Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmi də var idi.
Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Ona maraq tezliklə sönəcək. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.
Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışlar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.
Azərbaycanda milli kino günü hər il avqustun 2-də qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 122-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı və qısametrajlı bədii, sənədli, habelə cizgi filmləri çəkilib. Bu gün gənclərimiz dünyanın bir sıra ölkələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir.
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik təşkilatı tərəfindən "Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində "Şəhidlik uca zirvədir" adlı onlayn tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, onlayn tədbiri “Zoom” proqramı üzərindən izlənilib.
Vətənpərvərlik ruhunda keçən tədbirdə ikinci Qarabağ müharibəsində şəhid olan Məmmədağa Səfərov, Ağami Heybətov, Vüsal İsmayılov, Tural Xudiyev, Əliyev İbrahim və Vüsal Salamovun ailə üzvləri fikirlərini bölüşdülər.
Çıxış edən Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədri, şair-tədqiqatçı Arif Buzovnalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, şairə Gülnar Səma dövlətimizin hər zaman şəhid ailələrinin anında olduğunu bildiriblər və qeyd edilib ki, şəhidlik ən uca zirvədir və bu zirvə hər insana nəsib olmur.
Sonra şəhid Məmmədağa Səfərovun təhsil aldığı Türkiyə Balıkesir Universitetinin müəllimləri də məzun şəhidlə bağlı xatirələrini bölüşüblər.
Kitabxananın fəal üzvü Ələkbər İsgəndərli və Nizami adına Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvü Nəzrin Abdullayeva vətənpərvər hisslərini şeirlə çatdırıblar.
Çıxış edən Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının üzvləri hər zaman Azərbaycan xalqının yanında olduqlarını vurğulayıblar.
Dekabrın 27-də Estoniyanın paytaxtı Tallində Azərbaycan və Belarus cəmiyyətlərinin birgə əməkdaşlığı ilə Azərbaycan xalqının Zəfər bayramına və Həmrəylik Gününə həsr edilmiş “Dostluq və Həmrəylik konserti” təşkil edilib.
Tədbirdə Azərbaycan və Belarus respublikalarının Estoniyadakı səfirliklərinin, Estoniya Mədəniyyət Nazirliyinin, İnteqrasiya Fondunun rəsmiləri, milli azlıqların nümayəndələri və bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Estoniyanın dünyaca məşhur və istedadlı musiqiçilərinin iştirakı ilə reallaşan konsert iki saatdan çox davam edib. Səhnəni Estoniya Opera və Balet Teatrının solisti Olqa Zaitseva, dünyanın bir sıra məşhur səhnələrində çıxış edən və fəxri təqaüdlərə layiq görülən gənc eston musiqiçisi, Stokholm Royal Opera və Balet Teatrının solisti Dara Savinova və piano ifaçısı Aleksandr Jankevits bölüşüblər.
Dara Savinova Dünya Azərbaycanlılarının Həmrəylik Gününə hədiyyə olaraq Azərbaycan dilində də musiqi ifa edib.
Tədbirdə Azərbaycanın tarixi ərazilərinin işğaldan azad edilməsi ilə bağlı təbrik çıxışları, Azərbaycan və Belarus cəmiyyətlərinin birlik və həmrəylik çağırışları səsləndirilib. Xatırladaq ki, Estoniyadakı Azərbaycan Evi bir müddət əvvəl Azərbaycan və ona dost olan xalqlarla əlaqələrin daha da möhkəmlənməsi istiqamətində çağırış edərək dostluq və həmrəylik tədbirlərini ənənəvi olaraq Estoniyada digər cəmiyyətlərlə birgə həyata keçirməyə başlayıb.
Sonda iştirakçılara və qonaqlara Azərbaycan Evi tərəfindən hədiyyələr təqdim edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin Şuşada hərbçilər üçün təşkil etdiyi ilk konsert proqramının videogörüntüləri paylaşılıb.
Konsertdən əvvəl tanınmış muğam ifaçıları Mirələm Mirələmov və Təyyar Bayramov Şuşa məscidinin minarələrindən azan səsləndiriblər.
Xatırladaq ki, konsert proqramı DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının açılışı münasibətilə təşkil olunub. Otuz ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə “Bayatı-şiraz” dəstgahı oxunub, Qarabağa və Şuşaya həsr olunmuş mahnılar səsləndirilib.
Gənc pianoçu, prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Narmin Nəcəfli Azərbaycan bəstəkarı Adil Bəbirovun “Prelüd-skertso” əsərini səsləndirib.
Pianoçu ifasını 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinə həsr edib.
Xatırladaq ki, Nərmin Nəcəfli Hannover Musiqi, Dram və Media Universitetinin magistrantıdır. Professor Bernd Goetzkenin sinfində təhsil alır. Gənclər üçün prezident mükafatının sahibi, gənclər mükafatının laureatıdır. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl” kitabına yazılıb.
Nərmin Nəcəfli deyib: “Müharibə başlayanda Almaniyada idim. Azərbaycandan çox uzaqda olsam da, baş verənlərin bütün ağrılarını hiss edirdim. Otağımın küncünə çəkilib, üç dildə informasiya müharibəsi aparmağa başladım. O günlərdə illərdir ən yaxın dostum olan musiqi alətinə toxuna bilmirdim. Sonra dərhal Bakıya gəlməyə qərar verdim. Noyabr ayında ölkəmizin Zəfərini öz gözlərimlə görə bildiyim və baş verənlərin şahidi olduğum üçün çox xoşbəxtəm...”
Nərminin səsləndirdiyi əsərin müqəddiməsi elə müharibələrin özü kimi kədərli, hüznlüdür. Lakin sonunda Azərbaycanın zəfəri kimi gur akkordlar səslənir! Bu əsərdə hər şey var: kədər, ağrı, nostalji, həyəcan, eyni zamanda Azərbaycan xalqının göstərdiyi mübarizə, qətiyyət, xarakter, cəsarət ruhu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı qələbə...
Qeyd edək ki, musiqi əsərinin ekran variantının üzərində peşəkar yaradıcı qrup işləyib. Layihənin rejissoru Ramil Ələkbərov, operatoru Orxan Qurbanov, montajçısı Anar Bəxtiyaroğlu, səs rejissoru Tural Məmmədli, prodüseri Elnur Cəbrayılov, rəhbəri Abbas Quliyevdir.
İfanı bu linkdən - https://youtu.be/L1lBOWx46q4 dinləmək olar.
Azərbaycan Milli Xalça Muzeyi uşaqların mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sevgi və hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini və bu işdə təhsilin rolunu nəzərə alaraq, daim yeni proqramlar hazırlayır, ustad dərsləri keçirir, müxtəlif tədris müəssisələri ilə birgə layihələr reallaşdırır.
Muzeydən bildirilib ki, bu günlərdə isə Bakı Avropa Liseyi Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalını keçirib. Liseyin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müxtəlif mövzularda keçirdiyi festival bu dəfə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunub.
Festival günlərində Bakı Avropa Liseyinin şagirdlərinin bir-birindən maraqlı ssenarilər əsasında ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. haqqında hazırladıqları videoçarxlar liseyin “Facebook” səhifəsində və “YouTube” kanalında, həmçinin muzeyin Uşaq şöbəsinin “Facebook” səhifəsində paylaşılıb, izləyicilər tərəfindən heyranlıqla qarşılanıb.
Festival çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri şagirdlərə “Azərbaycan xalçanı tanı, tanıtdır” mövzusunda onlayn mühazirələr də keçiblər.
Beləliklə, layihənin birinci hissəsi pandemiya səbəbindən həm müəllimlər və şagirdlər, həm də muzey mütəxəssisləri üçün yeni olan formatda – onlayn təqdimatlar şəklində reallaşdırılıb. Layihənin praktiki hissəsi isə gələcəkdə həyata keçiriləcək.
Böyük Britaniyanın “Brooch Associates” MMC-sinin təşkilatçılığı ilə “Əsrlərdən gələn cazibə: Azərbaycan xalçalarındakı sehrin və sirrin açılması” mövzusunda onlayn görüş keçirilib.
ABŞ, İngiltərə və digər Avropa ölkələrindən olan qonaqların qatıldığı görüşdə ilk olaraq Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çoxəsrlik tarixə malik Azərbaycan xalçaçılıq sənəti, onun inkişafı, nadir, əsrarəngiz xalçalarımız və onların xüsusiyyətləri barədə çıxış edib. O, rəhbərlik etdiyi muzeyin yaranması, fəaliyyəti, ekspozisiyası, son illər onun kolleksiyasının zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Maria Besselin bu muzeydə qorunan-saxlanılan Azərbaycana aid Şirvan xalçası, onun bərpası və tədqiqi haqqında ətraflı məlumat verib. Qeyd edək ki, həmin sənətkarlıq nümunəsinə bənzəyən XVII əsrə aid Şirvan xalçası Milli Xalça Muzeyinin kolleksiyasında da var.
İtaliyadan olan xalça eksperti və kolleksiyaçı Stefano İonesku isə çıxışı zamanı iştirakçılara muzeyimizə özünün və digər kolleksiyaçıların hədiyyə etdiyi Azərbaycan xalçaları barədə danışıb.
Sonda məruzəçilər görüş iştirakçılarının Azərbaycan xalçalarına dair suallarını cavablandırıblar.