Dekabrın 20-də saat 12.00-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “YouTube” kanalından “Cik-cik xanım” tamaşası onlayn nümayiş etdiriləcək.
Tamaşa uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Səmədlinin əsəri əsasında səhnələşdirilib.
Əli Səmədlinin “Cik-cik xanım” əsərinin tamaşası balaca bir sərçənin yalan danışması üzərində qurulub. Bunu bilən şah onu cəzalandırmaq istəyir, lakin anasının və dostlarının xahişi ilə şah onu bir daha belə hərəkətlər edib, yalan danışıb insanları incitməyəcəyinə söz verdikdən sonra azad edir.
Əli Səmədli 55 ildən artıq uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərib. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilib. Türk, özbək, türkmən, qırğız, Belarus və başqa dillərdə kitabları nəşr olunub. "Artıq tamah baş yarar" nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.
11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub.
COVID- 19 pandemiyası səbəbindən bu il onlayn formatda reallaşan festival 6 günlük marafonunu yekunlaşdırıb. Beləliklə, beynəlxalq müsabiqənin “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film” nominasiyasında makedoniyalı Georgi Unkovskinin “Stiker”, “Ən yaxşı sənədli film” portuqaliyalı İnes Luisin “Siz evdə qalmalıydınız, səfehlər”, “Ən yaxşı animasiya filmi” Bosniya –Hersoqovinanı təmsil edən Aleta Rajicin “Təbii seçim” filminə verilib.
Festivalın “Ən yaxşı animasiya film rejissoru” İva Tokmakçiyeva (“Gəl, dünən görüşək”), “Ən yaxşı sənədli film rejissoru” italiyalı Manuel Marini (“Səmalar”), “Ən yaxşı bədii film rejissoru” kolumbiyalı Daniela Abad Lombana (“Çarpayı”) seçilib. Münsiflər heyətinin xüsusi mükafatına “Uordun xına mərasimi” (Murad Mostafa), xüsusi diplomuna isə “Əbədi gecə” (Pedro Peralti) filmi layiq görülüb.
Yerli müsabiqənin “Qızıl nar” mükafatına “Ən yaxşı bədii film” üzrə Azər Allahverdiyevin “Üç yol”, “Ən yaxşı sənədli film” üzrə Toğrul Musa, Nurlan Həsənlinin “Bir ata haqqında”, “Ən yaxşı animasiya filmi” üzrə Fidan Axundovanın “Quzğun”, “Ən yaxşı sosial çarx” üzrə Nicat Qədimlinin “Tezliklə”si layiq görülüb.
“Üç yol” festivalın “Ən yaxşı ssenari” nominasiyasında da qalib olub.
“Münsiflər heyətinin diplomları” “Quyu” (Elnur Paşa), “Sükut” (Ceyhun Türksoy), “Anamla dəqiqələr” (Sənan Səfərli), “Züleyxa ilə dialoqlar” (Rəşid Ağamalıyev) filminə verilib.
“Bakı küləyi” bədii filmi (Şirin Əhmədov) “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, “Döngə” sənədli filmi (Vəfa Ağabalayeva) “AzərNyuMedia” şirkətinin mükafatı, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiyası (Sultan Abbasbəyli) “ÖZ FİLM” şirkətinin xüsusi diplomu ilə təltif olunub.
“Cinemobil” müsabiqəsinin qalibi isə Sənan Səfərovun “Bir zamanlar Dərnəgüldə” filmi seçilib.
Festivalın direktoru Fehruz Şamıyevin sözlərinə görə, onlayn film nümayişləri kinosevərlər tərəfindən maraqla qarşılanıb: “Festivalın Beynəlxalq, Yerli, Cinemobil müsabiqəsində yarışan ümumilikdə 85 film xüsusi platformada yayımlanıb və maraqla izlənilib”.
Beynəlxalq münsiflər heyətinin sədri, rejissor, prodüser Oleq Səfərəliyev ölkəmizdə festivalların xüsusilə də pandemiya zamanı keçirilməsinin önəminə toxunub: “Kino sənayesi inkişaf etməlidir. Sənətkarlar filmlər çəkməlidir, yeni gənc rejissorlar öz bacarıqlarını üzə çıxarmalı və öz işlərini ictimaiyyətə göstərməlidirlər”
Münsiflər heyətinin üzvü rejissor Rüfət Əsədov müsabiqə filmlərini yüksək qiymətləndirib: “Fərqli mövzusu, yanaşması olan maraqlı filmlərlə qarşılaşdıq. Bu festival bu il 11-ci dəfədir keçirilir. Əgər 72 ölkədən 3086 film daxil olubsa, bu, artıq festivalın nüfuzudur. Sevinirəm ki, təşkilatçılar bu il festivalı reallaşdıra bildilər, ənənəni davam etdirdilər. Bu, çox vacib məsələdir”.
Yerli müsabiqənin münsiflər heyətinin sədri sənətşünas, ssenarist Nadir Bədəlov festivalın nəsillərin dialoquna şərait yaratdığını deyib: “Mənim dünyaya baxışım bir başqadır, festivalda iştirak edən filmlərin müəlliflərinin baxışı tamamilə fərqlidir, bu baxımdan olduqca maraqlı bir dialoq alındı. Mən gənclərlə tanış oldum. Səmimi deyirəm, bu festival məndə yeni nəslə ümid yaratdı”
Festivalın münsiflərindən olan rejissor, prodüser Teymur Hacıyev bildirib ki, qalibləri müəyyənləşdirən zaman əsas kriteriyə filmin ideyası və sinemaya yanaşma olub: “Elə filmlər var idi ki, texniki və digər qüsurları olsa da içində yaradıcılıq qığılcımı parlayırdı. Ona görə də biz qərara gəldik ki, peşəkar texnika, müəyyən istehsalat qiyməti olan filmləri deyil, onun əksinə daha çox məntiq, duyum, yaradıcı fikir olan əsərləri seçək və onları təşviq edək”.
Münsiflərdən rejissor Ərturan Nəcəfi yerli müsabiqədə klassik dramaturgiyadan cəsarətlə uzaqlaşan, kinoya yeni baxış, yeni yanaşma, yeni nəfəs gətirə biləcək filmlərə şahid olduğunu bildirib.
Kann, Venesiya, Berlin Film festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.
Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
Qeyd edək ki, “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Mədəniyyət, Gənclər və İdman nazirlikləri dəstək göstərir.
Festivalın dəstəkçiləri sırasında Dövlət Film Fondu, "Azərbaycanfilm" kinostudiyası, Nizami Kino Mərkəzi, “02 media”, Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti də yer alır.
Bu gün tanınmış şair Tofiq Bayramın anadan olmasından 86 il ötür
Bəlli bir həqiqətdir: şair-doğma xalqının yaradıcı istedadının daşıyıcısıdır. Onun bu qeyri-adi qisməti şairlik amalının ucalığını, eyni zamanda çətinliyini şərtləndirir. Öz varlığında xalq başlanğıcını duymaq şairin poeziyasına təbiilik, səmimilik, vətəndaşlıq, aşılayan amildir. Belə poeziyanı geniş oxucu kütləsi sevir, yaddaşına yazır. Tofiq Bayramın vətəndaş inamlı, xalqsevər poeziyası beləcə sevilir. Azərbaycan ədəbiyyatında və poeziyasında görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın özünəməxsus bir yeri var. O, hər zaman poeziyamızın seçilən şairlərindəndir. Xarakterindəki bütövlük, çılğınlıq, onun şeirlərində və bütün yaradıcılığında özünü göstərir. Tofiq Bayramın poetik inamına, ilhamına qol-qanad verən vətən sevgisi, xalq eşqidir. Azərbaycan mövzusu onun yaradıcılığının məhək daşı, hərəkətverici qüvvəsidir.
Bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Tofiq Bayramın anadan olmasının 86-cı ildönümü tamam olur.
Tofiq Bayram 1934-cü ildə dekabrın 16-da Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləyib.
Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə edib. A.T.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.
Tofiq Bayram müxtəlif iş yerlərində çalışsa da onun dəyişməyən əsas iş yeri isə yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub. 1998-ci ildə sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında ümummilli lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.
Şairin sevimli bacısı Svetlana Bayramova qeyd edir ki, Tofiq Bayramın himayə edilməsində unudulmaz Heydər Əliyevin böyük xidməti və xeyirxahlığı olub. Şairin ötən əsrin 70-ci illərində türk müğənnisinə yazdığı şeirin Türkiyədə yayılması Moskvada bəzi dairələrin etirazına səbəb olub, Bakıya "tədbir görülsün” mesajı gəlib. Millətinin söz adamlarını həmişə hifz etməyi bacaran Heydər Əliyev böyük ustalıqla Tofiq Bayramı bu təzyiqlərdən, hətta həbsdən qoruya bilib.
Tofiq Bayramın şeir gülüstanından hansı çiçəyi çəksək məxsusi ətri, rəngi və mənası var. Zəlimxan Yaqub deyərdi ki, Tofiq Bayram çiçəkləri şeir kimi sevərdi, şeiri də çiçəklər kimi. Dəfələrlə şairi görüşlərdə güllərin içində itən görmüşəm. Onun görüşlərində gül dəstələrindən dağ yaranardı. Həqiqətən də qəribə şeir deməyi vardı. Elə bil yeriyən dağ silkələnirdi. İçində vulkan ləngərlənərdi. Bu püskürən vulkanın nəfəsindən qopan misralar o qədər zərif, həzin olardı ki, adamın yeddi qatından keçərdi. Mürgülü günlərin xiffəti ürəyinə ox kimi sancılardı:
Biz ki unutmuşduq ilk məhəbbəti,
Ah bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı.
Tofiq Bayram ürəkləri fəth edən şair idi. Onun qadın, ana mövzusunda yazdığı şeirlərin ahəngindəki etiraflar, arzular, nigarançılıq olduqca təbii, səmimi və məlhəmdir. Kimə ünvanlanmasından asılı olmayaraq, oxucu üçün çox doğmadır. Hər kəsin öz dərdi, həyəcanı, sevinci, düşüncələri dil açır bu şeirdə. “Qadın ürəyi” adamın bütün varlığını riqqətə gətirir:
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır, qadın ürəyi!
Sən onu incitsən, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
Unudulmaz, korifey ifaçılarımız Tofiq Bayramın sözlərinə yazılmış mahnıları xüsusi şövq və ahənglə oxuyublar. Çoxu da dünyasını dəyişib. Nəfəslər bitsə də, səs yaşamaqdadır. Hər dəfə Əbülfət Əliyevin ifasında bu mahnıları dinlədikcə, sanırsan ki, sənət yolu həqiqətən uzundur. Bir təsəlli də var ki, mənəvi xəzinəmizin bu inciləri həmişəyaşardır, yeni ifaçılar da Tofiq Bayramın sözlərindən ibarət mahnıları həvəslə, yeni tərzdə oxuyurlar.
Tofiq Bayram torpağına bağlı, poetik amalına sadiq, humanist, istedadlı və bitkin qələm sahibi olan şəxsiyyət kimi seçilərək, sevilirdi. Həyat müşahidələri çox dərin idi. Güclü poetik mühakiməsi onu həmişə şablonçuluqdan, süni müraciətlərdən uzaqda saxlayırdı. Duyğularını səmimi, ifadəli, təsirli qələmə alırdı. Şeirlərinin poetik vüsəti çox genişdir. Bu səbəbdən də onun poeziyasında müxtəlif şəxsiyyətlərin şərəfinə hörülmüş şeir çələngləri çox əlvan, füsunkar və maraqlıdır. "Səttar çələngi”ndən nümunə:
Rəssamlıq ilahi vergiydi səndə,
Bəs, necə oxutdun gülü çiçəyi,
Görünür, üç ürək varmış sinəndə:
Füzuli, Üzeyir Səttar ürəyi!
“Vətən torpağına baş əyənləri, ellər baş üstə bayraq tək saxlar” deyən Tofiq Bayram o səhərlərin arzusu, istəyi ilə yaşayırdı ki, sabah ölüm olmasın yer kürəsində. Bu bəşəri diləklərin sarı simində Vətən nəqarət idi. “Gözlərimin qarasını verərəm, Qarabağı vermərəm” hayqırırdı böyük və məramlı, əqidəli, məğrur şairimiz! Ulduz sanılı arzuların sahibi idi, dostlarını, tanışlarını tez-tez başına yığaraq, onlar üçün Vətən ünvanlı şeirlərini oxumağı da çox sevərdi:
Hər qarış torpağı dünyaca şirin,
Hər axan bulaqda səsim-ünüm var,
Sevgidən füsunkar, röyadan şirin,
Arzudan müqəddəs bir Vətənim var.
Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub.
Türkiyənin Bursa vilayətində “Qarabağ Azərbaycandır, Zəfərin ardından” adlı sərgi açılıb.
Bursanın Osmanqazi Bələdiyyəsinin təşkilatçılığı ilə “15 iyul-demokratiya meydanı”nda açılan sərgidə Anadolu agentliyinin fotomüxbirləri tərəfindən Azərbaycanın Vətən müharibəsi dövründə çəkilən və özündə qələbə sevincini əks etdirən 22 şəkil nümayiş etdirilir.
Tədbirdə iştirak edən Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə çox böyük sevinc hissi keçirdiklərini bildirib.
Sərgi bir həftə davam edəcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 26-da “Dəlinin qeydləri” tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə teatrsevərlərin ixtiyarına verəcək.
Saat 19:00-da göstəriləcək monotamaşada Əməkdar artist Şövqü Hüseynov çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Qarabağın musiqi xəzinəsi” layihəsinin növbəti buraxılışı Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi İslam Abdullayevə həsr olunub.
Buraxılışda İslam Abdullayevin ömür yolu və Azərbaycan muğam sənətinin inkişafındakı xidmətləri haqqında geniş məlumat yer alıb.
İslam Abdullayev 1876-cı ilin dekabrında Qarabağın ən gözəl dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan, əsl sənət xadimi olan Mir Möhsün Nəvvab 1883–cü ildə Şuşada tayı bərabəri olmayan bir məclis – “Xanəndələr məclisi”ni yaratmışdır. Məclisin əsas qayəsi, amalı yeni-yeni istedadlı xanəndələr nəsli yetişdirmək idi. Görkəmli musiqişünas alim Mir Möhsün Nəvvabın “Xanəndələr məclisinə” dəvət etdiyi istedadlı gənclərdən biri də İslam idi. İslamın bütün qəlblərə yol tapan, xoş avazlı səsindən xəbər tutan M.M.Nəvvab onu o dövrün məşhur sənətkarlarından dərs alıb öyrənməsinə, muğamın sirlərinə daha da dərindən bələd olmasına şərait yaradıb. Qısa bir zaman içərisində İslam öz istedadı, qabiliyyəti, xoş rəftarı ilə musiqini qavrama, duyma bacarığını birləşdirərək çox zəngin xarakterə malik istedadlı bir xanəndə kimi formalaşmışdır.
İslamın ilk dəfə “Segah” oxumağa başlaması məşhur tarzən Sadıqcanın oğlunun toyunda olub. Həmin gün İslam “Segahı” elə məharətlə, özünəməxsus bir tərzdə oxuyub ki, bütün məclis əhlini heyran qoyub. Onun səsi tez bir zamanda bütün Qarabağa yayılıb. “Segah” xüsusilə də “Yetim Segah” oxumağı ilə ürəkləri titrədən İslama hamı “Segah İslam” deyə müraciət edirdi. İslam Abdullayev 1901–1905–ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ, Gəncə məclislərində çıxış edib. Qurban Pirimov deyirdi ki, o, “Yetim segah”ı oxuyanda elə bil dağı–daşı dilə gətirirdi. İslamın “Segah”ı gənc xanəndələr üçün bir məktəb olub.
İstedadlı xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olub. Qocaman xanəndə İslam Abdullayev 1949-cu ildə 73 yaşında Azərbaycanın “Əməkdar artisti” adına layiq görülüb.
İslam Abdullayev 1964-cü il sentyabrın 22-də dünyasını dəyişib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası virtual oxucuların hazırladığı vətənpərvərlik mövzusuna həsr edilmiş videoçarxları təqdim edib.
Kitabxanadan bildirilib ki, Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdi Davud Oruclu "Xudayarın səsi", "Azərbaycan", "Füzuli sevinir", "Şəhid anası", Ağdam rayonu 32 nömrəli tam orta məktəbin şagirdi Esma Hüseynli isə şəhidimiz Hüseyn Qasımov haqqında məlumat verib.
Uşaqların vətənpərvərlik mövzusunda söylədikləri şeirlər izləyicilər tərəfindən maraqla qarşılanıb. Hər bir uşağın sevə-sevə söylədiyi şeirlərdə vətən sevgisini, qələbə sevincini duymaq olur.
Türkiyə və Azərbaycan Gənclər fondlarının ortaq layihəsi çərçivəsində Vətənimizin Qarabağ Zəfərinə həsr olunan “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan olunub.
Müsabiqənin əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir.
Müsabiqə hər iki ölkənin gəncləri üçün eyni tarixlərdə eyni şərtlərlə həyata keçiriləcəkdir.
Müsabiqədə I, II və III yerləri qazanan gənclər 3 günlük Türkiyəyə səfər edəcəklər. Müsabiqədə 14-17 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi böyüklüyündə olan rəsmlərlə qatıla bilər. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir.
Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz. Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər. Rəsmin üzərində və ya arxasında iştirakçının adı və ya ona aid imza qeyd edilməməlidir.
Müsabiqə qaliblərinin adları və əsərləri Fondun rəsmi veb və sosial media səhifələrində yerləşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün https://youthfoundation.az/110017/ linkindən istifadə edərək ərizə forması doldurulmalıdır.