Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının metodika-biblioqrafiya şöbəsi Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə “Kinonu sevən adam” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın “YouTube” kanalında oxuculara təqdim edilib.
Videoçarxda rejissorun ömür yolu və fəaliyyəti haqqında geniş məlumat verilir.
Qeyd edilir ki, bu il Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə yeni səhifələr yazıb. Onun həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə “Nəsimi” tarixi bədii filmi milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur. Həsən Seyidbəyli Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqrafiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr verib. Meydana gətirdiyi sanballı nəsr nümunələri Həsən Seyidbəyliyə ədəbiyyat aləmində geniş şöhrət qazandırıb.
Müasir dövr Azərbaycanda informasiya texnologiyalarının tətbiqinə əsaslanan cəmiyyətin informasiyalaşdırılması prosesi bir sosial sifariş olaraq sürətlə davam edir. Bunun nəticəsində cəmiyyətimiz öz inkişafının yeni mərhələsinə-informasiya və biliklər cəmiyyəti quruculuğuna qədəm qoymaqdadır. İnformasiya və biliklər cəmiyyətində informasiya və biliklər keyfiyyətcə yeni əhəmiyyət kəsb etməklə ictimai istehsalın mühüm və ən qiymətli resurslarından birinə çevrilir, insan fəaliyyətinin bütün sahələrində informasiya məhsullarının və xidmətlərinin yüksək inkişafı tələb olunur. Belə bir dövrdə bu tip yenilikləri tədris edəcək kitabların, vəsaitlərin tərtibinə böyük ehtiyac duyulur.
2020-ci ildə Respublika Gənclər Kitabxanasının “Kitabxanalar virtual məkanda” layihəsi əsasında yaradılmış mütəxəssislər qrupunun hazırladığı sayca 5-ci kitab - “Kitabxanalarda İnformasiya Texnologiyaları” kitabı işıq üzü görüb. Bundan öncə bu layihə çərçivəsində 4 elmi-təcrübi vəsait - “Kitabxanalarda internet forumların keçirilməsinin metodikası”, “Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili”, “Kitabxana-informasiya sistemləri” adlanan kitablar çap edilib.
Müəllifləri Azad Qurbanov, Pərviz Kazımi və Oruc Quliyev olan “Kitabxanalarda İnformasiya Texnologiyaları” kitabı kitabxana informasiya fəaliyyəti ilə məşğul olan oxucular, müvafiq ixtisas üzrə təhsil alan ali və orta ixtisas tələbələri üçün nəzərdə tutulub. Kitabda müxtəlif informasiya texnologiyalarının nəzəri əsaslarını, şəbəkə, multimediya, informasiya təhlükəsizliyi haqqında sadə və anlaşılan dildə məlumatlar verilib. Kitab, həmçinin Azərbaycan kitabxanalarını beynəlxalq standartlara uyğun modernləşdirmək üçün zəruri olan müvafiq proqram, texniki və informasiya təminatları ilə zəngindir.
Kitab oxuculara informasiya texnologiyaları sahəsində olan yeniliklərlə tanış edə biləcək universal vəsaitdir.
Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə “TAKE Company” tərəfindən “Qarabağ çıxış” adlı qısametrajlı film çəkilib.
Agentlikdən bildirilib ki, peşəkar komandanın ərsəyə gətirdiyi filmdə birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlılarla Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızda qanunsuz məskunlaşan ermənilərin evlərini tərk etməsi müqayisəli formada təqdim edilir. Filmin sonunda ulu öndər Heydər Əliyevin işğal altındakı torpaqlarımızın azad olunacağına sonsuz inamı və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xalqımıza Qələbə müraciətindən bir hissə də yer alıb.
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” ədəbiyyat jurnalının dekabr nömrəsi işıq üzü görüb.
Jurnalın bu nömrəsi sözləri Səlim Babullaoğlu və İlqar Fəhmiyə məxsus “Azərbaycan” marşı ilə açılır.
“Ulduz” jurnalı ilə “525-ci qəzet”in birgə layihəsi olan “9-luq”da “Müharibə ədəbiyyatı” mövzusunda sualları "Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova və ədəbiyyatşünas-esseist Mətanət Vahid cavablandırır.
"Şeir vaxtı”nda Seyidəli Sübhi, Nilufər Şıxlı, Səxavət Sahil, Nazim Şah, Rizvan Nəsiboğlu, İltimas Səmimidir.
"Nəsr”də Natiq Məmmədli, Xatirə Salahzadə, Günel Mehrinin hekayələri yer alır.
Fərid Hüseyn "Sirrin ölümü”ndə Lev Tolstoyun "Anna Karenina” romanından yazır.
"Esse” rubrikası Elnarə Akimovanın "Şuşada azan səsi”, Turan Uğurun "İşə getmə, Cəmilə, Şuşaya gedirik!”, Xuraman Hüseynzadənin "Qızılgül sevgisi” esselərini təqdim edir. "İtki" rubrikasında Çinarə Nüsrətlinin "Elsevər" adlı yazısı var.
"Tənqid”də Mərziyyə Nəcəfova "Azərbaycan poeziyasında koronavirus” mövzusundan yazır. "Tərcümə saatı”nda Cavanşir Yusiflinin tərcüməsində Linda Mariya Barosun, Afaq Şıxlı Rami Meiriin şeirlərini oxuya bilərsiniz. "Adsız”da Nargiz “Bənövşəyi çiçəkli ağac”dan yazır. Taleh Mənsurun təqdimatında "Yazı masası”nın qonağı şair Kəramətdir. "Vətən müharibəsi” rubrikasında Rəşid Faxralı "Əsrə bərabər gün və yaxud 44 günün fəlsəfəsi”ndən yazır.
İlham Abbasov "Ədəbiyyat üzrə Nobel mükafatı laureatları” silsiləsindən Luici Piranddellonun həyat və yaradıcılığından söhbət açır.
"Dərgidə kitab”da "Zəfər simfoniyası” poemasıyla Balayar Sadiqdir.
“Mədəniyyət/Culture” jurnalının yeni nömrəsi işıq üzü görüb.
Jurnalın üz qabığındakı “27 sentyabr - Anım günü” yazısı möhtəşəm Qələbəmizin başlanğıc xatırlatması kimi rəmzlənir. Bu nömrənin səhifələrində Vətən müharibəsinin ilk günlərinin döyüşkən əhval-ruhiyyəsi öz əksini tapır. Dərgi Azərbaycan Ordusunun Qarabağda zəfər yürüşü zəminində yazdığı şanlı tarixlə bağlı “Əsrə bərabər günlər” sərlövhəli məqalə ilə açılır və Mədəniyyət Nazirliyinin qalibiyyətli Vətən müharibəsi dövründəki fəaliyyətini təqdim edir. Ölkə başçısının müvafiq Sərəncamı ilə 100 illik yubileyi qeyd olunan Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov və onun oğlu Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun həyat və döyüş yolu barədə nəvə polis polkovnik-leytenantı Müşfiq Cəbrayılovla müsahibədə oxucu nəsillərin varisliyinin şahidi olacaq. Müsahibədə bir ailənin iki qəhrəmanının II Dünya müharibəsi cəbhəsindən bu günün Qarabağ Vətən cəbhəsinə uzanan yollarının mürəkkəb, amma şərəfli tarixindən söz açılır.
“Ədəbiyyat” rubrikasında azadlıq mübarizəsinin başlanğıcından meydanda olan alim qəhrəmanımız Aydın Məmmədov obrazından və əsərləri ilə yeni nəsildə vətənpərvər ruh formalaşdıran yazıçı Əli Səmədli nəsrindən bəhs olunur. “Kino” rubrikamızda müxtəlif yaş kateqoriyasına mənsub kinematoqrafçılarımızın hərbi-vətənpərvərlik mövzusuna artıq Qələbə rakursuna işıq tutulur. “Rəngkarlıq” bölümündə “Xalq rəssamı Elmira Şahtaxtinskayanın “Azərbaycan - qədim mədəniyyət ölkəsidir” silsiləsi haqqında “Azərbaycanın informasiya müharibəsində rolu” məqaləsində söz açılır. Naxçıvanda xalçaçılığın tarixi və inkişafı mövzusunda suallara isə AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli cavab verir. “Sakura ağacının kölgəsində kimono geyimli musiqiçimiz” başlıqlı məqalədə vətəndən uzaqlarda – Yaponiyada yaşayan istedadlı pianoçu Gülnarə Azuma- Səfərovanın çoxcəhətli yaradıcılığından bəhs olunur. “Mədəni irsimiz” rubrikasında “Azadlığa qovuşan abidələr” və “Qədim yaşayış yeri – Qala kəndi” yazıları həm də fotoşəkillərin dili ilə danışır.
Jurnalın sərbəst mövzuları sırasında “Üzeyir Musiqi Günü”nə həsr olunan ənənəvi festivalın televersiyasının şərhinə, Çexiyada yaşayıb rus dilində yazan şairəmiz Leyla Bəyimin “Сердце мое –Шуша” şeir-nəğməsinə rast gələcəksiniz. “Həmkarlarımız” layihəsində bu dəfə fotoqraf dostlarımız Zaur Mustafayev və Cəlal Firidunov barədə yazımız yer alıb.
Oxucu Qələbə haqqında jurnalist düşüncələriylə də qarşılaşacaq - “44 qızıl gün və Xudafərin” yazısında. Əslində Xudafərinin adı daha çox bir rəmz kimi mövzuya işıq tutur. Hər birimiz üçün müqəddəs olan Xudafərin hekayəsi ilə oxucumuzla hələ çox görüşəcəyik səhifələrimizdə...
Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısında olan jurnal kimi dərgi elmi hissəsi yenə də müqtədir və gənc tədqiqatçılarımızın, alimlərimizin məqalələri ilə zəngindir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) Bakıda Moskva Dövlət Müdafiə Muzeyi tərəfindən hazırlanmış “Moskva uğrunda döyüş. İlk Qələbə” adlı onlayn-sərgi təqdim edir.
RİMM-nin mətbuat xidmətinə istinadla bildirir ki, “Moskva uğrunda döyüş. İlk Qələbə” layihəsi iştirakçıların, hərbi texnikanın və silahların sayına görə dünya müharibələri tarixininin ən böyük döyüşlərdən birinə həsr olunub. Döyüş 30 sentyabr 1941-ci il tarixindən 20 aprel 1942-ci il tarixinədək olan dövrü əhatə edir.
Ekspozisiyadakı ağ-qara fotoşəkillər hərbi fotojurnalistlər tərəfindən çəkilmiş qərəzsiz hərbi gerçəkliyi əks etdirir.
Qeyd edək ki, sərgidəki bir çox fotoşəkillər ilk dəfə nümayiş olunur və bu günədək geniş kütləyə məlum olmayıb.
Hacı Zeynalabdin Tağıyev haqqında sənədli film İtaliyanın Ostia beynəlxalq film festivalında yarımfinala vəsiqə qazanıb. Film 2021-ci ildə böyük ekranda nümayiş olunacaq, finala vəsiqə qazanarsa SMG distribüteri ilə dünya miqyasında müqavilə imzalanacaq.
Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.
Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.
O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.
C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.
Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb: “Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.
Ssenarist əlavə edib ki, ekran əsərində Hacı Zeynalabdin Tağıyevin Stalinlə görüşlərindən, Nobel qardaşlarının ən böyük rəqiblərindən birinin Hacı Zeynalabdin olmasına baxmayaraq, ata Nobelin Hacıya böyük hörmətindən, Hacının reallaşdırdığı bütün xeyriyyə işlərində Nobel qardaşlarının iştirakından söhbət açılır. Həmçinin Hacının Musa Nağıyevlə dostluğuna da filmdə xüsusi yer ayrılıb. Ekran əsərində Bakıda XX əsrin əvvəllərində baş verən tarixi hadisələrə də toxunulur.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib. Azərbaycanı bu müsabiqədə Aydan İlxaszadə təmsil edib. O yarışmada həmçinin “Sarı Gəlin” mahnısını da ifa edib. Onlayn formatda keçirilən səsvermədən sonra “Sarı Gəlin” ifaçıya “Tamaşaçı rəğbəti” mükafatı qazandırıb.
Aydan İlxaszadə ilk dəfə 2016-ci ildə ATV kanalında “Azərbaycanın səsi” müsabiqəsində birinci yeri tutub və yarışın qalibi kimi “Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinə dəvət alıb. Lakin həmin vaxt Türkiyədə terror aktlarına görə yarışın keçirilməsi təxirə salınmışdı. Nəhayət, bu il yarışı onlayn formatda keçirmək mümkün oldu.
O, sözləri Abdulla Qurbaniyə, musiqisi Nailə Mirməmmədliyə məxsus olan “Can can, qardaş can” mahnısı ilə səhnəyə çıxıb. Münsiflər heyətinin rəyinə əsasən birinci yerin sahibi ukraynalı Natalya Papazoğlu olub. İkinci yerə Rusiya, üçüncü yerə isə Bosniya və Herseqovina təmsilçisi çıxıb. Azərbaycan beşinci, Türkiyə isə on ikinci yeri tutub.
Aydan İlxaszadə deyir: “Türkvizyon”da “Sarı gəlin”i böyük qürur hissi ilə ifa etdim. Yarışmada 26 ölkə və bölgənin təmsilçiləri 200 illik tarixə söykənən qədim türk mahnısı - “Sarı gəlin”i ifa edirdilər. Zahirən sarışın olmağım və sarı rəngi sevməyim məni səhnədə ilhamlandırdı və təsvirə özəl bir rəng qatdı”.
Onu da qeyd edək ki, Aydan İlxaszadə 11 nömrəli musiqi məktəbinin xanəndəlik sinfini fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi kollecinin xor dirijoru fakültəsində təhsil alır. Kollecin tərkibindəki musiqi klubunun sədridir. O, gitarada ifa etməyi sevir və muğam, xalq mahnıları və türk estradası nümunələrini ifa etməyə üstünlük verir. Onun ən böyük arzusu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmaqdır.
Bu yolda ona uğurlar arzulayırıq.