Dövlət Tərcümə Mərkəzi kinoşünaslıq, rejissor və aktyorluq sənəti tədrisinə töhfə olaraq görkəmli Rusiya kinorejissoru Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən bildirilib ki, Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri daxil edilib.
“Kino cəmiyyətin aynasıdır”, “Kino rejissorluğu üzrə mühazirələr”, “Sənət ideal axtarışında”, “Həkk olunmuş zaman”, “Sənətkar məsuliyyəti”, “Həsrətdən sonra”, “Kino sirli aləmdir”, “Görüşlər, çıxışlar, müsahibələr” adlı fəsillərdən ibarət kitabda kino aləminin görünən və görünməyən tərəfləri, aktyorluq və rejissorluq peşəsinin gizli qatları, kino sənətinin insana və cəmiyyətə təsiri kimi yaradıcılıq incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.
Kitabın orijinaldan tərcümə müəllifi Fərhad Abdullayev, redaktoru Rəbiqə Nazimqızıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Qeyb edək ki, Andrey Tarkovski (1932–1986) Rusiyanın İvanovo vilayətində anadan olub, kino və teatr rejissoru, nəzəriyyəçisi, ssenari müəllifi kimi zəngin yaradıcılıq irsinə malikdir. İlk ekran əsəri – “İvanın uşaqlığı” filmi dünya kinosunda böyük hadisə kimi qəbul olunub, məşhur Venesiya kinofestivalının “Qızıl şir” mükafatına layiq görülüb. “Andrey Rublyov”, “Ayna” və “Stalker” filmləri bütün zamanların ən yaxşı ekran əsərləri siyahısına daxil edilib. 1980-ci ildə növbəti filminin çəkilişləri məqsədilə İtaliyaya yollanıb və bir daha geri qayıtmayıb. Ömrünün sonunadək İtaliyada mühacir həyatı yaşayıb. Son filmləri – “Xiffət”i (1983) İtaliyada, “Qurbanvermə”ni (1986) İsveçdə ekranlaşdırıb.
Vim Venders, Aleksandr Sokurov, Lars fon Trier kimi dünya şöhrətli rejissorlar Andrey Tarkovskinin ölümündən sonra çəkdikləri filmləri dahi sənətkarın xatirəsinə həsr ediblər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası “Şücaətli Azərbaycan Ordusunun uğurları” adlı layihəni həyata keçirməyə davam edir.
İdarədən bildirilib ki, layihə əsasında şanlı Azərbaycan Ordusunun zəfərləri videoçarxlar şəklində təqdim edilib.
Videoçarxlarda işğaldan azad edilmiş şəhərlərin, kəndlərin, qəsəbələrin adları verilib, həmçinin hər bir bölgə haqqında informasiyalar toplanılıb və nümayiş edilib.
İşgüzar tədbirlər sənayesində aparıcı nəşrlərdən hesab olunan “The Kongres Magazine” jurnalı 2020-ci il üzrə “Yeni Avropa”nın işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 5 insanını təqdim edib.
Dövlət Turizm Agentliyindən bildiriblər ki, 2606 oxucunun iştirak etdiyi səsvermə nəticəsində işgüzar tədbirlər sənayesində müxtəlif ölkələri təmsil edən 36 rəhbər şəxs arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva birinci sırada qərarlaşıb.
Digər pillələrdə isə Macarıstan, Sloveniya və Serbiyanı təmsil edən Konqres Bürolarının rəhbərləri yer alıb.
Jurnal bildirib ki, siyahıda yer almış şəxslərin namizədlikləri özləri tərəfindən deyil, üçüncü şəxslər tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Sevda Əliyeva 2019-cu il üzrə keçirilmiş səsvermədə siyahı üzrə 5-ci pillədə qərarlaşmışdı.
“The Kongres Magazine” jurnalı 10 ildən çoxdur ki, Avropanın işgüzar tədbirlər sənayesində mühüm platforma rolunu oynayır. Jurnalda sənaye nümayəndələrindən müsahibələr, eyni zamanda xəbər və məqalələr dərc olunur və 2014-cü ildən etibarən oxucuların səsverməsi əsasında il ərzində yaradıcılığı, kütləyə təsir gücü, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə fərqlənən insanlar müxtəlif nominasiyalara layiq görülürlər.
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dekabrın 26-da rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü baş tutacaq.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, “Digitalart-lab” adlı layihəsinin növbəti mərhələsinə seçilən Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərminə Qurbanzadə, Hənifə Musayeva, Aysel Nəcəfli, Sufi Səfərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Arzu Bəxtiyarova, Sara Qədimova, Qafarova İntizar və Şəlalə Salamzadə tanışlıq görüşündə iştirak edəcəklər.
2021-ci ilin mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirakçılar hər ay “Zoom” proqramı vasitəsilə istedadlı rəssam Natiq Kamalın onlayn ustad dərslərinin iştirakçısı olacaqlar.
Rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşünü və iştirakçıların təqdimatını Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.
Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə təşkil etdiyi silsilə canlı yayımları davam etdirir.
Kitabxanadan bildirilib ki, “Sevilənlər sevənlər” rubrikası altında keçirilən növbəti canlı yayımın qonaqları qazilər Samir Məmmədov və Elnur Əkbərov olub. Görüşün ilk 30 dəqiqəsi Samir Məmmədovun iştirakı ilə keçdi. Qazi canlı yayım izləyicilərinə qısaca olaraq özü haqqında məlumat verdi. Hərbiçi olan qazimiz Gülüstan, Talış kəndi, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirakından, müharibə təəssüratlarından, harada və necə yaralanmasından söhbət açdı. 16 saat döyüş bölgəsində yaralı vəziyyətdə qalan igidimiz özü kimi qəhrəman silahdaşlarının sayəsində döyüş ərazisindən çıxarılaraq, əvvəlcə Naftalana, Gəncəyə sonradan isə vəziyyəti ağırlaşdığı üçün Bakıya- xəstəxanaya göndərilməsindən danışdı. O, döyüş yoldaşı Araz Əlilinin yaralı olmasına, çoxlu qan itirməsinə baxmayaraq onu döyüş ərazisində yaralı vəziyyətdə qoymayaraq, həyatını xilas etməsini böyük minnətdarlıq hissi ilə xatırlayıb.
Canlı yayımın ikinci hissəsinin qonağı könüllü olaraq döyüşlərə qatılan Elnur Əkbərov oldu. İgid əsgər Fizuli istiqamətində olan döyüşlərdə iştirak edib, qolundan və ayağından yaralanaraq qazi olub. O, döyüşlər zamanı əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrətin onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söyləyib. Elnur müharibədə iştirak etmək, illərlə düşmən əsarəti altında olan Azərbaycan torpaqlarının azad edilməsinin özü üçün şərəf, fəxarət olmasını qeyd edib. Qazi yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarını böyük ehtiramla xatırlayıb. Qonaq Sərdar İsmayılov, Tural Dəmirçiyev kimi qəhrəman Azərbaycan oğullarının adını çəkərək bu qələbənin onların və onlar kimi yüzlərlə şəhidin sayəsində qazanıldığını söyləyib.
Qazi müharibə xatirələrinin, şəhid yoldaşlarının sön nəfəsdə söylədikləri sözləri bir ömür böyu unutmayacağını dilə gətirib. Gələcək planları haqqında danışan Elnur ali təhsilini davam edəcəyini söyləyib.
İstifadəçilər qazilər Samir Məmmədov və Elnur Əkbərovun iştirakı ilə keçirilən canlı yayıma aşağıdakı linkı vasitəsilə baxa bilərlər.
https://www.instagram.com/tv/CJG_jSMlWZi/?igshid=go6lkx6bdxh6
Vətən uğrunda apardıqları mübarizə nəticəsində əbədi zirvəyə ucalmış şəhidləri tanıtmaq və yad etmək məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası sosial şəbəkələrə yeni videoçarx və informasiya məktubu təqdim edib.
“Tarix yazan igidlərimiz” layihəsi əsasında hazırlanmış informasiya İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Bağır Ələkbərova həsr edilib.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Bağır Ələkbərova 2019-cu ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı, ölümündən sonra isə “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, şəhid haqqında informasiyanı kitabxanaya qardaşı Ayxan Ələkbərov təqdim edilib.
Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində hərbiçi ailəsində anadan olub. Atası kimi hərbiçi olmaq istəyən Bağır 2013-cü ildə hərbi xidmətə yollanıb. O, Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissənin Xüsusi Təyinatlı Qüvvələrində snayperçi olub. Hərbidə keçirdiyi illər ərzində bir çox yerli və xarici təlimlərdə, beynəlxalq yarışlarda iştirak edib və uğur qazanıb.
O, İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda Hadrut istiqamətində gedən döyüşlərdə cəsarət və igidlik göstərib. Bağır Ələkbərov oktyabrın 12-dən 15-dək işğal altında olan 15 kəndin azad olunması əməliyyatlarında iştirak edib. O, 2020-ci il oktyabrın 15-də Hadrutda gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidin atasına göndərdiyi son mesaj belə idi: “Oğlunla fəxr et. İnşallah sağ - salamat qayıdacam. Narahat olma!”
İnformasiya-resurs şöbəsinin sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan “Şəhidlər haqqında” informasiya məktubu və videoçarxda şəhid gizir Bağırın keçdiyi həyat yolu, hərbi fəaliyyəti, qardaşının onun haqqında olan xatirələri və komanda yoldaşının onun haqqında verdiyi informasiya əks olunur.
Videoçarxda Bağırın ilk sevinci olan oğlu Əsədlə fotoları, qazandığı uğurları əks etdirən sertifikatları, xidmət müddəti ərzində çəkdirdiyi şəkilləri də əks olunur. Onun tank üzərində sərrast atıcılığını əks etdirən videolenti də videoçarxda yer alır. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün igidlərin qisasını alacağını söyləyən Bağır Ələkbərov Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Şəhidlər ölmür, əbədi yaşayırlar!
Qeyd edilən informasiyaları aşağıdakı linklərdə izləmək olar:
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi İkinci Qarabağ döyüşlərində könüllü iştirak edən Fərid Atazadə ilə onlayn görüş təşkil edib.
Kitabxanadan bildirilib ki, görüşdə xalqımıza qələbə sevincini yaşadan igidlərimizdən olan, Bakı Humanitar Kollecinin tar müəllimi Fərid Atazadə izləyicilərin suallarını cavablandırıb və tarda musiqi nümunələri ifa edib. O, həmçinin qələbə sevincini izləyicilərlə bölüşüb.
Qeyd edək ki, Fərid Atazadə 1995-ci ildə Bərdə rayonunun Şirvanli kəndində dünyaya göz açıb. 2011-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini daxil olub və 2015-ci ildə həmin kolleci bitirib. Daha sonra hərbi xidmətə yollanıb, hərbi xidmətdən tərxis olunduqdan sonra 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olub. Hazırda Bakı Humanitar Kollecində tar müəllimi kimi fəaliyyət göstərir. Bir çox respublika müsabiqələrinin laureatıdır.
Fərid Atazadə 2020-ci ildə Makedoniyada beynəlxalq müsabiqədə ölkəmizi təmsil edib. 25 ölkədən 450 iştirakçının qatıldığı müsabiqədə 1-ci yerə layiq görülüb.
O, Bəhruz Zeynalov və Xalq artisti Möhlət Müslümovdan dərs alıb.
Onlayn görüşü izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://www.instagram.com/tv/CJES-uKBPDF/?igshid=5vi89m15b89u
Dekabrın 22-də Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor, yazıçı, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il avqustun 20-də Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi, mədəniyyət və kino xadimləri Həsən Seyidbəylinin məzarını ziyarət ediblər. Sənətkarın xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Həsən Mehdi oğlu Seyidbəyli 1920-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində və Ali ssenari kurslarında təhsil alıb.
Sənətkar ssenari müəllifi olduğu və quruluş verdiyi filmlərlə Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazıb. Onun kinomuza bəxş etdiyi “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi”, “Ömrün səhifələri”, “Xoşbəxtlik qayğıları” və s. bədii filmlər bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir.
Həsən Seyidbəyli 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri olub. 1980-ci il iyunun 25-də vəfat edib
Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, “Azərbaycanfilm” kinostudiyasında görkəmli rejissorun vaxtilə çalışdığı iş otağı təmir edilib. Otaqda onun bəzi şəxsi əşyaları, ekranlaşdırdığı filmlərin foto və afişaları yer alır.
Həmçinin sənətkarın 100 illik yubileyinə həsr edilmiş sənədli film istehsal olunub. “Bizim Həsən müəllim” adlı filmin rejissoru və ssenari müəllifi Yavər Rzayev, prodüseri Fariz Əhmədovdur. Film yerli televiziya kanallarında nümayiş olunacaq.
Dekabrın 27-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkəsindəki səhifəsində “Oyaq gözəl” tamaşası nümayiş etdiriləcək.
Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq.
Tanınmış uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.
Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.
Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.
Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.