həmçinin Qarabağın gözəlliyi qarşısında valeh olduğunu bildirib.

    Sonra döyüşçü izləyicilər tərəfindən ona verilən sualları cavablandırıb.

    Qeyd edək ki, Elnur Bağırov 1999-cu ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Binəqədi rayonu R.Pirnəzərov adına 299 nömrəli tam orta məktəb-liseyini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2019-cu ildə xidmət müddəti başa çatdığı üçün ehtiyata buraxılıb. Elə həmin ildə Qərbi Kaspi Universitetinin İctimai və Siyasi Elmlər fakültəsinin Regionşünaslıq ixtisasına qəbul olunub. Hazırda həmin universitetin 2-ci kurs tələbəsidir.

    Döyüşçümüzün Vətən müharibəsində yaşadığı anları dinləmək istəyənlər aşağıdakı linkə daxil ola bilərlər.

    https://www.instagram.com/tv/CJWTrG-BEE8/?igshid=1s7bnt03zk29s

  • Respublika Gənclər Kitabxanası Xalq artisti Həsən Seyidbəyliyə həsr olunmuş virtual sərgi tərtib edib

    Bu il Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə qeyd olunur. İstər kinorejissor, istərsə də yazıçı kimi çox uğurlara imza atmış, nailiyyətlər qazanmış Həsən Seyidbəylinin böyük bir gənc nəslin mənəvi dünyasının formalaşmasında əvəzsiz xidmətləri olub. Haqq dünyasına qovuşmasından bizi 40 il vaxt ayırsa da Həsən Seyidbəyli bu illər ərzində unudulmayıb, əsərləri daim mütaliə olunub, filmləri izlənilib.

    Bu da ömrün 100-cü qışı... Yenə qarşıdan illər gəlir. Hər ilin də öz münasibəti, öz oxucusu doğulur. Həsən Seyidbəyli 100-ə də, 200-ə də qovuşacaq. Amma həmişə bir xiffət səslənəcək: unudulmaz yazıçı cəmi 59 il yaşadı. Əsərlərinin yaşı isə daha çoxdur. Yaratdıqları qocaldıqca, müəllifi də daim ucalacaq.

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli sənətkarın anadan olmasının 100 illiyi ilə əlaqədar “Həyatı yazan, yazdığını ekranlaşdıran sənətkar” adlı virtual sərgi tərtib edib.

    Virtual sərgidə Həsən Seyidbəylinin 100 illik yubileyinə dair Sərəncamın tam mətni, sənətkarın həyat və yaradıcılığı haqqında qısa məlumatlar, təqdim olunduğu mükafatlar, görkəmli adamların onun haqqında söylədiyi fikirlərdən seçmələr, qələmə aldığı bədii və publisistik əsərlər, H.Seyidbəylinin həyat və fəaliyyəti haqqında yazılan kitablar və məqalələr, kino sahəsindəki fəaliyyətini əks etdirən kitablar, rejissoru və ssenari müəllifi olduğu filmlərdən şəkillər və videokadrlar təqdim olunur. Sərgidə nümayiş etdirilən kitabların hər birinin elektron variantı mövcuddur və onlardan onlayn istifadə etmək mümkündür. Virtual sərgi kitabxananın sosial şəbəkə səhifələrində istifadəçilərə təqdim olunub.

    İstifadəçilər kitabxana əməkdaşları tərəfindən Həsən Seyidbəylinin 100 illik yubileyi ilə əlaqədar hazırlanan “Həyatı yazan, yazdığını ekranlaşdıran sənətkar” adlı virtual sərgiyə https://www.instagram.com/p/CJVXRKVhUTp/ keçidi vasitəsilə baxa bilərlər.

  • “100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” sənədli filmi beynəlxalq sertifikata layiq görülüb

    “100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” adlı sənədli filmi ABŞ Nümayəndələr Palatasının konqresmeninin təşkilatçılığı ilə keçirilən “Broadway Beynəlxalq Film Festivalı 2020”də tanınma sertifikatına layiq görülüb.

    ABŞ Nümayəndələr Palatasının konqresmeni Cimmi Qomesin imzaladığı sertifikatda ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun əməyini yüksək qiymətləndirib.

    Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 11 beynəlxalq film festivalında uğur qazanıb.

    Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

    O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.

    C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

    Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.

  • Sənətşünas Vüqar Hümbətovun monoqrafiyası çapdan çıxıb

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi mövzulu xor əsərləri (1990-2000-ci illər)” adlı monoqrafiyası çapdan çıxıb.

    BMA-dan bildirilib ki, monoqrafiyada Azərbaycan bəstəkarlarının konkret tarixi dövrdə baş vermiş hadisələrə - Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, 20 Yanvar hadisələrinə, Xocalı faciəsinə, Qarabağın işğalına, həmçinin ümummilli lider Heydər Əliyevə və Vətən uğrunda şəhid olmuş qəhrəman oğullara həsr olunan əsərlər tədqiqata cəlb olunub.

    Tədqiqatda müəllif bir neçə nəsil Azərbaycan bəstəkarlarının, o cümlədən Ramiz Mustafayev, Oqtay Rəcəbov, Elnarə Dadaşova, Yaşar İmanov, Sərdar Fərəcov, Cəlal Abbasov, Rəna Qədimova, Leonid Vaynşteyn, Aydın Ağasıyev, Fuad Cavadov və başqalarının əsərlərinə müraciət edib, onların təhlilinə monoqrafiyanın müvafiq bölmələrində yer verib.

    Kitabın elmi redaktoru Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, rəyçiləri Xalq artisti, professor Cavanşir Cəfərov, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova, Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.

    Monoqrafiya Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub.

  • “Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək

    Dekabrın 31-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün “YouTube” kanalında “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.

    Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

    Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova və başqaları ifa edirlər.

  • İspaniyanın “ABC” qəzeti Azərbaycanın ənənəvi “Nar bayramı” barədə yazır

    İspaniyanın iri nəşrlərindən biri olan “ABC” qəzetində “UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi” elan edilmiş 32 ənənə” sərlövhəli məqalə dərc olunub.

    UNESCO dekabrın 14-dən 19-dək onlayn rejimdə keçirdiyi qeyri-maddi mədəni irsin mühafizəsi üzrə hökumətlərarası komitəsinin 15-ci sessiyası çərçivəsində özünün qeyri-maddi irsin reprezentativ siyahısını genişləndirib. Bu, xalqları birləşdirmək və beynəlxalq əməkdaşlığa yardım etmək üçün dünya birliyinin diqqətini ənənələrə cəlb etmək məqsədi daşıyır. Reprezentativ siyahıya qeyri-maddi irsin daha 32 elementi daxil edilib. Onların sırasına Azərbaycanın “Nar bayramı” da aiddir.

    İspaniya qəzeti oxucuların diqqətinə çatdırır ki, hər il oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda keçirilən “Nar bayramı” narın yetişdirilməsi və məhsulun toplanması mədəniyyətinə həsr olunur. Qəzet yazır ki, bu bayram narı çoxəsrlik milli simvol kimi şöhrətləndirir.

    İspan nəşri UNESCO-nun qeyri-maddi mədəni irsinin daha bir yeni elementi - reprezentativ siyahıya Azərbaycan, İran, Türkiyə və Özbəkistan ənənəsi kimi daxil olan miniatür sənəti barədə yazıb.

    Vurğulanır ki, miniatür sənəti – xammal qismində qızıldan, gümüşdən və müxtəlif orqanik maddələrdən istifadə olunmaqla kitab, papye-maşe, xalça, parça, divar, keramika üzərində kiçik şəkillərin layihələndirilməsi və yerinə yetirilməsidir. Qəzet yazır ki, miniatür sənəti ictimai məkanların memarlıq dekoru və bəzəyi üçün istifadə edilir.

    “ABC” diqqətə çatdırır ki, UNESCO-nun qeyri-maddi irs siyahısına İsveçrə və Fransada mexaniki saatların hazırlanması, Birləşmiş Ərəb Əmirliyində və Omanda dəvə qaçışları, Fransa, Lüksemburq, Belçika və İtaliyada valtornaçıların musiqi sənəti və sair yeni elementlər əlavə edilib.

  • “Artinterview” - Dövlət Rəsm Qalereyasının yeni layihəsi belə adlanır

    Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəyə start verib.

    Dövlət Rəsm Qalereyasından bildirilib ki, layihənin məqsədi incəsənətlə bağlı birbaşa rəssama ünvanlanmış suallar vasitəsilə onların yaradıcılıqları ilə daha yaxından tanış olmaqdır. Layihənin ilk müsahibi Əməkdar rəssam Rəşad Mehdiyevdir. O, 1987-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1996-cı ildə Türkiyədə Memar Sinan Universitetini bitirib. Rəşad Mehdiyevin əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərindən götürülən əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir.

    Rəssamın xarici ölkələrdə 20-dən çox fərdi sərgisi açılıb, bir neçə beynəlxalq simpozium və festivalda iştirak edibdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının baş müəllimidir, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

  • Əməkdar incəsənət xadimi Emin Məmmədov Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildi
    Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Məmmədov Emin Səlhab oğlu Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.    Emin Məmmədov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib. “Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Emin Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.