İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin BMA-nın Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər - 1" ("New directions in composition - 1") mövzusunda mühazirə keçirilib.
Əvvəlcə BMA-nın prorektoru, professor Yeganə Axundova Bakı Musiqi Akademiyasında 2020-ci ilin aprel-may aylarında baş tutmalı olan mühazirələrin COVID-19 pandemiyası səbəbindən onlayn olaraq təşkil edilməsi haqqında məlumat verib və bütün iştirakçılara uğurlar arzulayıb.
Mühazirə onlayn olaraq “MS Teams” platforması üzərindən təşkil edilib.
Mühazirə A.Flodin, BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, Bəstəkarlıq kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, BMA-nın səs mütəxəssisi, bəstəkar Azər Əsgərov və digər iştirakçılar arasında maraqlı diskussiya ilə davam edib.
Vebinar BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyevanın moderatorluğu ilə keçirilib.
Növbəti aylarda BMA tələbələri üçün “Bəstəkarlıqda yeni istiqamətlər-2” (“New directions in composition-2”) və “Sonologiya” (“Sonology”) mövzularında daha 2 mühazirənin keçirilməsi nəzərdə tutulub.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçirilib.
26 ölkə və bölgənin təmsilçilərinin qatıldığı müsabiqənin qalibi ukraynalı Natalya Papazoğlu olub. İkinci yerdə Rusiya (Saxa Yakutiya), üçüncü yerdə isə Bosniya və Herseqovina qərarlaşıb. Azərbaycan 5, Türkiyə isə 12-ci yeri tutub.
Türkiyənin Türk Musiqi Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Polşa və digər ölkələrdən təmsilçilər iştirak ediblər. Qalibləri 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Müsabiqənin xüsusi “Tamaşaçı rəğbəti” mükafatı Azərbaycan xalq mahnısı “Sarı Gəlin”in ifasına görə verilib.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda, yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanıb.
Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.
Rəssamlıq sənətini seçən insanlar adətən özləri də qəribə xarakterli olurlar. Rənglər kimi onların da təbiəti müxtəlif çalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına hakim kəsilən rənglərdən möcüzələr yaradırlar. Bu, sadəcə, ilahi bir vergidir. Elə Xalq rəssamı Oqtay Sadıqzadə də təbiətən rəssam doğulmuşdu, yaşadığı aləmin gözəlliyini, xalqın qüdrətli sənətkarlarının portretlərini rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur.
Bu gün müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadənin anım günüdür.
Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.
1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib.
Təhsilini başa vurduqdan sonra Bakıda “Azərnəşr” nəşriyyatında bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.
Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutub.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnib.
Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.
Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.
Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib.
Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” adlı yeni layihəyə start verir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, layihənin məqsədi incəsənətlə bağlı birbaşa rəssama ünvanlanmış suallar vasitəsilə onların yaradıcılıqları ilə daha yaxından tanış olmaqdır. Layihənin ilk müsahibi Əməkdar rəssam Rəşad Mehdiyevdir. O, 1987-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1996-cı ildə Türkiyədə Memar Sinan Universitetini bitirib. Rəşad Mehdiyevin əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərindən götürülən əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir.
Rəssamın xarici ölkələrdə 20-dən çox fərdi sərgisi açılıb, bir neçə beynəlxalq simpozium və festivalda iştirak edibdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının baş müəllimidir, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Bu gün Xalq artisti Tükəzban İsmayılovanın anadan olmasından 97 il ötür
Bakı, 21 dekabr, AZƏRTAC
Milli musiqimizin görkəmli nümayəndələri sırasında onun da adı var: Xalq artisti Tükəzban İsmayılovanın. Yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənən ifaçının Azərbaycan musiqisi tarixində, xüsusən də qadın müğənnilər arasında öz dəst-xətti var idi. Onun ifa etdiyi muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub.
T.İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib. Tükəzban xanımın şaqraq səsi insanların qəlbini ovsunlayıb, onlara muğamlarımızı, xalq mahnılarımızı sevdirib. Özünəməxsus ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirməyə xidmət edib. Bir çox mahnı və təsniflərimiz məhz onun təkrarsız ifası ilə yaddaşlara köçüb.
AZƏRTAC xəbər verir ki, bu gün milli musiqimizin inkişafında özünəməxsus yer tutan Xalq artisti Tükəzban İsmayılovanın anadan olmasından 97 il ötür.
Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Musiqiyə uşaqlıq illərindən həvəs göstərib. Bu həvəs onun taleyini ömürlük musiqiyə bağlayıb. Musiqi sənətinə sevgisi onu Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarıb. Səs və ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında fərqləndirib. Muğam ifaçıları arasında tezliklə seçilib, dinləyicilərin qəlbinə yol tapıb.
1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi çalışmağa başlayan Tükəzban İsmayılova sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra T.İsmayılova 1962-ci ilə qədər burada çalışıb. Muğam ifaçısı Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, sonralar İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Tükəzban xanım ifaçılığa başladığı illərdən ta səhnə ilə vidalaşdığı illərə qədər yetişdiyi Bakı muğam məktəbinin ənənələrini öz sənətində yaşadıb və davam etdirib. Sirlərini mənimsədiyi sənətkarlıq məktəbinə həmişə minnətdarlıq edib. Tükəzban xanım klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb. Dahi Üzeyir bəy müğənninin şaqraq səsini, gözəl vokal imkanlarına malik ifasını, dolğun zəngulələrini eşidib onun üçün məxsusi olaraq "Qaragöz”, "Şəfqət bacısı” və s. mahnıları yazıb. T.İsmayılovanın özünəməxsus üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”, "Kürdün gözəli”, "Yeri, dam üstə yeri”, "Qarabağ şikəstəsi” və s. muğam və mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib. Azərbaycan bəstəkarlarının mahnıları onun repertuarında əsas yer tutub. Bir çox muğam, mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. T.İsmayılovanın repertuarı hər nəsildən olan dinləyicinin zövqünü oxşamağı bacarırdı. Müğənninin ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri vardı. "Sənin vüqarın mənəm”, "Sənsən”, "Ceyran”, "Qonşu qız”, "Sən mənimlə get”, "Çiçək” kimi bəstələr 60-70-ci illərin dinləyicilərinin ən çox sevdiyi mahnılar idi.
Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. II Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitlərimizi vətənpərvərliyə ruhlandırıb. Cəbhənin qanlı-qadalı illərində o da bir əsgər olub.
Tükəzban İsmayılova həmçinin dünyanın bir çox ölkələrinə - Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə çıxıb və hər yerdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Görkəmli ifaçının ölkəmizdə gənc xanəndələr nəslinin yetişdirilməsində də xidməti olub. 1994–2004-cü illərdə İncəsənət Gimnaziyasında dərs dediyi illərdə gənc musiqiçi nəslinin yetişməsində rol oynayıb. Böyük sənətin sirlərini onlardan əsirgəməyib, uğurlarına bir ustad kimi sevinib.
T.İsmayılovanın muğam və mahnılarının çoxu "Qızıl fond”da saxlanılır. "Kəsmə şikəstə”, "Yetim segah” kimi muğamların yanıqlı səslə ifasına görə o, əvəzolunmaz ifaçı sayılırdı. "Tükəzban İsmayılovanın "Kəsmə şikəstə”sinin də ayrı bir yanğısı, ayrı bir hekayəti vardı. Əksər qadın xanəndələrin repertuarında yer alan bu nisgilli şikəstənin onun səsindəki özəlliyi hissli, içdən oxumasında idi” deyə musiqişünaslar bildirirdilər. "O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.
Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini öz həyat yoldaşı, onu tarda müşayiət edən Xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırıb.
İfaçının Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında "Şöhrət” ordeni vardı. Xalq onu sevirdi. "Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.
Muğamlarımızın mahir ifaçısı Tükəzban İsmayılova 2008-ci il martın 24-də Bakıda vəfat edib, məzarı II Fəxri xiyabandadır.
Dövlət Tərcümə Mərkəzi məşhur Meksika yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Servantes mükafatı laureatı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən bildirilib ki, kitaba müəllifin “Artemio Krusun ölümü”, “Aura” romanları və “Çak mool” hekayəsi daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifi Saday Budaqlı, redaktorları Etimad Başkeçid və Salam Sarvandır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Qeyd edək ki, görkəmli Meksika yazıçısı və diplomatı Karlos Fuentes 1928-ci ildə Panamada diplomat ailəsində doğulub. Uşaqlıq və gənclik illəri Montevideo, Rio-de-Janeyro, Vaşinqton, Santyaqo və Buenos-Ayresdə keçib. Mexiko Milli Universitetində, daha sonra Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb, müxtəlif illərdə Parisdə və Londonda diplomat kimi fəaliyyət göstərib. 1954-cü ildə “Mübhəm günlər” adlı ilk hekayələr toplusu nəşr olunub. “Buludsuz, aydın diyar” (1954), “Aura” (1962), “Artemio Krusun ölümü” (1962”, “Dərinin dəyişməsi” (1967), “Uzaq ailə” (1980), “Yandırılmış su” (1981), “Qoca qrinqo” (1985), “Doğulmamış Xristofor” (1987), “Adəm Edemdə” (2009) romanlarının müəllifidir. Əsərləri 24 dilə tərcümə olunub. Meksikanın Milli Ədəbiyyat (1984), “Migel de Servantes” (1987), “Ruben Dario” (1994), “Pikasso” (1995) mükafatlarına layiq görülüb.
Karlos Fuentes 2012-ci ildə Mexikoda vəfat edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pandemiya şəraitində mədəniyyət mərkəzləri ilə birgə koordinasiyanın qurulması istiqamətində işin keyfiyyətinin artırılması” mövzusunda keçirilən onlayn görüşdə iştirak edib.
İdarədən bildirilib ki, görüş torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbiri açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova 28 ildən artıq bir zaman ərzində Qarabağ həsrətimizə son qoyan, Qələbə sevincini bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza təşəkkür edərək yaralılarımıza şəfa, şəhidlərimizə Allahdan rəhmət, əzizlərinə səbir diləyib.
Binəqədi rayonu ərazisində yerləşən musiqi məktəblərinin, gənclərin yaradıcılıq və inkişaf mərkəzlərinin, kitabxanalarının, muzeylərin pandemiya şəraitində fəaliyyətlərində səmərəliliyin artırılması, koordinasiyanın düzgün qurulması, tədbirlərin onlayn şəkildə təşkilində keyfiyyətin artırılması məsələlərini vurğulayaraq, bu sahədə görülən işlərə görə mədəniyyət mərkəzlərinin direktorlarına öz təşəkkürünü bildirib.
Görüşdə iştirak edən Binəqədi rayonunda yerləşən C.Cabbarlı adına İrəvan Dram Teatrının direktoru İftixar Piriyev, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov xalqımızın Qələbə sevincini paylaşaraq teatr sahəsində görülən işlərdən, qarşıda duran perspektiv planlardan, teatrların gələcək repertuarlarından söhbət açıblar.
Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin direktoru Adilə Yusifova, Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbinin direktoru Gülşən Quliyeva, Kənd Təsərrüfatı Muzeyinin direktoru Natiq Qurbanov, 6 nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru Ziyat Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Səmədov və digər mədəniyyət sahəsinin işçiləri müzakirədə iştirak edərək mövcud vəziyyətlə əlaqədar problemlərin həlli yolları, onlayn tədbirlərin və musiqi məktəblərində distant təhsilin daha keyfiyyətli tətbiqi imkanları istiqamətində irəliləyişlərin əldə edilməsi üçün belə görüşlərin vacibliyini qeyd ediblər.
Onlayn görüşdə Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin Zəfər paradına həsr etdikləri rəsmlərdən ibarət sərgi təqdim olunub.
Dekabrın 25-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsində məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Sehrbaz qadın” tamaşasını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Cahangir Zülfüqarovdur.
Təkəbbürlü dul bir qadın iki qızından birini meşəyə su dalınca göndərir. Meşədə bir sehrbaz qarı qıza yaxınlaşıb ondan su istəyir. Mehriban qız ona su verdikdən sonra qarı qızın bu xeyirxah əməlinin əvəzinə ona sehrinin gücü ilə yaxşılıq edir. Bundan sonra qız hər dəfə danışanda ağzından gül və bahalı daş-qaşlar tökülməyə başlayır. Anası bunu görüb, dərhal o biri qızını da meşəyə göndərir. Bu dəfə meşədə həmin sehrbaz qızın qarşısına şahzadə qiyafəsində çıxır və yaxınlaşıb ondan su istəyir. Təkəbbürlü xarakteri ilə anasına oxşayan bu qız şahzadəyə su vermir. Şahzadə isə onu pis əməlinə görə sehrləyir. Bundan sonra qız hər dəfə danışanda ağzından ilan və qurbağalar tökülür. Bunu görən ana kiçik qızını evdən qovur. Qız meşəyə gəlir və bir ağacın altında oturub ağlamağa başlayır. Bu zaman zadəgan ailəsindən olan bir cavan oğlan qızı görür və bir könüldən min könülə ona vurulur. Qızı götürüb özü ilə saraya gətirir və ona evlənmək təklif edir…
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.