Misirin tanınmış jurnalisti, “Aldiplomasy” informasiya portalının baş redaktoru Əşrəf Əbu Urafə Azərbaycan mədəni irsinin incisi İçərişəhər haqqında geniş məqalə yazıb.
Məqalədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şirvanşahlar Sarayı Kompleksi və Qız qalasının iyirmi il əvvəl UNESCO-nun Dünya İrs Siyahısına salınması, bu nadir tarixi məkanın Azərbaycanda dövlət səviyyəsindən qorunması barədə məlumat verilir. Əlavə edilir ki, Dünya İrs Şəhərləri Təşkilatının Cənubi Avropa və Aralıq dənizi ölkələri üzə Regional Katibliyinin "Mobillik və Mədəni irs" mövzusunda kitabçasında İçərişəhər Avropanın 13 tarixi şəhərindən biri seçilib.
Müəllif diqqətə çatdırıb ki, İçərişəhər orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli incisi olub. Onun ərazisində yerləşən Qız qalası, Şirvanşahlar sarayı kompleksi ilə bərabər qala divarları, məscidlər, karvansara, zorxana, hamam, bazar meydanı və sair obyektlər Azərbaycan memarlıq sənətinin keçdiyi ayrı-ayrı mərhələləri özündə əyani şəkildə təcəssüm etdirən misilsiz abidələrdir. Bu məkan XIX əsrdən, neft sənayesinin inkişafı ilə İçərişəhər adlanmağa başlayıb. Arxeoloji qazıntılar hələ VII əsrdən İçərişəhərdə yaşayış binaları tikildiyini göstərir. Yerli şəraitə uyğunlaşdırılmış küçələr şəbəkəsi, ərazidən əlverişli istifadə edilməsi, əsas binaların yerləşdirilməsində dəniz amilinin nəzərə alınması İçərişəhəri şəhərsalma sənət nümunəsi kimi səciyyələndirir. Qız qalasının ətrafı orta əsrlərdə şəhərin mərkəzi olub. XVIII əsrdə Bakı xanlığının yaranması ilə əlaqədar olaraq İçərişəhərdə Xan Sarayı tikilib və yeni su kəmərləri inşa edilib.
Məqalədə İçərişəhərdə bərpa işləri, qala divarlarının mühafizəsi ilə əlaqədar Azərbaycan dövlətinin gördüyü işlərdən də bəhs edilib.
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda onlayn Respublika elmi konfransı keçirilib.
Konfransda bir sıra görkəmli alimlərlə yanaşı, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovanın da məruzəsi dinlənilib. O, “Əziz Mirəhmədov və Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda məruzəsində Əziz Mirəhmədovun yaradıcılığı barədə məlumat verib. Eyni zamanda, Ədibə İsmayılova Milli Kitabxana tərəfindən hazırlanan “Ədəbiyyatşünas alim Əziz Mirəhmədov” (http://anl.az/el/vsb/Edebiyyatsunas_alim_Eziz_Mirehmedov/index.htm) adlı virtual sərgini konfrans iştirakçılarına təqdim edib. O bildirib ki, virtual sərgidə ədəbiyyatşünas alimin həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, müəllifi, redaktoru, tərtibçisi, “Ön söz” müəllifi olduğu kitablar, haqqında yazılan məqalələr təqdim olunur.
Sonra konfrans öz işini bölmə iclasında davam etdirib.
Daşkənddə Özbəkistanın mədəni irsi həftəsi çərçivəsində “Özbəkistan mədəni irsi yeni intibahın əsası kimi” IV Beynəlxalq Konqresi öz işinə başlayıb.
Dekabrın 21-dək davam edəcək konqresə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova videoformatda qatılıb. O, “Pandemiya dövründə Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyəti” mövzusunda çıxış edib.
Şirin Məlikova öncə muzeyin tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verib. Sonra Azərbaycan Milli Xalça Muzeyinin pandemiya dövründə uğurlu onlayn fəaliyyətindən, çox qısa zamanda öz işini karantin dövrünün tələblərinə uyğunlaşdırmasından danışıb. O, bu müddət ərzində keçirilən onlayn sərgi, reallaşdırılan bir çox uğurlu layihələr, muzeyin sosial şəbəkələrdəki səhifələrində paylaşılan maraqlı məlumatlar, onların məzmunu və digər paylaşımlar barədə ətraflı məlumat verib.
Qeyd edək ki, konqresə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Çin, Hindistan və digər ölkələrdən alimlər, mütəxəssislər qatılıb.
Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 115 il ötür
Bu gün XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə bu adı xatırlamamaq mümkün deyil. Xalqından, elindən, yurdundan, çayından, daşından ilham alan şairin yazdığı hər bir sətir Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri şairin yaradıcılığının mənəvi qidasına çevrilib.
Bu gün Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 115 il ötür.
Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskvaya gedərək, burada Moskva Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Moskvada təhsil aldığı müddətdə bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri ilə tanış olur. Sonralar şairin özü qeyd edir ki, “Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim”.
O.Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə “Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.
Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.
Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb. Belə ki, sovet rejiminin qanlı illəri onun da həyatından yan keçməyib. O ağır illərdə Osman Sarıvəllinin qardaşı sürgün olunub, özü isə repressiya qorxusu altında yaşayıb. Ancaq heç bir qorxu onun ilham pərisini əlindən ala bilməyib.
Tanınmış şair 1990-cı ildə vəfat edib və doğma kəndində dəfn olunub.
Osman Sarıvəlli ustad şair idi. Hər sözün, hər kəlmənin, hər misranın poetik mənasına varmağa can atırdı və buna nail olurdu. Şeirlərində Vətənə, ana torpağa vurğunluq ən ülvi hisslərlə tərənnüm olunurdu.
İlham bulaqları quruyacaqdır,
Hər kimin deyilsə mayası eldən,
- deyən Osman Sarıvəlli poeziyasında elə, torpağa bağlılıq hər misrada hiss olunur. Bu baxımdan onun 1943-cü ildə qələmə aldığı “Gətir oğlum, gətir” poeması o dövrdə böyük əks-səda doğurur. Xalq mənəviyyatının aynası hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir. Səməd Vurğunun “Azərbaycan” şeirindən sonra vətən sevgisini ali hiss, müqəddəs duyğu səviyyəsində bu qədər ehtirasla tərənnüm etmək böyük istedadın qələbəsi idi. Poemada Atanın diliylə söylənilən “gətir!”, “yaşat!” kəlmələri xalq müdrikliyinin, milli-mənəvi dəyərlərin yaşanılmasına inamdır. Burada kəndin şəhərlə, köhnəliyin yeniliklə qarşılaşdırılması tendensiyası qətiyyən hiss edilmir, “gətir” elə “yaşat” deməkdir. Nəyi gətirmək, nəyi yaşatma? Məsələ bundadır:
Kömürdən almaz çək, yarpaqdan ipək,
Daşdan gövhər çıxart, buluddan şimşək,
Gətir, ildırımın məğrur səsini,
Qumru bulaqların zümzüməsini,
Zəmilərdən sünbül, bağçalardan bar,
Dərələrdən vüsət, dağlardan vüqar...
Özünlə çiçəkli, güllü yaz gətir,
Bir aşıq mahnısı, bir də saz gətir!
Ana yurdumuzun nəyi var gətir
Məhəbbət, sədaqət, etibar gətir!..
Mirvarid Dilbazi yazırdı: “Osman Sarıvəlli çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır”. Onun şeirləri süjetli, vətənpərvərlik lirikası nümunələri hesab olunur. Eyni zamanda, o, şair-filosofdur. İnsan, həyat, ölüm onun şeirlərində önəmli bir yer tutur.
Şairin şeirləri axıcı və yaddaqalan olduğundan aşıqların dilindən düşməmiş, xalq Osman Sarıvəlli poeziyasını sevə-sevə oxumuş, öyrənmişdir.
Aşıq, bu gün yaxşı köklə sazını,
Ürək açan mahnılardan de gəlsin.
Şirin dostluq nəğməsidir hər sözün,
Sədaqətdən, etibardan de gəlsin.
Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.
Ömrün cavan, dəli-dolu vaxtlarında “Hər kim yüz il yaşamasa, günah onun özündədir”, - deyən şair zaman gəlir ki, belə deyir: “İndi görürəm ki, həyat öz işini görür, bizi ucaldan illər qocaltmağı da bacarır”. Ancaq zəngin yaradıcılığı yüz illər boyu Osman Sarıvəllini yaşadacaq və onu unudulmağa qoymayacaq.
Azərbaycan Çində keçirilən ənənəvi “Sevgi sərhəd tanımır” adlı xeyriyyə yarmarkasında təmsil olunur.
Təşkilatçılar COVID-19 pandemiyasının yaratdığı vəziyyəti nəzərə alaraq, bu il sözügedən tədbiri əvvəlki illərdə olduğu kimi insanların kütləvi şəkildə iştirak etdiyi xeyriyyə bazarı kimi deyil, iştirakçı ölkələrin məhsullarının elektron ticarət platformalarında satışının həyata keçirilməsi yolu ilə reallaşdırmağa qərar veriblər. Bu satışlardan əldə olunan vəsait xeyriyyə fonduna köçürüləcək.
Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İnin xanımı Çian Veyin təşəbbüsü ilə “Sevgi sərhəd tanımır- xəyalların uçmasına imkan yarat” devizli ilə keçirilən beynəlxalq xeyriyyə yarmarkasının açılış mərasimində keçənilki yarmarkada ən fəal iştirak etmiş 20 ölkənin səfiri iştirak edib.
Tədbirdə 2019-cu ildə təşkil edilmiş xeyriyyə yarmarkasında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan stendinin ən yüksək səviyyədə tərtibatına, mədəni proqramın təşkilinə və xeyriyyə fonduna böyük miqdarda vəsait köçürməsinə görə (Heydər Əliyev Fondu tərəfindən Çinin Yunnan vilayətinin Malipo qəsəbəsində 2 saylı məktəbin idman meydançasının əsaslı təmiri üçün edilmiş 500 min yuan məbləğində ianə də daxil olmaqla) Azərbaycan xüsusi “Charitable Contribution Award” mükafatı ilə təltif edilib. Açılış mərasimində nümayiş etdirilən xüsusi videoçarxda ötənilki Azərbaycan stendinə, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıdan ezam olunmuş musiqi qrupunun ifalarına dair kadrlar da əksini tapıb. Bundan əlavə, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Qaytağı” milli rəqsinin videosu açılış mərasimində təqdim edilib.
ÇXR Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İ 2009-cu ildən etibarən hər il keçirilən beynəlxalq xeyriyyə yarmarkasının əsas məqsədinin Çinin yoxsulluqla mübarizəsinə töhfə vermək olduğunu qeyd edib. O, hər il bu yarmarkada iştirak edən ölkələrin sayının və satılan məhsulların çeşidinin artdığını bildirib, bu platformanın həm də ölkələrin mədəniyyətlərini və məhsullarını Çində tanıtmaq üçün bir imkan yaratdığını əlavə edib.
Sonra builki xeyriyyə yarmarkasına ölkələr tərəfindən təqdim edilmiş məhsulların “Tmall” və “Taobao” elektron ticarət platformalarında satışına start verilib. Qeyd edək ki, ölkəmizin Çindəki səfirliyi Azərbaycanın “Meysəri”, “Qarabağ” və “Hasıllı” şərabları, nar şirələri və digər məhsullardan onlayn satış platformalarında satılmaq üçün Çin XİN-ə təqdim edib. Dekabrın 16-da həmin platformalarda bir neçə ölkələrin seçilmiş məhsulunun, o cümlədən Azərbaycanın "Qarabağ" şərabının canlı videotəqdimatı olub.
Bir həftə boyunca Çinin ən məşhur elektron ticarət platformalarında Azərbaycan məhsullarının reklamı və satışı həyata keçiriləcək, əldə edilən gəlir xeyriyyə fonduna köçürüləcək. Həmin vəsait Çinin Yunnan vilayətinin Cinpin və Malipo qəsəbələrində valideyn himayəsindən məhrum olmuş uşaqların ehtiyaclarının ödənilməsinə sərf edilməsi nəzərdə tutulub.
Daşkənddə “Özbəkistanın mədəni irsi yeni renessansın bünövrəsi kimi” adlı konqres keçirilir.
Tədbirdə dünyanın 40 ölkəsindən gələn alimlər, politoloqlar iştirak edirlər.
Ölkəmizi bu konqresdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova videokonfrans formatında təmsil edib.
Tədbirdə “Özbəkistanın mədəni irsi: Sivilizasiyaların və renessansların qarşılıqlı təsiri”, “Özbəkistanın kinematoqrafı: Keçmiş, indi, gələcək”, “Yeni nəsil: Yeni intibah” mövzularında müzakirələr keçirilib.
Məruzəçilər Özbəkistan torpağında dünya sivilizasiyasının inkişafına öz töhfələrini vermiş görkəmli alimlərdən, bəşəriyyət tarixində maarifçilik, dini tolerantlıq və humanizm atmosferinin nümayiş etdirildiyi birinci və ikinci renessans dövrlərində elm və mədəniyyət sahələrindəki güclü irəliləyişdən bəhs edən çoxillik tədqiqatların nəticələri haqqında söhbət açıblar.
Şirin Məlikova “Sivilizasiyaların və renessansların qarşılıqlı təsiri” bölməsindəki çıxışında Azərbaycanda mədəni irsin qorunması sahəsində görülən işlər haqqında məlumat verib, Xalça Muzeyində qorunan qədim xalçalar, onların tarixi barədə söhbət açıb.
Tədbirdə “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” seriyasından 35 kitab-albomum təqdimatı da reallaşıb.
Çexiyanın paytaxtinda yerləşən Karlova Universitetinin Botanika bağında tanınmış azərbaycanlı biokimyaçı alim, Əməkdar elm xadim, Karlova Universitetinin qızıl medalına layiq görülmüş professor Akif Quliyevin anım mərasimi keçirilib. Eldar Vəliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirdə botanik bağının rəhbəri Ladislav Pavlata, Karlov Universitetinin Biologiya fakültəsinin elmi işçiləri və məhrum professorun Çexiyadan olan həmkarları - elmlər doktoru Vladislav Şvatora və Milan Kaftan, botanik bağının kuratoru Tomaş Proxazka və Azərbaycan icmasının nümayəndələri Emma Lazar və Xədicə Əliyeva iştirak ediblər.
Tədbir zamanı Eldar Vəliyev Azərbaycanın Qarabağ bölgəsində bitən və o regionun rəmzi olan Xarı bülbül çiçəyini Karlova Universitetinin botanik bağına hədiyyə edib. Bağın müdiri L.Pavlata qonaqlara minnətdarlığını bildirib və söz verib ki, botanik bağ bu gülün Çexiya torpağında bitməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.
Bu gülün botanika bağının kolleksiyasına daxil olmasına sevindiyini söyləyən bağın kuratoru T.Proxazka təklif edib ki, gələcəkdə botanik bağda Azərbaycanın ən gözəl bitkilərinin təmsil olunması üçün Çexiyadan Azərbaycana botaniklərin səfəri təşkil olunsun.
Bundan sonra, Akif Quliyevin Azərbaycan-Çexiya elmi və təhsil əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynadığını söyləyən Eldar Vəliyev professorun bu istiqamətdə gördüyü işlərdən bəhs edib.
Akif Quliyevin yaxın dostu və həmkarı elmlər doktoru V.Şvatora professorla bağlı xatirələrini bölüşüb. O, birgə aparılan tədqiqatlardakı uzun iş birliyindən, professorun dəstəyi ilə baş vermiş çex tədqiqatçılarının Azərbaycana səfərlərdən, Karlova Universitetinin Təbiət elmləri fakültəsi ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsindən söz açıb.
Daha sonra tədbirə internet vasitəsilə qoşulan professorun qızı Nailə Abdullayeva atasının xatirəsinin yad edilməsindən məmnunluğunu ifadə edib. O, bundan sonra da professorun gördüyü işləri davam etdirmək üçün çalışacağını vurğulayıb.
Xatırladaq ki, professor Akif Quliyev 1967-1968-ci illərdə aspirantura təhsilinin bir hissəsini Praqanın Karlov Universitetində alıb. BDU-nun Biokimya və biotexnologiya şöbəsinin müdiri olaraq Akif Quliyev 1972-ci ildə iki universitet arasındakı ilk müvafiq razılaşmaya görə məsul idi. SSRİ-nin dağılması və 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi səbəbi ilə yaranan fasilədən sonra professor A.Quliyev dekan olaraq 2010-cu ildə hər iki fakültə arasında memorandumun imzalanması ilə əməkdaşlığı gücləndirməyi bacarıb. Bu, Azərbaycan və Çexiyanın ən böyük universitetləri arasında hələ də qüvvədə olan bir müqavilənin imzalanmasında mühüm bir addım idi.
Tanınmış biokimyaçı alim 2020-ci il iyulun 19-da vəfat edib.
Dövlət Tərcümə Mərkəzi işgüzar və turist səfərinə gedənlər, eləcə də alman dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün “Azərbaycan-alman danışıq kitabçası” nəşr edib.
Tərcümə Mərkəzindən bildirilib ki, alman dilinin daha asan və rahat mənimsənilməsinə xidmət edən kitabça “İlk söhbət”, “Gediş və gəliş”, “Şəhər nəqliyyatı”, “Hoteldə”, “Şəhərdə”, “Yemək və içkilər”, “Əlaqə”, “Tibbi yardım”, “Alış-veriş”, “Kino, əyləncə və istirahət”, “Gündəlik çox istifadə olunan söz və ifadələr” adlı bölümlər üzrə tərtib edilib.
Kitabın tərtibçisi alman dili mütəxəssisi Vüsal Abbaszadə, redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Vilayət Hacıyev, humanitar elmlər üzrə mütəxəssis Stefanie Matzer (Avstriya), dil və kommunikasiya üzrə magistrant, sənətşünas Lisa Brandt (Almaniya) və filologiya üzrə mütəxəssis Şəfiqə Quliyevadır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində işıq üzü görüb.