Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə Vətən müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımların təşkilinə başlayıb. “Ən igid əsgər, bizim əsgər!” “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan Əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında təşkil olunan növbəti canlı yayım dekabrın 15-də baş tutdu.
Kitabxanadan bildirilib ki, “Sevilənlər sevənlər” rubrikası altında keçirilən növbəti canlı yayımın qonaqları qazilər Orxan Məmmədzadə və Müseyyib Məmmədov olub. Canlının ilk 30 dəqiqəsi Orxan Məmmədzadənin iştirakı ilə keçib. Qazi canlı yayım izləyicilərinə özü haqqında məlumat verib. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, əsasən Füzuli rayonu ərazisində olduğu döyüşlərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açıb. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz 5 zabit və 33 əsgər olmaqla 38 ermənini məhv etməsindən, Füzuli ərazisində bir sıra kəndlərin azad olunmasında şəxsən iştirak etməsindən danışıb. Orxan yalnız özü haqqında danışmaqla kifayətlənməyərək onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla söhbət açıb. Quliyev Həsən, Hüseynov Mətin kimi qəhrəman Azərbaycan oğullarının adını çəkərək döyüşlər zamanı biri-birilərinə necə dəstək olmalarını, yaralı yoldaşlarını, şəhidləri döyüş meydanından çıxarmalarını dilə gətirib.
Canlı yayımın ikinci hissəsinin qonağı qazi Müseyyib Məmmədov olub. Cəmi 19 yaşı olan bu igid əsgər Murovdağ istiqamətində olan döyüşlərdə iştirak edərək qolundan və ayağından yaralanaraq qazi olub. Müseyyib soyuq, şaxtalı hava şəraitində yüksəkliklərin alınması üçün yalnız gecə saatlarının əlverişli olmasından, döyüşlərin necə ağır keçməsindən, hər qarış torpağın böyük şücaət, əzm və qəhrəmanlıq hesabına alındığından danışıb. Qazi, döyüşlər zamanı məhz əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrət onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söyləyib. Yaralanaraq, əsgər yoldaşlarının köməkliyi ilə döyüş meydanından çıxarılan Müseyyib Gəncədə əməliyyat olunan zaman sinif yoldaşları Musa Həmzəyev, Əlikram Şahbazovun şəhidlik zirvələrinə yüksəlməkləri xəbərini alaraq necə sarsılmasını dilə gətirib. Sonda Müseyyib müharibənin böyük bir həyat, dostluq, birlik, qəhrəmanlıq məktəbi, şəhidliyin isə ən uca zirvə olduğunu söyləyib.
Sonda hər iki qonaq Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Canlı yayımın aparıcısı Günay Həsənova sonda Vətən müharibəsində qazandığımız qələbənin igid oğullarımızın, qazilərimizin, şəhidlərimizin qəhrəmanlığı, böyük səbrin və müdrik siyasətin sayəsində olduğunu vurğulayıb. Canlı yayım “Ən igid əsgər Azərbaycan əsgəridir!” şüarı ilə sona çatıb.
İstifadəçilər qazilər Orxan Məmmədzadə və Müseyyib Məmmədovun iştirakı ilə keçirilən canlı yayıma linki vasitəsilə baxa bilərlər.
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Elnur Vəliyev haqqında videoçarx hazırlayıb.
Elnur Vəliyev 1997-ci il aprelin 14-də Ucar rayonunda anadan olub. O, ailəsinin sonbeşiyi, 3 bacının bir qardaşı idi. Orta məktəbi bitirdikdən sonra, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 2018-ci ildə universiteti bitirdikdən sonra isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) təlimlərinə qatılıb. Beləcə Elnurun hərbi həyatı başlayıb, uşaqlıq arzusu çin olub. Xüsusi Təyinatlı Qüvvələrin kursunu müvəffəqiyyətlə bitirmiş Elnur işə daxil olan kimi ona komandir rütbəsi verilib. O, Cəlilabad rayonunun N saylı hərbi hissəsində çalışıb. İkinci Qarabağ müharibəsində iştirak etmiş Elnur Vəliyev rayonlarımızın alınmasında iştirak edərək çox sayda erməni əsgərini məhv edib.
Videoçarxı aşağıdakı linkdən izləyə bilərsiniz:
https://www.instagram.com/tv/CI2ZUgzhX0H/?igshid=wthzf9lm238
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Elnur Vəliyev haqqında videoçarx hazırlayıb.
Elnur Vəliyev 1997-ci il aprelin 14-də Ucar rayonunda anadan olub. O, ailəsinin sonbeşiyi, 3 bacının bir qardaşı idi. Orta məktəbi bitirdikdən sonra, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 2018-ci ildə universiteti bitirdikdən sonra isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) təlimlərinə qatılıb. Beləcə Elnurun hərbi həyatı başlayıb, uşaqlıq arzusu çin olub. Xüsusi Təyinatlı Qüvvələrin kursunu müvəffəqiyyətlə bitirmiş Elnur işə daxil olan kimi ona komandir rütbəsi verilib. O, Cəlilabad rayonunun N saylı hərbi hissəsində çalışıb. İkinci Qarabağ müharibəsində iştirak etmiş Elnur Vəliyev rayonlarımızın alınmasında iştirak edərək çox sayda erməni əsgərini məhv edib.
Videoçarxı aşağıdakı linkdən izləyə bilərsiniz:
https://www.instagram.com/tv/CI2ZUgzhX0H/?igshid=wthzf9lm238
Dünyanın bir sıra nüfuzlu xəbər portalları – Misirin “Nile 1”, “Alwasela”, Fələstinin “Al-Bayader”, Əlcəzairin “Dzayerinfo”, Çinin “Alharir” saytları Dövlət Tərcümə Mərkəzinin müxtəlif dillərdə hazırladığı “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” yazısını səhifələrində təqdim edib.
Tərcümə Mərkəzindən bildirilib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müxtəlif illərdə söylədiyi fikirlər əsasında hazırlanmış yazıda Azərbaycan Silahlı Qüvvələrinin tarixindən, formalaşmasından, Ordumuzun keçdiyi çətin və şərəfli yoldan bəhs edilir.
Dekabrın 19-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sosial şəbəkələrində “Qoğal” tamaşası nümayiş ediləcək.
Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” tamaşası daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.
Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə bilirlər.
Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də nümayiş ediləcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi Azərbaycan torpaqları uğrunda qəhrəmancasına vuruşaraq dastan yazan şəhidlərimizi tanıtmaq məqsədilə “Tarix yazan igidlərimiz” adlı layihəni təqdim etməyə başlayıb.
Layihə çərçivəsində kitabxananın hazırladığı ilk videoçarx cəbhə bölgəsində cəsarətlə döyüşərək şəhidlik zirvəsinə ucalan sərrast atıcı, kiçik çavuş Şahin Hüseynli haqqındadır.
Qeyd edək ki, 1995-ci təvəllüdlü Şahin Hüseynli Füzuli-Cəbrayıl uğrunda gedən döyüşlərdə xeyli düşmən qüvvəsini məhv edərək şəhid olub.
Videoçarxda Şahin Hüseynli haqqında məlumat verilir. Onun təltif edildiyi diplomlar fotoların müşayiəti ilə göstərilir.
Videoçarxda qorxmaz bir ürəyə sahib olan Şahin haqqında anası Tərgül xanımın xatirələrini bölüşüb. Şəhid anası oğlu ilə bağlı son xatirəsini dilə gətirərək deyib: “Şahin gedərkən mənə doğru döndü və hərbi salamını verərək “Vətən uğrunda döyüşə gedirəm. Şəhid olsam ağlama, başını dik tut!” söylədi.
Özbəkistanın “ishonch.uz” portalı səhifəsində rus dilində “Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir” sərlövhəli məqalə yerləşdirib.
Yazıda bildirilir ki, Şuşa Azərbaycan milli musiqisinin və poeziyasının beşiyi, qədim tarixi abidədir. Şuşa qalası müdafiə məqsədilə yaradılıb. 1747-ci ildə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan öz xanlığını yadellilərin hücumlarından qorumaq məqsədilə 1752-ci ildə Şuşa qalasının tikilməsinə göstəriş verir. O dövrdə “Pənahabadi” adlı gümüş sikkə də döyülür.
Bildirilir ki, Qarabağın ikinci xanı İbrahimxəlil xanın hökmdarlığı dövründə qala möhkəm mühafizə divarları ilə əhatə edilib. Qaladakı dəmirçi və silah emalatxanalarında müxtəlif məişət əşyaları və silahlar hazırlanırdı.
Şuşanın gerbində Odlar Yurdunu təcəssüm etdirən alov dilləri, güc rəmzi olan pələng və Qarabağ atı təsvir edilib.
Qeyd olunur ki, Şuşada 17 məhəllə var və bu qədim şəhərdə azərbaycanlılar yaşayıb. Hər məhəllədə məscid, hamam və bulaq olub.
Bildirilir ki, 1823-cü ildə Şuşa Qarabağ xanlığının mərkəzinə çevrilib. Şuşa “Qafqazın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” də adlandırılıb.
Vurğulanır ki, noyabrın 8-i Azərbaycan üçün əlamətdar bir gündür. Bu gün Azərbaycan Şuşanı erməni işğalından qaytararaq tarixi qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılıb.
Sərgi milli incəsənətimizin nadir incilərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti artırmaq məqsədilə həyata keçirilib.
Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda olan Tahir Salahovun “Küləkli Nardaran”, Nadir Əbdürrəhmanovun “Xalça toxuyan”, Rasim Babayevin “Ailə”, Toğrul Nərimanbəyovun “Görüş”, Maral Rəhmanzadənin “Gözəl kəndimiz”, Altay Hacıyevin “Qədim qab-qacaq seriyası. Səhənglər”, Xanlar Əhmədovun “Yaralı əsgər”, Həyat Abdullayevanın “Vəcihə Səmədovanın portreti”, Ömər Eldarovun “Neftçilər” və s. adlı qiymətli əsərləri yer alıb.
Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.
COVID-19 pandemiyası səbəbindən yaranmış mövcud vəziyyətə baxmayaraq, Azərbaycan Milli Xalça Muzeyi beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Belə ki, mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı məqsədilə Milli Xalça Muzeyi ilə Ukrayna Milli İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Xalça Muzeyindən bildirilib ki, sənədə əsasən, elmi işçilərdən ibarət nümayəndə heyətlərinin mübadiləsi, onların elmi konfranslarda iştiraklarının təşkili, birgə tədqiqatların aparılması, sərgi layihələrinin reallaşdırılması barədə razılıq əldə olunub.
Xatırladaq ki, 2020-ci il ərzində Xalça Muzeyi ölkəmizin mədəniyyət tarixində ilk dəfə dünya şöhrətli muzey təşkilatları - Mərakeş Milli Muzeylər Fondu, Dövlət Ermitajı Muzeyi ilə əməkdaşlıq haqqında sənədlər imzalayıb. Xalça Muzeyi və Rusiya Etnoqrafiya Muzeyinin “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri” adlı birgə layihəsinə başlanılıb.
Bütün bunlar Azərbaycan muzeyşünaslığı üçün böyük uğur sayıla bilər.
Teatrlar onlayn tamaşa nümayişlərini davam etdirirlər.
Teatrların ilin son ayı üçün nəzərdə tutulmuş repertuarı da maraqlı səhnə əsərləri ilə zəngindir.
Belə ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını, Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baletini və görkəmli italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasını tamaşaçılar virtual səhnədə izləyə biliblər.
P.Çaykovskinin məşhur “Qu gölü” baleti dekabrın 16-da, C.Puççininin “Toska” operası isə dekabrın 19-da tamaşaçıların görüşünə gələcək. Teatr dekabr ayı üçün nəzərdə tutulan nümayişlərini “Min bir gecə” baleti ilə başa çatdıracaq. Fikrət Əmirov yaradıcılığına aid ölməz balet nümunəsi dekabrın 20-də nümayiş olunacaq. Tamaşalar teatrın rəsmi saytında və “YouTube” kanalında nümayiş olunacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da dekabr ayı üçün onlayn repertuarını tərtib edib. Tamaşalar müvafiq günlərdə saat 19:00-da teatrın “Facebook” səhifəsində, saytında və “YouTube” kanalında nümayiş olunur.
Şənbə-bazar günləri üçün nəzərdə tutulan nümayişlər: 19 dekabr, İ.Əfəndiyev – “Mənim günahım”; 20 dekabr, T.Orbay – “21.15 qatarı”; 26 dekabr, V.Şekspir – “12-ci gecə, yaxud hər nə istəsəniz”; 27 dekabr, Elçin – “Mənim sevimli dəlim”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da dekabr repertuarı rəngarəngdir. Saat 12:00 və 19:00 olmaqla iki seansda nəzərdə tutulan nümayişlər sırasında “Şelkunçik” (E.Hofman), İtaliyansayağı xoşbəxtlik” (D. Fo, P.Filippo), Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən “Göyçək Fatma”, M.Vişnekin “Qoca kloun”, A.Tolstoyun “Buratinonun macəraları”, Ə.Orucoğlunun “Pul dəlisi” (Xalq artisti Gülşən Qurbanovanın 70 illik yubileyi münasibətilə), A.Lindqrenin “Uzuncorab Pippi”, C.Cabbarlının “Aydın”, A. Şaiqin “Tıq-tıq xanım” və N.Qoqolun “Dəlinin qeydləri” (mono-tamaşa) var. Aylıq repertuara V.Şekspirin “Romeo və Cülyetta”sı ilə yekun vurulacaq.
Dövlət Yuğ Teatrı da H.İbsenin “Vəsvəsə”, R.Akutaqavanın “Müəmmalı bir qətlin üç versiyası”, İ.Fəhminin “Mənəm, mən...”, V.Şekspirin “Lənət”, V.Klimin “Medeya Sekvensiya – 01”, T.Vahidin “Quş dili” tamaşalarından ibarət fərqli zövqlərə hesablanmış maraqlı repertuar tərtib edib.
Azərbaycan Dövlət Pantomima Teatrının onlayn repertuarını və tamaşalarını ətraflı izləmək istəyənlər hər həftənin şənbə və bazar günləri teatrın “YouTube” kanalına daxil ola bilərlər. Virtual nümayiş planında M.Füzulinin “Leyli və Məcnun” poeması əsasında “Gəldim ki, olam ğəmin hərifi”, B.Xanızadə və B.Əhmədlinin “Son ştrix” və B.Xanızadənin “Zibillik pərvanələri” tamaşaları var.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da maraqlı repertuarı var. Balaca teatrsevərlər dekabrın 31-dək rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” (rus dilində), M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” mənzum nağılı əsasında mono kukla oyunu, habelə “Tıq-tıq və Taq-taqın nağılı” (A.Şaiq), “Pişiyin evi” (S. Marşak), “Qoğal (rus nağılı), “Cik-cik xanım” (Ə. Səmədli), “Sehrbaz qadın” (Ş.Perro),“Cırtdan” (M.Seyidzadə), “Oyaq gözəl” (V. İlyuxov) və “Qırmızıpapaq” (Ş.Perro) tamaşalarına baxa bilərlər.
Xatırladaq ki, bütün tamaşalar saat 12:00-da teatrın “YouTube” kanalında yayımlanır.
Ilin son ayı üçün Bakı Uşaq və Gənclər Teatrının onlayn tamaşa cədvəli də doludur. Bir müddət öncə reallaşdırdıqları “Evdə qal” aksiyası çərçivəsində danışdıqları nağılları lentə də alan teatrın aktyorlarının təqdimatında yəhudi nağılı əsasında hazırlanan “Leviafan, tülkü, bir də balıqlar” (19 dekabr), “Üç keçi” (26 dekabr) kimi maraqlı nümunələri izləyib-dinləyə biləcəksiniz.
Teatr təmsilçiləri balacalar üçün “Yeni il şənliyi” də tərtib ediblər. Dekabrın 31-də teatrın rəsmi videokanallarına daxil olmaqla bu şənliyə onlayn qoşula bilərsiniz. Bütün nümayişlər saat 13:00-dan başlanır və canlı yayım formatında davam edir.