Dövlət Gömrük Komitəsi Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" (“Yol qovşağı”) qəzetinin təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zeynab Kazımovanın “Anamın “Karvan”i” kitabı işıq üzü görüb.
Kitabın redaktoru və “Ön söz” müəllifi tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məti Osmanoğludur.
Kitabda müəllifin müxtəlif dövrlərdə çoxsaylı media orqanlarında nəşr olunmuş publisistik yazıları, esse, portret janrında məqalələri, köşə yazıları, hekayələri, o cümlədən şeirləri toplanıb.
Kitabda jurnalistin milli vətənpərvərlik ruhunda yazılmış "Vətən", "Şəhidim", ermənilərin əsrlərlə xalqımıza qarşı apardığı xain, işğalçı, cinayətkar əməllərini təsvir edən "Onun adı Xocalıymış" şeirləri, "Yeddi kəndin narahat ruhları", "Erməni sifəti", "Erməni məntiqi", "Dolu"ya düşmək", "Müharibə uşaqları: Tərtərdə bir gün" publisistik məqalələri, Qərbi Azərbaycan torpaqları olan indiki Ermənistandan azərbaycanlıların zorla köçürülməsinə, bu prosesin öz dədə-baba yurdlarından qovulan insanların həyatında dərin yaralar açmasını əks etdirən "Dərəçiçəkli oğlan - mənim qəhrəmanım" və digər portret yazıları, cəfakeş müəllim əməyini, pedaqoji işin müqəddəsliyini təsvir edən "Müəllim olmaq", "Fəridə müəllimənin qəzeti - "Azərbaycan müəllimi" və digər bir sıra ictimai-siyasi, sosial, mədəni və s. mövzularda yazdığı müəllif yazıları toplanıb.
Karantin dövründə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Notların möcüzəsi” adlı onlayn musiqi müsabiqəsinə start verilir.
Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının retro musiqilərinin müasir zövqü oxşayacaq yeni ifa tərzlərini ərsəyə gətirmək və gənc virtuoz musiqiçiləri üzə çıxarmaqdır.
İstedadına güvənən gənclər- tələbələr, musiqi təhsili olmayan istedadlı ifaçılar həmçinin musiqi kollektivləri ölkənin istənilən yerindən onlayn şəkildə müsabiqəyə qatıla, musiqi alətlərində instrumental ifalarını nümayiş etdirə bilər. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ifalarını 2021-ci il yanvarın 24-dək videogörüntü şəklində musabiqe@uyd.az elektron poçt ünvanına təqdim etməlidirlər.
Müsabiqə şərtləri və qaydaları haqqında daha ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki “facebook” hesabından ( https://www.facebook.com/notlarinmocuzesi ) əldə etmək olar.
Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən elan olunan müsabiqə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Notların möcüzəsi” gənc virtuozlar layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində, həmçinin Azərbaycan bəstəkar musiqilərinin sosial şəbəkə istifadəçiləri arasında təbliğ edilməsi məqsədilə musiqi animasiyalarının hazırlanması da nəzərdə tutulur.
Parisdə Əməkdar rəssam Əsmər Nərimanbəyovanın təşkilatçılığı ilə azərbaycanlı rəssamların və yaradıcı insanların əsərlərindən ibarət sərgi açılıb.
Parisin mərkəzində “Sakit səhərin gözəlliyi” qalereyasında təşkil edilmiş “Çiçəkli qızların kölgəsində” adlı sərgidə 25 rəssamın əsəri nümayiş olunub.
Sərgidə rəsm əsərləri ilə bərabər milli ruhda hazırlanmış sənətkarlıq əsərləri nümayiş edilir. Armudu stəkanlar, milli ornamentli kəlağayılar, podnoslar, qadınlar üçün əl çantası sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. Əsərlərin rəng ahəngdarlığı göz oxşayıb.
Sərgidə “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nominasiyası ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına yenicə daxil edilmiş nar formasında şəkər qabı daha çox sevilib.
İki gün davam edən sərgidə Əsmər Nərimanbəyovanın, Sahib Əsədlinin, Zərifə Mirzoyevanın, Vəfa Əfəndizadənin, Rəna Əmrahovanın, Tofik Ağayev-Nərimanbəyovun, Cəmalə Rəhimlinin, Aysel Mirqasımovun və digər fırça ustalarının əsəri nümayiş olunub.
Son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotellərin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü̈ və Yeni illə bağlı şənlik və konsert proqramları daxil edilən bayram paketləri təklif olunur.
Dövlət Turizm Agentliyi (DTA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bildirir ki, hotellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır.
DTA-dan bildirilib ki, ölkə vətəndaşlarının Bakıda və ya regionlarda yerləşən hotellərdə keçirilən bayram tədbirlərində iştirakı ilə bağlı hər hansı elan və dəvətlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əməl etmələri zəruridir.
Xüsusi karantin rejimi dövründə bu növ faktlar aşkarlanacağı təqdirdə, müvafiq dövlət qurumları tərəfindən qarşısı alınacaq, təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.
İspaniyada fəaliyyət göstərən Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniyanın məşhur “COPE Espana” radiosuna müsahibə verib.
Müsahibədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük işlər gördüyü, gələcəkdə buranın ciddi turizm mərkəzinə çevriləcəyi vurğulanır. İspan turistlər gələcəkdə Azərbaycanın gözəl guşələrindən olan Qarabağa dəvət edilib.
Jurnalistin Qarabağ münaqişəsi haqqında sualını cavablandıran F.Mustafayev deyib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində problem 30 ilə yaxın bir müddətdə davam edib. O, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırladaraq Ermənistanın beynəlxalq hüququn normalarını heçə sayıb bu sənədlərə əməl etmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan sülh tərəfdarıdır, erməni işğalçılarının sülh yolu ilə Azərbaycan torpaqlarını tərk etməsi üçün uzun illər danışıqlar prosesini davam etdirib. Amma Ermənistan danışıqlar prosesini pozaraq Azərbaycana hücum edib. Əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edib. Bununla da Azərbaycan Ordusunun nə qədər qüdrətli olduğunu bütün dünyaya göstərib.
F.Mustafayev bildirib ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük abadlıq, quruculuq işlərinə başlayıb. O, Azərbaycanın ayrılmaz tarixi ərazisi olan Qarabağın turizm potensialı barədə də geniş məlumat verib.
Beynəlxalq Muğam Mərkəzi (BMM) milli musiqimizin, muğam fəlsəfəsinin təbliğinə, araşdırılımasına və inkişaf prosesinə yönəldilmiş kreativ layihələrlə bərabər, elmi-kütləvi, sənədli filmlərin istehsalını da planlaşdırır. Ötən ildən BMM-nin rəhbərliyinin təşəbbüsü ilə mərkəzin foyesini bəzəyən büstlərin –mənəvi sərvətlərimizin hər biri haqqında sənədli filmin çəkilişlərinə start verilib.
Layihənin ilk filmi tanınmış muğam ustası, Azərbaycan, Gürcüstan eləcə də Yaxın Şərq ölkələrində adı dillər əzbəri olmuş Bülbülcana həsr edilib. Filmin çəkilişləri Bakıda və Tbilisi şəhərlərində aparılıb. Dövrün ictimai- siyasi, sosial-mədəni mənzərəsini dürüst təsvir etmək , Bülbülcanın portret cizgilərini dolğun vermək üçün bədii oyun elementlərindən də istifadə edilib. Sənədli filmdə Gürcüstan arxivlərindən, muzeylərindən onun həyatına aid yeni materiallar, dövrün mənzərəsini əks etdirən qədim Şuşa, Tbilisi və Bakıya aid fotolardan, sənədi kinofoto xronikalardan istifadə olunub.
Filmdə Bülbülcan rolunu Əməkdar artist Təyyar Bayramov canlandırıb. Sənədli ekran əsərində Xalq artisti Arif Babayev, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Bülbülcanın nəslindən olan qohumlarının fikirləri yer alıb.
Layihənin ideya müəllifi və bədii rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, ssenari müəllifi Gülhüseyn Kazımlı və Hafiz İmamnəzərlidir.
Gürcü və Azərbaycan dillərində təqdim olunacaq film pandemiyadan sonra tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd edək ki, BMM elmi-tədqiqat xarakterli araşdırmalar sayəsində muğam korifeylərinin həyat və yaradıcılığına həsr edilən bədii gecələr təşkil edilir, kitablar nəşr olunur.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “IWS” Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibətilə qrafika və akvarel ustaları arasında elan edilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsi davam edir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə həyata keçirilir. Qrafika və akvarel texnikası ilə çalışan rəssamların iştirakı xahiş olunur. Həmçinin, mükafat almadan tədbirə dəstək məqsədilə əsər təqdim etmək olar. Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkələrdən olan qrafika və akvarel ustaları iştirak edə bilərlər. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır.
İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.
Sərgidə iştirak ödənişsizdir. Əsərləri “facebook”da Bakı Xətai Sənət Mərkəzi (https://www.facebook.com/groups/144172178999749/?ref=share) qrupunda müəllifin adı, soyadı, əsərin adı, texnika və ölçüsü, iştirakçının e-mail ünvanı qeyd etməklə 2021-ci ilin mart ayının 5-dək onlayn qaydada yerləşdirmək xahiş olunur. İlk seçim onlayn qaydada aparılacaq. Seçilmiş əsərlərin müəllifləri sərgidə iştirak etmək üçün dəvət ediləcək.
Qalib olmuş müəlliflərin əsərləri Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq.
Qaliblər üçün mükafatla bərabər, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazının dərc olunması da nəzərdə tutulur.
Yola salmağa hazırlaşdığımız 2020-ci ildə Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyəti yerli və xarici kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
Muzeydən bildirilib ki, bu il İtaliyanın tanınmış “La Stampa” qəzetində, Yunanıstanın “elculture.gr”, Özbəkistanın “nargiz.uz” və “xabardor.uz”, Rusiyanın “Moskva-Bakı” xəbər saytlarında, ABŞ-ın nüfuzlu “Forbes”, İngiltərənin “Halı” jurnallarında, “National Geographic Traveller India” və Rusiyanın “CARPET: xalça sənət kimi” elektron jurnallarında, həmçinin “Baku”, “Nargis”, “Mədəniyyət/Culture” jurnallarında muzeylə bağlı maraqlı məqalələr yayımlanıb.
Muzeyimizin fəaliyyəti, layihələri, eksponatları haqqında 70-ə qədər müxtəlif mövzularda xəbər mətnləri ölkəmizin ən çox oxunan 50-dən artıq informasiya agentliyi və qəzetlərində də dərc edilib.
Vətən müharibəsində mübarizə apararaq şəhidlik zirvəsinə ucalan igidlərimizi tanıtmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” adlı layihəni davam etdirir.
Kitabxanadan bildirilib ki, layihə çərçivəsində təqdim olunan növbəti videoçarxda şəhid leytenant Nihat Seyidovun əziz xatirəsi yad edilir.
Videoçarxda tarix yazan şəhid haqqında ümumi informasiya verilir və uşaqlıq dövründən indiki dövrə qədər olan fotoları nümayiş edilir.
Qeyd edilir ki, Vətən uğrunda şəhid olan leytenant Nihat Seyidov 12 iyun 1998-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Teyvaz kəndində anadan olub. O, 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub və 2015-ci ildə müvəffəqiyyətlə liseyi bitirib. Liseydə qazandığı uğurların nəticəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2019-cu ildə leytenant rütbəsi alaraq xidmətə başlayıb.
Sentyabrın 27-dən başlayan Vətən müharibəsində iştirak edərək noyabrın 2-də Ağdərə rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Xarakter olaraq sakit bir təbiətə malik olan Nihat yaşadığı dövr ərzində bütün yoldaşlarının rəğbətini qazanıb. Ölümsüz zirvəyə ucalaraq göstərdiyi qəhrəmanlıqla hazırda bütün Azərbaycan xalqının qəlbini fəth edib.
Şəhid haqqında hazırlanmış videoçarxı “YouTube” kanalına daxil olaraq izləmək mümkündür.
Türkiyənin “Manqala” oyunu UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabı vasitəsilə bildirib.
Türkiyənin xüsusilə Qaziantep, Şanlıurfa, Hatay kimi vilayətlərində daha yayğın əl oyunu olan “Manqala” ölkənin fərqli bölgələrində “Göçürme”, “Mankala”, “Kümelek”, “Doqquz Quyu”, “Doqquz Daş”, “Emme”, “Qala”, “Mele”, “Xana”, “Quyu Daşı”, “Göçme” kimi fərqli adlarla da tanınır. Dərin tarixə sahib oyun Osmanlı dövründə sosiallaşma və mədəni paylaşım vasitələrindən biri olub. İki nəfər və ya iki qrup arasında oynanan oyunda daş yerinə toxumlardan da istifadə edilə bilər.